05 Noyabr 2026 08:00
254
SİYASƏT
A- A+
Milli qürurumuzun rəmzinə çevrilən Zəfər Günü

Milli qürurumuzun rəmzinə çevrilən Zəfər Günü


Azərbaycanın müasir tarixinin ən möhtəşəm hadisəsi olan 44 günlük Vətən müharibəsində qazanılmış şanlı Zəfər xalqımızın milli iradəsinin, dövlətimizin siyasi və hərbi qüdrətinin, təntənəsi kimi tarixdə əbədi yaşayacaq. Bu Qələbə ilə Azərbaycan uzun illər davam edən işğala son qoyaraq ərazi bütövlüyünün bərpasına nail oldu, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan tarixi ədaləti bərqərar etdi.

Qazanılmış tarixi Zəfər müstəqil dövlətimizin gücünü bütün dünyaya nümayiş etdirməklə yanaşı, Cənubi Qafqazda yeni geosiyasi reallıqların formalaşmasına, ölkəmizin beynəlxalq mövqelərinin daha da möhkəmlənməsinə yol açdı. Ən əsası, bu tarixi hadisə həm də Azərbaycan xalqının öz torpaqlarına qayıdışına, milli ləyaqətinin və tarixi yaddaşının bərpasına aparan yolun başlanğıcı oldu.

Zəfər salnaməsinin ən parlaq səhifələrindən biri isə doğma Qarabağın tacı, Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın işğaldan azad edilməsidir. 2020-ci il noyabrın 8-də Şuşanın azad olunması Vətən müharibəsinin gedişində həlledici dönüş yaratmaqla yanaşı, xalqımızın çoxəsrlik dövlətçilik tarixində xüsusi yer tutan bu qədim şəhərin yenidən öz sahibinə qovuşmasını təmin etdi. Şuşa Zəfəri hərbi-strateji əhəmiyyəti ilə yanaşı, milli-mənəvi dəyərlərimizin, tarixi irsimizin və dövlətçilik ənənələrimizin təntənəsinə çevrildi.

Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasına aparan yol təsadüfi uğurların deyil, onilliklər boyu ardıcıl və məqsədyönlü şəkildə həyata keçirilən dövlət siyasətinin nəticəsidir. Bu siyasətin əsasını isə xalqımızın böyük oğlu, dünyaşöhrətli dövlət xadimi Ulu Öndərimiz Heydər Əliyev qoymuşdur.  Ümummilli Lider Heydər Əliyev hələ Azərbaycanın indiki kimi güclü olmadığı ötən əsrin 90-cı illərində Qarabağ problemi ilə bağlı beynəlxalq təzyiqləri dəf etdi, bu məsələdə ölkəmizin milli maraq və mənafelərini qətiyyətlə qorudu. 

Ulu Öndər Heydər Əliyevin siyasi kursunu müasir dövrün çağırışlarına uyğun olaraq uğurla davam etdirən Prezident İlham Əliyev hər zaman artıq həllini tapmış Qarabağ məsələsi ilə bağlı qətiyyətli mövqe sərgilədi. Dövlətimizin başçısı həmişə bəyan edirdi ki, Azərbaycan torpaqlarının bir qarışının belə düşmən tapdağında qalmasına əsla göz yummayacaq və ölkəmizin ərazi bütövlüyü nəyin bahasına olursa-olsun bərpa ediləcəkdir. 

Azərbaycan əvvəldən-axıra Qarabağ probleminin beynəlxalq hüquq çərçivəsində sülhün və ədalətin bərpa olunmasının tərəfdarı kimi çıxış etdi. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrində Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb olunurdu. Rəsmi Bakı 30 ilə yaxın müddətdə ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlara sadiqlik göstərərək məsələnin diplomatik yolla həll olunmasına çalışdı. 

