Əliağa Şıxlinski adına 135 nömrəli tam orta məktəbdə Novruz münasibətilə son çərşənbə - Torpaq çərşənbəsi günü bayram tədbiri keçirilib.
Tədbirdə məktəbin müəllim və şagird heyəti, qonaqlar, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova iştirak ediblər.
Məktəbin direktoru Şəfa Qurbanova və digər natiqlər təbrik çıxışlarında xalqımızın bu qədim milli bayramının mahiyyətindən, ənənələrindən, simvollarının mənalarından, mənəvi dəyərindən danışıblar.
Onlar Novruzun dəqiq elmlərlə bağlılığından bəhs edib, bayramın 20-21 mart aralığında qeyd olunmasının astronomik gecə-gündüz bərabərliyi - astronomik yeni ilin başlanması ilə əlaqəsini izah ediblər. Həmçinin su, od, yel və torpağın çərşənbə günləri ilə simvollaşdırılmasının, bu ardıcıllığın da təsadüf olmadığını vurğulayıblar. Novruz simvolları sanki Yerdə həyatın yaradılış modelini ehtiva edir.
Pedaqoqların fikrincə, bayram həm də milli-mənəvi dəyərlər toplusu, tarixi irsdir. Bu zəngin xəzinə nəsildən nəslə ötürülməli, uşaqların, yeniyetmə və gənclərin milli şüurunun formalaşmasında istifadə olunmalıdır. Novruzun məğzi elmi dəlillərlə açılmalı, bayağı izahlarla primitivləşdirilməməlidir. Təsadüfi deyil ki, türk-müsəlman dünyasının min illərlə yaşatdığı Novruz bayramı günü - 20 mart dünyada Beynəlxalq Yer Günü kimi qeyd edilir.
135 nömrəli məktəbin bayram tədbirinin bədii hissəsi də maraqlı və şən keçib. Səsləndirilən milli musiqi, ifa olunan rəqslər iştirakçılarda xoş əhval-ruhiyyə yaradıb.
Sonda şagirdlərə kitablar hədiyyə edilib.