25 Avqust 2026 08:55
76
Mədəniyyət
A- A+
Səsi xoşbəxtliyi, peşəsi taleyi idi

Səsi xoşbəxtliyi, peşəsi taleyi idi


Ürəyəyatımlı, qəlboxşayan, məlahətli səsi olmaq da Tanrının bir lütfüdür, insana bəxş etdiyi bəxtəvərlikdir. Təəssüf ki, bu bəxtəvərlik hər adama nəsib olmur, yalnız seçilmişlərin qismətinə düşür. O da səsi ilə tanınır, sevilir və tarixdə pozulmaz izlər qoyur. 

Xalq artisti, illər uzunu Azərbaycan Televiziyasında diktor işləmiş Rafiq Hüseynov da bəxtəvər insan idi. Onun bənzərsiz səsi eşidənləri elə ilk andan sehrinə salıb heyran qoyurdu. Həm şəxsiyyətli görkəmi, həm də ciddi səsi ilə Rafiq Hüseynov televiziya tamaşaçılarının rəğbət və hörmətini qazanmışdı.   

Əgər yaşasaydı, bu günlər Rafiq Hüseynov doğmaları ilə bərabər 80 yaşını qeyd edəcəkdi. O dostları ilə salamlaşıb şirin-şirin danışacaq, maraqlı söhbətlər edəcəkdi. Yaxınları onun səsinə qulaq asmaqdan doymayacaqdı. Amma nə edəsən ki, hökmü zaman verir, ömür əbədi deyil, gəldi-gedərdi. 

Rafiq Hüseynovun səsi kimi, yaşadığı ömür də fərqli olub. O, 4 avqust 1946-ci ildə Şuşa şəhərində dünyaya göz açıb. Sonra ailə vəziyyəti ilə əlaqədar Bakıya köçüblər, İçərişəhərdə yaşayıblar. Tanınmış aktyor Ceyhun Mirzəyevlə eyni sinifdə oxuyub. Söz düşmüşkən, Ceyhunla bərabər onu da "Ögey ana" filminə dəvət ediblər. Hansı səbəbdənsə atası çəkilməyə icazə verməyib. Buna görə də Rafiq Hüseynov filmin  çəkilişlərinə qatılmayıb. 

Təəssüflər olsun ki, hələ kiçik yaşlarından həyat onun üzünə gülməyib. Ömrünün ən qaynar çağında - 15 yaşında ata itkisinin ağrısını yaşayıb. Hakim işləyən anası həyat yoldaşı dünyasını dəyişəndən sonra özündə güc taparaq övladlarını böyüdüb. 

Orta məktəbi yüksək göstəricilərlə başa vurduqdan sonra Rafiq Hüseynov şərqşünas olmaq arzusu ilə Azərbaycan Dövlət Universitetinə  (indiki Bakı Dövlət Universitetinə) üz tutub. Amma hansı səbəbdənsə sənədlərini qəbul etməyiblər. Ailənin dolanışığına kömək etmək üçün işləməkdən başqa yolu qalmayan 17 yaşlı Rafiq iş axtarmağa başlayıb. Axtara-axtara yolunu Azərbaycan Televiziyasından da salır. "Hansı işi bacarırsan", - deyə ondan soruşanda "Nə iş versəniz işləyərəm" - deyir. Hazırcavablığı, mülayim davranışı onu sorğu-sual edənlərə xoş gəlir. Buna görə də gənc Rafiq Hüseynovu işıqçı işinə götürürlər. R.Hüseynov televiziyanın sehrinə düşür, bu sahəyə ürəkdən bağlanır. 

