13 Noyabr 2026 09:10
473
Mədəniyyət
A- A+
Qədim tikililər şəhərlərimizin daş tarixi və mədəni kimliyidir

Qədim tikililər şəhərlərimizin daş tarixi və mədəni kimliyidir


Küçələri ilə addımladığımız hər bir qədim şəhərin özünəməxsus ruhu, səsi və siması var. Bu simanı yaradan ən mühüm amil isə şübhəsiz ki, zamanın sınağından çıxmış köhnə klassik binalardır. XIX əsrin sonu - XX əsrin əvvəllərində Bakının mərkəzini bəzəyən neoklassik, barokko və milli üslublu möhtəşəm imarətlərdən tutmuş Şuşanın, Ordubadın, Gəncənin və Şəkinin qədim memarlıq incilərinə qədər hər bir tikili Azərbaycan memarlıq məktəbinin canlı salnaməsidir.

Müasir dövrdə sürətli urbanizasiya və yeni yaşayış massivlərinin salınması fonunda bu tarixi irsin qorunması, bərpası və müasir şəhərsalma standartları ilə uzlaşdırılması xüsusi aktuallıq kəsb edir. Məhz bu baxımdan 2026-cı ilin Azərbaycanda "Şəhərsalma və Memarlıq İli" elan edilməsi ölkəmizin memarlıq həyatında yeni bir mərhələnin başlanğıcı oldu. Dövlət səviyyəsində atılan bu addım həm şəhərlərimizin müasirləşməsinə, həm də klassik memarlıq nümunələrinin gələcək nəsillərə sağlam şəkildə ötürülməsinə xidmət edir. Bəs bu əlamətdar il çərçivəsində köhnə klassik binalarla bağlı hansı işlər görülür, tarixi irsimiz necə qorunur?

"Şəhərsalma və Memarlıq İli"nin Tədbirlər Planında Azərbaycanın klassik və milli memarlıq irsinin qorunması ən prioritet istiqamətlərdən biri kimi müəyyən edilib. Orta əsr Şərq memarlığının təkrarsız nümunələrindən başlayaraq, XX əsrdə milli memarlıq məktəbinin əsasını qoyan Mikayıl Hüseynov və Sadıq Dadaşovun yaratdığı klassik üslublu binaların mühafizəsi dövlət nəzarətinə götürülüb. Xüsusilə böyük memar Əcəmi Naxçıvaninin 900 illik yubileyi çərçivəsində bu irsimizin elmi araşdırılması və beynəlxalq aləmdə təbliği istiqamətində mühüm layihələr həyata keçirilir. Sözügedən sənəddə İçərişəhər, Şirvanşahlar sarayı, Şəki Xan sarayı və Möminə xatun türbəsi kimi dünya əhəmiyyətli abidələrlə yanaşı, şəhərlərimizin tarixi mərkəzlərində yerləşən klassik yaşayış və ictimai binaların da memarlıq görkəminin qorunması əsas şərt kimi qoyulub. 


Regionlardakı tarixi-klassik tikililər bərpa olunur


Klassik memarlıq irsinin dirçəldilməsi təkcə paytaxtla məhdudlaşmır. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur bölgələrində tarixi-klassik binaların bərpası böyük vüsət alıb. Mədəniyyət paytaxtımız Şuşada yerləşən tarixi yaşayış evlərinin, məscidlərin və köhnə üslublu ictimai binaların orijinal memarlıq elementləri qorunmaqla bərpası davam edir. Eyni zamanda Ağdamdakı İmarət kompleksi, Şuşa, Naxçıvan və Ordubad tarixi qoruqlarının ICESCO-nun İslam Dünyası İrsi Siyahısına daxil edilməsi bu klassik tikililərin beynəlxalq səviyyədə qorunmasına hüquqi zəmin yaradıb. Ordubaddakı tarixi "Mədrəsə" abidəsinin əsaslı bərpası və konservasiyası da regionlardakı klassik memarlıq nümunələrinə göstərilən diqqətin bariz nümunəsidir.

