Son həftələr bir sıra dünya ölkələrində, habelə Azərbaycanda qızılca virusuna kütləvi yoluxma halları müşahidə edilir. Yüksək yoluxduruculuğa malik bu xəstəliyin təkcə uşaqlar deyil, böyüklər arasında da artması, uşaq ölümlərinin qeydə alınması cəmiyyətdə, xüsusən də valideynlər arasında ciddi narahatlığa səbəb olur.
Səhiyyə Nazirliyi Azərbaycanın müxtəlif regionlarında qızılca ilə əlaqədar vətəndaşlara peyvəndləmə ilə bağlı çağırış edib. Bildirilib ki, ölkə ərazisində qeydə alınmış qızılca hadisələri arasında bəzən risk qrupuna aid uşaqlarda ağırlaşmalar, bakterial infeksiyaların inkişafı, gecikmiş müraciətlər və ya yanlış diaqnostika hallarına rast gəlinir. Valideynlərin nəzərinə çatdırılıb ki, uşaqların sağlamlığının qorunması və yoluxma hallarının qarşısının alınması məqsədilə ölkədə qüvvədə olan "Profilaktik peyvəndlər təqvimi"nə əsasən, 1 və 6 yaşlarında olan bütün uşaqlar 2 dəfə qızılca, epidemik parotit və məxmərək infeksiyalarına qarşı vaksinasiya olunmalıdırlar.
Rumıniyada epidemiya elan edilib
2023-cü ilin əvvəllərindən Türkiyə, Rusiya, Qırğızıstan, İran, Qazaxıstan, Rumıniya və Gürcüstanda qızılcanın artması müşahidə edilir.
Yoluxucu xəstəliyin sürətlə artdığı ölkələrdən biri də Rumıniyadır. Hətta vəziyyət o dərəcəyə çatıb ki, bu ölkədə qızılca epidemiyası elan edilib. Bu barədə Rumıniyanın Səhiyyə Nazirliyi məlumat verib. Hazırda ölkənin 41 əyalətindən 29-da 2 minə yaxın qızılcaya yoluxma faktı qeydə alınıb.
Rumıniya Səhiyyə Nazirliyi ölkədə uşaqların 78 faizinin peyvəndin ilk dozasını, peyvənd olunmaq hüququ olan uşaqların 62 faizinin isə iki doza qəbul etdiyini bildirib.
Qızılcaya yoluxmada yüksək artımın müşahidə edildiyi digər ölkə Qazaxıstandır. Bu ilin əvvəlindən ölkədə təxminən 18 min nəfər qızılcaya yoluxub. Onların 82 faizi uşaqlardır. Qazaxıstan Səhiyyə Nazirliyinin Sanitariya və Epidemioloji Nəzarət Komitəsindən bildirilib ki, qızılcaya yoluxmuş 15 minə yaxın uşağın 83 faizi peyvənd olunmayıb. Xəstə uşaqların 60 faizi valideynlərin imtinası səbəbindən peyvənd almayıb, qalan uşaqlar isə peyvənd yaşına çatmayıblar və ya tibbi güzəştlərə malik deyillər.
Noyabrdan qızılcaya yoluxma halları ilə bağlı epidemioloji vəziyyəti sabitləşdirmək məqsədilə uşaqların əlavə kütləvi immunizasiyasının aparılması qərara alınıb. Ötən ay ölkəyə 500 min doza gətirilib, dekabrda isə daha bir milyon dozanın çatdırılacağı gözlənilir.
Qızılcanın ilkin əlamətləri qrip virusu ilə eynidir
Həkim-infeksionist Aydan Sevizadə deyir ki, üç mərhələli qızılca xəstəliyinin ilk mərhələsinin əlamətləri yuxarı tənəffüs yolu infeksiyaları ilə eyni olur: "Bu da insanlar arasında çaşqınlıq yaradır. Xəstəlik 38-40 dərəcəyə qədər yüksələn hərarət, burun axıntısı, boğazda qıcıqlanma və ağrı, öskürək kimi əlamətlərlə başlayır. Elə buna görə də bu əlamətləri özündə və ya uşağında müşahidə edən insanlar qızılca olub-olmadıqlarını dəqiqləşdirmək üçün ilk 3-4 gün təcrid olunmalı, bağçaya, məktəbə buraxılmamalı, işə getməməlidirlər".
Üç gün davam edən ilkin mərhələdən sonra səpkilərin yarandığını vuğulayan infeksionist qızılcanın bu spesifik əlamətinin ilk növbədə baş nahiyəsindən başlayaraq ardıcıllıqla yuxarı ətraflar, qarın bölgəsi və aşağı ətraflara yayıldığını bildirir. Son mərhələ olan piqmentasiyada isə səpgilər tündləşərək qabıqlanır. Bu zaman artıq xəstənin səhhəti yaxşılaşır.
"İmmunitet sistemləri zəif olduğu üçün uşaqlar qızılcaya daha tez yoluxurlar. Hava-damçı yolu ilə yayılan qızılcadan qorunmanın ən effektiv üsulu peyvənddir. Peyvənd olunmuş uşaqların qızılcaya yoluxma ehtimalı demək olar ki, yoxdur. Yoluxma baş versə belə, xəstəliyin gedişatı yüngül olur", - deyə A.Sevizadə qeyd edir.
Həkim deyir ki, uşaqlar arasında ölüm hallarının artması vaksinasiya prosesinin düzgün aparılmaması ilə əlaqədardır: "Pandemiya zamanı peyvənddən yayınma müşahidə edildi. Həm də COVID-19 dönəmində orqanizmimiz, immunitet sistemimiz zəiflədiyi üçün bu xəstəliklər baş qaldırdı, alovlanmalar baş verdi. Vaksinasiya prosesi nə qədər güclənərsə, xəstəliyin qarşısı bir o qədər tez alınacaq. Peyvənd olunmayan insanlar 1 ay fasilə ilə hər iki dozanı qəbul edə bilərlər. Vaksinasiyadan keçib-keçmədiyini xatırlamayan böyüklər "Measles İgm" testindən keçərək qanlarındakı qızılca antitellərinin miqdarını öyrənə bilərlər. Böyüklər uşaq vaxtı peyvəndləndikləri üçün zaman keçdikcə antitellərin səviyyəsi aşağı düşə bilər. Bu zaman yoluxma baş versə belə, xəstəlik daha yüngül keçəcək, əlamətləri səthi olacaq".
Ülkər XASPOLADOVA,
"Azərbaycan"