24 İyun 2025 08:25
1246
Mədəniyyət
A- A+
Türk dünyasının birliyinin rəmzi

Türk dünyasının birliyinin rəmzi


Heydər Əliyevin müraciətində Novruzun Azərbaycan xalqının "sevinc və şadlıq bayramı" olmasının xüsusi vurğulanması təsadüfi deyildir. Novruz öz gəlişi ilə insanların həyatına yalnız müsbət emosiyalar bəxş edir. Qurub-yaradan insanın ən çox ehtiyacı olduğu "emisiosemlər" (sevinc və şadlıq hisslərini ifadə edən məna vahidləri), başqa sözlə, gələcəyə yönəlik xoş ümidlərdir. Dahi rəhbər bu məqamı vurğulamaqla Azərbaycanı milli dövlət quruculuğu istiqamətində mətin olmağa, yüksək ruhla milli hədəflərə doğru irəliləməyə çağırırdı.

Milli ideoloqun nitqində Novruzun "tariximizin müxtəlif dövrlərində bəzi təzyiqlərə, süni maneələrə məruz qalmasının" vurğulanması xüsusi bir məqamdır. Novruz bayramının tarixinə nəzər saldıqda, onun öz varlığını qoruyub saxlamaq üçün, sözün, bəlkə də, həqiqi mənasında, müxtəlif ideoloji sistemlərlə savaşa çıxdığını görürük. Ulu Öndərin vurğuladığı kimi: "Novruz bayramı bir çox başqa bayramlardan fərqlənir və bu,  məhz Azərbaycan xalqının bayramıdır. Qədim zamanlardan bəri və bu gün də bu bayramı ən çox sevən, ən uca tutan Azərbaycan xalqıdır… Ancaq elə vaxtlar, zamanlar olubdur ki, bu bayramı xalqımızın əlindən almaq istəyiblər, onu keçirməyə mane olmağa çalışıblar. XX əsrdə biz bu dövrü yaşamışıq. Ancaq Novruz bayramının dərin kökləri var və xalqımızın qəlbində o qədər yerləşib ki, heç bir qüvvə, heç bir hakimiyyət, heç bir siyasi sistem bu bayramı Azərbaycan xalqının əlindən ala bilməyibdir".

Yaxın tariximiz Ulu Öndərin nə qədər haqlı olduğunu açıq şəkildə təsdiqləyir. Faktlara nəzər salaq.

Keçən əsrin iyirminci illərinin axırlarında Sovet Azərbaycanında ifrat solçuluq təsirləri nəticəsində Novruz bayramına dini damğa basılmış və o, demək olar ki, rəsmən qadağan olunmuşdu. Buna baxmayaraq, o vaxtdan bu günə kimi xalq onu evlərdə qeyd etmiş, çərşənbələri, bayram günlərini səməni, şəkərbura, paxlava, noğul-badam, bəzəkli xonçalar, rənglənmiş-boyanmış yumurtalarla keçirmişdir (Mirzə İbrahimov).

1953-cü ildə sovet qanlı ölüm aparatının başçısı İ.V.Stalinin vəfat etməsi, Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsinin yeni katibi N.Xruşşovun Stalinin  şəxsiyyətə pərəstiş və qanlı repressiya siyasətini dayandırması ölkənin siyasi həyatında müəyyən yumşalmalara səbəb oldu. Bu proses yasaq olunmuş xalq adət-ənənələrinin müəyyən şəkildə bərpasına, o cümlədən  xalq tərəfindən, əslində, heç bir zaman unudulmayan Novruz bayramının da rəsmi şəkildə bərpasına, müvəqqəti də olsa, öz təsirini göstərdi. Bu işdə görkəmli partiya və dövlət katibi, yazıçı-dramaturq, ictimai xadim Şıxəli Qurbanovun (1925-1967) böyük rolu oldu (Sevinc Qasımova).

