10 Dekabr 2024 08:50
759
Mədəniyyət
A- A+
Şair ömrü

Şair ömrü


İlk misraları qəlbindən boy göstərəndə, ruhundan pərvazlananda yeddi-səkkiz yaşlarındaydı. Qafiyələnən sözlər nağılabənzər dünyasına əsrarəngiz çalar, əbədi işıq kimi düşürdü. Onda hələ Nəbi Babayev idi. 1924-cü il dekabrın 10-da Bakının Xırdalan kəndində dünyaya göz açmışdı. Atası da, anası da xırdalanlıydı. Ailənin sonbeşiyi idi Nəbi...

Sevdiyimiz neçə-neçə əsərin müəllifi, Prezident İlham Əliyevin sərəncamı ilə yüz illik yubileyini qeyd etdiyimiz Xalq şairi Nəbi Xəzrinin oğlu Arzu Babayev həmsöhbətimizdir. Şairin həyatının ilk çağlarından, keşməkeşli ömür yolundan danışır: "Ata babam Kərbəlayi Ələkbər Xırdalanda varlı, imkanlı, tacir kimi tanınıb. Həm baqqal dükanı, həm də At yalı deyilən ərazidə heyvandarlıq təsərrüfatı olub. O, el-obada sözükeçərli, xeyirxah, dinə bağlı insan idi. Süfrəsindən qonaqları əskik olmazdı".

Kərbəlayi Ələkbərin gəlhagəl vaxtları idi. Boyları boyunu keçmiş üç oğlu, gəlinlik çağında qızları vardı. Övladlarının kiçiyi - Nəbi yeddi yaşına hələ çatmamışdı. Məktəbə getməyə, dərs oxumağa çox həvəsli idi. Di gəl ki, o vaxtın qaydalarına görə birinci sinfə qəbul olunmaq üçün yeddi yaşın tamam olmasını gözləməliydin. Kərbəlayi Ələkbər özü getdi, orta məktəbin rəhbərliyi ilə danışdı. Sözünü yerə salmadılar. Beləliklə, 1931-ci ildə Nəbi Babayev birinci sinfin şagirdi oldu.

Hələ dünyanın nə ayrılıq üzünü görmüşdü, nə qəmindən, kədərindən xəbərdar idi. Oxuyub öyrənməkdən başqa qayğısı yox idi. Ancaq qəflətən onun ata ocağına elə bir od düşdü ki... Böyük qardaşları 1932-1933-cü illərdə bir-birinin ardınca dünyadan köçdülər. Üç oğlunun gənc yaşlarında xəstələnib vəfat etmələri Kərbəlayi Ələkbərin belini bükdü. Nə evə sığa bildi, nə də elə, obaya. Bir gün vidalaşırmış kimi: "Daha mən gedəri oldum", - dedi. Gecə yatdı, səhər ayılmadı.

Atası dünyadan köçəndə Nəbinin doqquz yaşı vardı. Böyük bacıları gəlin köçmüşdülər. Bacısı Şirinlə o, analarının ümidinə qaldılar. Əlləri qızıl idi Pərixanımın. Hərəsi misilsiz bir sənət əsəri olan xalçalar toxuyub satırdı. Ən böyük ümidi oğlu idi. Onun çox dərrakəli, düşüncəli olması, böyüdükcə anasının qayğılarına şərik çıxması Pərixanıma təsəlli verirdi. Nəbi yeniyetməlik çağlarından ailənin dolanışıq yükünə çiyinlərini verdi...

Şair Nəbi Xəzrinin oğlu xatırlayır: "Atam bizə arabir ömrünün ötən günlərindən söz açırdı. Uşaqlığının sevincli, qayğısız günləri çox sürməmişdi. Üç qardaşı gənc yaşlarında bu dünyadan köçüb getmişdilər, atası da onların dərdinə dözə bilməmişdi. O ağır dərdlərin içində anası atamla ovunub. Onlar bir-birilərinə dayaq olublar...

