"Xoşbəxtlikdən Azərbaycan ailəsi sağlam ailədir, ənənələr, milli dəyərlər üzərində qurulan ailədir. Ailə tərbiyəsi hər bir gənc üçün, hər bir uşaq üçün əsas tərbiyədir".
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Ailə Azərbaycan xalqının yüksək mənəvi dəyərlərinin qoruyucusu, genofondumuzun daşıyıcısı kimi dövlətin möhkəmlənməsində mühüm rol oynayır. Ailə tarixən ülvi duyğuların hüdudsuzluğundan, kövrək, həssas ruhundan rişələnən məhəbbət və anlaşma ittifaqı sayılıb. Hər kəs həyatın mənasını birinci növbədə bu müqəddəs, saf izdivacda tapıb.
Ailə münasibətləri qərinələr boyu müxtəlif təkamül və inkişaf mərhələlərini keçməklə, insanlığın mövcudluq və yaşam tərzinin əsasına çevrilib. Ailəsi üçün bütün varlığı, əzmi ilə çalışan insan, əslində, o qədər də fərqində olmadığı bir məqsədi özü üçün hədəfləyir - cəmiyyətin sağlam özəyini və gələcəyini formalaşdırmaq! Ailə sivil cəmiyyətin məhək daşını, bünövrəsini təşkil edərək həm də nəsillərin tarixi varisliyinin qoruyucusu, sabitlik və inkişaf meyarı hesab edilir. Məhz buna görə də ailə institutu ictimai həyatı nizamlayan, onun ahəngdarlığını təmin edən bəşəri və milli dəyərləri varlığında yaşadır.
Tarix də təsdiq edir ki, cəmiyyətlərin və sivilizasiyaların çökmə dövrləri əvvəlcə ailənin böhranı ilə özünü büruzə veirir. Eyni zamanda bunun əksi də göz qabağındadır: inkişaf etmiş cəmiyyətlərdə ailənin sağlamlığı mənəvi və milli dəyərlərin daşıyıcısı kimi özünü göstərir və həmin cəmiyyət tərəfindən qorunur. Hazırda xüsusən Avropa ölkələrində ailə institutunun zəifləməsi, bəzi hallarda hətta sarsılması ilə bağlı narahatçılığın artması məsələnin həyati əhəmiyyətini, aktuallığını bir daha nümayiş etdirir. Azərbaycana gəlincə, Şərq və Qərb mədəniyyətlərinin tarixən qabarıq duyulduğu tolerant ölkəmizdə ailə institutunun monolitliyi bu gün də qorunub saxlanılır. Cəmiyyətimizdə ailə institutuna böyük qiymət verilir. Milli ideologiyamızı - azərbaycançılığı da ailə kultundan kənarda təsəvvür etmək mümkün deyil. Obrazlı desək, folklor üzərində köklənmiş, mif qaynağından su içmiş Azərbaycan ailəsi əsrlərin sınağından üzüağ çıxaraq bizim günlərə çatıb. Onun gücü adət-ənənəsində, milli-mənəvi dəyərlərində, böyük-kiçik məsələsində, övlad-valideyn, qadın-kişi münasibətlərindədir.
Bu gün Azərbaycan məhz tarixən formalaşmış fundamental ailə dəyərlərini qloballaşmanın mənfi təsirlərindən qorumağa çalışır. Etiraf olunmalıdır ki, xalqımızın ailə modeli nəinki Qərbdə, həm də Şərqdə unikal hesab olunan bir modeldir. Ailədaxili münasibətlərin ciddi əxlaq normalarına söykənməsi qədimdən bu günə kimi yaşayır. Bizim ailə modelində hər kəs öz yerini, mövqeyini, funksiyasını bilir, məqsədini düzgün dərk edir.
Lakin zaman dəyişir və biz də zamanla birlikdə dəyişirik. Dəyişən zaman isə yeni həyat reallıqlarını diktə etməklə yanaşı, insanları yeni birgəyaşayış prinsiplərinə uyğunlaşmağa sövq edir. Cəmiyyət həyatındakı yeniliklərin mütərəqqi xarakteri bütün dövrlərdə ailənin yaşam tərzinə, məqsədlərinə, ümumilikdə prinsiplərinə təsirsiz keçmir. Özlüyündə "kiçik dövlət" olan Azərbaycan ailəsi də zamanın reallıqlarına adekvat cavab verərək modernləşir, sosial, mədəni, iqtisadi mənafelərini təmin etmək üçün dövrün nəbzini tutmağa çalışır. Bu modernləşmə geyimdən tutmuş düşüncəyə, davranışdan başlamış dünyagörüşə qədər çox məsələləri əhatə edir. Bəzi ölkələrdə ailə konfliktlərinin, boşanmaların səbəbləri gender problemləri ilə bağlı olduğu halda, respublikamızda bu sahədə vəziyyət əsaslı şəkildə fərqlənir.
