Azərbaycanın etibarlı tərəfdaş imici Çin kimi dünya nəhəngini də cəlb edir
Keçən ilin iyul ayında ŞƏT-in Astanada keçirilən 24-cü sammitində Azərbaycan-Çin strateji tərəfdaşlığının qurulmasına dair Birgə Bəyannamənin imzalanması ölkələrimizin münasibətlərində yeni səhifə açdı. Bununla qarşılıqlı maraq doğuran bütün sahələrdə əməkdaşlığın inkişafına geniş imkan yarandı. Bu mühüm sənəd o cümlədən iqtisadi əməkdaşlığın genişləndirilməsinə yeni bir impuls verdi.
Beləliklə, iki ölkə arasında iqtisadi əməkdaşlıq da müsbət dinamikaya malikdir. Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il ölkəmizin xarici ticarətinin ümumi həcminin 7,9 faizi Çinin payına düşüb. Çin bizim dördüncü böyük ticarət tərəfdaşımızdır və ilk dəfə əsas idxal mənbəyinə çevrilib. Noyabrın 24-də Bakıdan bu ölkəyə Azərbaycanın ixrac malları daşıyan ilk dəmir yolu qatarı yola salınıb. Çinin ayrı-ayrı şəhərlərində Azərbaycan ticarət evləri yaradılıb. Bir sıra yüksəkkeyfiyyətli məhsullarımız çinli alıcıların rəğbətini qazanmaqdadır.
Azərbaycan Çinin irəli sürdüyü "Kəmər və yol" təşəbbüsünü dəstəkləyən ilk ölkələrdən biri olub. Hələ 2019-cu ilin aprelində Çində keçirilən 2-ci "Kəmər və yol" Forumunda çıxış edərkən Prezident İlham Əliyev bildirmişdi ki, bu layihə təkcə nəqliyyat əlaqəsini təmin etmir, həmçinin müxtəlif ölkələr arasında əlaqələri gücləndirir, dialoq və əməkdaşlığın möhkəmlənməsinə xidmət edir və beynəlxalq ticarət üçün yeni imkanlar yaradır.
Təsadüfi deyil ki, Prezident İlham Əliyevin Çinin "Sinxua" Agentliyinə verdiyi məxsusi müsahibədə bu, bir daha xatırladılıb. Dövlətimizin başçısı bu təşəbbüsün iki ölkə arasında praktik əməkdaşlığın inkişafında rolu haqqında sualı cavablandırarkən deyib: "Astanada ÇXR-in Sədri ilə görüşüm əsnasında əldə olunan daha bir razılaşmaya diqqətinizi yönəltmək istəyirəm. Söhbət ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin gələcək inkişafından, onların keyfiyyətcə yeni məzmunla zənginləşməsindən gedir. Azərbaycan ilə Çin arasında əmtəə dövriyyəsinin həcmi 2024-cü ildə əvvəlki illə müqayisədə 20,7 faiz artıb və 3,744 milyard dollar təşkil edib. Bəli, həqiqətən Çin Azərbaycanın dördüncü ən böyük ticarət tərəfdaşına çevrilib, onun xarici ticarət dövriyyəmizdə payı 7,9 faiz olub, həmçinin idxal üzrə də lider mövqeyinə çıxıb və bu göstərici 17,69 faizə çatıb. İki ölkə arasında getdikcə artan iqtisadi-ticari əməkdaşlığa baxmayaraq, hələ də reallaşdırılmayan böyük potensial mövcuddur. Hesab edirəm ki, iki ölkə arasında iqtisadi-ticari əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya ikitərəfli iqtisadi əlaqələri genişləndirmək, əməkdaşlığın perspektivli istiqamətlərini aşkara çıxarmaq və onları hüquqi müstəvidə bundan sonra möhkəmləndirmək üçün mühüm mexanizmdir. Komissiyanın qərarlarının vaxtında yerinə yetirilməsi səylərimizin uğur qazanmasının rəhni olacaq".
Azərbaycan ilə Çin arasında iqtisadi əlaqələrin inkişafı, ölkələrimizin strateji tərəfdaşlıq münasibətlərinin genişləndirilməsi və mövcud problemlərin həlli məqsədilə 2009-cu ilin mayında Hökumətlərarası İqtisadi Komissiya yaradılıb. 2012-ci ildə Pekində Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi ilə Çinin Kommersiya Nazirliyi arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Həmçinin Azərbaycan 2016-cı ildə Asiya İnfrastruktur İnvestisiya Bankına üzv olaraq beynəlxalq iqtisadi layihələrə daha sıx inteqrasiya edib.
