08 Yanvar 2025 15:17
281
Təhsil
A- A+
Təhsildə özünüdərk və dəyərlər

Təhsildə özünüdərk və dəyərlər


Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən təhsil siyasəti nəticəsində, ölkəmizdə təhsil infrastrukturunun yenilənməsi, müəllim peşəsinin nüfuzunun artırılması və təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində mühüm addımlar atılmışdır. Dövlətimizin başçısı çıxışlarında vurğulamışdır ki, təhsil cəmiyyətin gələcəyini formalaşdıran əsas sütundur. Onun fikrincə, Azərbaycanın inkişafı üçün milli dəyərlərə bağlı, lakin qlobal düşüncə tərzinə sahib bir nəsil yetişdirmək vacibdir. Bu yanaşma təhsilin yalnız bilik ötürməkdən ibarət olmadığını, həm də insanın şəxsiyyətini və kimliyini formalaşdırma funksiyasını daşıdığını göstərir. Prezident İlham Əliyev bildirib ki, “gənclərimiz milli kimliyinə sahib çıxaraq, bəşəri dəyərlərə açıq olmalı və dünya səviyyəsində rəqabət apara biləcək bacarıqlara yiyələnməlidirlər.”  

Müasir dünyada sürətlə dəyişən sosial, iqtisadi və texnoloji münasibətlər cəmiyyətin bütün sahələrində, xüsusilə təhsildə yeni yanaşmaların tətbiqinə ehtiyac yaratmışdır. Artıq ənənəvi pedaqoji metodlar qlobal çağırışların təzyiqi altında yenilənməli, müxtəlif elmi sahələrin inteqrasiyası, fərqli mədəniyyətlər və yenilikçi texnologiyalar ilə vəhdətə gətirilməlidir. Bu şəraitdə, yalnız biliklərin ötürülməsi deyil, həm də mənəvi, əxlaqi, sosial və emosional bacarıqların formalaşdırılması təhsil prosesinin əsas məqsədinə çevrilir. Milli və bəşəri dəyərlərə əsaslanaraq, müasir dövrün tələblərinə cavab verən çevik zəkalı, yaradıcı və bacarıqlı insanlar yetişdirməyi hədəfləyən bir təhsil modeli həmişə diqqət mərkəzində dayanır. Dəyərlər təhsil prosesinin fəlsəfi əsasını və təhsil siyasətini müəyyən edən mühüm faktordur. Dəyərləri yalnız bir ölkənin təhsil sisteminin məqsədini deyil, eyni zamanda həmin ölkənin gələcəkdəki sosial və mədəni inkişafını müəyyən edir.

Artıq 10 ildir ki, təcrübədən keçirdiyimiz "Hədəf Konsepti" beş əsas prinsipə (özünüdərk, sağlamlıq, bacarıq, yaradıcılıq və bilik) əsaslanır ki, onlardan biri də özünüdərkdir. Bu prinsiplər birgə insanın daxili dünyasını və onun sosial mühitlə əlaqəsini hərtərəfli inkişaf etdirməyi nəzərdə tutur. Müasir tədqiqatlar (P.Gardner, 2010; M.Asad, 2015)   göstərir ki, əgər təhsil yalnız biliklərlə məhdudlaşırsa, bu, uşaqların psixoloji və sosial tələbatlarını yetərincə ödəyə bilmir. Nəticədə, innovasiya, komanda işi, tənqidi düşüncə və ən əsası mənəvi bütövlük kimi keyfiyyətlər arxa planda qalır. Bu sahədə biz zəruri olan bilik və texniki bacarıqları, milli, mənəvi və bəşəri dəyərlər kontekstində formalaşdıran bir yanaşma təklif edirik. Həmçinin  "Təhsildə Beşlik" konsepti adlandırdığımız bu yanaşma məhz bu çağırışlara cavab olaraq, təhsil prosesində özünüdərk anlayışını milli və bəşəri dəyərlərin inteqrasiyası əsasında daha geniş şəkildə təqdim edir.