1967-ci ildə Novruz bayramının "bahar bayramı" adı altında təntənəli şəkildə qeyd olunması o vaxt SSRİ Ali Sovetinin Rəyasət Heyətinin sədri işləyən A.Mikoyanın və onun əlaltılarının böyük qəzəbinə səbəb oldu. Erməni separatçılarının liderləri Levon Şaumyan, Mariyetta Şaginyan, Sero Xanzadyan və onlarla başqalarının imzası ilə Kremlə məktublar axını başladı. Bu məktublarda Sovet rəhbərlərinə Azərbaycanda dini bayramın bərpa edilməsi və bu ad altında geniş antisovet kampaniya aparılması barədə böhtanlar başlıca yer tuturdu, Azərbaycan rəhbərliyinin cəzalandırılması tələb edilirdi. Doğrudur, bayramın qadağası ilə bağlı Moskva rəsmi sənəd imzalamadı. Ancaq Novruzun adının çəkilməsi yenidən yasaqlandı, bu barədə təbliğat və tədqiqat işləri üzərinə yenidən ciddi senzura nəzarəti qoyuldu. Azərbaycanda Novruzun bayram edilməsi yenidən qapandı (Azad Nəbiyev).

Novruz bayramının milli müstəqilliyin bayramına çevrilməsində Heydər Əliyevin müstəsna xidmətləri oldu. O, qeyd etdiyimiz kimi, Novruz bayramına sıradan bir mərasim kimi deyil, xalqı, milləti birləşdirməyin, dövlət quruculuğu ideyaları ətrafında vahid bir qüvvəyə çevirməyin modeli kimi baxırdı. Bu, dahi rəhbərin nitqlərində daim vurğulanırdı. Ulu Öndər belə hesab edirdi ki, "milli ideologiyamızın əsas tərkib hissəsi bizim milli-mənəvi dəyərlərimizdir. Bizim milli-mənəvi dəyərlərimiz əsrlər boyu xalqımızın həyatında, yaşayışında, fəaliyyətində formalaşıbdır. Milli-mənəvi dəyərləri olmayan millət həqiqi millət, həqiqi xalq ola bilməz".

Heydər Əliyev çox gözəl bilirdi ki, milli-mənəvi dəyərlər minilliklər ərzində formalaşır və milli yaddaşın silinməz, pozulmaz arxetiplərinə çevrilir. O, Novruz bayramını bu mənada milli-mənəvi dəyərlərin ən nəhəng abidələrindən biri hesab edirdi. 

Novruz bayramının etnopsixoloji mahiyyəti ilə bağlı aparılmış tədqiqatlar Ulu Öndərin nə qədər böyük bir ideoloq olduğunu təsdiq edir. Cəlal Qasımov sovet epoxasında Novruz bayramının unutdurulması ilə bağlı ideoloji-inzibati tədbirlərdən bəhs edərkən qeyd edib ki, "bolveşik ideoloqları nəyi unudur, yaxud nəyi bilmirdilər:

 - Novruz, sadəcə olaraq, bir bayram yox, Azərbaycan xalqının ritual-mifoloji yaddaşının funksional formulu, mifik-kosmoloji düşüncə ilə yaşayan türk etnosunun gerçəkliyə münasibətinin etnopsixoloji mexanizmidir... 

- Novruz bayramı əski türkün məkan-zaman haqqında bütün görüşlərinin yaddaş modeli və bu modelin funksional sistemidir... 

- Yaddaş hərəkətə gəlməklə etnosu yaşadır: etnos yaddaş formulları əsasında funksionallaşır - mövcudluğunu qoruyur və inkişaf etdirir... 

- Etnosun fiziki-mənəvi təcrübəsinin bütün aksioloji dəyərləri ilkin kökdən başlayıb, bütün dövrlər (siyasi, ideoloji, dini epoxalar) boyunca Novruza konsentrasiya olunmaqla onu akkumulyasiya mənbəyinə - etnoenergetik sistemə çevirir... 

- Vaxtaşırı (ritmik olaraq) Novruz bayramını keçirən etnos qapalı-dövrəvi ritmlə ondan keçməklə hər dəfə özünü etnoenergetik arxetiplərlə təchiz edir".