"BMT Təhlükəsizlik Şurasının qətnamələrinin vaxt məhdudiyyəti yoxdur. Həmin qətnamələr icra edilənə qədər qüvvədədir. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin təhrif olunması isə qəbuledilməzdir. Ermənistan-Azərbaycan münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu olmayıb və olmayacaqdır. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü tam şəkildə bərpa edilməlidir. Dağlıq Qarabağ qədim və tarixi Azərbaycan torpağıdır. Qarabağ Azərbaycandır!", - deyə Prezident İlham Əliyev 2020-ci il sentyabrın 24-də BMT Baş Assambleyasının 75-ci sessiyasındakı tarixi çıxışında bu prinsipial mövqeyini bir daha dünyanın diqqətinə çatdırmışdı. Liderimizin bu bəyanatı diplomatiya nəticə vermədikdə Azərbaycanın hüquqi haqqından istifadə edəcəyinə dair beynəlxalq birliyə ünvanlanan çox qətiyyətli mesaj idi. Ötən illər ərzində ölkəmizin iqtisadiyyatının gücləndirilməsi, müasir hərbi sənaye kompleksinin yaradılması, peşəkar ordu quruculuğu və uzaqgörən xarici siyasət addım-addım qazanacağımız şanlı Zəfərin təməl daşlarını formalaşdırdı. Beləliklə, 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi ilk gündən Azərbaycanın hərbi-siyasi qüdrətinin və xalqımızın sarsılmaz iradəsinin və öldürücü "dəmir yumruğ"a sahib Prezident İlham Əliyevin qətiyyətli siyasətinin Zəfər təntənəsinə çevrildi.

44 günlük müharibədə qüdrətli ordumuz dayanmadan irəli getdi, hər gün müxətəlif yaşayış məntəqələrini, strateji yüksəklikləri azad etdi. Qətiyyətli ordumuzun hər bir əməliyyatı qəhrəmanlıq dastanına çevrildi. Şuşanın azad olunması əməliyyatı isə öz unikallığı ilə dünya hərb tarixinə düşdü. 2020-ci il noyabrın 8-də Şuşanın azad olunması xəbəri bütün ölkəmiz boyu misli görünməmiş əsl bayram sevincinə səbəb oldu. Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin xalqımıza müraciətində qürurla səsləndirdiyi "Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!" bəyanatı isə tarixi ədalətin bərpasının parlaq ifadəsi idi. Məhz Şuşanın azad edilməsi düşmənin hərbi-siyasi müqavimətini tamamilə sarsıtdı və Ermənistan 2020-ci il noyabrın 10-da kapitulyasiya aktını imzalamağa məcbur edildi.

2020-ci il noyabrın 8-də əldə olunan şanlı Qələbə Azərbaycan salnaməsinə əbədi olaraq qızıl hərflərlə həkk olundu. Qarabağın mirvarisi olan Şuşanın işğaldan azad olunduğu gün Prezident İlham Əliyevin sərəncamı ilə "Zəfər Günü" elan olundu. Qalib xalqımız həmin gündən bu tarixi həm də Şuşa Şəhəri Günü kimi də qeyd edir. Şuşanın yenidən Azərbaycanın mədəniyyət paytaxtına çevrilməsi, ən qısa zamanda burada tarixi abidələrin bərpası, musiqi festivallarının və beynəlxalq tədbirlərin keçirilməsi bu tarixi şəhərimizin taleyində xüsusi məna daşıyır. Prezident İlham Əliyevin böyük sevgisi, diqqət və qayğısı ilə burada həyata keçirilən böyük işlər xalqımızın doğma torpaqlara yalnız fiziki deyil, həm də mənəvi və mədəni qayıdışını nümayiş etdirir. Birinci vitse-prezident xanım Mehriban Əliyevanın rəhbərliyində Heydər Əliyev Fondunun bu prosesdə iştirakı isə bərpa və quruculuq siyasətinin humanitar-mədəni istiqamətini tamamlayır. 

Vətən müharibəsindən dərhal sonra həm Qarabağda, həm də Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və yenidənqurma işlərinə başlanıldı. Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin 2021-ci il yanvarın 14-də Zəfər yolu ilə Şuşaya etdiyi ilk səfər və özü ilə doğma qədim şəhərimizə Natəvanın, Üzeyir bəyin, Bülbülün vaxtilə düşmən tərəfindən güllələnmiş heykəllərini gətirməsi isə Şuşanın mənəvi ruhunun özünə qaytarılmasının göstəricisi oldu.

Tarixi səfəri zamanı Prezident İlham Əliyev işğaldan azad olunmuş Şuşa şəhərinin mərkəzində Azərbaycanın Dövlət Bayrağını ucaltdı. Bununla da Müzəffər Lider bütün dünyaya bu torpaqların əsl sahibinin Azərbaycan xalqı olduğunu və doğma yurdlarına qayıdışın dönməz xarakter daşıdığını nümayiş etdirdi.