Cəmiyyətdə ən çox müzakirə olunan məsələlərdən biri də Bakıdakı köhnə binaların sökülməsi ilə bağlıdır. Baş plana və şəhərsalma qaydalarına əsasən, paytaxtın tarixi mərkəzində yerləşən XIX-XX əsrin əvvəllərinə aid klassik binalar memarlıq abidəsi kimi qorunur. Bu binaların fasadlarının tarixi görkəminə qaytarılması və mühəndis-kommunikasiya sistemlərinin yenilənməsi nəzərdə tutulur. Söküntü və yenidənqurma işləri isə klassik arxitektura nümunələrinə deyil, sovet dövründə kütləvi şəkildə inşa edilmiş və artıq istismar müddətini (50-60 il) başa vurmuş, qəzalı vəziyyətdə olan "Xruşşovka", gecəqondular və digər yararsız binalara şamil edilir. Yeni binalar layihələndirilərkən isə ətrafdakı klassik tikililərin hündürlüyü, üslubu və şəhərin tarixi silueti ilə harmoniyanın pozulmaması əsas tələb kimi irəli sürülür.


Bakının klassik binaları və İstiqlaliyyət küçəsi


Bakı təkcə Xəzərin sahilində ucalan müasir göydələnlər və işıqlı bulvarlar şəhəri deyil, o həm də daş üzərində həkk olunmuş zəngin bir tarix kitabıdır. Paytaxtımızın mərkəzi küçələri ilə - İstiqlaliyyət, Nizami, Rəşid Behbudov və ya İçərişəhərin dar döngələrində gəzdikcə insan özünü açıq səma altında yerləşən nəhəng bir memarlıq muzeyində hiss edir. 

XIX əsrin sonu - XX əsrin əvvəllərində neft bumu dövründə ucaldılan neoklassik, barokko, qotika və Şərq memarlıq elementlərini özündə birləşdirən möhtəşəm binalar, eləcə də XX əsrin ortalarında milli memarlıq məktəbinin korifeyləri M.Hüseynov və S.Dadaşovun imzasını daşıyan klassik tikililər Bakının bənzərsiz simasını formalaşdırıb. Lakin sürətlə böyüyən meqapolisin müasir tələbləri ilə bu tarixi irsin qorunması arasında tarazlıq yaratmaq hər zaman həssas yanaşma tələb edir.

Uzun illərdir Bakının memarlıq xəritəsində elə bir ünvan var ki, paytaxtın son ikiəsrlik tarixini, mədəni yüksəlişini və şəhərsalma mədəniyyətini özündə tam şəkildə birləşdirir. Bu, şəhərin qəlbində yerləşən, hər daşı bir salnamə danışan İstiqlaliyyət küçəsidir. Vaxtilə Nikolayevskaya, sonra Kommunist küçəsi adlandırılan, bu gün isə müstəqillik rəmzimizə çevrilən bu küçə Bakının açıq səma altında yerləşən ən möhtəşəm memarlıq qalereyasıdır. Burada Şərq zərifliyi ilə Avropa klassikası elə ustalıqla uzlaşıb ki, küçə boyunca atılan hər addım insanı müxtəlif memarlıq dövrlərinə səyahətə aparır.

Sürətli urbanizasiya və müasir şəhər mühitinin formalaşdığı bir dövrdə bu cür unikal küçələrin orijinal simasını qorumaq xüsusi məsuliyyət tələb edir. İstiqlaliyyət küçəsində Qərb memarlığının şah əsərləri cəmlənib. Bu küçənin bənzərsizliyi onun bir-birindən fərqli, lakin ümumi ahəngi pozmayan klassik üslublu binalarında gizlənir. Küçənin memarlıq tacını Venesiya qotikası üslubunda inşa edilmiş zərif "İsmailiyyə" binası (indiki AMEA-nın Rəyasət Heyəti) bəzəyir. Memar İosif Ploşkonun yaradıcılıq incisi olan bu bina incə daş oymaları və möhtəşəm fasadı ilə onun əsas estetik dominantıdır.

Tikilinin yaxınlığında ucalan, barokko elementləri və möhtəşəm saat qülləsi ilə seçilən Bakı Şəhər İcra Hakimiyyətinin binası (memar İosif Qoslavski), neoklassik üslubun zərif nümunəsi olan Azərbaycan Dövlət Akademik Filarmoniyası, Şərq və Qərb memarlığının sintezini əks etdirən Azərbaycan Dövlət İqtisad Universitetinin əsas binası küçəyə əsl Avropa şəhərlərinin simasını verir. Eyni zamanda küçənin digər cinahında yerləşən əzəmətli "Monolit" yaşayış binası və Nizami adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin arxa fasadı klassik üslubun XX əsrdəki möhtəşəm davamını nümayiş etdirir.