2 il işıqçı işləyən Rafiq Hüseynov yavaş-yavaş püxtələşir, həyat təcrübəsi artır, dünyagörüşü formalaşır, televiziya işini müəyyən qədər mənimsəyir. 1966-cı ildə AzTV-də diktorlar müsabiqəsi keçiriləndə proqram direktoru Tofiq Axundovun təklifi ilə bu müsabiqədə Rafiq Hüseynov da iştirak edir. Amma sınaq zamanı rus məktəbini bitirdiyinə görə Azərbaycan dilində səlis danışa bilmirdi. Bu səbəb ona ilk dəfə qatıldığı müsabiqədə uğur qazanmağına mane olur. Amma növbəti müsabiqədə yüksək nəticə göstərərək qalib gəlir, tale üzünə gülür, Rafiq Hüseynov sınaq müddətinə işə götürülür. 1966-cı ilin dekabrında diktor kimi ilk dəfə efirə çıxır. Nə qədər təcrübəli olsa da, ilk efir zamanı həyəcanlanır. Bu həyəcan mətni oxuyanda onun müəyyən qüsurlara yol verməsinə səbəb olur. O illər Mərkəzi Komitədə televiziyaya nəzarət edənlər zəng vurub narazılıqlarını bildirir, onun televiziyadan uzaqlaşdırılmasını tələb edirlər. Gözləmədiyi bir vaxtda gözləmədiyi vəziyyətlə üzləşən Rafiq Hüseynova həmin vaxt AzTV-nin sədr müavini işləyən Nəbi Xəzri kömək edir. Mərkəzi Komitədə oturanlara bildirir ki, onun həyəcanlanıb çaşdığına baxmayın, bu istedadlı oğlanın parlaq gələcəyi var. Amma  Rafiq Hüseynovu işdən çıxarmasalar da, efirdən uzaqlaşdırırlar. Bir müddət radioda işləməli olur. Burada təcrübə və səriştəsini daha da artırır. Radioda işləməyi 7 aya qədər davam edir. Bundan sonra yenidən televiziyaya, efirə qayıdır. Artıq bu dəfə həyəcanlanmadan, çaşmadan verilişlər aparır, diktorluq edir. 

Televiziyanın ilk diktorları olmuş, bu yolda ilk cığırlar açmış, özlərindən sonra zəngin yaradıcılıq təcrübəsi qoymuş Nəcibə Məlikova, Tamara Gözəlova, Nizami Məmmədov, Aydın Qaradağlının ənənələrini uğurla davam etdirən Rafiq Hüseynov Azərbaycan teleməkanında xeyli tanınmış və tamaşaçı sevgisi qazanmış Sabir Ələsgərov, Davud Əhmədov, Hicran Hüseynov, Roza Tağıyeva, Natəvan Hacıyeva, Ofelya Sənani, Şərqiyyə Hüseynova, Həqiqət Əsgərzadə, Tamilla Ələkbərova, Gülşən Əkbərova və başqaları ilə çiyin-çiyinə işləyirdi. 

Həmkarlarına həmişə hörmət və diqqətlə yanaşan Rafiq Hüseynov çalışdığı televiziya üçün gənc kadrların hazırlanmasına da diqqətlə yanaşırdı. Gənc kadrlara dəyərli məsləhət və tövsiyələr verir, bacarığını, əməyini bu işdən əsirgəmirdi. Sonralar televiziya məkanında böyük hörmət və rəğbət qazanmış Rafiq Həşimov, Nailə İslamzadə, Akif Nərimanoğlu, Aygül Qaradağlı, Nərgiz Cəlilova, Sevda Ağazadə, Dilarə Səlim və başqa diktorların ekrana çıxmalarında onun böyük əməyi olmuşdu.

Səmərəli fəaliyyətinə, gördüyü böyük yaradıcılıq işlərinə görə 1990-cı ildə Xalq artisti adına layiq görülən Rafiq Hüseynov çox keçmir ki, təcrübəsi, bacarığı, peşəkarlığı ilə Moskvanın da diqqətini cəlb edir. Çünki o, aparıcısı olduğu verilişlərində alimlə alim, politoloqla politoloq, sənətçi ilə sənətçi kimi ünsiyyət qururdu. Zamanı qabaqlayan fikir və düşüncələri ilə tamaşaçılarını heyran qoyur, müsahibləri ilə maraqlı dialoqlar qururdu. Bütün bunları nəzərə alan Mərkəzi Televiziya ona ali dərəcəli diktor statusu verir. Rafiq Hüseynov bir müddət AzTV-nin sədr müavini vəzifəsində də çalışmışdı. 