Həyat üzünə gülməsə də, dərdini, ələmini əsirgəməsə də, Nəbi Babayevin könlündə qurduğu əsrarəngiz aləmi uçurub dağıda bilmədi. Şeirlər yazırdı. Ən ülvi arzusunu gizli saxlamadı. Bir gün ədəbiyyatdan inşa yazanda "böyüyəndə hansı peşəni seçmək istəyirsən?" sualına cavabı: "şair olmaq istəyirəm" oldu. Onun bu cavabına sinif yoldaşlarından təəccüblənənlər də oldu, gülənlər də. Ölkəyə maşınların təzə-təzə gəldiyi vaxtlar idi. Nəbi Babayevin oxuduğu məktəbdə də oğlanların çoxu böyüyüb sürücü olmaq həvəsindəydi. Şair olmaq istəyən isə təkcə o idi. Çox keçmədi ki, bunun, sadəcə arzu, xəyal olmadığını da gördülər. Müəllimləri, sinif yoldaşları məktəbin divar qəzetində, daha sonra isə "Azərbaycan pioneri" qəzetində Nəbi Babayev imzası ilə dərc olunan şeirlərini oxudular...

Arzularına doğru uzanan yolunu 1941-ci ildə başlayan müharibə uzatdı. Böyük Vətən müharibəsi başladı. Onu da orduya çağırdılar. Bəlkə də dayısı repressiya olunduğu üçün ön cəbhəyə aparmadılar. Nəbi Babayev arxa cəbhədə, İrəvanda 45-ci fəhlə batalyonunda xidmət etdi. 1944-cü ildə ağır xəstəliyə düçar oldu, qızdırma əhədini kəsirdi. Hospitalda xeyli müalicə olunsa da, həkimlər dərdinin çarəsini tapa bilmirdilər. Gündən-günə zəifləyirdi. Həkimlər əllərini ondan üzdülər. 1944-cü ildə ordudan tərxis edildi. Qızdırma içində, çox böyük çətinliklə Xırdalan vağzalına gəldi. Qatardan düşəndə halsız idi. Evə getməyə taqəti qalmamışdı. Böyük bacısı Xanımananın evi yaxın idi. Onun qapısını döyüb içəri girdi. Çətinlik var idi. Uzun növbələrdə dayanıb talonlarla alınan bir parça çörək qarın doyurmurdu. Bir tərəfdən də ac, naəlac əsgərlər qapıları döyüb yemək istəyirdilər...

Xanımana ürəyi yana-yana dilləndi: "Ay bala, bayaq gəldin, sənə çörək verdim də, balalarımın boğazından kəsə bilmərəm axı". Əsgər nə gedir, nə də bir söz deyirdi. Diqqətlə Xanımanaya baxırdı. Xanımana zəndlə ona baxdı və gözlərindən tanıdı. Təəccüblə, həyəcanla: "Atamın balası, bu sənsən?! Tanımadım səni", - deyib qollarını açdı. Ağlaya-ağlaya qardaşına sarıldı. Nəbi də kövrəldi.

"Atam o dərəcədə sınıxmışdı ki, doğma bacısı belə onu ancaq gözlərindən tanıya bilmişdi, - Arzu Babayev deyir. Ordudan tərxis olunduqdan sonra da bir müddət bu xəstəlikdən əziyyət çəkib, yemək belə yeyə bilməyib, yalnız su içirmiş. Bir gün atamı Mir Möhsün ağanın yanına aparıblar. Ağa əlini onun başına çəkib. Yediyi yeməyə çörək batırıb atama uzadıb. Çoxdan dilinə bir tikə də dəyməyən atam Mir Möhsün ağanın verdiyi çörəyi yeyib. Evə gələndən sonra yediyini qaytarıb, onunla qızdırması düşüb, tədricən sağalıb".

Onda iyirmi yaşı vardı. Bir gün qəzetdən Azərbaycan Dövlət Radiosunda diktor müsabiqəsi elan olunduğunu oxuyur, müsabiqədə iştirak edir və seçilir. 1944-cü ildə əmək fəaliyyətinə diktor kimi başlayır. Danışığı səlis və səsi ahəngdar idi. Zəhmətə uşaqlıqdan alışmışdı. Odur ki, tezliklə radionun ən çox bəyənilən diktorlarından biri kimi tanındı. Azərbaycan radiosunun sədri Şəmsəddin Abbasov onun səsini dinlədikdən sonra yalnız rəsmi xəbərləri deyil, ədəbi-bədii veriliş aparmağı, proqram və qəzetlərdən xülasələri oxumağı məsləhət bilib.