Özünüdərk insanın kimliyini anlama və dərk etmə prosesidir. Bu proses, tarixi, psixoloji və mədəni kontekstlərdə araşdırılaraq, şəxsin həm özünə, həm də ətrafına qarşı daha sağlam və məsuliyyətli mövqe tutmasına kömək edir. Özünüdərk prosesi, ilkin olaraq milli və bəşəri dəyərlərdən başlayır, çünki dəyərlər bizim düşüncə və davranışlarımızın etik çərçivəsini formalaşdırır. Bizə görə, özünüdərk edən insan vicdanlı, ədalətli, humanist və öz hüquqlarını bilən, daim özünü təkmilləşdirən fərddir. Bu xüsusiyyətlər insanın mənəvi sütunlarını gücləndirir və cəmiyyətin inkişafına zəmin yaradır.

Elmi araşdırmalar ( Toker-Gökçe, 2021: Öngider, 2013: Yüksel,2009 ) göstərir ki, insanların dəyərlər sistemi erkən uşaqlıq dövründə formalaşır. Uşaqların ətraf mühitdən, ailə və məktəb mühitindən aldıqları mənəvi mesajlar, sosial qaydalar və mədəni örnəklər onların şəxsiyyət quruluşunu müəyyən edir.  Azadlıq, cəsarət, güc, novatorluq və özünəinam kimi dəyərlər insanın özünüdərk səviyyəsini formalaşdırır. Beləliklə, özünüdərk yalnız şəxsi inkişafın deyil, eyni zamanda mədəniyyətə və tarixi mirasa bağlılıqdan törəyən kompleks bir prosesdir.


Milli kimlik və bəşərilik


Özünüdərk prosesi, bir qanadı milliliyə, digər qanadı isə bəşəri dəyərlərə bağlı olan şəxsiyyətin möhkəm və tarazlı şəkildə yetişməsinə kömək edir. İnsan milli olduğu qədər bəşəri də ola bilər və olmalıdır. Milliliyi olmayanın bəşəriliyi də möhkəm təməl üzərində dayana bilməz. Məsələn, Hallın (1992) "Mədəniyyət və Kimlik Nəzəriyyəsi" insan kimliyinin formalaşmasında qlobal dəyərlər qədər milli dəyərlərin də həlledici rol oynadığını vurğulayır. Müxtəlif ölkələrdə aparılan sorğular (PISA, TIMSS və s.)  göstərir ki, öz mədəni və tarixi köklərinə sahib çıxan, lakin qlobal dəyərlərə də açıq olan şagirdlər, tənqidi düşünmə və yaradıcı tətbiq kimi bacarıqlarda daha yüksək nəticələr əldə edirlər. Sosioloji araşdırmalar da (Hofstede 2009) sübut edir ki, milli kimlik və bəşəri dəyərləri bir arada yaşadan toplumlar daha dayanıqlı sosial inkişafa nail olur. 

Bir gəncin özü haqqında “Mən kiməm?” sualına aydın cavab tapa bilməsi üçün, ona həm milli köklərini, həm də dünya mədəniyyətinin universal dəyərlərini tanıdacaq mühit qurmaq lazımdır. Bu sual daima mütəfəkkirləri düşündürmüş, bunula bağlı məqalə və kitablar yazmış, hər bir insanın öz kimliyini dərk etməsinin önəmini vurğulamışdır. Təsadüfi deyil ki, Əhməd bəy Ağaoğlunun “Mən kiməm?” kitabı, Əhməd Cavadın “Mən kiməm?” şeiri,  Cəlil Məmmdəquluzadə Azərbaycan məqaləsində “Mənim anam kimdir?” sualını verir və ürək yanğısı ilə insanın özünüdərkin vacibliyindən danışır. 

Bununla bağlı təhsil müəssisələri müxtəlif mədəniyyətlərə dair layihələr həyata keçirməli, şagirdləri həm yerli, həm də qlobal kontekstdə fəal iştirakçı olmalarına təşviq etməlidir. Bu, şagirdlərdə ətraf mühitə qarşı empati, tolerantlıq və sosial məsuliyyət hissini gücləndirir.

