Dekabrın 5-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektor əvəzi dosent Vazeh Əskərov Türkiyənin İzmir Yüksək Texnologiyalar İnstitutunun (İYTE) rektoru professor Yusuf Baran və Kitabxana və sənədləşmə şöbəsinin müdiri Gültekin Gürdalla görüşüb.
Bu barədə AZƏRTAC-a ADNSU-dan məlumat verilib.
Bildirilib ki, qonaqlar əvvəlcə ADNSU-nun Azərbaycan-Türkiyə Dostluq Mərkəzi ilə tanış olub, türkiyəli şəhidlər - professor İlhan Varank və Erol Olçokun adları verilən auditoriyaları gəzib, ADNSU-da şəhidlər üçün ucaldılmış abidə kompleksini ziyarət ediblər.
ADNSU-nun rektor əvəzi dosent Vazeh Əskərov qonaqlara universitetin tarixi, tədris prosesi, maddi-texniki bazası, beynəlxalq əlaqələri barədə danışıb. ADNSU-nun son illərdə beynəlxalq reytinqlərdə artan nüfuzundan söz açan dosent Vazeh Əskərov xarici universitetlərlə, əsasən də Türkiyə universitetləri ilə əməkdaşlığa xüsusi önəm verildiyini, eyni zamanda, birgə layihələrdə, elmi tədqiqat işlərinin aparılmasında, tələbə-müəllim mübadiləsində, yaşıl enerji ilə bağlı birgə tədris proqramının yaradılmasında maraqlı olduğunu qeyd edib.
İzmir Yüksək Texnologiyalar İnstitutunun rektoru professor Yusuf Baran təmsil etdiyi ali təhsil müəssisəsi haqqında ətraflı məlumat verib. O, birgə əməkdaşlıqda, əsasən də yaşıl enerji, enerji sistemləri və mühəndislik sahələrində əlaqələrin genişləndirilməsində maraqlı olduqlarını bildirib. Bu istiqamətdə birgə layihələr və magistr proqramlarının hazırlanmasının hər iki universitet üçün faydalı olacağına əminliyini ifadə edib.
Sonra tərəflər arasında əməkdaşlıq memorandumu imzalanıb.