"Azərbaycan ilə Ermənistan Respublikası arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş" layihəsinin razılaşdırılması barədə hər iki ölkənin xarici işlər nazirlərinin məlum açıqlaması Ermənistanda siyasi gərginliyin artması ilə müşahidə edildi. Ermənistanda artan gərginliyin dalğası iki ölkənin şərti sərhədlərinə qədər gəlib çıxdı.
İş o yerə çatdı ki, atəşkəsin intensiv surətdə pozulması, tezliklə iki ölkə arasında müharibənin başlayacağı xəbərlər gündəmi zəbt etdi. Ermənistanda Azərbaycana qarşı yeni hücum planlarından da danışıldı. Bu dövlətin keçmiş müdafiə naziri, əli minlərlə soydaşımızın günahsız qanına bulaşmış cani Seyran Ohanyan öz "feysbuk" səhifəsində yazıb: "Şübhə etməsinlər ki, Azərbaycan bizim zərbəmizi bir daha görəcək". Bu həmin Ohanyandır ki, işğal edilmiş ərazilərimizdə "Ohanyan səddi" adlanan hərbi istehkamlar qurub onu keçilməz sədd adlandırırdı. Onilliklər ərzində qurduqları həmin sədləri Azərbaycan Ordusu bir anın içində məhv edərək qarşıya qoyulan tapşırıqları peşəkarlıqla və qəhrəmancasına icra etdi. Təəssüf ki, Ermənistanda hələ də Ohanyan kimi düşünənlər var və onların dağıdıcı fəaliyyəti regionda davamlı sülhün əldə edilməsinə imkan vermir. Məsələ burasındadır ki, bu cür sərsəmləmələr revanşistlərin indiyədək Azərbaycana nə birinci, yəqin ki, nə də sonuncu "mesaj"ları olacaq. Amma yanılırlar. Prezident İlham Əliyev çıxışlarında xüsusi vurğulayıb ki, Ermənistanda əgər faşist düşüncələrə son qoyulmasa, "dəmir yumruq" yenə işə düşə bilər.
Bu bir faktdır ki, Paşinyan hakimiyyətinə qarşı müxalif qüvvələrin başında "Qarabağ klanı" - keçmiş prezidentlər Koçaryan, Sarkisyan və keçmiş müdafiə naziri Seyran Ohanyan dururlar. Ermənistanda orduya əsasən revanşistlərin nəzarət etməsi heç də yeni söhbət deyil. Şübhəsiz ki, şərti sərhəddə də bir neçə dəfə atəşkəsin pozulması indiki hakimiyyətin təxribatı yox, revanşist qüvvələrin işidir. Hətta Paşinyan açıq şəkildə bildirmişdir ki, Ermənistan ordusunda belə qüvvələr var və ona tabe olmaq istəmirlər.
Koçaryan, Sarkisyan və Ohanyan kimi separatçılar bu gün aranı qarışdırmaqla regionda əmin-amanlığın yaranmasına mane olmağa çalışırlar. Şübhəsiz ki, revanşistləri hərəkətə gətirən kənar qüvvələr də var. Həmin qüvvələr öz qlobal geopolitik maraqları naminə Cənubi Qafqazı qaynar nöqtəyə döndərmək niyyətindədirlər. Bu bir həqiqətdir ki, Ermənistanın xarici siyasəti Fransanın və digər Qərb ölkələrinin nəzarətindədir. Həmin qüvvələr birbaşa həm Ermənistan hakimiyyətinə, həm də revanşistlərə təsir göstərmək gücündədirlər.
Sülhün əsas şərtlərindən biri də Zəngəzur dəhlizinin açılması ilə bağlı erməni tərəfinin götürdüyü öhdəlikdir. Dəhlizin açılması Cənubi Qafqazın tranzit və iqtisadi imkanlarının genişlənməsini, bu ərazinin Şərqlə Qərbi birləşdirən əsas körpü olması deməkdir. Ermənistanda baş qaldıran revanşistlər də anlayırlar ki, dəhlizin açılması çətin iqtisadi durumdan xilas olmaq üçün tək çıxış yoludur. İlk növbədə koridorun açılması Ermənistana illər boyu mövcud olan blokadadan azad olmaq imkanı yaradır. Türkiyə və Azərbaycan ilə sərhədlərin bağlı olması Ermənistana özünün əsas iqtisadi tərəfdaşı olan Rusiyaya təhlükəsiz və davamlı şəkildə fəaliyyət göstərən quru yolu əldə etməyə imkan vermirdi.
