Məlum olduğu kimi, Prezident İlham Əliyev "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında" qanunu təsdiq edib. Dövlət büdcəsinin, eləcə də büdcə zərfinə daxil olan məsələlərin müzakirəsi noyabr ayında başlayıb və bu ay uğurla başa çatıb.
Qarşılamağa hazırlaşdığımız 2025-ci ildə respublikamızın dövlət büdcəsinin gəlirlərinin 38 milyard 356 milyon manat, xərclərinin 41 milyard 407 milyon 600 min manat olacağı müəyyən edilib. Dövlət büdcəsi və büdcə zərfinə daxil olan digər sənədlər ölkənin iqtisadi reallıqlarına və büdcə qanunvericiliyinin tələblərinə cavab verir. Eləcə də ölkəmizin milli təhlükəsizliyinə, iqtisadiyyatın inkişafına, sosial rifaha, Qarabağın və Şərqi Zəngəzurun bərpasına və digər dövlət maraqlarına xidmət edir. 2025-ci ilin büdcəsi dövlətimizin siyasi, iqtisadi və hərbi gücünü nümayiş etdirməklə, növbəti ildə də Prezident İlham Əliyevin qarşıya qoyduğu mühüm və təxirəsalınmaz strateji vəzifələrin yerinə yetirilməsi üçün etibarlı maliyyə təminatı yaradır.
Belə ki, öndə olan məsələlərdən biri ölkəmizin hərbi-müdafıə qabiliyyətinin və milli təhlükəsizliyinin daha da möhkəmləndirilməsidir. Sirr deyil ki, Ermənistan tərəfi öz havadarlarının dəstəyi ilə sürətlə silahlanır və yeni revanşist müharibəyə başlamaq istəyir. Ona görə də biz Ermənistanla müqayisədə hərbi üstünlüyümüzü daim qoruyub saxlamalıyıq. Ümumiyyətlə, növbəti ilin büdcəsinə əsasən, Azərbaycanın müdafiə və təhlükəsizlik xərclərinin məbləği 8,4 milyard manat olacaq.
Prezidentimiz dəfələrlə bəyan edib ki, dövlətimizin siyasətinin mərkəzində vətəndaşın maraqları dayanır. Bu, dövlət büdcəsində də öz əksini tapır, həm də ölkə vətəndaşlarının sosial müdafiəsinə və sosial təminatına ayrılan vəsait getdikcə artır. Məsələn, 2025-ci ildə sosialyönümlü xərclər 2024-cü ilə nisbətən 8,8 faiz artacaq və 16,9 milyard manata çatacaq. Bu, dövlət büdcəsi xərclərinin 40 faizindən çoxu deməkdir.
Təqdirəlayiq haldır ki, şəhid ailələrinin, qazilərin və müharibə veteranlarının sosial müdafiəsi davamlı xarakter daşıyır. Onlar daim dövlətin diqqət mərkəzindədirlər. Gələn ilin büdcə zərfinə daxil olan sosial paketin təhlili də bunu bir daha aydın göstərir.
Bir neçə gün əvvəl Prezident İlham Əliyevin "Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında" sərəncam imzalaması vətəndaşın rifahına daha bir dəstəkdir. Sərəncama əsasən, minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilib. Nazirlər Kabinetinə əmək pensiyasının minimum məbləğinin 2025-ci il fevralın 1-dən 320 manata çatdırılmasına dair təkliflərini bir ay müddətində Prezidentə təqdim etmək tapşırılıb. Eyni zamanda hökumət sosial müavinətlərin və təqaüdlərin məbləğlərinin artırılması ilə bağlı təkliflərini də üç ay müddətində dövlət başçısına təqdim etməlidir. Sərəncamın birinci hissəsi 2025-ci il yanvarın 1-dən qüvvəyə minəcək.
Vurğulayaq ki, son beş ildə ölkədə həyata keçirilmiş dörd sosial paket 7 milyard manat təşkil edib və ümumilikdə 4 milyon vətəndaşı əhatə edib.
Vacib məsələlərdən biri də işğaldan azad olunmuş ərazilərimizin bərpası və yenidən qurulmasıdır. Hazırda Qarabağda və Şərqi Zəngəzurda böyük quruculuq işləri həyata keçirilir. Şəhərlərin və kəndlərin bərpası sürətlə davam etdirilir. Nəhəng vəsait və qüvvə tələb edən bu işləri Azərbaycan öz imkanları hesabına həyata keçirir. Yaxın üç ildə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində Qarabağa və Şərqi Zəngəzura 140 min insanın köçürülməsi planlaşdırılır. Bu fakt ölkəmizin ildən-ilə artan iqtisadi gücünün daha bir əyani göstəricisidir. Hazırda Qarabağda və Şərqi Zəngəzurda ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgələrdə reallaşdırılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən ümumilikdə 30 minə yaxın insan yaşayır.
Hədəflər isə daha böyükdür. Gələn il daha neçə yaşayış məntəqəsi yenidən qurularaq öz doğma sakinlərini qəbul edəcək. Buna büdcədə ayrılan vəsaitlər güclü təkan verəcək. Belə ki, gələn il bu məqsəd üçün 4 milyard manat vəsaitin xərclənməsi nəzərdə tutulub.
Baş nazir Əli Əsədov dekabrın 16-da Milli Məclisdəki çıxışında diqqətə çatdırıb ki, azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işlərinə 2020-ci ildən başlayaraq ümumilikdə 22 milyard manata yaxın, o cümlədən 2025-ci ildə 4 milyard manat vəsait ayrılıb. Böyük qayıdış çərçivəsində bu günədək 2417 ailə - 9306 nəfər azad olunmuş ərazilərə köçürülüb.
Baş nazir digər məsələlərdən də bəhs edərək bildirib ki, ölkə ərazisində qazlaşdırma səviyyəsi 96,6 faizdir (o cümlədən Naxçıvanda 100 faiz). Bu göstəriciyə görə ölkəmiz MDB və digər qonşu ölkələri qabaqlayır. Hazırda 473 məktəbin əsaslı təmirinə ehtiyac var. Bu, ölkədəki bütün məktəblərin 10 faizini təşkil edir. Bunlardan 123 məktəbdə təmir-tikinti işlərinin gələn ildə aparılması nəzərdə tutulub. 2021-ci ildən bu günədək ölkə üzrə 2700 kilometrdən çox avtomobil yolları yenidən qurulub və təmir olunub. Bununla yanaşı, işğaldan azad edilmiş ərazilərdə 45 layihə icra edilir. Dövlət büdcəsində "2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda nəzərdə tutulan layihələrin maliyyələşdirilməsinə 1,1 milyard manat və investisiya xərclərindən sosial və infrastruktur təyinatlı layihələrə 540 milyon manat vəsait ayrılacaq.
"Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"nın icrası diqqət mərkəzində saxlanılacaq və 150 milyon manat vəsait nəzərdə tutulub. Eyni zamanda hökumət tərəfindən regionların sosial-iqtisadi inkişafına dair növbəti 5 illik dövlət proqramının hazırlanması planlaşdırılır.
Bir sözlə, ölkənin inkişafı və büdcənin böyüməsi bir-birilə sıx bağlı məsələlərdir. Son 21 ildə büdcəmizin həm gəlirləri, həm də xərcləri qat-qat artıb. Bu da ölkənin qarşısında dayanan ən mühüm məsələlərin həllində irəliyə doğru inamla addım atmağa imkan verib.
Heç bir şübhə yoxdur ki, gələn il də qarşımızda dayanan məqsədlərə nail olacağıq.
Flora SADIQLI,
"Azərbaycan"