Arzu Babayev atasından eşitdiklərini xatırlayır: "O vaxt Xırdalandan Bakıya gediş-gəliş çox çətin olub. Atam gecə saat 12-də işini bitirir, səhərə yaxın saat 3-4 arası piyada gedib evə çatırmış. Ona görə də xahiş edib ki, səhər xəbərlərini də oxuyub sonra getsin. Razılıq veriblər. Atam iki növbə işləyib. Elə studiyada, stulların üstündə yatırmış. Deyirdi ki, səhərədək taxtabitilər məni yeyirdi, səhər tezdən əl-üzümü yuyurdum, xəbərləri, xülasələri oxuyub sonra evə gedirdim". 

Ancaq o çətin günlərdə də poeziya dünyasından bir gün belə ayrılmırdı. Qəlbinin duyğularını, arzularını, ümidlərini yenə də şeirləri ilə ifadə edirdi. 1945-ci ildə "Azərbaycan" jurnalında şeiri dərc olundu. Nəbi Babayevin "Söz" adlı şeirini oxuyub bəyənənlərdən biri də o vaxtların məşhur şairi Səməd Vurğun oldu. Hələ heç bir kitabı çap olunmamış gənc şair Xalq şairi Səməd Vurğunun zəmanəti ilə Azərbaycan Yazıçılar İttifaqına (indiki Azərbaycan Yazıçılar Birliyi) qəbul edildi.

Maddi qayğıları böyük olsa da, ali təhsil almaq istəyinin önünü kəsə bilmədi. 1946-cı ildə Azərbaycan Dövlət Universitetinin (hazırda Bakı Dövlət Universiteti) Filologiya fakültəsinə daxil oldu. 1947-ci ildən təhsilini davam etdirmək üçün Leninqrad (indiki Sankt-Peterburq) şəhərinə yollandı. Leninqrad Dövlət Universitetində oxumağa başladı. Dərslərini yaxşı oxuyan, çalışqan və istedadlı tələbələrdən biri idi. Ancaq bir gün onu universitetdən qovurlar. Arzu Babayev danışır: "Atamın Leninqrad Dövlət Universitetində oxuduğu qrupda iyirmi nəfər tələbə olub. On doqquz qız və bir oğlan. Atam həm qruplarının yeganə oğlan tələbəsi, həm də yaşca böyük olduğu üçün dost, qardaş kimi qızları qoruyurmuş. Bir gün universitetdə onlardan yaşca böyük olan, yuxarı kursda oxuyan iki erməni tələbə qruplarındakı qızların birinə sataşıb. Qız acıqlansa da, erməni ondan əl çəkməyib. Atam yaxınlaşaraq erməniyə etiraz edib. Erməni tələbələrin ədəbsizliyi söz-söhbəti dava-dalaşa çevirib. Atam onlardan birini elə möhkəm döyüb ki, yoldaşının döyüldüyünü görən digər erməni tələbə qaçıb aradan çıxıb. Atam dərsdən sonra yataqxanaya gəlib. Artıq universitetdən xaric edildiyini eşidib. Atamın oxuduğu Filologiya Fakültəsinin dekanı milliyyətcə erməni imiş. Həmin iki erməni oğlanın şikayətindən sonra, cəmi bir saatın içində atamın haqqında təqdimat yazıb, onu universitetdən xaric ediblər. Ona görə yataqxanaya da buraxılmaylb. Gecəni bayırda skamya üstündə yatıb. Səhəri universitetə gələndə qrup yoldaşları deyiblər: "Hər şeydən xəbərimiz var. Elə bu gün rektorun qəbuluna gedəcəyik". Rektorla görüşən qızlar ona həqiqəti söyləyiblər. Beləliklə, atam universitetə bərpa olunub. 

1949-cü ildə isə o, Moskvaya gedib. Maksim Qorki adına Ədəbiyyat İnstitutunda təhsilini davam etdirib. Atam gedəndə qruplarındakı qızlar ona deyiblər ki, bəs bundan sonra bizi kim qoruyacaq... Onu da deyim ki, atam Leninqradda baş verənlər barədə heç zaman danışmamışdı. İlk dəfə bu barədə həmin qızlardan biri Rusiyanın televiziya kanallarından birinə müsahibəsində demişdi. Nəbi Babayev adlı azərbaycanlı tələbənin onları necə qorumasından, onlara görə erməni tələbəni döyməsindən, buna görə universitetdən xaric edildiyindən danışmışdı".  