Müsahibədə bir daha vurğulanıb ki, artıq ÇXR-in Pekin, Şanxay, Urumçi, Tsindao, Çendu, Nankin və Çjantszyatsze şəhərlərində Azərbaycan ticarət və şərab evləri fəaliyyət göstərir. Çində tanınmış beynəlxalq "JD" onlayn ticarət platformasında da Azərbaycan Ticarət Evi yaradılıb. Bütün bunlar ticarət münasibətlərinin daha da inkişafına xidmət edir.
İndiyədək Azərbaycanda Çin kapitalı ilə 375 şirkət qeydə alınıb, onlardan 298-i ölkəmizdə aktiv fəaliyyət göstərir. Hazırda iki ölkə arasında qeyri-neft sektorunda, xüsusən yüksək texnologiyalara və innovasiyalara, alternativ və bərpaolunan energetikaya yönəlmiş birbaşa investisiyaların cəlb olunması sahəsində birgə əməkdaşlığın perspektivlərinə dair danışıqlar aparılır.
Prezidentimiz "Kəmər və yol" təşəbbüsü çərçivəsində Çinlə əməkdaşlığın genişləndirildiyini də vurğulayaraq deyib: "Bu istiqamətdə artıq mühüm uğurlar qazanılıb. Özünün əlverişli coğrafi mövqeyindən istifadə edən Azərbaycan ərazimizdən yük axınının kəskin artmasını nəzərə alaraq, beynəlxalq nəqliyyat dəhlizlərini fəal inkişaf etdirməyə, müasir infrastruktur yaratmağa və onların ötürücülük qabiliyyətinin artırılmasına əlavə investisiya qoymağa davam edir. Son 20 ildə ölkəmizdə 21 min kilometr avtomobil yolları salınıb və təmir edilib, 335 körpü və yolayrıcı, 45 tunel, 163 yerüstü və yeraltı keçid tikilib. Dəmir yolu infrastrukturunun yaxşılaşdırılması üzrə böyük işlər görülüb, 1500 kilometrdən artıq dəmir yolu tikilib və 1800 kilometrlik sahə təmir edilib. Bu gün Bakı-Tbilisi-Qars dəmir yolu, "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi və Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta dəhliz), həmçinin Xəzərdə ən iri limanlardan biri olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanı "Kəmər və yol" təşəbbüsü çərçivəsində iqtisadi və nəqliyyat imkanlarının reallaşdırılması üçün yeni perspektivlər açır".
Orta dəhlizin əhəmiyyəti sürətlə artır. Hazırda bu, Avropa və Mərkəzi Asiyanı Xəzər dənizi vasitəsilə Çinlə birləşdirən etibarlı və təhlükəsiz marşrutdur. Yüklərin Çindən Avropaya və əks istiqamətdə çatdırılmasının ən optimal yolu da budur. Keçən il Çindən Azərbaycana ixrac və tranzit rejimində Orta dəhlizlə 287 marşrut qatarı yola salınıb. İl ərzində Azərbaycan ilə Çin arasında tranzit daşımaların həcmi 378 min ton olub ki, bu da 2023-cü illə müqayisədə 86 faiz çoxdur.
Hazırda Azərbaycan beynəlxalq ictimaiyyət tərəfindən etibarlı tərəfdaş kimi qəbul edilir, qlobal güc mərkəzləri ilə siyasi və iqtisadi əlaqələrinin inkişafı əməkdaşlığın daha da genişləndirilməsi baxımından böyük önəm daşıyır. Bunu Çində də yaxşı bilirlər. Dünyanın fövqəldövləti olan Çinin həm "Şərq-Qərb", həm də "Şimal-Cənub" nəqliyyat marşrutlarının kəsişməsində yerləşən Azərbaycanla əməkdaşlığa böyük diqqət ayırması təbiidir.
Bu gün bunlar deməyə əsas verir ki, Azərbaycan-Çin əməkdaşlığı daha da genişlənəcək və şaxələnəcək.
Flora SADIQLI,
"Azərbaycan"