Qısa zamanda mədəniyyət paytaxtımızda həyata keçirilən abadlıq və böyük quruculuq işləri sayəsində 2024-cü ilin mayında şəhərə ilk qayıdış həyata keçirildi. Həmin il mayın 10-da - Ulu Öndərimiz Heydər Əliyevin doğum günündə Şuşaya dönən sakinlərlə görüşündə Prezident İlham Əliyev demişdi: "Siz otuz iki il vətən həsrəti ilə yaşamısınız, amma bilirəm ki, bir an da Şuşanı unutmamısınız, bilirdiniz və inanırdınız ki, siz buraya qayıdacaqsınız. Mən də bilirdim, mən də inanırdım və Prezident kimi 2003-cü ildən başlayaraq sizi və bütün keçmiş köçkünləri öz doğma vətəninə qaytarmaq üçün əlimdən gələni əsirgəmirdim". Bu fikirlər Azərbaycan dövlətinin qarşıya qoyduğu məqsədə sadiqliyini və Böyük qayıdışın təmin edilməsi istiqamətində siyasi iradəsini bir daha göstərdi.

Prezident İlham Əliyevin simasında müstəqil Azərbaycanın qarşısında duran tarixi vəzifə yalnız işğal altındakı ərazilərin düşməndən azad edilməsi ilə bitmirdi. Dövlətimizin suverenliyinin ölkəmizin bütün ərazisində tam bərpa edilməsi də strateji hədəf olaraq qalırdı. 2020-ci il Zəfərindən sonra Qarabağda separatçı rejimin mövcudluğunu hələ də davam etdirməsi, ərazilərimizdə qanunsuz silahlı birləşmələrin saxlanılması və Ermənistanın hərbi təxribatları bu hədəfin reallaşdırılmasını, "dəmir yumruğ"un öz sözünü deməsini zəruri edirdi. 

2023-cü il sentyabrın 19-da Azərbaycan Ordusu tərəfindən Qarabağ bölgəsində həyata keçirilən lokal xarakterli antiterror əməliyyatı ölkəmizin konstitusiya quruluşunun bərpası və suveren hüquqlarının təmin edilməsi baxımından tam həlledici mərhələ oldu. Cəmi 23 saatdan bir qədər artıq davam edən əməliyyat nəticəsində qanunsuz silahlı birləşmələrin, terrorçu dəstələrin fəaliyyəti dayandırıldı, separatçı rejim təslim oldu və Azərbaycan dövlətinin suverenliyi bütün ərazilərində bərpa edildi. Sentyabrın 20-də Prezident İlham Əliyevin xalqa müraciəti ilə antiterror tədbirlərinin uğurla başa çatdığı elan olundu. Beləliklə, 2020-ci ilin noyabrında Şuşada qazanılan Zəfərdən başlanan tarixi proses Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpası ilə yekunlaşdı. 2023-cü il sentyabrın 20-si Dövlət Suverenliyi Günü kimi tariximizə daxil oldu.

Azərbaycanın dövlət suverenliyinin tam bərpa olunmasının ən qürurverici və simvolik məqamlarından biri Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin Zəfər seçkisində öz ailə üzvlərilə birlikdə doğma Xankəndi şəhərində səs verməsi oldu. Dövlət başçısının Qarabağın mərkəzində - bir vaxtlar separatçıların yuva qurub çirkin, qondarma iddialar səsləndirdiyi Xankəndidə Azərbaycan Respublikasının Prezidenti seçkilərində iştirak edərək səs verməsi ədalətin və suverenliyin təntənəsinin ən ali təzahürü idi.  "Xankəndidə verdiyim səs, o qutuya atdığım bülleten sadəcə olaraq bülleten deyildi. Bu, erməni separatçılarının tabutuna vurulan son mismar idi", - deyə Prezident İlham Əliyev andiçmə mərasimində Qarabağda separatizmin kökünün tamamilə kəsildiyini, dünya erməniliyinin 200 illik qondarma planlarının iflasını bu sözləri ilə ifadə etdi. 

Vətən müharibəsində qazanılmış möhtəşəm Zəfərimiz və ərazi bütövlüyümüzün bərpası milli qürur rəmzidir. Bizə millət və xalq olaraq tarixi qəhrəmanlıqlarla dolu bu qüruru yaşadan Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev və şanlı milli ordumuzdur. Qarşıdan gələn Zəfər Günü ərəfəsində qanı ilə ana torpaqlarımızı bizim üçün vətənə çevirmiş  bütün şəhidlərimizi sonsuz ehtiramla, minnətdarlıqla yad edir, qəhrəman qazilərimizə möhkəm cansağlığı, şəfa arzulayırıq. 