1949-1952-ci illərdə Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunda təhsil aldı. Rusiya mühiti onun bədii yaradıcılığına çox müsbət təsir göstərdi. Böyük həvəslə oxuyur, ədəbi yaradıcılıqla məşğul olurdu. Moskvada həm də çoxlu dostlar qazandı.

Anası Pərixanım yenə əvvəlki kimi xalça, kilim toxumaqla sonbeşiyinə həyan olurdu. Ancaq Nəbi də anasını qayğıların içində çarəsiz buraxmırdı. Bakıda və Moskvada dərc olunan şeirlərinə görə qonorar alır, tərcümələr edirdi.

1952-ci ildə təhsilini başa vurur və onun üçün dünyanın ən gözəl məkanı olan Bakıya qayıdır. O, uşaqlıqdan bu qədim şəhərə heyran idi. Bir də Xəzərə vurğun idi. "Dənizi hədiyyə verirəm sənə..." Bu dünyada sevənin sevdiyinə ən böyük hədiyyəsinin ola biləcəyini düşünəcək qədər sevirdi dənizi:


Mən bir dənizəm ki, eşqim səhərdir,

Səni düşünürəm, əzizim, yenə.

Mənim dalğalarım xatirələrdir,

Qoy çatsın qəlbinin sahillərinə.


Bu şəhərsiz, bu dənizsiz, xəzrisiz həyatını təsəvvür belə etmirdi o. Ona görə də 1958-ci ildə "Xəzri" təxəllüsünü götürdü. O vaxtdan  Azərbaycan ədəbiyyatında Nəbi Xəzri kimi tanındı.

Onun həyat yolu heç zaman hamar olmadı. Zəhmətli, ziddiyyətlərlə dolu günləri çoxdu. Ancaq hər zaman şair kimi də, insan kimi də çox sevildi.

Bütün ittifaq miqyasında dostları vardı. Dostlarından biri də yazıçı İsa Muğanna idi. Şairin oğlu danışır: "Atam Moskvada Qorki adına Ədəbiyyat İnstitutunda oxuyanda yazıçı İsa Muğanna ilə tələbə yoldaşı olmuşdu. O vaxtdan aralarında yaranan münasibət Bakıda da davam etmişdi. Bir gün atam İsa Muğannanın evində olanda onun baldızı Gülarə xanımı görüb. Atam öz qərarını verib. İsa Muğannaya da deyib ki, biz indiyədək səninlə dost idik, istəyirəm indən belə həm də bacanaq olaq. Belə də olub. Onlar ömürlərinin sonunadək çox etibarlı dost və mehriban bacanaq oldular".

Ali təhsilini başa vurub Bakıya qayıtdıqdan sonra 1952-1958-ci illər arası Azərbaycan Yazıçılar İttifaqında poeziya üzrə məsləhətçi işlədi. 1957-1958-ci illərdə "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında ədəbi işçi oldu. O, 1958-1965-ci illərdə Azərbaycan Yazıçılar İttifaqının katibi, 1965-1971-ci illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsi sədrinin, 1971-1974-cü illərdə isə Azərbaycan mədəniyyət nazirinin müavini vəzifələrində işlədi. 1974-cü ildən Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətinin rəyasət heyətinə sədrlik etdi. Nəbi Xəzri 1992-ci ildən "Azərbaycan Dünyası" Beynəlxalq Əlaqələr Mərkəzi adı altında fəaliyyət göstərən həmin təşkilatın prezidenti oldu. Azərbaycan mədəniyyətinin təbliğində əvəzsiz xidmətlər göstərdi. Arzu Babayev deyir ki, nazir müavini olanda vacib tədbirlərin təşkili atama tapşırılardı.

Onun parlaq şairlik istedadı hər kəs tərəfindən etiraf olunur, yüksək tutulurdu. Sevilə-sevilə oxunan şeirlərinin bir çoxuna mahnılar yazılır, dövrünün ən istedadlı məşhur müğənniləri tərəfindən ifa olunurdu.

