Paşinyan revanşistlərə qarşı sərt göstəriş verdi
Ermənistanın ədliyyə naziri bildirmişdi ki, yeni konstitusiyanın mətni 2026-cı il parlament seçkilərinə qədər hazır olmalıdır. Görünür, baş nazir Nikol Paşinyan yeni konstitusiyanın qəbulu ilə bağlı referendumla parlament seçkilərini birləşdirmək niyyətindədir. Baş nazir böyük ehtimalla bununla maksimum effekt əldə etməyə çalışır. Onun əsas vəzifəsi təbii olaraq yeni konstitusiya yox, parlament seçkilərində istədiyi nəticəni əldə etmək olacaq ki, bu da ona hakimiyyəti saxlamağa və parlamentdə öz xeyirlərinə çoxluğu təmin etməyə imkan verəcək.
Ermənistan hakimiyyətinin konstitusiya dəyişiklikləri ilə bağlı bəyanatları xüsusən müharibədən sonrakı dövrdə yeni çalarlar qazanıb. Əgər əvvəllər Nikol Paşinyan öz ifadəsi ilə "super baş nazirlik sistemi"ni aradan qaldıracağına söz verirdisə, son illərdə artıq Ermənistan öz Konstitusiyasından Müstəqillik Bəyannaməsinə istinadı çıxarmaqdan danışır.
Ermənistan Ədliyyə Nazirliyinin təşkil etdiyi "Ədalət - ədalətə nail olmanın aləti kimi" adlı konfransda Nikol Paşinyan yenidən Konstitusiyaya dəyişikliklərlə bağlı referendumun keçirilməsi məsələsinə işarə edib: "Bütün konstitusiya referendumlarında müəyyən ictimai təsəvvür və inam olub ki, referendumların rəsmi nəticələri xalqın iradəsini dəqiq ifadə etmir".
Hüquq müdafiəçisi, vəkil Nina Karapetyants "168.am" nəşrinə açıqlamasında Konstitusiyanı dəyişmək təşəbbüsünə toxunaraq qeyd edib ki, buna ehtiyac olsa da, Nikol Paşinyanın hakimiyyəti dövründə əsas qanunu dəyişmək mümkün deyil: "Nikol Paşinyan və onun komandasındakı heç kim elə bir konstitusiya təklif edə bilməz ki, Ermənistanın davamlılığını təmin etsin. Əgər Paşinyanın ədliyyə naziri bildirirsə ki, elə bir Konstitusiya hazırlamalıyıq ki, bütün qonşuların ürəyincə olsun və bununla da müharibənin qarşısı alınsın, bu adamlara, ümumiyyətlə, belə bir missiya tapşırmaq və onlardan normal nəticə gözləmək olmaz. Bu o deməkdir ki, konstitusiyamız ardıcıl olaraq bütün region ölkələrinə təsdiq üçün göndəriləcək".
Nina Karapetyantsın fikrincə, həyat göstərib ki, Konstitusiyada boşluqlar var, qarşılıqlı əngəlləmə və nəzarət mexanizmləri real həyatda işləmir, "super baş nazirlik" sistemi Ermənistanın vəziyyətinə uyğun deyil, buna görə də dəyişiklik zəruridir. Amma o bir daha vurğulayıb ki, bunu qırmızı xətti olmayan, hər şeyi güzəştə getməyə hazır olanlar edə bilməz: "Bu insanlara heç bir dəyişikliyi etibar etmək olmaz - onlar yalnız bir şey edə bilərlər: sakitcə getmək".
"İravunk" qəzeti yazıb ki, hakim "Vətəndaş Müqaviləsi" partiyasının fəallığının artması heç də təsadüfi deyil. Partiyaya yaxın mənbələrin məlumatına görə, Paşinyan müxalifətə qarşı hücum təşkil edilməsini tapşırıb. Mənbənin sözlərinə görə, Paşinyan göstəriş verib: "Onları əlinizdən gəldiyi kimi əzin ki, xalqın gözündə xal yığmasınlar".
Bu ərəfədə Söz Azadlığının Müdafiəsi Komitəsinin yaydığı məlumatda qeyd olunub ki, 2025-ci ilin birinci rübündə Ermənistanda jurnalistlərin və KİV-in hüquqlarının müxtəlif pozuntularla bağlı 56 faktı qeydə alınıb. Bunlardan 2-si fiziki zorakılıq, 25-i digər təzyiq növləri, 29-u isə məlumat almaq və yaymaq hüququnun pozulmasıdır: "25 işdən 18-də mətbuata və jurnalistlərə qarşı müxtəlif təzyiqlər dövlət məmurları tərəfindən həyata keçirilib. Maraqlıdır ki, jurnalistlərə və mediaya qarşı iddia qaldıranlar arasında dövlət məmurları da üstünlük təşkil edirlər. 15 yeni məhkəmə iddiasından 12-si dövlət qurumları və yüksək vəzifəli şəxslər tərəfindən verilib. Parlament üzvləri Andranik Koçaryan, Vilen Qabrielyan və digər rəsmi şəxslər media nümayəndələri ilə ünsiyyətdə olan zaman hörmətsizlik nümayiş etdiriblər. ABŞ-nin yeni administrasiyası tərəfindən iri donor təşkilatlarının, xüsusən də ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) fəaliyyətini dayandırması və bununla bağlı qeyri-müəyyənlik Ermənistan media sektoru üçün ciddi problemə çevrilib. "Agentliklə əməkdaşlıq edən onlarca KİV və jurnalist təşkilatı çətin maliyyə vəziyyətinə düşüb".
Hər halda proseslərin gedişi Ermənistanı qarşıdakı dövr ərzində daha çətin günlərin gözlədiyini göstərir.
Elçin CƏFƏROV,
"Azərbaycan"