Torpaqlarımızı tarixi düşmənlərimizdən azad edən, ərazi bütövlüyünün bərpasına nail olan güclü müstəqil Azərbaycanın yaratdığı yeni geostrateji reallıq bu gün Cənubi Qafqazda sülhün və sabitliyin bərqərar olması üçün tarixi zəmin formalaşdırıb. 30 ildən sonra torpaqların işğaldan azad olunmasını təmin edən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev həm də regionda sülhün bərqərar olmasının əsas təşəbbüskarı kimi bu gün ölkəmizdə və dünya miqyasında xüsusi yüksək nüfuza malik olan, sevilən  liderdir. Ölkəmiz tərəfindən aparılan bu ardıcıl və qətiyyətli siyasi kursun məntiqi davamı olaraq, 2025-ci ilin avqustunda Vaşinqtonda Azərbaycan və Ermənistan arasında Birgə Bəyannamənin imzalanması və sülh sazişi mətninin paraflanması rəsmi Bakının irəli sürdüyü sülh gündəliyinin beynəlxalq səviyyədə dəstəkləndiyini aydın nümayiş etdirdi. ATƏT-in Minsk qrupunun timsalında illərboyu münaqişənin həllinə nail ola bilməyən, yaxud onun həll olunmasını istəməyən səmərəsiz mexanizmlərin tarixin arxivinə göndərilməsi və Cənubi Qafqazda yeni əməkdaşlıq arxitekturasının qurulması Prezident İlham Əliyevin strateji uzaqgörənliyinin və qətiyyətli siyasətinin məntiqi nəticəsidir.

Azərbaycanın ərazi bütövlüyünün bərpası Prezident İlham Əliyevin illərdir apardığı, əsası böyük şəxsiyyət Heydər Əliyev tərəfindən qoyulmuş qətiyyətli və cəsarətli siyasətin təntənəsidir. Bu hadisə həm də müstəqil dövlətimizin gücünü və özünün milli maraqlarını qorumaq əzmini bir daha bütün dünyaya nümayiş etdirdi. Azərbaycan çox qısa vaxtda beynəlxalq hüququn prinsiplərinə və öz konstitusion hüquqlarına əsaslanaraq ölkənin bütün ərazisində vahid idarəetmə sistemini bərpa etdi. Bununla da, əslində, dövlətçilik tariximizdə yeni tarixi  mərhələnin başlanğıcı qoyuldu. Bu mərhələdə respublikamızın qarşısında duran ən mühüm vəzifələrdən biri Böyük qayıdışın tez və uğurla həyata keçirilməsi, Qarabağ və Şərqi Zəngəzurun ölkəmizin ümumi iqtisadi, sosial və mədəni həyatına tam inteqrasiyasının təmin edilməsidir. Prezident İlham Əliyev və Mehriban xanım Əliyevanın yüksək diqqəti ilə işğaldan azad edilmiş ərazilərdə müasir infrastrukturun qurulması, yaşayış məntəqələrinin yenidən salınması, məktəblərin, xəstəxanaların, sosial obyektlərin istifadəyə verilməsi, yeni iş yerlərinin açılması dövlətimizin gələcəyə hesablanmış işıqlı siyasətinin əsas istiqamətləridir. Doğma yurd-yuvalarına qayıdan keçmiş məcburi köçkünlərin öz evlərində məskunlaşması isə əldə edilmiş Qələbənin real nəticələrinin insanların gündəlik həyatında öz əksini tapmasıdır.