Nəbi Xəzri sovet dövlətinin ən nüfuzlu mükafatlarını aldı: "Günəşin bacısı" poemasına görə "Ümumittifaq Lenin komsomolu mükafatı"na, "Dəniz zirvədən başlayır" kitabına görə "SSRİ Dövlət Mükafatı"na və "İnam" poemasına görə "Azərbaycan SSR Dövlət Mükafatı"na layiq görüldü. 1984-cü ildə 60 illik yubileyi ilə bağlı Əməkdar incəsənət xadimi və Xalq şairi adlarını aldı. "Lenin" ordeni, "Qırmızı Əmək Bayrağı" ordeni, müstəqillik dövründə "Şöhrət" və "İstiqlal" ordenləri ilə təltif olundu. Hətta "Lenin mükafatı"na da təqdim edilmişdi, amma onda ermənilər müəyyən təzyiqlər edərək buna mane olmuşdular. Ulu Öndərimiz Heydər Əliyev atama hər zaman kömək edib, diqqətində saxlayıb. Prezident İlham Əliyev də atamı dəyərləndirib. Bu il atamın 100 illik yubileyinin keçirilməsi haqqında Prezident İlham Əliyevin sərəncam imzalaması bunun bariz nümunəsidir". 

Arzu Babayev deyir ki, uzun illər məsuliyyətli vəzifələrdə çalışması Nəbi Xəzrinin yaradıcılığına mənfi təsir göstərmədi: "Atam 1958-ci ilədək Xırdalanda yaşayıb. Həmin il Bakıya köçüb. Ancaq həftə sonlarını həmişə Xırdalanda keçirirdi. Şeirlərinin çoxunu da Xırdalandakı evimizdə yazıb. Mən həyatım boyu atam qədər anasına bağlı olan, anasını sevən ikinci bir insan görməmişəm. Nənəm  bir müddət xəstə oldu. Atam nələr eləmirdi... 1969-cu ildə nənəm səksən yeddi yaşında dünyasını dəyişəndə atamın qırx beş yaşı vardı. Sanki balaca bir uşaq anasından ayrılmışdı. Atam bu boyda dünyaya sığmırdı. Anasına poema həsr elədi. Ana sevgisini elə gözəl ifadə edib ki, mənə elə gəlir ki, ümumiyyətlə, Azərbaycan ədəbiyyatında ana mövzusunda yazılan ən gözəl əsərlərdən birinin müəllifi Nəbi Xəzridir".

Həyatında ağrılı-acılı anları çox oldu. Nəbi Xəzri övlad dağı da gördü. Beş uşağının ikisi - qızı iki, oğlu isə dörd yaşında dünyadan köçdü. 1989-cu ildə isə həyat yoldaşı Gülarə xanım vəfat etdi. Gülarə xanımın dünyadan köçməsi Nəbi Xəzrinin həyatının ən böyük sarsıntısı oldu. Arzu Babayev kədərlə yada salır: "Anamın dünyasını dəyişməsi atama çox ağır təsir etdi. Bu itki ilə barışa bilmədi. Günlərlə ağladı, kimsə ilə kəlmə kəsmədi. Atam dərdini, kədərini əsərlərində ifadə etdi:


Axı səninlədir hər anım mənim

Sən mənim nisgilim, pərişanımsan.

Gündüz şəkillərdə susanım mənim,

Gecə yuxularda danışanımsan.


O, bircə misrasını belə təsirlənmədən oxumaq mümkünsüz olan "Qəm dəftəri" şeirlər toplusunu anama həsr etdi. Anamdan sonra xasiyyətində də müəyyən dəyişiklik yarandı. Ancaq səhhətindən şikayəti yox idi. Yetmiş səkkiz yaşında da cavan oğlan kimi idi. Pilləkənləri iki-iki qalxırdı. Atam birdən qocaldı. Xəstəliklər, əlbəttə, ağrıları ilə gəldi. 2002-ci ildə müalicə olundu, sağaldı. Amma daha əsa ilə gəzirdi. "Ayaqlarım" adlı şeirində atam öz hisslərini belə təsvir etdi:


Mən dünyanı addım-addım dolaşmışam,

İndi baxmır sözlərimə ayaqlarım.  

Çay keçmişəm, göl üzmüşəm, dağ aşmışam.

Həsrət qalıb izlərimə ayaqlarım...