Ermənistan-Azərbaycan münaqişəsi başladıqdan sonra Ermənistandan Rusiyaya və ya əks istiqamətdə hərəkətə imkan verən heç bir dəmir yolu fəaliyyət göstərməmişdir. Mövcud olan yeganə quru yolu Gürcüstan ərazisindən keçən Yuxarı Lars yolu coğrafi baxımdan çətin relyefi olan ərazidən keçdiyindən və pis hava şəraitində daşınmaların həyata keçirilməsində fasilələrin yaranmasına səbəb olur.
Gürcüstandan keçən və Ermənistan ilə Rusiyanı quru yolu ilə bağlamaq imkanına malik olan digər yol isə Abxaziyadan keçən dəmir yoludur ki, bu da bağlıdır. Sovet dövründə isə Ermənistan və Rusiya arasında yükdaşımalar əsasən Ermənistan ərazisində Dilican və Karnasaradan (İcevan), daha sonra Azərbaycanın Qazax rayonundan keçərək Rusiyaya gedən dəmir yolu vasitəsilə reallaşdırıldı. Bu yol da münaqişə səbəbindən bağlanmışdır. Birinci Qarabağ müharibəsi başladıqdan sonra Ermənistandan İrana gedən və Naxçıvandan keçən dəmir yolu da bağlanmışdır.
Göründüyü kimi, Ermənistan-Azərbaycan münaqişəsi başladıqdan sonra Ermənistanla əsas iqtisadi tərəfdaş olan Rusiya, eyni zamanda İran arasında mövcud olan əsas quru yollarının bağlanması nəticəsində həmin ölkənin blokadası dərinləşmiş və ermənilər yalnız çox da etibarlı olmayan Yuxarı Lars yolundan və İrana gedən təmirsiz avtomobil yollarından istifadə etmək məcburiyyətində qalıblar. Ona görə də Zəngəzur dəhlizinin açılması Ermənistanın blokadadan azad olmasına və Rusiyaya, İrana, eyni zamanda üzv olduğu Avrasiya İqtisadi Birliyinin bazarlarına quru yolu ilə çıxmaq imkanını qazandıracaq.
Revanşistlər dərk edirlər ki, iki ölkə arasında sülh sazişinin imzalanması onların hakimiyyət xəyallarına birdəfəlik son qoyulması deməkdir. Elə bu səbəbdən də revanşistlər bütün güclərini işə salaraq iki ölkə arasında sülh müqaviləsinin imzalanmasına hər cür mane olmağa çalışırlar. Revanşistlərin istifadə etdikləri əsas "güc" isə Qarabağı könüllü tərk etmiş ermənilərdir. Onların revanşist qüvvələrin əlində hakimiyyətə qarşı bir alət kimi istifadə edildiyini bilən Nikol Paşinyan parlamentdə çıxış edərkən separatçıların fəaliyyətlərini Ermənistanda davam etdirmələrinə qarşı olub. Ermənistanın baş naziri "Qarabağ hərəkatı"na öz fəaliyyətini dayandırmalı olduğunu bildirib. Bundan sonra bir qrup separatçı İrəvanın mərkəzində aksiyaya başlayıb. Separatçılar Ermənistan hakimiyyətindən "hərəkat"a dəstəklə yanaşı, Qarabağdan könüllü getmiş ermənilərə sosial müavinətlər də tələb ediblər.
Ermənistan mətbuatı N.Paşinyanın Qarabağ ermənilərinin İrəvanda keçirdiyi aksiyaya qarşı olduğuna toxunub: "Onlar çox göyə qalxırlar, bir az aşağı ensələr, yaxşı olar, heç bir güzəşt olmayacaq, pulları gedib onları soyan generallardan istəsinlər". Mətbuatın yazdığına görə, Paşinyan komanda üzvlərinə söyləyib ki: "Onlar küçələrdə çox qışqırmağa başlasalar, bununla düşməni (Azərbaycanı nəzərdə tutur - red.) qəzəbləndirəcəklər". İşin maraqlı tərəfi budur ki, Paşinyan parlamentdə hökumət saatı zamanı bəyanat verib. O, Qarabağla bağlı debat keçiriləcəyi təqdirdə ölkənin keçmiş prezidentləri - Levon Ter-Petrosyan, Robert Koçaryan və Serj Sarkisyanı "əzib keçəcəyini" vəd edib.