Beləliklə, Novruz bayramını dövlətin milli-mədəni siyasətinin əsas tezisinə çevirən Heydər Əliyev, Bəkir Nəbiyevin qeyd etdiyi kimi, 1993-cü ildə tarixi sərəncam verdi və bundan sonra Novruz ölkədə ümummilli bayram kimi dövlət səviyyəsində qeyd edilməyə başladı. Bu isə bayramın nüfuz çevrəsini daha da genişləndirdi, özünəqayıdışı gücləndirdi, xalqımızın milli birliyinin möhkəmlənməsinə, vətən, torpaq, sülh və dostluq uğrunda səfərbər olmasına öz dəyərli töhfəsini verdi. Bütün bunlar isə bayramın beynəlxalq aləmdə şöhrətlənməsinə və dünya xalqları içərisində sürətlə yayılmasına öz müsbət təsirini göstərdi.

R.T.Ərdoğanın dilindən Novruz bayramı ilə bağlı səslənən milli şüarlar təsadüfi olmayıb, türk xalqlarının dövlətçilik təcrübəsinə, o cümlədən Heydər Əliyevin milli quruculuq sahəsində təcrübəsinə əsaslanır. Bu cəhətdən, Ulu Öndərin Novruz bayramını  "beynəlmiləlləşdirmək" istiqamətindəki düşüncə və fəaliyyəti bu gün özünün müsbət nəticələrini verməkdədir. Belə ki, bu fakt türk dövlətlərinin vahid siyasi qüvvəyə çevrilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. 

Novruz bayramının konseptual-fəlsəfi əsasları haqqında tədqiqata görə,  bütöv Avropa, Asiya və Şimali Afrikada müxtəlif etnosların nümayəndələri tərəfindən qeyd olunan bu bayram həmin etnosların ana vətəni kimi dünyanın üç qitəsini, miqrasiyaların timsalında isə bütün materik və qitələri bir-birinə birləşdirən, onlar arasında sülh və sevgi yaradan ümumbəşəri harmoniya və sülh bayramıdır. Bu bayram siyasi coğrafiyası baxımından Avrasiya materikində və Şimali Afrikada Sibirdən Ön Asiyaya, Misirə və digər Şimali Afrika ölkələrindəki "Novruz" topluluqlarına, Asiyada Saxa-Yakutiyadan Avropada Balkanlara, Krıma, Moldovaya, Çindən - Uyğurustandan Şimali Rusiya türk dövlətlərinə, onlardan Cənub-Şərqi Asiya ölkələrinə qədər çox nəhəng siyasi coğrafiyada yayılmışdır. Bütün Avrasiyada Çindən İspaniyaya, Sibirdən Finlandiyaya, Şimali Afrika ölkələrinə yayılmış türk xalqlarının öz dövlətlərində və onların yaşadıqları digər dövlətlərdə (Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Tatarıstan, Başqırdıstan, Saxa-Yakutiya, Çuvaşstan, Altay-Xakas, Şimali Kipr Türk Respublikası, Krım-Ukrayna, Moldova-Qaqauzstan, Qərbi Trakya-Yunanıstan, Bolqarıstan, keçmiş Yuqoslaviya, Çin-Uyğurustan, Dağıstan, Qaraçay-Balkar, Çeçenistan), o cümlədən İran, Əfqanıstan, Pakistan, Tacikistan, İraq, Misir və digər ərəb dövlətlərində rəsmi və qeyri-rəsmi olaraq qeyd olunur. Novruz bayramı etnik-milli və etnolinqvistik coğrafiyası baxımından, əsasən, üç böyük etnosa: türk, hind-Avropa və sami etnoslarına aid olan xalqların mədəniyyətlərini və dillərini bir kontekstdə birləşdirir. Bu bayram rəsmi və qeyri-rəsmi olaraq azərbaycanlılar, türklər, qazaxlar, türkmənlər, qırğızlar, özbəklər, qaraqalpaklar, krım-tatarlar, kazan-tatarlar, başqırdlar, saxalar, yakutlar, şorlar, teleutlar, xakaslar, altaylılar, noqaylar, qaraimlər, qaraçaylar, uyğurlar, çuvaşlar, qarapapaq-tərəkəmələr, qaqauzlar, Dağıstanın bəzi iber-qafqazdilli xalqları, çeçenlər, farslar, giləklər, taciklər, əfqanlar, puştunlar, pakistanlılar, ərəblər, kürdlər və sairə xalqlar arasında yayılmışdır (Seyfəddin Rzasoy).