Dünyanın nə xəstəlik ağrıları, nə ölüm üzü onu qorxuda bilərdi. Bəlkə də o dünyada yolunu gözləyən əzizlərini, anamı düşünüb təsəlli tapırdı... Bir gün əvvəllər olduğu kimi, yenə bizi başına toplayıb şeirlərini oxudu. Bu, sanki həm də Nəbi Xəzrinin öz yaradıcılığına sonuncu səyahəti idi. Çox keçmədi ki, insult keçirdi və nitq qabiliyyətini itirdi. Elə ancaq "istəmirəm" deyirdi. Dili başqa söz tutmurdu. Xəstəxanaya aparanda da "istəmirəm" deyib etiraz edirdi. 3-4 gündən sonra, 2007-ci il yanvarın 15-də dünyasını dəyişdi".

Arzu Babayev deyir ki, atamın şeirlərini hər oxuyanda sanki onun səsini eşidirəm, nəfəsini duyuram. Bəlkə həm də ona görə ki, Nəbi Xəzri bütün şeirlərində səmimidir. Hansı mövzuda yazırsa-yazsın, necə görübsə, necə duyubsa, elə də qələmə alıb. Özü barədə də ən dəqiq fikri Nəbi Xəzri özü deyib. "Azərbaycan" şeirində olduğu kimi, vətəninə, xalqına bağlı, məğrur insan portretini sözlə yaradıb: 


Əgər ki, yıxılsam, çinar göstərin,

Mən ona söykənib arana baxım.

Gözlərim görməsə, Göy-gölü verin,

Mən onun gözüylə cahana baxım.

Hər yerdə həmişə sənsən gümanım

Canım, gözüm mənim Azərbaycanım.


Zöhrə FƏRƏCOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezidentin Mətbuat Xidmətinin məlumatı  

14:15
26 Dekabr

Təyyarə qəzasında həyatlarını itirənlərin xatirəsi İstanbulda da yad edilir  

14:11
26 Dekabr

Prezidentin Mətbuat Xidmətinin məlumatı  

14:06
26 Dekabr

Moskva sakinləri Azərbaycanın Rusiyadakı səfirliyinin binasının önünə gül dəstələri düzürlər  

14:00
26 Dekabr

Təyyarə qəzasında həlak olanların xatirəsi Heydər Əliyev Beynəlxalq Aeroportunda anılır VİDEO  

13:58
26 Dekabr

Təyyarə qəzasında həlak olanların xatirəsi Gəncədə də anılıb  

13:51
26 Dekabr

Aktauda baş verən qəzada vəfat edən sərnişinlərin və ekipaj üzvlərinin siyahısı açıqlanıb  

13:47
26 Dekabr

Azərbaycan və Qazaxıstanın Baş nazirləri arasında növbəti telefon danışığı olub  

13:40
26 Dekabr

Türkiyənin baş konsulu: Azərbaycana və Qazaxıstana istənilən köməyə hazırıq  

13:32
26 Dekabr

Təyyarə qəzasında həlak olan Anar Babayevin qardaşı: Onunla son danışığımızı həmişə xatırlayacam  

13:31
26 Dekabr

Baş konsul: Təyyarə qəzasında həlak olanların kimliyi müəyyənləşdirilir  

13:22
26 Dekabr

Sabah Azərbaycanın bəzi yerlərində fasilələrlə yağış yağacaq  

13:03
26 Dekabr

Azərbaycan Ordusunda Aktauda təyyarə qəzasında həlak olanların xatirəsi yad edilib  

12:49
26 Dekabr

Azərbaycanın Aktaudakı baş konsulluğunda anım tədbiri keçirilib

12:45
26 Dekabr

Rusiya FHN-ə məxsus “İl-76” Aktauda təyyarə qəzasında sağ qalan rusiyalıları Moskvaya çatdırıb  

12:40
26 Dekabr

Özbəkistanın xarici işlər naziri azərbaycanlı həmkarına başsağlığı verib

12:36
26 Dekabr

Samir Rzayev: Hadisənin başvermə səbəbləri ilə bağlı araşdırmalar davam edir  

12:29
26 Dekabr

Qazaxıstanın Baş naziri təyyarə qəzası ilə əlaqədar Azərbaycan Astanadakı səfirliyində olub  

12:26
26 Dekabr

Təyyarə qəzasında həlak olanların xatirəsi Naxçıvanda anılıb  

12:22
26 Dekabr

Özbəkistanın xarici işlər naziri azərbaycanlı həmkarına başsağlığı verib  

12:09
26 Dekabr

Sükut dəqiqəsi  

12:01
26 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!