İşğaldan azad olunmuş ərazilərimizə köçürülən sakinlərin məşğulluğunun təmin edilməsi işlərində işəgötürənlərlə fəal əməkdaşlıq həyata keçirilir. Aktiv məşğulluq proqramlarının bütün istiqamətlərini əhatə edən əməkdaşlıq getdikcə genişlənir.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində dövlət və özəl sektordan olan daha bir qrup işəgötürənlə keçirilən görüşdə bildirilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, “Təmiz Şəhər” ASC, Dövlət Su Ehtiyatları Agentliyi, “Azərişıq” ASC, “AzərEnerji” ASC, “Azərelektrik Tikinti Quraşdırma” MMC, “AZConstruction” QSC, Avtomobil Yolları Dövlət Agentliyi, “Körpü-Bina-Tikinti” MMC, “Nort Vest Konstrakşn” MMC, “Polat Yol Yapı Sanayi və Ticarət Anonim Şirkəti”nin və “Cengiz İnşaat Sanayii ve Ticaret Anonim Şirketi”nin ölkəmizdəki filiallarının nümayəndələri iştirak edib.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev işğaldan azad edilmiş ərazilərimizdə icra olunan aktiv məşğulluq proqramları, bu sahədə görülən işlərin nəticələri barədə məlumat verib.
Həmçinin öz yurdlarına dönən sakinlərin peşə bacarıqlarının artırılması, onlar üçün kənd təsərrüfatı, tikinti, turizm, sənaye və s. sahələr üzrə peşə hazırlığı kurslarının təşkili işlərinin aparıldığı bildirilib. Həmin kursların təşkilində özəl tədris müəssisələri ilə əməkdaşlıq edildiyi qeyd olunub.
Görüşdə həmin ərazilərdə məşğulluq imkanlarının artırılması sahəsində işəgötürənlərlə birgə tədbirlərin daha da gücləndirilməsi və səmərəliliyinin artırılması, gələcək əməkdaşlıq məsələləri müzakirə edilib.