1990-cı ildə - soyuq bir qış gecəsində keçmiş ittifaq rəhbərliyinin xalqımızın başına gətirdiyi 20 Yanvar faciəsi hamımızın ürəyini, qəlbini yandırdı. Azərbaycan xalqını həmin faciədən məlumatsız qoymaq üçün keçmiş sovet ordusunun təxribatçı qrupları Azərbaycan Televiziyasının enerji blokunu partlatdılar. Uzun müddət televiziyanın ekranı qaranlığa büründü. İşıqlananda isə efirdə Rafiq Hüseynov göründü. Diktorun əvvəlki ovqatından əsər-əlamət yox idi, xalqın övladı kimi o da yas içində idi, başımıza gətirilən bu faciə hamı kimi onu da sarsıtmışdı. Sonralar məlum oldu ki, diktor efirə çıxmazdan əvvəl ağır sınağa məruz qalıb. Moskvadan təyin olunmuş hərbi komendant veriliş zamanı ona içi xalqımıza qarşı yalanlarla, hədyanlarla dolu olan hazır mətn verib. Deyib ki, sən Azərbaycanda  hörmətli diktorsan, sənin şəxsiyyətinin, səsinin insanlara təsir gücü var, ona görə də bu mətni mütləq sən oxumalısan. Rafiq Hüseynov isə milli mənafeyə zidd olan həmin mətni oxumaqdan imtina edərək qürurla: "Mənim bunu oxumağım xalqa xəyanət olar" - deyərək generalın təklifindən imtina edib.

Həmin ərəfədə cəmiyyətdə gedən siyasi proseslərə qoşulmamaq, yalan xəbərləri xalqa çatdırmamaq, əvvəlki nüfuzunu qoruyub saxlamaq və başqa səbəblərdən Rafiq Hüseynov öz ərizəsi ilə AzTV-ni tərk edib. Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda müəllim işləyib. 2000-ci ilin əvvəllərində teleradio rəhbərliyinin dəvəti ilə doğma məkana, AzTV-yə qayıdaraq teleaparıcılar qrupuna rəhbərlik edib.

Amma tutulduğu xəstəlik Rafiq Hüseynova fəaliyyətini uzun illər davam etdirməyə imkan verməyib. Müayinə zamanı diktorda ağciyər xərçəngi aşkar olunub. Müalicə almaq üçün Almaniyanın Düsseldorf şəhərinə yollanıb. Təəssüf ki, orada da xəstəliyinə əlac edə bilməyiblər. O, 26 oktyabr 2017-ci ildə həmin klinikada dünyasını dəyişib. 


V.MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Neft bahalaşır

09:00
25 Avqust

Səsi xoşbəxtliyi, peşəsi taleyi idi

08:55
25 Avqust

Poeziyada yeri səhv düşməmişdi

08:50
25 Avqust

Paytaxtda axşam konsertləri davam edir

08:45
25 Avqust

Dünya səviyyəli müasir idman kompleksi - Milli Gimnastika Arenası

08:40
25 Avqust

Azərbaycanın yeni turizm strategiyası

08:35
25 Avqust

Dövlətə və xalqa xidmət amalının təcəssümü

08:30
25 Avqust

Azərbaycan-Özbəkistan münasibətləri Avrasiyanın yeni siyasi və iqtisadi arxitekturasını formalaşdırır 

08:25
25 Avqust

Bakı və Daşkəndin strateji inteqrasiyası: türk dünyasında yeni regional güc mərkəzi

08:20
25 Avqust

Müttəfiqliyin yeni zirvəsi

08:15
25 Avqust

Azərbaycan-Özbəkistan müttəfiqliyi Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında mühüm geoiqtisadi körpü yaradır

08:10
25 Avqust

Tərəfdaşlıqdan "Əbədi dostluğ"a

08:05
25 Avqust

Əbədi dostluq, sarsılmaz qardaşlıq, çoxsahəli tərəfdaşlıq

08:00
25 Avqust

"BANK RESPUBLİKA" ASC SƏHMDARLARININ NƏZƏRİNƏ!  

00:57
25 Avqust

Prezident İlham Əliyevin sosial media hesablarında Özbəkistana dövlət səfərinə dair videoçarx paylaşılıb  VİDEO  

23:18
24 Avqust

Xalq artisti Tofiq Bakıxanovla vida mərasimi sabah Təzə Pir məscidində olacaq

21:44
24 Avqust

Dünya okeanlarında temperatur rekord həddə çatıb

21:09
24 Avqust

Leyla Əliyeva ilk Buxara Biennalesinin əsərləri ilə tanış olub 

20:40
24 Avqust

Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb

19:57
24 Avqust

Nazir: Azərbaycan-Özbəkistan sənədləri mühüm layihələrin icrası baxımından əhəmiyyət daşıyır

18:51
24 Avqust

Şuşa şəhərində keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

18:07
24 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!