Ümummilli Lider Heydər Əliyev müəllim əməyini yüksək qiymətləndirərək deyirdi: "Mən yer üzündə müəllimdən yüksək ad tanımıram. Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır. Məhz müəllim doğma yurdumuzu sevməyi, hamının rifahı naminə vicdanla işləməyi müdrikliklə və səbirlə bizə öyrətmiş və öyrədir. Hər birimizn öz müəllimi vardır və biz bütün ömrümüz boyu onun xatirəsini hörmətlə, minnətdarlıqla qəlbimizdə yaşadırıq".
Ulu Öndər hesab edirdi ki, təhsilin səviyyəsini yüksəltmək üçün onun maddi-texniki bazası möhkəmləndirilməli, müəllimlərin maddi durumu yaxşılaşdırılmalıdır. Odur ki, Ümummilli Lider bu istiqamətdə əməli tədbirlər görür, konkret addımlar atırdı. Mən 1999-cu ildə orta məktəbi bitirərkən bizim 100 yaşlı məktəbimiz köhnə uçuq binada yerləşirdi. 2003-cü ildə isə doğma məktəbimizdə -Tərtər şəhər 1 saylı tam orta məktəbdə biologiya müəllimi kimi fəaliyyətə başlayanda artıq məktəbimiz üçün müasir üslubda yeni bina tikilmişdi. Əlbəttə, belə şərait həm müəllimlər, həm də şagirdlər üçün olduqca fərəhli idi. Beləcə, təhsilə qoyulan sərmayə, göstərilən qayğı və diqqət tezliklə nəticəsini verməyə başladı. Azərbaycanda savadlı, müasir dünyagörüşlü, vətənpərvər gənc nəsil yetişdi.
Ulu Öndərin yolunu uğurla davam etdirən Prezident İlham Əliyev də ölkədə təhsilin inkişafında böyük uğurlara imza atır. Hazırda həm dövlət hesabına, həm də Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycanın ən ucqar kəndlərində belə müasir standartlara cavab verən məktəb binaları tikilir. Müəllimlərin bilik səviyyəsinin yüksəldilməsi, onların öz üzərlərində daha ciddi işləməsi üçün ardıcıl tədbirlər həyata keçirilir. Bu, zamanın tələbidir. Həyatımız sürətlə dəyişdiyi kimi, təhsilimiz də inkişaf etməli, yenilənməlidir. Bunu tədris etdiyim biologiya fənnində də görürəm. İndiki biologiya bir neçə il bundan əvvəl bildiyimiz fənn deyil, burada nə qədər yeniliklər baş verir. Fənlərin inteqrasiyası da çox sürətlə gedir. Əgər əvvəllər biologiyanı tədris etmək üçün yalnız bu fənnə aid dərslikdəki mövzuları bilməliydiksə, indi biologiya müəllimi riyaziyyata, digər elmlərə bələd olmadan şagirdlərinə mükəmməl bilik verə bilməz. Odur ki, təhsil sahəsindəki islahatları vaxtı çatmış məsələ kimi qəbul edirik.
Prezident İlham Əliyev də vaxilə müəllim kimi fəaliyyət göstərmişdir. Prezident demişdir: "Mən də müəllim olmuşam. İnstitutu bitirəndə mən bir xarici ölkəyə təyinat aldım, ancaq ondan imtina etdim, xaricə getmək istəmirdim. Qaldım institutda, aspiranturaya daxil oldum, dissertasiya müdafiə etdim və 23 yaşımda dərs verməyə başlamışdım". Dövlətimizin başçısı müəllim əməyinə yükək qiymət verir: "Bütün dövrlərdə Azərbaycanda ən hörmətli peşələrdən biri sayılan, xalqımızın intellektual potensialının formalaşmasında, dilimizin, ədəbiyyatımızın, mədəniyyətimizin və mənəviyyatımızın inkişafında böyük xidmətləri olan müəllimin gərgin zəhməti və gündəlik fəaliyyəti bu gün əldə etdiymiz uğurların əsasında durur".
