Şabran heyvandarları öz işlərində bu amilə ciddi yanaşırlar
Heyvandarlıq Şabran kəndlilərinin çoxunun daimi məşğul olduğu sahədir. Rayon Dövlət Aqrar İnkişaf Mərkəzi (DAİM) tərəfindən bu gün də heyvandarlığın inkişafı üçün ardıcıl tədbirlər görülür. Nəticədə bütün problemlərə rəğmən kənd adamının heyvandarlığa marağı azalmır ki, artır.
Təkcə süni mayalandırma mütəxəssislərindən götürülən şifahi sorğuya əsasən, cari ilin yanvar-mart aylarında 198 baş inəkdə süni mayalanma aparılıb, 85 baş buzov doğulub. Bu rüblük məlumat statistikanın rəsmi saytında da yerləşdirilib. Xatırladaq ki, keçən ilin birinci rübündə 125 baş inəkdə süni mayalanma aparılmış, 69 baş buzov doğulmuşdu.
Sözügedən dövrdə 50 fermer buzov subsidiyasının nə zaman ödəniləcəyi ilə bağlı DAİM-ə müraciət edib. Mərkəzin heyvandarlıq sektorunun əməkdaşları daxil olmuş müraciətləri araşdıraraq həmin ödənişlərin gecikmə səbəbləri barədə fermerləri məlumatlandırıblar. Bundan əlavə, hər həftənin birinci günü mütəxəssislər ət, süd və yemin mövcud orta qiyməti ilə bağlı araşdırma aparıb nəticəsini hazırlayaraq paytaxta müvafiq quruma göndərirlər.
Məlumdur ki, heyvandarlığın inkişafında vacib şərtlərdən biri baytarlıq xidmətidir və bu baxımdan baytarlarıın üzərinə böyük məsuliyyət düşür. Baytar-sanitar işi normal təşkil ediləndə vacib qida məhsullarından sayılan ətin keyfiyyəti də yüksək olur. Başqa sözlə, sağlam heyvan sağlam qida deməkdir. Ona görə də Şabranda bu işə ciddi yanaşılır. İlk növbədə peyvəndləmə prosesi vaxtında və düzgün aparılır. Bu tədbirin aprel-may aylarında görülməsi mal-qaranın sağlamlığını təmin edir. Odur ki, erkən yaz dövründə baytarlar bütün heyvanları peyvəndləyirlər. Rəqəmlərə gəldikdə isə, təkcə özəl baytarlar tərəfindən yanvar-mart ayları ərzində 18,9 min baş qaramal, 52,6 min baş davarda qarayara, 12,5 min baş iri heyvanda, 35,8 min baş qoyun-keçidə dabaq xəstəliklərinə qarşı peyvəndləmə tədbiri aparılıb. Bundan əlavə, vəhşi ət yeyən heyvanlarda quduzluq əleyhinə oral peyvəndləmə (cəlbedici yem) aparılıb.
Şabran DAİM əməkdaşları heyvandarlıq komplekslərində mal-qaranın saxlanma yerlərinin təmizlənməsi işlərinə də nəzarəti gücləndiriblər. Ətraf mühitin qorunması üçün tövlələr istilər düşəndə xüsusi dərmanlarla dezinfeksiya edilir.
Rayon heyvandarları keçirilən treninqlərdə fəal iştirak edir, təcrübələrini artırırlar. Məsələn, aprel ayında mərkəzin heyvandarlıq sektorunun əməkdaşı Kənan Allahverdiyev Göygöl şəhərində köç ilə bağlı "Mina təhlükəsizliyi" mövzusunda keçirilən təlimdə iştirak edib. Bundan savayı, DAİM-in əməkdaşları tərəfindən hər ay aparılan işlərin icmal hesabatı hazırlanır və əlaqədar təşkilatlara göndərilir.
Akif ƏLİYEV,
"Azərbaycan"