Bu gün İstiqlaliyyət küçəsi bütövlükdə tarixi-memarlıq qoruğu statusunda mühafizə olunur. "Şəhərsalma və Memarlıq İli"nin Tədbirlər Planı çərçivəsində bu küçədəki klassik binaların qorunması bir neçə əsas istiqamətdə həyata keçirilir. İlkin istiqamət fasadların bərpası və konservasiyası ilə bağlıdır. Xəzərin duzlu küləklərinin və zamanın təsiri ilə aşınmaya məruz qalmış əhəngdaşı oymaları xüsusi texnologiyalarla bərpa olunur, tarixi memarlıq detalları ilkin görkəminə qaytarılır. Bu zaman memarlıq səliqəsinə xüsusi nəzarət edilir. Küçənin tarixi ruhuna xələl gətirən müdaxilələrin - yöndəmsiz reklam lövhələrinin, fasadlara bərkidilmiş kondisioner bloklarının və qanunsuz artırmaların təmizlənməsi ilə binaların orijinal estetikası tam şəkildə üzə çıxarılır. Axşam saatlarında klassik binaların memarlıq elementlərini (sütunları, tağları, heykəlləri) ön plana çıxaran bədii işıqlandırma sistemlərinin yenilənməsi və küçənin piyadalar üçün daha rahat, yaşıl bir məkana çevrilməsi də diqqət mərkəzində saxlanılır.

İstiqlaliyyət küçəsinin həm də İçərişəhərin qala divarları ilə birbaşa təmasda olması bu ərazinin şəhərsalma baxımından əhəmiyyətini ikiqat artırır. Qəbul edilmiş qaydalara görə, bu küçənin ətrafındakı məhəllələrdə hər hansı yeni hündürmərtəbəli tikintiyə icazə verilmir. Məqsəd birdir: "İsmailiyyə"nin, filarmoniyanın və "Monolit"in yaratdığı tarixi silueti və səma xəttini toxunulmaz saxlamaq.

"Şəhərsalma və Memarlıq İli" bir daha sübut edir ki, Bakının müasirləşməsi onun tarixi köklərindən uzaqlaşması demək deyil. İstiqlaliyyət küçəsi isə bu fəlsəfənin ən canlı sübutudur. Burada yerləşən hər bir klassik bina Bakının zəngin keçmişinin daşlaşmış rəmzi olmaqla yanaşı, həm də paytaxtımızdan gələcək nəsillərə qalacaq ən qiymətli mədəni sərvətdir.


İradə ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir   

21:08
14 Noyabr

Putin, Si Cinpin və Tramp Çində görüşəcəklər

20:09
14 Noyabr

"Meta" 805 milyon avro məbləğində cərimələnib

19:29
14 Noyabr

Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

18:12
14 Noyabr

ABŞ-dən Zelenskiyə sual: Ukrayna NATO-ya üzv olarsa, Donbasdan çıxmağa razılaşacaqsınızmı?

16:44
14 Noyabr

Baş prokuror Kamran Əliyev Argentinadan olan həmkarları ilə görüşlər keçirib

15:39
14 Noyabr

Azərbaycan-Böyük Britaniya iqtisadi əlaqələri enerji layihələri ilə məhdudlaşmır

15:12
14 Noyabr

Yaponiyalı tələbələrə Azərbaycanın xarici siyasəti haqqında mühazirə oxunub

14:53
14 Noyabr

QMİ sədri Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək

14:41
14 Noyabr

Azərbaycan–Böyük Britaniya münasibətləri strateji tərəfdaşlıq müstəvisində

14:39
14 Noyabr

COP31-dəki Azərbaycan pavilyonunda gənclərin təmiz enerji keçidindəki rolu müzakirə olunub

14:36
14 Noyabr

Sabah Bakıda və rayonlarda yağış, dağlıq ərazilərdə qar yağacaq

14:31
14 Noyabr

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

13:26
14 Noyabr

Bir gündə 10 təşəbbüs, 10 görüş...

13:26
14 Noyabr

Bahar Muradova: Azərbaycanda qlobal iqlim gündəliyinə verilən təkan Türkiyədə yeni qərarların alınmasına gətirib çıxarmalıdır

12:47
14 Noyabr

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir

12:29
14 Noyabr

Müdafiə Nazirliyi: Hərbi hissələrdə əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub

12:25
14 Noyabr

Britaniyalı ekspert: Azərbaycan və Böyük Britaniya arasında strateji tərəfdaşlıq münasibətlərin inkişafında mühüm mərhələdir

12:01
14 Noyabr

İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

11:48
14 Noyabr

Azərbaycan nefti 102 dollara satılır

11:27
14 Noyabr

Azərbaycan Avropanın enerji keçidində iştirak edəcək vacib tərəfdaşdır

11:24
14 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!