Artıq üçüncü həftədir ki, Bakı Şəhər İcra Hakimiyyəti və rayon icra hakimiyyətlərinin birgə təşkilatçılığı ilə paytaxt sakinlərinin asudə vaxtlarının daha səmərəli təşkili məqsədilə Xətai rayonundakı "Nizami Gəncəvi", Nərimanov rayonundakı parklarda, Yasamal rayonundakı Meşə, Nizami rayonundakı Heydər Əliyev və Mərkəzi Nəbatat parklarında açıq hava konsertləri keçirilir.
Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətinin verdiyi məlumata görə, həftə sonu sakinlərin və şəhərin çoxsaylı qonaqlarının sevimli istirahət yerlərindən olan paytaxtın bu beş istirahət məkanında növbəti dəfə kütləvi konsert proqramları təşkil edilib. Qeyd edilməlidir ki, konsert proqramlarının təşkil edildiyi park və istirahət bağları paytaxt sakinlərinin ən çox üz tutduğu istirahət məkanları sırasındadır. Burada insanların asudə vaxtlarını rahat və mənalı keçirməsi üçün hər cür şərait yaradılıb. Geniş yaşıllıq zolaqları, istirahət guşələri və uşaq əyləncə meydançaları bu məkanları ziyarətçilər üçün cəlbedici edir. Gün ərzində uşaqlar bu ərazilərdə oynayır, ailələr piknik edir, gənclər və yaşlı nəslin nümayəndələri təmiz hava və sakit mühitdən zövq alaraq dincəlirlər. Bu parklar minlərlə sakinin sevimli görüş və istirahət ünvanına çevrilib.
Peşəkar və gənc ifaçılar, müxtəlif musiqi qruplarının iştirak etdiyi axşam konsertlərində xalq, milli və xarici estrada, klassik musiqi nümunələri, eləcə də müxtəlif instrumental ifalar səsləndirilib, Mərkəzi Nəbatat bağında təcrübəli pedaqoqlar uşaqlara ustad dəsləri keçiblər. Rəngarəng repertuarlar, canlı ifalar və xoş atmosfer parklara istirahət üçün üz tutan sakinlərə unudulmaz axşam yaşadıb.
Konsertlərdə iştirak edən ifaçıların çıxışları tamaşaçılar tərəfindən maraq və alqışlarla qarşılanıb. Sakinlər, xüsusilə konsertdə iştirak edən müxtəlif yaş qruplarına aid uşaqlar, gənclər xoş musiqilərin sədaları altında rəqs ediblər.
Axşam konsertləri bu həftənin şənbə günü də təşkil ediləcək.
Ülkər XASPOLADOVA,
"Azərbaycan"