Vaxtaşırı dərc edilən səhifələrimizdən də göründüyü kimi, redaksiyamıza oxucularımızdan daxil olan məktubların əsas mövzuları əsasən ara-sıra qarşılaşdığımız kommunal-xidmət problemləri, sosial infrastrukturun bəzi çatışmazlıqları, vətəndaş-məmur münasibətləri, eləcə də konkret fəaliyyətlərinə görə müxtəlif yerli və mərkəzi icra orqanlarının ünvanlarına söylənən minnətdarlıqlar və s.-dir.
Amma bu dəfə dərc etdiyimiz məktub, belə demək mümkünsə, həm məzmununa, həm də formasına görə fərqlidir. Məzmunca ona görə fərqlidir ki, müəllifi redaksiyamıza müraciət etməyə məcbur edən qarşılaşdığı hansısa kiçik məsələ yox, bu gün bütün bəşəriyyəti düşündürən ekoloji problem, daha doğrusu, onun nəticəsi olan Kür çayının getdikcə qurumasıdır. Məktubun fərqli formasına gəldikdə isə, müəllif bu narahatlığını oxucularımızla poeziya dilində bölüşmək istəmişdir.
Quruma, Kür çayı
Bu necə görkəmdi, bu necə haldı?
Salmısan hər yana ahı, harayı.
Nisgilin qəlbimə dərin iz saldı,
Quruma, amandı sən, ey Kür çayı.
Gəlir göz önünə yaxın keçmişin,
Kükrəyə-kükrəyə axıb keçirdin.
Vurulan bəndləri gur sularınla
Dağıdıb, uçurub, yıxıb keçirdin.
Adın yaddaşlarda dəlitək qalıb,
Nə oldu, yetim bir quzuya döndün?
Bir vaxt söndürərdin odu-atəşi,
İndi bəs nə oldu, sən özün söndün?
Bəlkə bir bayatı düşüb yadına?
Onun varlığını isbat edirsən.
Baxıb insanların məyus halına
Kənardan xəfifcə gülümsəyirsən.
"Mən aşiqəm Salyana,
Dara zülfün, sal yana.
Necəsən, bir ah çəkim,
Kür quruya, sal yana".
Bu gün narahatdır neçə kənd, şəhər,
Fərqi var ötüşən ilin, ayın da.
Bilinmir nə olar açılan səhər,
Ruhu nigarandır Kürçaylının da.
Vəfasız deyilsən əzəldən bəri,
Burula-burula yenə gələssən.
Gözlərə, üzlərə çökən kədəri
Sən gur sularınla yuyub keçəssən.
Çəkilmə, azalma, quruma, Kürüm,
Həyatın özüsən, bizə gərəksən.
Səni daim coşub-çağlayan görüm,
Bizə tək su deyil, həm də çörəksən.
Seyran CAVAD