Baş nazir bəyan edib ki, üç sabiq prezident 2020-ci ildə Azərbaycanın qələbəsi ilə başa çatan müharibədəki məğlubiyyətin məsuliyyətini onun üzərinə atmağa çalışırlar. Amma həmin məğlubiyyət artıq onun hakimiyyətə gəlməsindən əvvəl qaçılmaz olub. Məhz bu səbəbdən Paşinyan keçmiş prezidentləri televiziyanın birbaşa canlı yayımında debata çağırıb. Ancaq onun sözlərinə görə, bu çağırışa onlardan heç biri cavab vermir, debatdan boyun qaçırırlar. "Bu üç "fikir dahisi" deyir ki, bizim Paşinyanla danışmağa heç bir mövzumuz yoxdur. Amma sonra nə edirlər? Uşaqlarını, nəvələrini, kürəkənlərini, gəlinlərini mətbuat konfranslarına göndərirlər. Əgər danışmağa sözünüz yoxdursa, onda sakit olun, oturun yerinizdə. Mən sizinlə debat aparmayacağam - mən sizi əzib keçəcəyəm. Və oradan sizin siyasi meyitlərinizin qalıqlarını çıxaracaqlar. Bu, hər üçünüzə aiddir! Bəsdir artıq millətin əsəbləri ilə oynadınız! Mən debat etməyəcəm, sizi tapdalayacağam!"
Hadisələrin gedişi göstərir ki, Ermənistan hakimiyyəti ölkə əhalisi və dövləti üçün əsas təhlükənin revanşistlərin olduğunu dərk edərək onlara qarşı əsl hücuma keçib. Ermənistanda hakimiyyət uğrunda mübarizə aparan və onu qoruyub saxlamağa çalışan quvvələr anlayırlar ki, sülh sazişinin imzalanması bu ölkəni çətin iqtisadi durumdan xilas edə bilər. Revanşistləri isə Ermənistanın xilası, firavan gələcəyindən çox öz taleləri düşündürür. Elə bu səbəbdən də bütün güclərini işə salıb sülh müqaviləsinin imzalanmaması üçün bütün imkanlardan istifadə etməyə çalışırlar.
Elşən QƏNİYEV,
"Azərbaycan"
Prezident İlham Əliyevin “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda çıxışı dünya mediasının diqqət mərkəzində olub
Dmitri Peskov: Rusiya ilə ABŞ arasında İstanbulda keçirilən danışıqlar yalnız ikitərəfli münasibətlərlə bağlıdır
Vatikanda Qafqaz Albaniyası irsinə həsr edilən elmi konfrans işə başlayıb
İndoneziya Respublikasının vitse-prezidenti Gibran Rakabuminq Rakadan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya təbrik
Donald Tramp: Birləşmiş Ştatlar Azərbaycanın suverenliyinin, müstəqilliyinin və ərazi bütövlüyünün sarsılmaz dəstəkçisi olaraq qalır
İndoneziya Respublikasının Prezidenti Prabovo Subiantodan
AŞPA Gürcüstanla bağlı qətnamə qəbul edib
Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampdan
Nikoloz Samxaradze: Azərbaycan Gürcüstanı ən çətin vaxtlarda dəstəkləyib
DİM: Martın 2-də keçirilmiş buraxılış imtahanında 23 nəfər 300 bal toplayıb
EPF: Ermənistanın qanunsuz dağ-mədən sənayesi fəaliyyəti Azərbaycan və bütövlükdə Cənubi Qafqaz ölkələrinin ekologiyasına təhdiddir
Azərbaycan və Britaniya Hökumətlərarası Komissiyanın sessiyasına hazırlıq müzakirə olunub
NİİM sürücüləri küçə və yollarda sıxlıq yaratmamağa çağırır
Gürcüstan parlamentinin sədri yüksək dəstəyə görə Azərbaycan Prezidentinə təşəkkür edib
Bakıda IV Uşaq Kitab Festivalına start verilib
Dünya Bankı ilə sosial sahədə gələcək əməkdaşlıq istiqamətləri müzakirə edilib
Çin yuanı 17 ilin minimumunu yeniləyib
Cenevrədə Türk dünyasına dair akademik müzakirə aparılıb
Fuad Axundov: Ermənistan Azərbaycanın tarixi abidələrini dağıtmaqla həm də anti-xristian siyasəti aparır
Hacıqabul Sənaye Parkında Günəş Elektrik Stansiyası qurulacaq
“Xəzri-2025” birgə taktiki təliminin planlaşdırma konfransı keçirilib
Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ başlayır04 Aprel 2025
SÜLHSEVƏR DÜNYANIN FİKİR ÜNVANI03 Aprel 2025
Yenidən qurulan Ağdamda Böyük qayıdış təntənəsi02 Aprel 2025
Ramazan bayramı münasibətilə Azərbaycan xalqına təbrik28 Mart 2025
Son 5 ilin Novruzu20 Mart 2025
Mediasiyanın effektivliyinin artırılması məqsədilə bir sıra normalar təkmilləşdirilir19 Mart 2025
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!