İkinci Qarabağ müharibəsində qazanılan tarixi Zəfər və ardınca davam etdirilən sistemli xarici siyasət Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunu keyfiyyətcə yeni zirvəyə qaldırıb. Ölkəmiz artıq dünyada Cənubi Qafqazın lider dövləti, qlobal siyasi arenada rəyi ilə hesablaşılan regional güc mərkəzi kimi qəbul olunur. Rəsmi Bakının təşəbbüskarı olduğu sülh gündəliyi, Türk Dövlətləri Təşkilatında artan aparıcı rolu və beynəlxalq təşkilatlarda nümayiş etdirdiyi prinsipial, qətiyyətli mövqe Azərbaycanı, sözün əsl mənasında, geostrateji qərarların qəbul edildiyi əsas mərkəzlərdən birinə çevirib. Eyni zamanda postmünaqişə dövründə Azərbaycanın qlobal enerjinin təhlükəsizliyindəki rolu daha da möhkəmlənib. Avropanın enerji xəritəsini yenidən çəkən ölkəmiz yalnız ənənəvi enerji ixracatçısı kimi deyil, həm də "yaşıl enerji"yə keçid prosesində öncül tərəfdaş kimi çıxış edir. Regional nəqliyyat və logistika dəhlizlərinin reallaşdırılması istiqamətində atılan addımlar Azərbaycanı Şərqlə Qərbin, Şimalla Cənubun arasında əvəzolunmaz tranzit qovşağına çevirərək onun beynəlxalq geosiyasi və geoiqtisadi çəkisini daha da artırır. 

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin dahi şəxsiyyət Heydər Əliyevin yolunun davamçısı kimi uzaqgörən siyasəti, milli birlik və güclü iqtisadiyyat sayəsində Azərbaycan xalqı öz tərəqqisinin ən qürurlu, iftixar dolu təkrarsız dövrünü yaşayır. Bu yeni mərhələ ölkəmizin gələcək onilliklər üçün dayanıqlı inkişafını, milli təhlükəsizliyini və beynəlxalq arenada lider dövlət statusunu və xalqımızın qalibiyyət mənbəyini əbədi olaraq təmin edib. 


Bəxtiyar ƏSGƏROV,

filologiya üzrə fəlsəfə doktoru

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Şəhidin bayraq arzusu

09:15
05 Noyabr

Gəncədə Milli Qəhrəman Natiq Qasımova həsr edilmiş filmin təqdimatı keçirilib

09:10
05 Noyabr

Polkovnikin döyüş xatirələri

09:05
05 Noyabr

ZƏFƏR gündəliyi

09:00
05 Noyabr

"Tərbiyənin məqsədi öz köklərini tanıyan, müstəqil düşünən, cəmiyyətə fayda verən və dünyaya açıq şəxsiyyət yetişdirmək olmalıdır"

08:55
05 Noyabr

Zamanı aşan düşüncə

08:50
05 Noyabr

Azərbaycanın iqtisadi nailiyyətləri beynəlxalq "Chandler Governance Group" təşkilatının hesabatında

08:45
05 Noyabr

Fransa sosial modelinin növbəti sınağı

08:40
05 Noyabr

Nadir təcrübə

08:35
05 Noyabr

Buxarestdə Azərbaycanın Zəfər Günü qeyd olunub

08:30
05 Noyabr

Qarabağ Zəfəri Azərbaycanın milli gücünün və strateji hazırlığının nəticəsidir

08:25
05 Noyabr

İş adamları üçün yeni biznes imkanı - "İşğaldan azad edilmiş ərazilər üzrə kredit"

08:20
05 Noyabr

BMT sammitinin iştirakçıları “ASAN xidmət”in fəaliyyəti ilə tanış olublar  

08:16
05 Noyabr

İkinci Tyanşan Forumunda Azərbaycan fəal iştirak edib

08:15
05 Noyabr

Çempionlar Liqası: "Sabah" səfərdə Norveç klubuna uduzub 

08:14
05 Noyabr

Dövlət büdcəsi layihəsi strateji prioritetlərə uyğun tərtib olunub

08:10
05 Noyabr

BP ilin 9 ayının yekunları barədə məlumat yayıb

08:05
05 Noyabr

Milli qürurumuzun rəmzinə çevrilən Zəfər Günü

08:00
05 Noyabr

Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında

02:35
05 Noyabr

K.S.İmanovun "Şərəf" ordeni ilə təltif edilməsi haqqında

02:34
05 Noyabr

"Azərbaycan Respublikası tərəfindən 1995-ci il yanvarın 10-da təsdiq edilmiş Birləşmiş Millətlər Təşkilatının İqlim dəyişmələri üzrə çərçivə konvensiyasına uyğun Azərbaycan Respublikasının qəbul etdiyi öhdəliklərin yerinə yetirilməsinin təmin edilməsinə dair tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 30 aprel tarixli 560 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə

02:33
05 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!