Sumqayıt Dövlət Dram Teatrının tamaşalarına gecikməyin
Teatr mədəniyyətin vacib sahəsidir. Əvvəlki dönəmlərdə axşam işdən çıxan insanlar dincəlmək və mənəvi zövq almaq üçün kinoteatrlara və teatrlara yollanardılar. Film və tamaşalar onlarda xoş əhval yaradardı. Əhəmiyyətinə gəlincə, bu, ayrı mövzunun söhbətidir. Təkcə onu qeyd edək ki, bunların sağlam cəmiyyətin formalaşmasında əvəzi yox idi. Ona görə də bəzən tamaşalara və kinolara bilet tapmaq problemə çevrilərdi.
İllər keçsə də, öz missiyasını davam etdirən və tamaşaçı rəğbətini qoruyub saxlayan teatrlardan biri də Sumqayıt Dövlət Dram Teatrıdır. Şəhər İkinci Dünya müharibəsindən sonra salınmağa başlasa da, inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Sumqayıt məhz ötən əsrin 70-ci illərində ittifaq əhəmiyyətli sənaye şəhərinə çevrilmişdir. Amma Heydər Əliyev Sumqayıtı təkcə kimya şəhəri kimi görmürdü. Şəhər həm də Azərbaycanın yeni mədəniyyət mərkəzi olmalı idi. Bu istiqamətdə o illər şəhərdə bir neçə mədəniyyət evi və sarayı inşa olundu. Belə mədəniyyət saraylarından biri də Sumqayıt Dövlət Dram Teatrının (həmin dövrdə o, H.Ərəblinskinin adını daşıyırdı) binası idi.
- Həmin illər Sumqayıtda görülən bütün işlər sənaye platformasına hesablanırdı, - deyə teatrın direktoru Samir Şəfiyev bildirir. - Belə bir zamanda Ulu Öndər mədəniyyət ocağının tikintisini vacib saymış və hətta bina üçün yeri də özü seçmişdir. Yarım əsrdən artıq zaman kəsiyində şəhər nə qədər genişlənsə də, yenə də şəhərin mərkəzi kimi bizim teatrın binası qalır. Teatrın ilk baş rejissoru Nəsir Sadıqzadə olmuşdur. 1969-cu ilin martında gənc teatr ilk dəfə öz pərdələrini sumqayıtlıların üzünə açmışdır. Xalq artisti Cənnət Səlimova böyük mütəfəkkir, dramaturq M.F.Axundzadənin "Müsyö Jordan və dərviş Məstəli şah" komediyasına quruluş vermişdi. Tamaşanın bəstəkarı isə Emin Sabitoğlu idi.
S.Şəfiyev söylədi ki, Sumqayıt teatrı yaradıcılıq bazası olmuşdur. Respublikada tanınmış sənətkarlardan çoxu ilk dəfə səhnəyə Sumqayıt Dövlət Dram Teatrında çıxmışdır. Rza Əfqanlı, Barat Şəkinskaya, Məlik Dadaşov, Kübra Əliyeva, Ramiz Novruz, Hacı İsmayılov, Vaqif Əliyev, Hicran Hüseynov, Afaq Bəşirqızı, Kazım Abdullayev, Sabir Məmmədov, Əli Nur və başqaları bu teatrda obrazlar qalereyası yaratmışlar.
Direktor maraqlı bir fakta da diqqət çəkdi. Dedi ki, teatrın səhnəsində əvvəllər dünya mütəfəkkirlərinin əsərləri tamaşaya qoyulardı və bu da əsasən rusdilli əhalinin maraq dairəsini təmin edirdi: "Şəhərə səfərə gələn Ulu Öndər yerli dramaturqların əsərlərinin tamaşaya qoyulması təklifini verdi. O, bununla da kifayətlənmədi. Bəzən məşqlərə baxmağa gələr, aktyorların oyununa tamaşa edərdi. Bu da teatrın aktyorlarını həvəsləndirərdi. Məşqlərdən sonra teatrın kollektivi ilə söhbət edən Heydər Əliyev rejissor və aktyorlara tövsiyələrini də verərdi".
Sumqayıt Dövlət Dram Teatrı bu yaxınlarda əsaslı təmir olunub. Bina istifadəyə verildiyi zamandan əsaslı təmir edilməmişdi. Teatr binasının bütün mühəndis-texniki qurğuları tamamilə yenidən qurulub. 500 yerlik tamaşa və 100 yerlik akt salonları ən müasir avadanlıqlarla təchiz olunub, tamaşaları bədii və texniki cəhətdən yüksək səviyyədə təqdim etmək üçün 360 dərəcə hərəkət edən səhnə, müasir akustika, işıqlandırma sistemləri quraşdırılıb. Bunlardan əlavə, teatrın interyerinin daha cəlbedici görünməsi üçün milli memarlıq ənənələrindən geniş istifadə edilib. Bütün xidməti, dekorasiya və qrim otaqları müasir üslubda tərtib olunub, mebellər tətbiqi sənətin qədim növü olan oyma üsulu ilə işlənib hazırlanıb. Teatrın köhnə parket döşəməsi də sökülərək monolit dəmir-beton plitələrlə əvəzlənib, binadakı sütunlar isə mərmərlə üzlənib. Bir sözlə, teatrın 50 il əvvəlki binasından əsər-əlamət qalmayıb.
