Dekabrın 8-də Botsvananın Kasane şəhərində keçirilən UNESCO-un Qeyri-maddi irs üzrə Hökumətlərarası Komitəsinin üçgünlük sessiyası başa çatıb. AZƏRTAC təşkilatın rəsmi saytına istinadla xəbər verir ki, sessiyada 24 üzv ölkənin razılığı ilə 55 yeni mədəni irs nümunəsi Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib.
Komitənin iclasında Qeyri-Maddi Mədəni İrs Konvensiyasının 20 illik yubileyi də qeyd olunub. Konvensiya hazırda 181 iştirakçı dövlət tərəfindən ratifikasiya olunub və siyahıya indi 700-dən çox ənənə və mədəni təcrübə daxildir.
Siyahıya salınan yeni irs nümunələri arasında 6 təcrübə Təcili Mühafizə Qeyri-Maddi İrs Siyahısına, 45 təcrübə Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına, 4 təcrübə isə Yaxşı Mühafizə Təcrübələri Reyestrinə daxil edilib. Bu yeni nümunələr də daxil olmaqla, 145 ölkədə yayılmış 730 mədəni təcrübə hazırda UNESCO-nun canlı irsini təşkil edir.
Komitə, həmçinin iki beynəlxalq yardım qrantı ayırıb: Zimbabveyə 321,300 ABŞ dolları, digəri isə Paraqvay üçün 74,500 ABŞ dolları. Konvensiya yaradılandan bəri UNESCO 70-dən çox ölkədə 12 milyon ABŞ dollarından artıq 140-dan çox mühafizə layihəsini maliyyələşdirib.
Bu il qeydə alınmış təcrübələrin yarısından çoxu ailə daxilində, nəsildən-nəslə ötürülüb. Bu xüsusiyyət UNESCO tərəfindən müdafiə və təbliğ edilən qeyri-maddi mədəni irsin canlı irs olduğunu xatırladır ki, bu irs fərdlər - çox vaxt ailə üzvləri arasında ötürülməklə qorunur.
UNESCO qeyd edir ki, bu il Botsvanada 20 illik yubileyini qeyd edən Qeyri-Maddi Mədəni İrsin Qorunması Konvensiyası irs haqqında düşüncə tərzini kökündən dəyişdirib. Bu mühüm sənəd sayəsində mədəni irsin tərifi indi daha genişdir. Artıq söhbət təkcə abidələrdən, yerlərdən və ya daşlardan getmir. Konvensiyada bildirilir ki, canlı irs də var - onu oxumaq, yazmaq, dinləmək və toxunmaq olar. Hər birimiz bu mirasın bir hissəsini içimizdə yaşadır, onu qoruyuruq.
Əlavə olaraq, UNESCO Konvensiyanın qayda və prinsiplərinin milli qanunvericiliyə uyğunlaşdırılmasında iştirakçı dövlətlərə köməklik göstərir. Təşkilat son 20 il ərzində iştirakçı dövlətlərə Konvensiyanın qayda və prinsiplərini öz milli qanunlarına köçürməkdə kömək edir, nəticədə, indi qeyri-maddi irs əksər ölkələrdə mühafizə olunur, eləcə də təhsil üçün hüquqi bazadan faydalanır.
Sessiyada Komitə tərəfindən Bəşəriyyətin Qeyri-maddi mədəni irsinin Reprezentativ siyahısına daxil edilməsi məqsədilə Azərbaycanın da qoşulduğu 4 çoxmillətli nominasiya - “Təzhib sənəti” (Azərbaycan, İran, Tacikistan, Türkiyə və Özbəkistan) , “İftar və onunla bağlı sosial-mədəni ənənələr (Azərbaycan, İran, Türkiyə və Özbəkistan), “Sədəf sənəti”, eləcə də “Balaban sənətkarlığı və ifaçılıq sənəti” (Azərbaycan və Türkiyə) nəzərdən keçirilib və təsdiq olunub.
Komitənin növbəti sessiyası 2024-cü ilin dekabrında baş tutacaq. Ona Paraqvay sədrlik edəcək.