Kənd təsərrüfatı naziri Məcnun Məmmədov noyabrın 25-də Culfa Dövlət Aqrar İnkişaf Mərkəzinin binasında Culfa, Babək, Kəngərli, Ordubad, Sədərək, Şahbuz rayonları və Naxçıvan şəhərindən olan vətəndaşlarla görüşüb, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, əvvəlcə nazir Məcnun Məmmədov Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək əziz xatirəsini dərin hörmət və ehtiramla yad edib.
Nazirliyin idarə və tabeli qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların müraciətləri əsasən işlə təmin olunma, subsidiyaların verilməsi, təsərrüfatların genişlənməsinə dəstək, texnika ilə təmin olunma, suvarma və digər məsələlərlə bağlı olub.
Nazir Məcnun Məmmədov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun olaraq qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Vətəndaşların müraciətlərinin bir qismi yerində həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınıb.
Vətəndaşlarla görüş zamanı “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın əsas məqsəd və prioritetləri, aqrar sahədə nəzərdə tutulan yeni dəstək mexanizmləri, su və torpaq ehtiyatlarından səmərəli istifadə, aqrar emal və logistika infrastrukturunun inkişafı, eləcə də fermerlərin müasir aqrar xidmətlərə çıxışının genişləndirilməsi, bu istiqamətdə dövlət dəstəyi tədbirləri barədə geniş məlumat verilib. Dövlət başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı imzaladığı sərəncamların kənd təsərrüfatı istehsalçılarının rifah halının yaxşılaşdırılmasına və ölkəmizdə bu sahənin inkişafına təkan verəcəyi vurğulanıb.
Sonra nazir Məcnun Məmmədov Dövlət Proqramı çərçivəsində Ordubad rayonunun Dəstə kəndi ərazisində yaradılması nəzərdə tutulan korporativ təsərrüfatın ərazisinə baxış keçirib. Nazirə layihənin əsas istiqamətləri, nəzərdə tutulan işlər və təsərrüfatın gələcək fəaliyyəti barədə məlumat verilib. Bildirilib ki, yeni yaradılacaq korporativ təsərrüfatda meyvəçilik, taxılçılıq və tərəvəzçilik sahələrinin inkişafı, müasir yanaşmalar əsasında kənd təsərrüfatı istehsalının təşkili nəzərdə tutulur. Nazir Məcnun Məmmədov ərazidə görülən işlər, təsərrüfatın səmərəli təşkili və qarşıya qoyulan hədəflərin reallaşdırılması ilə bağlı tapşırıq və tövsiyələrini verib.