Azərbaycanda qadın hüquqlarının qorunması üçün əsaslı qanunverici baza da mövcuddur. Azərbaycan Respublikası Prezidentinin qanunvericilik təşəbbüsü əsasında hələ 2006-cı ilin dekabrında Milli Məclisdə qəbul olunmuş "Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında" qanun bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Qanunda gender balansının qorunması ilə bağlı hüquqi tənzimləmə mexanizmi öz əksini tapmışdır. Əsas məqsədi kişi və qadınların ictimai həyatın siyasi, iqtisadi, sosial, mədəni və digər sahələrində bərabər imkanların təmin edilməsi və cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması olan qanun gender bərabərliyi ilə bağlı dövlət siyasətinin əsas istiqamətlərini və vəzifələrini müəyyən etmişdir. Bütün bunlar Azərbaycan qadınının ictimai-siyasi fəallığını artırır, cəmiyyətimizin inkişafı, dövlət quruculuğu prosesində onların rolunu gücləndirir.
Ümumiyyətlə, dövlətin ailə siyasətinin əsası ölkədə bu institutun möhkəmləndirilməsi, mövcud problemlərin nəzərə alınaraq həll yollarının tapılması, xüsusilə həssas təbəqədən olan ailələrin problemlərinin kompleks şəkildə həll edilməsi prinsipi ilə müəyyənləşdirilmişdir. Son illər əhali arasında mütəmadi olaraq ailənin qorunub saxlanılması, gənclərin vətənpərvərlik ruhunda və milli-mənəvi dəyərlər əsasında tərbiyə edilməsi, onların öncədən ailə həyatına hazırlanması, sağlam həyat tərzi və reproduktiv sağlamlıq, ailə planlaşdırılması mövzularında, valideyn məsuliyyətinin artırılması və ailələri əhatə edən digər istiqamətlərdə tədbirlər həyata keçirilir. Bütövlükdə ailələrin sosial rifahını yüksəltmək, onun müdafiəsini təmin etmək üçün dövlət tərəfindən ardıcıl olaraq zəruri layihələr reallaşdırılır.
Güclü ailə həm də güclü dövlət deməkdir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra yaradılan Ailə, Qadın və Uşaq Problemlər üzrə Dövlət Komitəsinin əsas siyasət istiqamətləri içərisində ailə dəyərlərinin qorunması, gənc ailələrin dəstəklənməsi və ailə institutunun möhkəmləndirilməsi mühüm yer tutur. Komitənin fəaliyyətində gender bərabərliyinin təmin edilməsi, qadın məşğulluğunun artırılması və məişət zorakılığının qarşısının alınması, uşaq hüquqlarının müdafiəsi, həssas təbəqədən olan uşaqların reabilitasiyası və rəqəmsal təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirilir.
Bundan başqa, uşaq və ailələrə dəstək mərkəzləri ölkənin müxtəlif rayonlarında icma əsaslı sosial-psixoloji xidmətlər göstərir. Qızların təhsilinə dəstək, erkən nikahların qarşısının alınması və gənc qızların ali təhsilə cəlb olunması layihələri icra edilir. Psixoloji seminarlar aparılır, məktəb psixoloqları üçün məişət zorakılığından zərər çəkmiş uşaqların vaxtında müəyyən edilməsi təlimləri təşkil olunur. Rəqəmsal təhlükəsizlik görüşləri - virtual mühitdə uşaqların qarşılaşa biləcəyi risklər və kibertəhlükəsizlik mövzusunda maarifləndirmə aparılır. Yeri gəlmişkən, qeyd edək ki, artıq ölkədə "Gender (kişi və qadınların) bərabərliyi üzrə 2026-2028-ci illər üçün Milli Fəaliyyət Planı" təsdiq edilmişdir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bu planın icrasını əlaqələndirir və monitorinqini aparır.
Bu gün dövlət ailə siyasətinin əsas məqsədlərindən biri mədəni kimliyimizin qorunması, sosial inklüzivlik, bərabərlik və davamlı inkişafın təmin edilməsidir. Eyni zamanda daha firavan və harmonik gələcək naminə çalışmaq, informasiya sivilizasiyası və sosial şəbəkələr fenomeninin cəmiyyət həyatına aşırı təsiri və müdaxiləsi nəticəsində ailələrin üzləşdiyi böhranı aradan qaldırmaq və ailənin sosial funksiyalarının, sosial missiyasının azalması nəticəsində dövlət səviyyəsində perspektivlər baxımından arzuolunmaz nəticələrin qarşısını almaqdır.
Təcrübə göstərir ki, normal ailədə böyümüş, düzgün tərbiyə, təhsil almış gəncin qurduğu ailə möhkəm olur. Deməli, gənclərin erkən yaşlarından milli ruhda tərbiyə alması, yaxşı oxuması, bilikli, intellektli olması, işləmək, çalışmaq, karyera qurmaq vərdişlərinə yiyələnməsi ailənin monolitliyi baxımından vacib amillərdir. Böyük rus yazıçısı Lev Tolstoy "Anna Karenina" romanının epiqrafında yazır: "Bütün xoşbəxt ailələr eynidir, hər bədbəxt ailə isə özünəməxsus şəkildə bədbəxtdir". Ailəsi ilə qürur duyan insan nə qədər xoşbəxtdirsə, bundan məhrum olan bir o qədər miskindir. Biz azərbaycanlılar üçün ailə institutu tarixən firavan həyatın, uğurun əsası olub. Bu, indi də belədir, gələcəkdə də belə olacaq.
Gəlin, ailə dəyərlərimizi, deməli, xoşbəxtliyimizi qoruyaq!
İradə ƏLİYEVA,
"Azərbaycan"