  Milli kökləri tanımaq üçün nə edilməlidir? Ailəsini, məhəlləsini, kəndini, şəhərini, rayonunu, ölkəsini sevmək və tanımaq üçün uşaqlara doğma mühitlərinin tarixi, mədəniyyəti, folkloru öyrədilməlidir. 

 “Hədəf konsepti”nin ana xəttində qeyd olunur ki, insan məhsuldar bir özünüdərk üçün millətinin tarixini, elm adamlarının uğurlarını, sərkərdələrinin cəsarətini, rəvayət və nağıllarını, ədəbi irsini dərindən öyrənməlidir. Tarixi araşdırmalar (Təhlükəsizlik nəzəriyyəsi, Kimlik Nəzəriyyəsi və s.) sübut edir ki, xronoloji faktlar və tarixi şəxsiyyətlərlə tanışlıq, gənclərin şəxsiyyət kimi inkişafına iki şəkildə təsir edir. Birincisi gənclərdə özünəinam yaradır. Öz tarixi qəhrəmanlarını, məşhur alimlərini, ixtiraçılarını, sənətkarlarını tanıyan gənc, “Mənim millətim bunları bacarıb!” duyğusu ilə böyüyür. Bu “Millətin bir parçası olmaq” hissi insanın ruhunda mənlik dəyərini artırır, öz imkanlarına inamı qüvvətləndirir. İkincisi isə gəncləri əzilmişlik kompleksindən xilas edir. Tarixdə parlaq şəxsiyyətlər, uğurlar və nailiyyətlər görməyən cəmiyyətlərdə “özünə güvənsizlik” sindromu yaranır. Bu sindrom zamanla həm fərdi, həm də sosial həyatda passivliyə, fatalizmə gətirib çıxarır. Şagirdlər Tonyukukdan, Bilgə Kağandan, Orxon-Yenisey kitabələrindən, Nəsirəddin Tusidən, Əl-Fərabidən, Əl-Xarəzmidən, Piri Rəis və Həzərfan Əhməd Çələbidən, Yusif Məmmədəliyevdən, Lütfi Zadə və Əziz Sancardan xəbərdar olduqca, onların elmi və mədəni fəaliyyətinə dərin maraq göstərdikcə, onlarda “mən də bacararam” düşüncəsi formalaşır.

UNESCO-nun müəyyən etdiyi təhsil istiqamətləri (Learning to Know, Learning to Do, Learning to Live Together, Learning to Be) çərçivəsində mədəni kimliyin və tarixi informasiya bazasının zəngin olduğu məktəblərdə şagirdlərin özünə inam səviyyəsi daha yüksək ölçüldüyünü müşahidə edilir.  Bu da tarixi bilgilərin, milli fəxr hissinin və özünüdərk prosesinin qarşılıqlı əlaqəsini aydın şəkildə sübut edir.


Özünüdərk və psixoloji inkişaf


Özünüdərk, həmçinin psixoloji bir prosesdir. İnsan özünü tanıdıqca daxili motivasiya, emosional idarəetmə və mənəvi dəyərlərlə bağlı daha sağlam mövqe qazanır. Erik Eriksonun psixososial inkişaf mərhələlərinə əsasən, yeniyetməlikdə formalaşan kimlik qazanma prosesi yetkinlik dövründə özünüdərk səviyyəsini müəyyən edir. Yəni gənc nəyə inandığını, kimə dəyər verdiyini və öz rolunu dəqiq müəyyən edir. Maslovun “özünü-gerçəkləşdirmə” nəzəriyyəsi də göstərir ki, şəxsin özünə dəyər verməsi, bacarıqlarını tanıması və məqsədlərini formalaşdırması onun tam şəkildə inkişaf etməsi üçün vacibdir.

Bu mərhələdə məktəbin rolu əvəzsizdir. Divarlardakı plakatlardan tutmuş, zənglər üçün seçilmiş musiqilərə qədər, şagirdin cəlb olunduğu hər bir nüans onun emosional fonuna və özünüdərk səviyyəsinə təsir edir. 