Bu amilləri ətraflı şəkildə bilən və onların rolunu dərindən anlayan Heydər Əliyev Novruz bayramına türk xalqlarını vahid milli mədəniyyət fenomeni ətrafında birləşdirən vəhdət modeli kimi baxır və öz fəaliyyətini bu istiqamətdə qururdu. Bu cəhətdən, Novruz bayramının 2009-cu ilin 30 sentyabrında UNESCO-nun dünya xalqlarının qorunan qeyri-maddi mədəni irsi siyahısına daxil edilməsi bilavasitə Ulu Öndərin milli siyasət perspektivlərinin beynəlxalq miqyasda təntənəsi idi. 

Bu siyasətin davamlı inkişafı onda ifadə olundu ki, Birləşmiş Millətlər Təşkilatı Baş məclisinin 64-cü sessiyasında martın 21-nin bütün dünyada "Beynəlxalq Novruz günü" elan edildi. Vurğulamaq istərdik ki, BMT-də qəbul edilmiş qərar Azərbaycan dövlətinin təşəbbüsü ilə reallaşmışdır.  

Ə.Paşayevanın yazdığı kimi, 21 martın "Beynəlxalq Novruz günü" elan edilməsi hadisəsi Azərbaycan Respublikasının təşəbbüsü ilə baş vermiş və Azərbaycan dövlətinin bütün xalqlarla həmrəylik dostluq və anlaşma şəraitində yaşamaq istəyini bir daha nümayiş etdirmişdir. 18 illik üzvlük dövründə Azərbaycan BMT-də böyük nüfuz qazanmış, onu özünün milli-mənəvi dəyərlərini dünyada yaymaq üçün mühüm bir tribunaya çevirmişdir. Bu isə bilavasitə ölkəmizdə mədəni dəyərlərin qorunub saxlanması və bərpasına ardıcıl göstərilən dövlət siyasətinin məntiqi nəticəsidir.

Xüsusi şəkildə vurğulanmalıdır ki, Ulu Öndər Heydər Əliyevin siyasi kursunu  böyük uğurla həyata keçirən İlham Əliyev də Novruz bayramının milli dövlət quruculuğu ilə bağlılığı məsələlərinə həmişə həssaslıqla yanaşır. "Novruz" ensiklopediyasında qeyd olunduğu kimi, Azərbaycan xalq adət-ənənələrinin, mərasim və bayramlarının yaşadılması, milli ruhda zənginləşdirilməsi, onların, xüsusən gənc nəslin təlim-tərbiyəsində mühüm rol oynaması kimi vacib məsələlər həmişə İlham Əliyevin diqqətindədir. Prezident İlham Əliyev milli Novruz bayramı şənliklərində iştirak edir, xalqla bir olur. Bu, insanlarının birliyindən, sevincli günlərindən, parlaq sabahından soraq verir. Qarabağda cənab İlham Əliyevin Novruz tonqalını alovlandırması təkcə Azərbaycanın ərazi bütövlüyünün bərpasını qeyd etmək deyil, həm də türk dünyasının tarixi mübarizəsinin və milli iradəsinin simvolu kimi diqqət çəkir. 44 günlük Vətən müharibəsi, Azərbaycanın öz suveren hüquqlarını qorumaq istiqamətində qazandığı tarixi qələbə olmaqla yanaşı, həm də türk dünyasının birliyinin və qətiyyətinin ən mühüm təzahürlərindən biri oldu. Novruz bayramının mahiyyəti yenilənmə və dirçəliş prinsiplərinə əsaslandığı kimi, Qarabağda tonqal yandırılması da türk xalqlarının birliyinin və suverenlik uğrunda apardığı mübarizənin yeni mərhələsinə keçidini göstərir. İlham Əliyevin bu aktı yalnız azərbaycanlıların qələbəsini deyil, bütövlükdə türk dünyasının öz tarixi kimliyini və mədəni irsini qoruma əzmini təsdiqləyir. Türk dövlətləri arasında artan siyasi və mədəni inteqrasiya fonunda Qarabağda Novruzun qeyd olunması, türk dünyasının öz milli və siyasi birliyini möhkəmləndirmək üçün mühüm mesajdır.

