Azərbaycan və BP arasında tərəfdaşlığın tarixi artıq onilliklərlə ölçülür. Müəllifi Ümummilli Lider Heydər Əliyev olan "Əsrin müqaviləsi"ndən başlanan bu tərəfdaşlıq möhkəm təməl üzərində ildən-ilə daha da genişlənir. BP ölkəmizdə ən iri neft, qaz və ixrac layihələrinin operatorudur.
"Əsrin müqaviləsi" adını almış "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlarının tammiqyaslı işlənməsi, Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft kəməri, "Şahdəniz" kimi qlobal layihələrdə əməliyyatçılıq edən BP ilə ölkəmiz arasında sıx əməkdaşlıq, qarşılıqlı etimad, strateji tərəfdaşlıq illərin sınağından keçib. BP eləcə də Avropanın enerji xəritəsini dəyişdirən möhtəşəm "Cənub qaz dəhlizi"ndə - CQBK (Cənubi Qafqaz Boru Kəməri), TANAP (Trans-Anadolu Qaz Boru Kəməri) və TAP (Trans-Adriatik Qaz Boru Kəməri) layihələrində tərəfdaş və sponsorlardan biri kimi çıxış edir. Enerji keçidi dövründə də BP bizimlədir.
Bu il mayın 12-də Prezident İlham Əliyev BP şirkətinin baş icraçı direktoru Meq O'Nili qəbul edərkən də məhz həmin məsələlərə toxunulub. Dövlətimizin başçısı Meq O'Nili BP şirkətinin baş icraçı direktoru vəzifəsinə təyin olunması münasibətilə təbrik edib. Azərbaycanla bu şirkət arasında nadir tərəfdaşlıq tarixçəsinin olduğunu, uğurlu əməkdaşlığın gələcəkdə də davam edəcəyinə əminliyini bildirib. Həmçinin vurğulayıb ki, bu müddətdə həyata keçirilmiş bütün layihələrdən əldə edilən gəlir əsasən Azərbaycanın sosial-iqtisadi inkişafı üçün istifadə olunub.
Prezidentimiz eləcə də ölkəmizlə BP arasında icra olunan layihələrin sayının getdikcə artdığını qeyd edib və bu, təsadüfi deyil. Elə son dövrlərdə başlanan işlərdən bir neçəsini yada salaq. Məlum olduğu kimi, iki il əvvəl BP və SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) arasında BP-nin Xəzər dənizinin Azərbaycan sektorunda iki hasilat və kəşfiyyat bloku üzrə sazişlərə qoşulmaq niyyətini açıqlayan iki Anlaşma Memorandumu imzalanıb. Bunlardan biri "Qarabağ" neft yatağıdır, ikinci blok isə "Əşrəfi-Dan Ulduzu-Aypara" (ƏDUA) sahəsidir. Bu istiqamətdə işlər icrasının müxtəlif mərhələlərindədir. Hazırda "Şahdəniz Kompressiya", AÇG-nin sərbəst qaz layihələri də gerçəkləşməkdədir.
BP işğaldan azad olunmuş Cəbrayıl rayonunda Azərbaycanın ən böyük günəş elektrik stansiyasını da tikir. Bu isə o deməkdir ki, bizim "yaşıl enerji" gündəliyimizin də yaxın iştirakçısıdır.
Sözügedən görüşdə əməkdaşlığın perspektivlərinə də toxunulub.
Bakıda olmaqdan şərəf hissi keçirdiyini deyən Meq O'Nil neft və qazdan əldə edilən gəlirin ölkənin inkişafına sərf olunmasını əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, indi isə Prezident İlham Əliyevin rəhbərliyinin uzaqgörənliyi kimi dəyərləndirib.
Dövlətimizin başçısı qeyd edib ki, bəzi hallarda neft və qazdan əldə edilən gəlir sosial qeyri-bərabərliyə səbəb olur. Azərbaycanın timsalında isə bu, ölkənin tərəqqisinə kömək edib. Müstəqilliyimizi bərpa etdikdən bir müddət sonra "Əsrin müqaviləsi"nin imzalandığını xatırladan Prezident İlham Əliyev Birinci Qarabağ müharibəsindən sonra ölkəmizdə vəziyyətin çətin olduğunu, ərazilərimizin itkisinə məruz qaldığımızı və humanitar fəlakətlə üzləşdiyimizi vurğulayıb. Bildirib ki, o zaman büdcəmiz sıfır səviyyəsində idi və bu vəziyyətdən çıxmağın yeganə yolu əsas beynəlxalq şirkətləri ölkəmizə cəlb etmək, onları investisiya yatırmağa inandırmaq idi. Prezident İlham Əliyev bu xüsusda BP-yə göstərdiyi etimada görə minnətdarlığını çatdırıb.
BP-dən aldığımız məlumatda isə şirkətin baş icraçı direktoru Meq O'Nilin və hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrelin Azərbaycana planlaşdırılmış ikigünlük işgüzar səfərləri çərçivəsində həmçinin Baş nazir Əli Əsədov, iqtisadiyyat naziri Mikayıl Cabbarov və energetika naziri Pərviz Şahbazovla da görüşdükləri bildirilir.
Görüşlərdə BP-nin Azərbaycanla bağlı uzunmüddətli öhdəliklərinə sadiqliyi, eləcə də innovasiya, dayanıqlılıq və inkişaf istiqamətində ortaq məqsədlər müzakirə olunub. Müzakirələr "Azəri-Çıraq-Günəşli"nin sərbəst təbii qaz ehtiyatlarının işlənməsi və "Şahdəniz" yatağının işlənməsinin növbəti mərhələsi olan "Şahdəniz Kompressiya" layihəsini də əhatə edib. Həmçinin "Qarabağ" və "Əşrəfi-Dan Ulduzu-Aypara" layihələri, eləcə də "Şəfəq" Günəş-Elektrik Stansiyası, Səngəçal terminalının elektrikləşdirilməsi çərçivəsində aparılan işlər müzakirə olunub.
İqtisadiyyat Nazirliyində keçirilmiş görüş zamanı nazir Mikayıl Cabbarov və Meq O'Nilin iştirakı ilə imzalanan iki Anlaşma Memorandumu əməkdaşlığın uğurla davam etdiyinin daha bir təsdiqidir. Belə ki, İqtisadiyyat Nazirliyi ilə BP arasında hazırda nazirliyin rəhbərliyi altında yaradılmaqda olan yüksək məhsuldarlıqlı hesablama (HPC) infrastrukturu ilə bağlı əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. İmzalanan daha bir Anlaşma Memorandumu SOCAR ilə BP arasında enerji sahəsində uzunmüddətli əməkdaşlığın təşviqi, daha da möhkəmləndirilməsi və genişləndirilməsinə dairdir.
Şirkətdən aldığımız məlumatda həmçinin bildirilir ki, səfər proqramına BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə rəhbər və işçi heyətləri ilə görüşlər, dünyanın ən böyük neft-qaz terminallarından olan Səngəçal terminalına səfər də daxil idi.
Flora SADIQLI,
"Azərbaycan"