Sumqayıt Dövlət Dram Teatrı müstəqillik illərində də yetərincə uğur qazanıb, repertuarında daha çox milli mücadilə tarixinə, yurd sevgisinə, hərbi vətənpərvərlik tərbiyəsinə, milli-mənəvi dəyərlərə önəm verib. Yaradıcı heyət Hindistan,Türkiyə, Ukrayna, Türkmənistan, Gürcüstan, Rusiyada qastrollarda olub, tamaşaçıların alqışlarını qazanıb. Yeri gəlmişkən qeyd edək ki, məhz Sumqayıt Dövlət Dram Teatrının səhnəsində ilk dəfə Ulu Öndərin bədii obrazı yaradılıb. Aqşin Babayevin "Xilaskar" əsərinə Xalq artisti Firudun Məhərrəmovun quruluş verdiyi tamaşada Ulu Öndərin bədii obrazını Əməkdar artist Namis Şirməmmədov canlandırıb. Yazıçı Hidayət Orucovun yazdığı, Xalq artisti Firudun Məhərrəmovun quruluş verdiyi "Burdan min atlı keçdi" tamaşası isə Heydər Əliyevin imperiya içində milli mücahidləri qorumasından və dövrün ictimai-siyasi həyatından bəhs edir.
Son bir neçə ildə teatrın repertuarı xeyli genişlənib. Teatr hətta pandemiya dövründə fəaliyyətini dayandırmayıb, onlayn fəaliyyət göstərib, tamaşaçılarına əsərlər təqdim edib.
75 yaşı yenicə tamam olan Sumqayıtın mədəni həyatında teatrın müstəsna yeri var. Şəhər daxilində keçirilən bütün tədbirlərdə teatrın kollektivi yaxından iştirak edir. 44 günlük Vətən müharibəsi mövzusu teatrın repertuarında əhəmiyyətli yer tutur. Teatr kollektivinin həmin günlər Ali Baş Komandana yazdığı məktubda haqq işi uğrunda ədalətli mübarizə dəstəklənmiş və hər bir azərbaycanlının Prezidentin ətrafında sıx birləşdiyi vurğulanmışdır. Teatrın kollektivi Silahlı Qüvvələrimizə mənəvi dəstəyini nümayiş etdirmişdir. "Əsgərə məktub", "Şəhidlər ölməz, Vətən bölünməz" kimi videoçarxlar əsgər və zabitlərimizin döyüş ruhunu yüksəltmişdir. Hafiz Ataxanlının yazdığı, Xalq artisti F.Məhərrəmovun quruluş verdiyi "Missiya" qəhrəmanlıq dramı Sumqayıt teatrının ən uğurlu tamaşaları sırasındadır. Əməkdar incəsənət xadimi Əli Əmirlinin yazdığı və Fuad Cavadzadənin quruluş verdiyi "Xeyir xəbər" tamaşası da sumqayıtlılar tərəfindən maraqla qarşılanmışdır. Sumqayıtın 75 illik yubileyi də teatrın səhnəsində öz əksini tapmışdır. Əli Əmirlinin "Sevgilim Sumqayıt" əsərində bir gəncin taleyi kontekstində Sumqayıtın inkişaf yolu təqdim olunmuşdur.
Quruluşçu rejissor Fuad Kazımov balacalar üçün çox maraqlı bir tamaşa da hazırlayıb. Dyula Urbanın "Şoma və Fruji" əsəri sədaqəti, dostluğu, saf məhəbbəti və mübarizə aparmaq prinsipiallığını təlqin edir. Daha bir uşaq tamaşası isə bu günlər təhvil verilib. "Sehrin gücü" nağıl tamaşasının quruluşçu rejissoru Əməkdar mədəniyyət işçisi Vasif Məmmədov, rejissorları Əməkdar artist İlahə Səfərova və Ləman Məmmədlidir.
Hazırda teatr bir sıra layihələr üzərində çalışır. Qərbi Azərbaycan İcmasının dəstəyi ilə Hidayət Orucovun "İrəvanda nəyim qaldı" əsərinə Xalq artisti Firudin Məhərrəmov quruluş verəcək. Tamaşa gələn il teatrsevərlərin ixtiyarına veriləcək.
Akif ƏLİYEV,
"Azərbaycan"