O, üzü gələcəyə gedir... O, çətin, əziyyətli yolun yorulmaz yolçusudur...
Üzü gələcəyə, sabaha üz tutan bu yol adamı görkəmli dilçi alim İsmayıl Məmmədlidir.
Təbiətcə yumşaq olan bu həyat adamı bir az dağlara... elə bütünlükdə torpağın dərinliklərinə işləmiş köklü-budaqlı ağaca bənzəyir. Həssaslığı, düzlüyü, təmizliyi müəllim təbiətindən irəli gəlir.
İsmayıl Oruc oğlu Məmmədli 1946-cı il noyabr ayının 15-də Basarkeçər rayonunun Sədanaxaç (sonradan kəndin adı Güney olmuşdur) kəndində Aşıq Oruc Vəli oğlu Əhmədovun və Züleyxa ananın ailəsində doğulmuşdur. Aşıq Oruc Göyçənin Yarpızlı kəndindən idi. 1948-1953-cü illərdə o vaxt könüllü köçürülmə adı ilə deportasiya olunanlarla birgə ailələri Ermənistandan Azərbaycana gəlmiş, Gədəbəy rayonunun Zəhmət kəndində məskunlaşmışdır. İsmayıl Məmmədli 1952-1956-cı illərdə Göyçənin Güney kəndində ibtidai təhsil almış, 1952-1962-ci illərdə Zəhmət kənd orta məktəbində oxumuşdur. 1962-1967-ci illərdə isə M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunun Alman-Azərbaycan dilləri şöbəsində təhsil almışdır. 1967-1970-ci illərdə Azərbaycan Ensiklopediyası Baş redaksiyasında əvvəlcə transkripsiyaçı-redaktor, sonra böyük elmi redaktor vəzifələrində çalışmışdır. 1968-1969-cu illərdə ordu sıralarında hərbi xidmətdə olmuşdur. O, 1970-1973-cü illərdə Azərbaycan Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun əyani şöbəsinin aspiranturasında oxumuş, 1974-cü ildə filologiya elmləri namizədi alimlik dərəcəsi almışdır.
İsmayıl Məmmədli 45 ildən artıqdır ki, bütün qüvvə və bacarığını ana dilimizin tədqiqi, tədrisi və təbliği işinə, elmi və pedaqoji kadrların hazırlanmasına həsr etmişdir. Bu illər ərzində o, elmdə və ictimai həyatda şərəfli bir yol keçmişdir.
İsmayıl Məmmədli 1993-cü ildə "Azərbaycan dilinin etnoqrafik leksikası" mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş, ictimai elmlər sahəsində, xüsusən də filologiya sahəsində müstəqil Azərbaycan Respublikasında ilk milli elmlər doktoru alimlik dərəcəsi almışdır. O, Azərbaycan dilinin leksikologiyası və leksikoqrafiyasi problemlərinin araşdırılması sahəsində çalışır. İ.Məmmədlinin "Azərbaycan dilinin izahlı lüğəti", "Azərbaycan dilinin orfoqrafiya lüğəti", "Frazeologiya və məcazlar lüğətləri"nin tərtibi işində apardığı tədqiqatları böyük elmi əhəmiyyət kəsb edir.
Alimin əsas tədqiqatları Azərbaycan dilçiliyində, eləcə də, türkologiya sahəsində mühüm və aktual olan bir problemin - sahə leksikaları içərisində qədimliyi, zənginliyi, milliliyi, məhsuldar sözyaratma və üslubi imkanları ilə seçilən etnoqrafik leksikanın öyrənilməsinə həsr olunmuşdur. O, ilk dəfə olaraq sahə leksikaları üzrə monoqrafik yolla araşdırmalar aparmış, Azərbaycan dilçiliyində ilkin və orijinal təsnifat vermiş, etnoqrafik leksika əsasında söz yaradıcılığının aparıcı mövqeyini aşkar etmiş, tematik, struktur-semantik, funksional-üslubi, sinxron, habelə etnik-kulturoloji-tarixi planda linqvistik təhlillər aparmışdır.
İ.Məmmədlinin tədqiqatları Azərbaycan dilçiliyinin üslubiyyat, lüğətçilik, onomalogiya, etnoqrafik dilçilik, şifahi dil kimi ən aktual sahələri, tətbiqi dilçilik məsələlərini əhatə edir. O, "Azərbaycan dilinin etnoqrafik leksikası" mövzusunda tədqiqat əsəri ilə Azərbaycan xalqının soykökü, qədim maddi və mənəvi mədəniyyəti, habelə ana dilimizin zəngin söz yaradıcılığı ilə bağlı problemləri dərindən araşdırmış, azərbaycanşünaslığa dəyərli bir töhfə vermiş, dilçiliyimizdə etnolinqvistika kimi yeni bir elmi istiqamət açmışdır.
Professor İ.Məmmədlinin ömür yoluna diqqət yetirdikdə gözlərimiz önündə istedadlı linqvist-alim, fədakar tədqiqatçı, sözün əsl mənasında, müdrik bir elm adamı canlanır. Çoxsaylı əsərləri İsmayıl müəllimin yüksək analitik təfəkkürünün dərinliyini, ən mürəkkəb problemin həlli yollarını araşdırıb nəticəyə malik olmaq qabiliyyəti, elmi, idrakı, onun alim nüfuzunun göstəricisidir.
