Noyabrın 25-də Azərbaycan Respublikası Milli Məclisi və Özbəkistan Respublikası Ali Məclisinin Parlamentlərarası Əməkdaşlıq Komissiyasının birinci iclası olub.
AZƏRTAC xəbər verir ki, komissiyanın ilk iclasının açılışında Milli Məclisin sədri Sahibə Qafarova və Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva iştirak ediblər.
Sahibə Qafarova Azərbaycan Milli Məclisi və Özbəkistan Ali Məclisinin Parlamentlərarası Əməkdaşlıq Komissiyasının birinci iclasının parlament əlaqələrinin inkişafı baxımından xüsusi əhəmiyyət daşıdığını deyib. O, İkinci Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumunun yekunları üzrə qəbul edilmiş Bakı Bəyannaməsində parlament dialoqunun möhkəmləndirilməsi və əməkdaşlığın genişləndirilməsi istiqamətində tərəflərin sadiqliyinin ifadə olunduğunu vurğulayıb. Həmçinin parlamentlərimiz arasında 2027–2028-ci illər üzrə praktiki tədbirləri əhatə edən növbəti “Yol xəritəsi”nin imzalandığını diqqətə çatdırıb.
Milli Məclisin sədri komissiyanın parlamentlərarası qarşılıqlı fəaliyyətin daimi mexanizminə çevrilməsi ilə bağlı fikirlərini bölüşüb. Bildirib ki, bu təsisat ikitərəfli gündəliyin aktual məsələlərinin müntəzəm müzakirəsinə imkan yaradacaq. O, komissiyanın praktiki fəaliyyətə başlamasını ölkələr arasında ali səviyyədə əldə olunmuş strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin parlament müstəvisində davamı kimi səciyyələndirib.
Sahibə Qafarova parlamentlərin komitələri arasında əlaqələrin möhkəmləndirilməsinin zəruriliyinə də diqqət çəkib. Bildirib ki, məhz bu səviyyədə qanunvericilik məsələlərinin ətraflı müzakirəsi, milli təcrübələrin mübadiləsi və qarşılıqlı maraq doğuran sahələr üzrə birgə qərarların hazırlanması üçün geniş imkanlar mövcuddur. O, komissiyanın fəaliyyətinin səmərəliliyinin konkret nəticələr, birgə təşəbbüslər və praktiki təkliflərlə müşayiət olunacağına əminliyini ifadə edib.
Tədbirdə çıxış edən Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva ikitərəfli razılaşma və sazişlərdə nəzərdə tutulan layihələrin həyata keçirilməsində parlamentlərin, xüsusilə profil komitələrinin fəal iştirakının vacibliyini vurğulayıb.
Tənzilə Narbayeva komissiyanın fəaliyyətinin konkret birgə layihələr üzərində qurulmasını, iclasların müntəzəm keçirilməsini və zərurət yarandıqda onlayn görüşlərin təşkilini məqsədəuyğun hesab edib. Növbəti iclasın Özbəkistanda keçirilməsi barədə razılaşmanı xatırladan Senat sədri komissiyanın fəaliyyətinin iki ölkə prezidentləri səviyyəsində əldə olunmuş razılaşmaların həyata keçirilməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.
İclasda çıxış edən Milli Məclis sədrinin müavini, Azərbaycan Milli Məclisi və Özbəkistan Ali Məclisinin Parlamentlərarası Əməkdaşlıq Komissiyasının həmsədri Musa Qasımlı xalqlarımız arasında tarixi qardaşlıq münasibətlərinin dövlət başçılarımızın siyasi iradəsi və ardıcıl səyləri nəticəsində strateji müttəfiqlik səviyyəsinə yüksəldiyini vurğulayıb. Bu münasibətlərin parlamentlər müstəvisində davam etdiyini deyən Milli Məclis sədrinin müavini parlamentlərarası əməkdaşlığın geniş potensialının və inkişaf perspektivlərinin bir qədər əvvəl keçirilmiş forumun nəticələrində, xüsusən onun Bakı Bəyannaməsində öz əksini tapdığını qeyd edib.
Gündəlikdəki məsələlərin müzakirəsində Milli Məclisin komitə sədri Səməd Seyidov, komitə sədrlərinin müavinləri Fatma Yıldırım, Günay Əfəndiyeva, Jalə Əliyeva, deputat Samir Vəliyev və Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev, eləcə də Özbəkistan Ali Məclisinin deputatları çıxış ediblər.
Çıxışlarda Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələrinin hazırkı vəziyyəti və inkişaf perspektivləri barədə fikirlər bölüşülüb. Eyni zamanda, İkinci Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumunun nəticələrinin ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb.
İclasda Milli Məclisin komitə sədrinin müavini Rəşad Mahmudov, deputat Əminə Ağazadə, həmçinin Özbəkistan Ali Məclisinin deputatları və digər rəsmi şəxslər iştirak ediblər.