Məktəbin dizaynından dərs prosesi sonuna qədər: sistemli yanaşma


Hədəf konseptində deyildiyi kimi, özünüdərk sadəcə ayrıca bir dərs prosesi kimi qəbul edilməməlidir. Bu, şaquli (vertikal) və üfüqi (horizontal) inteqrasiya yolu ilə bütövlükdə məktəb həyatına yerləşdirilməlidir. Bu, məktəbin bütün strukturlarına, tədris metodlarına, məktəbin dizaynına və valideyn-müəllim münasibətlərinə inteqrasiya olunmalıdır

Bununla bağlı məktəb divarlarında milli mədəniyyəti, tarixi, qəhrəmanları və elm adamlarını əks etdirən portretlər, motivasiyaedici sözlər yerləşdirilməlidir. Məktəbin girişində “Vətən xatirəsi guşəsi”, “Tarixi nailiyyətlər stendi” kimi xüsusi məkanlar yaratmaq lazımdır ki, uşaqlar gündəlik ora baxıb qürur hissi duysunlar. Bununla yanaşı ədəbiyyat dərslərində milli qəhrəmanların həyatına psixoloji yanaşma, tarix fənnində milli dövlətçilik ənənələrinin öyrənilməsi, biologiya dərsində dövlətə məxsus fauna və floraya xüsusi önəm, riyaziyyatda tarixi türk-İslam alimlərinin kəşflərinin praktiki tətbiqi kimi inteqrasiya olunmuş “özünüdərk tapşırıqları”na geniş yer verilməlidir. Layihə əsaslı öyrənmə vasitəsilə isə şagirdlər qrup şəklində yerli kənd təsərrüfatının inkişafı, tarixi abidələrin qorunması kimi yerli problemlər  üzərində işləyə, həm özlərinə, həm də ətraf mühitə fayda yaratmağın sevincini yaşaya bilərlər.

Hər bazar ertəsi himnin, hər cümə günü “balabilgə andı”nın səslənməsi ilə birlikdə, dəyərlər mövzulu qısa çıxışlar (“Bu həftə nələr öyrəndik, milli ruhumuz nə dedi?”) şagirdlərdə özünüdərk prosesinin daim fəal qalmasına kömək edir:


Balabilgə andı

Mən fəxr edirəm ki, azərbaycanlıyam!

Bir balabilgə olaraq and içirəm:

Milli duyğularımı itirmədən,

Təbiəti, insanlığı sevən,

Dəyərlərə hörmət edən,

Vicdanlı, ədalətli,

Millətimə və dövlətimə sədaqətli,

Bilgə İNSAN olmaq üçün

Hədəfimdən yayınmayacaq,

Həqiqət yolundan dönməyəcəyəm!

And içirəm, and içirəm, and içirəm!


“Müəllim geyinsin ki, balabilgə görsün” prinsipindən irəli gələrək, Milli Geyim Günləri və digər tədbirlər mütləq ilk olaraq müəllimlər tərəfindən ən parlaq şəkildə həyata keçirilməlidir.

 Unutmaq olmaz ki, uşaq yalnız məktəbdə deyil, evdə də öz dəyərlərinə sahib çıxan bir model görməlidir. Bu səbəbdən, məktəb müntəzəm olaraq valideyn seminarları, birgə layihələr təşkil etməli, ailələrlə kommunikasiya zəncirini gücləndirməlidir. Milli bayramlarda, mədəniyyət günlərində valideynləri də prosesə cəlb edərək, övladın damarlarında axan milli köklərin real həyatla necə vəhdətdə olduğunu göstərmək mümkündür.

Özünü dərk edən insan, öncə özünə dəyər verir, sonra başqalarını dərk edir və onlara hörmət bəsləyir. Bu, hər bir millətin gəncliyinə lazım olan ən vacib amildir. Şəxsi keyfiyyətlərlə yanaşı, elmi, mədəni və tarixi biliklərə sahib olmaq, insanı passiv izləyici olmaqdan daha çox fəal iştirakçı statusuna yüksəldir.