Bu bayramın Qarabağda bərpası həm də türk xalqlarının ortaq dəyərləri ətrafında daha sıx birləşməsinə töhfə verir. İlham Əliyevin bu nümunəsi təkcə keçmişin mirası kimi deyil, türk xalqlarının gələcək strateji gücünün rəmzi kimi dəyərləndirilməlidir. 

Bütün bunlar nəyi göstərir? Türkiyə dövlətinin prezidenti R.T.Ərdoğanın Novruz bayramını daxili milli birlik siyasətinin obyektinə çevirməsi təsadüfi deyil və tarixin praqmatik təcrübəsinə əsaslanır. Heç təsadüfi deyildir ki, bu, Türkiyənin türk dünyası ilə mədəni inteqrasiyası və ortaq irsə verdiyi dəyərin göstəricisi kimi qiymətləndirilir. Hətta Türk Dövlətləri Təşkilatının 2025-ci il sammitində bu addım xüsusi vurğulandı və üzv dövlətlərin hamısı Türkiyəni bu münasibətlə təbrik etdi. Bu da öz növbəsində birmənalı şəkildə təsdiq edir ki, Ulu Öndərin milli birlik haqqında ideyaları, o cümlədən həmin ideyaların təcəssüm modellərindən biri olan Novruz bayramı barəsindəki fikirləri təkcə türk dövlətlərinin daxili milli birliyi baxımından deyil, beynəlxalq səviyyədə milli vəhdəti baxımından da son dərəcə əhəmiyyətə malik olmaqda və aktuallıq kəsb etməkdədir.

Ümumiləşmiş formada deyə bilərik ki, Novruz bayramı, mifoloji, etnokulturoloji və sosiopolitik əsasları baxımından yalnız bir mərasim deyil, həm də türkdilli xalqların və digər etnosların mədəni inteqrasiyasını təmin edən konseptual modeldir. Onun tarixi formalaşması ilkin kosmoqonik təsəvvürlərdən başlayaraq, müxtəlif dini sistemlərlə sintez olunaraq uzun təkamül prosesi keçmişdir. Bu baxımdan, Novruz bayramı təkcə etnik birliyi deyil, eyni zamanda sivilizasiyalararası harmoniya modelini ifadə edir. Araşdırmalar göstərir ki, Novruz bayramının mifoloji kökləri ilkin dünya görüşləri və kosmoqonik miflərə əsaslanır. Miflər xalqın etnopsixoloji identifikasiyasını formalaşdıran əsas struktur olaraq, zamanla tarixi düşüncəyə transformasiya olunmuşdur. Bu mərhələdə Novruz, mədəni və dini sistemlər arasında keçid rolunu oynayan arxetipik fenomen kimi çıxış etmişdir. Mifoloji aspektdən yanaşdıqda, bu bayram həyat və ölüm dövrü, təbiət ritmləri və zamanın dövriliyi konsepsiyalarını özündə ehtiva edərək, insanın kosmik mühitlə əlaqəsini şərtləndirən vahid sistem yaratmışdır.

Novruz bayramının müxtəlif dini və ideoloji sistemlərdə yer alması onun universal xarakterini təsdiqləyir. Qədim türklərin şamanist dünyagörüşü, tanrıçılıq, zərdüştilik və islam kimi inanclarla birləşib, bu bayramı fərqli coğrafi ərazilərdə yaşayan xalqların mədəni sintezi üçün mühüm vasitəyə çevirmişdir. Xüsusilə, islamın Novruz bayramına münasibətdə yumşaq siyasət yürütməsi, onun etnomədəni sistemlərdə dominant mövqeyini gücləndirmişdir. Heydər Əliyevin bu bayramı müqəddəs dəyər kimi qəbul etməsi, onun milli kimliyin qorunması və dövlətçilik kontekstində inteqrasiyasına verdiyi xüsusi önəmi təsdiqləyir. Novruz bayramının siyasi və mədəni coğrafiyası geniş Avrasiya materikində yayılaraq, fərqli etnosları birləşdirən universal hadisəyə çevrilmişdir. Türkdilli xalqların yaşadığı geniş ərazilərdə-Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Dağıstan, Tatarıstan, Saxa-Yakutiya, Çin-Uyğurustan və digər regionlarda qeyd olunan Novruz, milli inteqrasiya və identifikasiya mexanizmi kimi mühüm rol oynayır. UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi və BMT tərəfindən "Beynəlxalq Novruz günü" elan olunması, onun qlobal mədəniyyətin ayrılmaz hissəsi olduğunu göstərir.