"Yaxşı müəllim nə deməkdir?" sualına məşhur pedaqoq Vasili Suxomlinski belə cavab vermişdir: "O, ilk növbədə uşaqları sevən insandır, onlarla ünsiyyətdən sevinc tapır, inanır ki, hər bir uşaq yaxşı insan ola bilər, uşaqlarla dostluq etməyi bacarır, uşaqların sevincini və kədərini ürəyinə sala bilir, uşağın qəlbini oxuyur və heç vaxt unutmur ki, özü də vaxtı ilə uşaq olub".
Bu sözlərin doğruluğunu müəllim kimi fəaliyyət göstərdiyim müddətdə daim müşahidə etmişəm. Əksər hallarda şagirdlər bir insan kimi sevdikləri müəllimin fənninə daha çox maraq göstərirlər. Əsl pedaqoq üçün isə "yaxşı" və "pis" şagird anlayışı yoxdur. O, hər kəsə eyni münasibət bəsləyir, daha çox ehtiyacı olanlara qayğı və həssaslıq göstərir.
Deyirlər ki, hər sinif xasiyyətinə, davranışına görə həmin sinfin rəhbərinə oxşayır. Bu, xüsusilə ibtidai siniflərdə daha çox özünü büruzə verir. Çılğın müəllimin sinfindəki uşaqlar dəcəl, təmkinli müəllimin şagirdləri sakit olurlar. Ona görə də elə bir insan tapmaq olmaz ki, ilk müəllimini xatırlamasın. Nəinki xatırlamasın, onun adı gələndə bütün ruhu oyanmasın.
Müəllim şəxsiyyət kimi həm şagirdlərə və valideynlərə, həm də bütövlükdə cəmiyyətə nümunə olmalıdır. Ona görə də xüsusən rayonlarımızda, kənd yerlərində müəllimlərimizə böyük ehtiramla yanaşılır, onların fikirləri, məsləhətləri ilə hesablaşırlar.
Bütün peşələrə böyük hörmətim var. Lakin müəllim olduğum üçün özümü xoşbəxt hiss edirəm. Müəllimlik dünyanın ən hörmətli peşələrindən biridir. Həkimi də, alimi də, mühəndisi də, baytarı da yetişdirən məhz müəllimdir. O, bu yolda ömrünü şam kimi əridərək cəmiyyətimizə savadlı, yüksək mənəvi keyfiyyətlərə malik vətəndaşlar bəxş edir. Şagirdlərimin uğurları haqqında xəbərləri eşidəndə, uşaq kimi sevinirəm. Sanki illərin ağır yükü çiyinlərimdən götürülür. Pedaqoqun ən böyük mükafatı da elə budur - zəhmətinin bəhrəsini görmək və əlbəttə ki, unudulmamaq. Əgər illər sonra hansısa bir şagirdin səni əlamətdar günündə xatırlayıb təbrik edirsə, deməli, ömrün hədər keçməyib.
44 günlük Vətən müharibəsindəki Zəfərimizdə müəllimlərimizin xüsusi payı var. Məhz məktəbimizdə şagirdlərə aşılanan Vətən sevgisinin və ailə tərbiyəsinin nəticəsi kimi elə bir nəsil yetişdi ki, onlar torpaq uğrunda ölümün gözünə dik baxaraq canları, qanları bahasına ərazilərimizi işğaldan azad etdilər. Cəbhədə döyüşərək gənclərə nümunə göstərən müəllimlərimiz də az olmadı. Allahdan bütün şəhidlərimizə rəhmət diləyir, qazilərimizin şəfa tapmasını arzulayıram.
Nəhayət, bu yazımı dünyanın fatehi Makedoniyalı İsgəndərin öz müəllimi Aristotel haqqında dediyi sözlərlə bitirirəm: "Valideynlərim məni göydən yerə endirdi, müəllimim isə yerdən göyə qaldırdı". Gəlin bu yüksək qiymətə layiq olaq, əziz həmkarlar!
Gülnar ƏLİYEVA,
Beyləqan rayon Fazil Miriyev adına Araz qəsəbə tam orta məktəbin müəllimi