Təhsil, yalnız bilik verən bir vasitə olmaqla qalmır, həm də şəxsiyyətin inkişafına, milli kimliyin qorunmasına və bəşəri dəyərlərin təbliğinə xidmət edir. Ölkənin təhsil siyasətində əsas məqsəd, gələcək nəsillərin yalnız akademik deyil, həm də mənəvi və sosial baxımdan güclü şəxsiyyətlər olaraq yetişməsidir. Bu yolda özünüdərk prosesi mühüm rol oynayır. Şagirdlərin öz daxili dünyalarını kəşf etməsi, öz kimliklərini formalaşdırması və müstəqil düşünən fərdlər kimi yetişməsi ölkənin gələcək uğurları üçün əvəzsiz əhəmiyyət kəsb edir. Özünüdərk prosesi insanın dəyərlərdən qaynaqlanan, tarixi şüur və milli kimliklə qüvvətlənən, psixoloji və bəşəri səviyyədə formalaşan mürəkkəb bir inkişaf xəttidir. Bu proses həm məktəbin, həm ailənin, həm də ümumilikdə cəmiyyətin sistemi içində davam etməli və şəxsiyyətin hərtərəfli yetişməsinə xidmət göstərməlidir. Qeyd etdiyimiz bu fikirlər, elmi əsaslar və faktlarla yanaşı, tarixdən gələn örnəklər və müasir psixoloji yanaşmalarla birləşdikdə, gələcəyin ağıllı, savadlı, humanist və özünə dəyər verən gənclərini yetişdirməyə zəmin yaradır.


Şəmil SADİQ, 

filologiya üzrə fəlsəfə doktoru, dosent


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Çin Afrika dövlətləri ilə birgə “Afrika günəş kəməri” layihəsini həyata keçirmək istəyir  

09:51
09 Yanvar

Qazaxıstan taxılının Azərbaycana tədarükü 2024-cü ildə 86% artıb  

09:46
09 Yanvar

Pakistan mediası Azərbaycan Prezidentinin müsahibəsini geniş işıqlandırıb  

09:41
09 Yanvar

Çadda prezident sarayına hücum olub  

09:36
09 Yanvar

Türkiyədə kibertəhlükəsizlik idarəsi yaradılıb

09:31
09 Yanvar

Blinken: Biz Qəzza zolağında atəşkəsə çox yaxınıq

09:26
09 Yanvar

Sümük əriməsi sağlamlığa ciddi təhlükədir

09:20
09 Yanvar

GDU-nun professor-müəllim heyəti Şəmkirdə məktəblilərlə görüş keçirib

09:15
09 Yanvar

Bir şəhərin "Manifest"i

09:10
09 Yanvar

Qış olsa da, pambıq yığımı davam edir

09:05
09 Yanvar

Ağstafada Hüseyn Arifin və Həmid Abbasın büstlərinin yerləşdiyi ərazi yenidən qurulub

09:00
09 Yanvar

Bayram günlərində Naftalana gələn turistlərin sayı artdı

08:55
09 Yanvar

Müəllim olmağımla qürur duyuram

08:50
09 Yanvar

Qeyri-neft məhsullarının ixracında davamlı artım var

08:45
09 Yanvar

Prezident Azərbaycan qazının Avropadakı istehlakçılarına çağırış etdi

08:40
09 Yanvar

Ermənistanın faşist prezidentlərinin qanlı əməlləri

08:35
09 Yanvar

İlham Əliyev Ermənistanı yeni reallıqlarla barışmağa çağırdı

08:30
09 Yanvar

Prezident Avropa Komissiyasına da sərt mesaj ünvanladı

08:25
09 Yanvar

Qərbin anti-Azərbaycan ritorikası faydasızdır

08:20
09 Yanvar

Azərbaycan Türkiyənin ən böyük xarici investorudur

08:15
09 Yanvar

"Xilaskarımız İlham Əliyev Şuşada hər gün bizə Zəfərin və Suverenliyin təntənəsini yaşadır"

08:10
09 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!