Novruz bayramının siyasi mahiyyəti onun dövlətlərarası mədəni inteqrasiyaya töhfə verməsi ilə əlaqədardır. Heydər Əliyevin və İlham Əliyevin bu bayramı milli ideologiyanın əsas elementi kimi qəbul etməsi, onun müstəqil dövlət quruculuğunda rolunu gücləndirmişdir. Türkiyənin Novruzu milli birlik modeli kimi siyasi gündəminə daxil etməsi və Türk Dövlətləri Təşkilatının 2025-ci il sammitində bu bayramın xüsusi vurğulanması, onun türkdilli xalqların birləşməsi üçün strateji əhəmiyyət daşıdığını göstərir. Beləliklə, Novruz bayramı təkcə qədim mərasim deyil, eyni zamanda türkdilli və digər xalqlar arasında mədəni inteqrasiyanın fəlsəfi və konseptual modeli kimi çıxış edir. Onun mifoloji və dini kökləri, etnokulturoloji sintezi, geniş coğrafiyada yayılması və siyasi əhəmiyyəti bu bayramı dünya miqyasında vahid mədəni vəhdət sistemi kimi təsdiqləyir. Azərbaycan və Türkiyənin Novruza verdiyi önəm, onun strateji və ideoloji gücünü daha da artıraraq, türkdilli xalqların gələcək birlik modelinə töhfə verir. Novruzun bu universal funksiyası, onun insanlığın harmoniya və qarşılıqlı anlaşma prinsipləri çərçivəsində daha da inkişaf etməsinə zəmin yaradır.


Sadiq QURBANOV,

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sabah havanın temperaturu 41 dərəcəyədək artacaq

12:51
12 İyul

Hindistanda körpünün çökməsi nəticəsində ölənlərin sayı 20-yə çatıb

11:48
12 İyul

Rusiya ordusu Ukraynanın Çernovtsı vilayətinə PUA və raket hücumu edib  

11:12
12 İyul

Paytaxt küçələri yenidən yuyulub

11:11
12 İyul

Dünya səyyahları Cəbrayılda minatəmizləmə prosesini izləyəcək

10:56
12 İyul

DİN: ⁠Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb

10:32
12 İyul

İsmayıllıda zəlzələ olub

10:05
12 İyul

Avropada anomal istilər onlarla insanın həyatına son qoyub

10:04
12 İyul

Azərbaycan Respublikası və vətəndaşları 40 gündə 6 seçkidə qalib gəlib

10:03
12 İyul

Günəşdən necə yararlanmalı

08:50
12 İyul

NATO Ukrayna üçün ABŞ-dən silah alacaq

08:45
12 İyul

Özünə və sözünə sadiq

08:40
12 İyul

Azərbaycan və Çin logistik əlaqələri inkişaf etdirmək üçün BTQ-nin imkanlarını genişləndirirlər

08:35
12 İyul

Əcnəbi səyahətçilərin Qarabağ səfəri

08:30
12 İyul

Azərbaycan xalqının qəlbində daim yaşayacaq qəhrəman

08:25
12 İyul

Zəfərin qığılcımı

08:20
12 İyul

Əbu-Dabi görüşü davamlı sülhün əldə olunmasına təkan verdi

08:15
12 İyul

Konseptual müzakirələrdən praktik mərhələyə keçid baş verir

08:10
12 İyul

İkitərəfli görüşlər daha nəticəyönümlüdür

08:05
12 İyul

Azərbaycanın liderliyi ilə formalaşan sülh gündəliyi

08:00
12 İyul

Azərbaycan Respublikasının Əmək Məcəlləsində, "Əhalinin sağlamlığının qorunması haqqında", "Özəl tibb fəaliyyəti haqqında" və "Dərman vasitələri haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

03:11
12 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!