…İnsan yaşa dolduqca hiss edir ki, ən yaxın sirdaşı elə işıqlı xatirələrin özüdür. Bu düşüncələrin içərisində ötüb-keçən zamanın qarışıq rəngləri xəyallarında canlanır. Kimlər yaşamır bu xəyallarda? Dostlar, yaxınlar və doğmalar. Bir də əriyib gedən gənclik! Çay kimi axan zaman heç nəyə baxmadan ötüb keçir. Bunları hələ gəncliyindən dərk edən İsmayıl müəllim də öz növbəsində vaxtın haqq-hesabını düzgün aparır. Nəticə isə göz qabağındadır. Ayrı-ayrı illərdə yazdığı "Ekran, efir və dilimiz", "Azərbaycanca-rusca etnoqrafiya terminləri lüğəti", "Vurğu lüğəti", "Azərbaycanca-rusca danışıq kitabı", "Azərbaycan dilinin izahlı lüğəti", "Axtarışlar, anımlar, yozumlar", "Azərbaycan dilinin etnoqrafik leksikası", "Qəzet dilinin leksikası", VIII-IX siniflər üçün dərslik və digər əsərləri vaxtdan səmərəli istifadə etdiyinin göstəricisidir.
İ.Məmmədli 1989-cu ildən Dilçilik İnstitutunda Lüğət və terminologiya (hazırda Tətbiqi dilçilik adlanır) şöbəsinə rəhbərlik edir. Şöbə öz ənənələri ilə institutun elmi həyatında özünəməxsus yer tutur. Onun rəhbərliyi altında şöbədə "Azərbaycan dilinin izahlı lüğəti" (3 cilddə), "Yeni sözlər lüğəti", "Azərbaycan dilinin orfoqrafiya lüğəti" (təkmilləşdirilmiş, artırılmış yeni nəşri), "Azərbaycan dilinin məcazlar lüğəti" hazırlanmışdır. 2011-ci ildə nəşr olunmuş "Səməd Vurğunun bədii dilinin izahlı lüğəti" nin redaktoru, tərtibçisi olmuş, professor İ.Məmmədli 2014-cü il iyunun 10-da Səməd Vurğun mükafatına layiq görülmüşdür.
İ.Məmmədlinin şöbəyə rəhbərliyi dövründə 17 nəfər filologiya üzrə fəlsəfə doktoru, 6 nəfər elmlər doktoru dissertasiyası müdafiə etmişdir. Çoxsaylı, nəzəri problemlərlə zəngin yaradıcılığı, elmi təfəkkürü və duyumu, adi faktı elmi fikrin predmetinə çevirə bilmək qabiliyyəti, fikir və mülahizələrini inandırıcı faktlara istinadən işıqlandırması, elmi obyektə hərtərəfli orijinal yanaşma səriştəsi ədəbiyyatşünaslıqda, dilçilik sahəsində ona böyük inam, nüfuz qazandırmışdır.
Onu sözün və dilin keşiyində duran əsgərə də oxşatmaq olar. Millətin dilinin, sözünün, ruhunun sərhədlərini göz bəbəyitək qoruyan namuslu əsgərə... Onun bircə amalı var: "Həyatın gələcəyi elm öyrənənlərin əlindədir!"
İ.Məmmədli 200-dən artıq elmi əsərin və məqalənin müəllifidir. Bunlardan 13-ü monoqrafiya və lüğətlərdir. Dövri mətbuatda da bir çox elmi məqaləsi dərc olunmuşdur. Azərbaycan AMEA Xəbərlərində, "Türkologiya" jurnalında və ayrı-ayrı mətbuat səhifələrində kitabları haqqında resenziyalar, rəylər dərc olunmuşdur. Alim müasir dilçiliyin müxtəlif problemlərinə aid keçirilmiş beynəlxalq, ümumittifaq və respublika simpozium və konfranslarında məruzələrlə çıxış etmişdir.
Professor İ.Məmmədli bir çox lüğətlərin: "C.Cabbarlının dilinin lüğəti", "Azərbaycan dilinin frazeologiya lüğəti, "Azərbaycanca-ispanca", "Azərbaycanca-italyanca", "Azərbaycanca-bolqarca", "Azərbaycanca-çexcə", "Azərbaycanca-polyakca" ikidilli lüğətlərin redaktoru və tərtibçilərindəndir.
İ.Məmmədlinin Azərbaycan dilinin təbliğində də xidmətləri böyükdür. O, 1981-1989-cu illərdə Azərbaycan Teleradio Verilişləri Qapalı Qəhmdar Cəmiyyətində "Azərbaycan dili" və "Dil xalqın mənəvi sərvətidir" televiziya və radio proqramlarının aparıcısı olmuşdur.
O, 2002-ci ildən Azərbaycan Respublikası Ədliyyə Nazirliyində baş məsləhətçidir, dövlət qulluğunun kiçik müşaviridir. Hazırda Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik üzrə Birləşmiş Müdafiə Şurasının, İnstitut Elmi Şurasının, Dilçilik üzrə Respublika Əlaqələndirmə Şurasının və Azərbaycan AMEA Terminologiya Komitəsinin üzvüdür. İ.Məmmədli Azərbaycan Yazıçılar və Æurnalistlər Birliyinin üzvüdür. 2013-cü ildə Azərbaycan Prezidentinin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif olunub, 2004-cü ildə "H.B.Zərdabi mediya mükafatı və diplomu"na layiq görülüb.
Dünyada ən uzun yol - insanın özünə qədər gəlib çıxdığı yoldur, - deyirlər. Əgər, bir insan müqəddəs sözün işığında özünə yol başlayıbsa, ona yalnız "Uğur olsun!" demək lazımdır.
Yolçu yolda gərək, İsmayıl müəllim!
Fizuli MUSTAFAYEV,
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru