Sözü, söhbəti gözəl bir musiqiyə bənzəyir. Danışdıqca dinləmək istəyirsən. Dinlədikcə də düşünürsən... Adı qədər özü də aydın adamdır. Yaşı 80-ni haqlasa da, ürəyi arzularla doludur. Planlarından danışarkən, bir cümlə ilə belə ifadə etdi: "İndiyə kimi etmədiklərimi etmək istəyirəm. Məni yaşadan yazmaq, yaratmaq həvəsidir". Deyir ki, hər kəs üzərinə düşən işi vicdanla görməlidir. Əgər belə olarsa, Vətən vətəndaşından yarıyar. Nikbindir... İnamlıdır... Qürurludur...
"Dövlətimlə, xalqımla, qələbəmizlə qürur duyuram. Bu xalqın oğlu olduğum üçün fəxr edirəm", - deyir həmsöhbətimiz bəstəkar Aydın Əzimov.
Aydın Kərim oğlu Əzimov 1946-cı il mayın 1-də Bakının Əmircan kəndində anadan olub. 1964-cü ildə A.Zeynallı adına Musiqi Texnikumunun (indiki A.Zeynallı adına Musiqi Kolleci) Nəzəriyyə fakültəsini bitirib. Daha sonra təhsilini Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında davam etdirib. Dünyaşöhrətli bəstəkar Qara Qarayevin sinfində oxuyub. 1968-1996-cı illərdə Azərbaycan Dövlət Teleradio Komitəsində, radionun Musiqi verilişləri baş redaksiyasında kiçik redaktor, böyük redaktor, şöbə müdiri, radionun səsyazma evində səs rejissoru, baş rejissor, Azərbaycan Dövlət Teleradio Komitəsi bədii kollektivlərinin və səsyazma evinin müdiri, "Azərbaycantelefilm" Yaradıcılıq Birliyinin baş məsləhətçisi vəzifələrində çalışıb. 1996-cı ilin sonundan Türkiyə Respublikası Mersin Universiteti Dövlət Konservatoriyasından iş üçün dəvət alan bəstəkar Aydın Əzimov 2005-ci ilə qədər qardaş ölkədə çalışıb. Qardaş ölkədəki fəaliyyətindən danışan sənətkar qısaca belə dedi: "Mersin Universitetində bəstəkarlıq şöbəsini mən təşkil etmişəm".
2005-ci ildən Bakı Musiqi Akademiyasının Bəstəkarlıq kafedrasının professoru Aydın Əzimov eyni zamanda BMA-nın elmi laboratoriyasının fəal əməkdaşlarındandır.
Yüzlərlə musiqi əsərinə həyat verən Aydın Əzimov həm də Dövlət himnimizi yenidən bərpa edən və işləyən bəstəkar kimi də musiqi mədəniyyətimizə öz möhürünü vurub. Eyni zamanda Müdafiə Nazirliyinin orkestrinin təşkil olunmasında əvəzsiz xidmətləri ilə tanınan bəstəkarın təklifi ilə hərbi orkestrə milli alətimiz olan zurna da daxil edilib. "Sonata-poema" əsəri 11 illik musiqi və incəsənət məktəblərinin tədris proqramlarına salınıb.
Musiqimizin bu günündən danışarkən ustad sənətkar dedi: "Bəxtiyar Vahabzadənin çox gözəl bir şeiri var - "Axı dünya fırlanır". Dünya fırlandıqca da, çox şeylər dəyişir... Bu təbiidir. Əsas odur ki, dayanıb yerimizdə saymırıq, hərəkətdəyik. Özü də çox uğurla yeni bir çağa getməkdəyik. Artıq o köhnə dövran bitmişdir. Həyatın da, tarixin də fazaları, dönəmləri var. Biri başlayır, inkişaf edir, öz işini görüb hardasa tamamlanır. Sonra geriyə gediş olur. Yeni mərhələyə keçmək üçün hazırlıq dönəmi başlanır. Xüsusi olaraq vurğulamaq istəyirəm ki, bu çox önəmli bir dönəmdir. Keçmişdə olan böyük inkişafın böyük də dərsi olur. Orada insanlar bəlkə də böyük bir yüksəlişin təmələni qoyurlar. Mən belə düşünürəm ki, artıq musiqimizdə də yeni çağ başlamaqdadır. Onun hazırlığı getməkdədir... Azərbaycan xalqının tarixində gözlərimiz önündə çox böyük hadisələr baş verir. Mən çox xoşbəxtəm ki, belə bir tarixi mərhələyə şahidlik edirəm. Hələ də bizim bir çoxumuz, bunu dəyərləndirə bilmirik. Təbii ki, bunun davamı da çox böyük olacaq. İnsanlarımız da buna hazır olmalıdır...
Birmənalı olaraq bu belədir ki, bütün müharibələr, çaxnaşamalar, sənətə böyük zərər verir. Ötən əsrlərə baxsaq nə görərik? İnsanlara cox ciddi zərər verən böyük müharibələr...
Birinci və İkinci Dünya müharibələri dünya musiqi mədəniyyətinə böyük zərər vurdu. Cəmiyyətdə müxtəlif anamaliyalar meydana gəldi. Buna baxmayaraq, Azərbaycan musiqi sənətində böyük hadisələr baş verdi. Azərbaycan xalqının musiqi mədəniyyəti tarixində Üzeyir bəyin musiqiyə gəlişi fövqəladə, böyük bir hadisədir.
Əbdülqadir Marağayidən sonra Azərbaycanda böyük musiqi hadisəsi baş verməmişdi. Fəqət Üzeyir bəyin gəlişi Azərbaycan musiqisinə yeni nəfəs gətirdi. Mədəniyyət tariximizdə yeni mərhələ başladı.
Bu məqamda bir məsələyə də münasibət bildirmək istəyirəm. Belə deyirlər ki, Üzeyir bəy Azərbaycan professional musiqisinin banisidir. İcazə verin deyim ki, bu yanaşma doğru deyil. Azərbaycan professional musiqisinin çox minillik tarixi var. Musiqi ilə bütün xalqımız, hətta şahlarımız, xanlarımız da məşğul olublar. Azərbaycan professional musiqisinin tarixi IX əsrdən bir qədər də əvvələ gedir. Üzeyir bəy özü deyir ki, ona kimi Azərbaycan xalqı Səfiəddin Əbdülmömin Urməvi və Əbdülqadir Marağayi, Əbu Əli İbn Sina kimi alim və bəstəkarlar yetişdirmişdir. Bütövlükdə türk dünyasını götürsək, Əl Fərabi kimi böyük dühalar yetişdirmişdir. Hər bir xalqın folkloru olur. Onun zəminində professional musiqi yaranır. Üzeyir bəy Şərq mədəniyyəti tarixində partlayışa səbəb olan "Leyli və Məcnun"u nəyin əsasında yazmışdı? Azərbaycan xalqı qədər folklorun üzərindən professional musiqi sistemi yaratmaq heç bir xalqa nəsib olmayıb. Üzeyir bəy zamanının fəlsəfəsinə əsaslanaraq, yəni bizim şanlı bayrağımızın üzərində hansı rənglər varsa, o fəlsəfə əsasında Avropa musiqisinə doğru qapı açmışdır.
Burada bir məqama da diqqət yetirmək olduqca vacibdir. Mən Avropa musiqisinə inteqrasiya etdi demədim. Belə deyək ki, dünyada bir musiqi bazarı var. Gərək hər kəs bu bazarda öz malını sata. Mədəniyyətdə, musiqidə inteqrasiya olmur, bir-birindən öyrənmə olur. Bir-birinə baxıb təsirlənmə olur. Üzeyir bəy də bu bazara öz musiqimizlə çıxdı...
Çox qısa zamanda çox böyük iş gördü. Ona kimi musiqinin nota yazılması yox idi. Musiqinin nota yazılmasını Üzeyir bəy gətirdi. Bundan sonra inkişaf istiqamətləri canlandı. Musiqi təhsil sistemini yaratdı. Beləliklə, musiqinin inkişafının yeni bir mərhələsi başlandı... Və bu məktəbin davamçıları yetişdi. O bir mərhələ idi. Musiqidə maarifçilik mərhələsi. İndi musiqidə maarifçilik mərhələsi də bitibdir.
Bunu niyə dedim. Əsas odur ki, biz özümüzü tanımalıyıq. Bizim böyük musiqi mədəniyyətimiz var. Bizim muğamlarımız var. Bizim muğamlardan da qədim aşıq musiqimiz var. Bütün bunlar daha dolğun şəkildə öyrənilməlidir. Üzeyir bəy Azərbaycan xalq musiqisinin əsaslarını yazdı ki, musiqimiz inkişaf etsin.
İndi üzərimizə düşən odur ki, maarifçilik dönəmi, Avropa dönəmi üzərində özümüzün türk dünyası, Şərq dünyası musiqi texnologiyasını yaradaq.
Böyük qələbə böyük musiqinin yaranmasına səbəb olacaq
30 il idi ki, bizi zorla müharibəyə cəlb etmək istəyirdilər. Gəlin biz 30 illik bu prosesi müharibə yox, haqlı davamız adlandıraq. 30 il haqqımız uğrunda dava etdik və haqq qalib gəldi. Mənə elə gəlir ki, bu hadisənin qavranması çox vaxt aparacaq. Dediyim kimi, çox böyük hadisə baş verib. Azərbaycanın haqq savaşı yüz illiklərdən sonra əldə edilən ilk qələbədir. Digər tərəfdən də bu, Azərbaycanın Yer üzündə sözünü deməsidir. Son 500 ilin tarixini götürsək, bu böyüklükdə qələbə olmayıb...
Etiraf edək ki, hələ də bizim mədəniyyət xadimləri bu hadisəni düzgün qavraya bilməyiblər. Hələ o səviyyəyə çatmamışıq ki, bunu gerçəkdən dəyərləndirib bu hadisələrə layiq bir əsər yaza bilək. Mən zamanında Dövlət himnimizi bərpa edən bəstəkaram. Əhməd Cavadın "Bayrağım" şeirinə oda yazmışam. Bununla qürur duyuram.
İnanıram ki, bundan sonra daha gözəl əsərlər yaranacaq. Buna çox az vaxt qalıb. İndi himnimiz Azərbaycanın hər yerində səslənir. Gerbimiz haqqında musiqinin üzərində işləyirəm. Ömür vəfa etsə, tezliklə tamamlayaram. Bundan sonra dünyadan köçsəm də, demərəm az iş görmüşəm. Düşünürəm ki, çox əzəmətli bir əsər olacaq.
Hər bir bəstəkarın öz həyat yolu var
Yer üzündə elə bir bəstəkar yoxdur ki, teatr üçün musiqi yazmasın. Elə bəstəkarlar da var ki, onu teatr musiqisi ilə daha çox tanıyırlar. Edvard Qrik, Menderson, Bethoven bəstəkarlığa teatr musiqisi ilə başlayıblar. Motsart opera teatrı ilə bağlı olan bəstəkardır. Hər bir bəstəkarın öz həyat yolu var. Teatrı çox sevən insanam. Gəncliyimdə teatr üçün çox musiqi yazmışam. Belə deyək ki, ən gözəl tamaşalara musiqi yazmışam. Mehdi Məmmədov, Hüseynağa Atakişiyev, Mürsəlov kimi rejissorlarla işləmişəm. Azərbaycanda elə bir teatr yoxdur ki, mən o teatr üçün musiqi yazmamış olum.
Teatr hər bir xalqın həyatının bir parçasıdır. Onun mədəniyyətinin simasıdır. Yeri gəlmişkən, deyim ki, düşmənlərimiz bunu bildikləri üçün Qarabağ hadisələri başlayanda ilk olaraq opera teatrını yandırdılar. İlk böyük zərbəni onda aldıq. Bununla musiqi mədəniyyətimizə böyük bir zərbə vuruldu. Ardınca Musiqili Komediya Teatrı da öz işini dayandırdı. Zaman keçsə də, indiyə kimi onun fəsadını yaşayırıq. Səhnə olmadığı üçün opera musiqisi də yazılmadı...
Mədəniyyətin inkişafından danışanda, musiqili teatrların saat kimi işləməsini böyük əhəmiyyətli amil kimi qəbul etməliyik. Əgər belə deyilsə, demək ki, mədəniyyət iflic olub.
Hamılıqla musiqi təfəkkürümüzü də dəyişməyə çalışmalıyıq
Bəstəkar Aydın Əzimov deyir ki, vaxtı olanda daha çox klassik musiqilərə qulaq asıram. Klassik sözü mükəmməl, yüksək səviyyə deməkdir. Keçmişdə bizim musiqi məktəblərində, əsasən, Avropa musiqisi tədris olunurdu. Avropa musiqisini dinləyərək böyümüşəm. Gərək biz öz musiqimizi, öz klassikamızı sevək. Mənim üçün Hacıbaba Hüseynov da, yaxşı aşıq musiqiləri də, Bethoven də, hind raqaları da, qədim Çin operası da mükəmməl musiqidir. Azərbaycan bəstəkarı Soltan Hacıbəyovun "Karvan" simfonik lövhələri əsəri orkestr şedevridir. Musiqi dinləmək də dönəmə baxır. İndi özümün fortepiano üçün yazdığım "Axar su" əsərimi daha çox dinləyirəm. Qustav Möllerin simfoniyalarını çox sevirəm. Ən çox dinlədiyim müğənni Maykl Ceksondur. Bill Levinsonun caz musiqisini dinləməkdən zövq alıram. Məsələ burasındadır ki, indi biz hamılıqla musiqi təfəkkürümüzü də dəyişməyə çalışmalıyıq. Böyük bəstəkarlarımızın gördüyü işlər hesabına biz artıq Avropa musiqisinə yaxşı bələdik. Gənc musiqiçilər artıq bütün janrlarda musiqi yaza bilirlər. İndi bizə hərtərəflilik lazımdır. Azərbaycan bəstəkarı həm Qərb, həm də Şərq musiqisini yaxşı bilməlidir. Bu olmasa, yeni mərhələ də alınmayacaq.
Bəstəkar musiqinin xiridarıdır
Bəzən məndən soruşurlar, Musiqi Akademiyasının bəstəkarlıq kafedrasının müdirisiniz. Bu qədər tələbə yetişdirirsiniz. Vaxtında Qara Qarayevlər, Fikrət Əmirovlar yetişirdi. İndi onlardan niyə yoxdur? Onu da deyim ki, bu kafedranın təməli Üzeyir bəy tərəfindən qoyulub, Qara Qarayevin səyi ilə çox böyük bir yol keçib. Deyirəm ki, vaxtında Qara Qarayevlər də, Fikrət Əmirovlar da indiki gənclər kimiydilər. Təzə konservatoriyanı bitirmişdilər. Onlara radioda, televiziyada təbliğ edilmələri üçün, yazdıqlarını o andaca səsləndirmək üçün imkan yaradırdılar. Onların haqqında verilişlər hazırlanır, qəzet və jurnallarda yazılar dərc olunurdu. Dövlət onlara maddi və mənəvi dəstək olurdu. İnsanlar onları televiziyadan tanıyırdılar. Əsərlərini dinləyirdilər. Beləcə, onlar gəlib Qara Qarayev, Fikrət Əmirov oldular. Azərbaycan xalqı çox istedadlıdır. Çox da istedadlı gənclərimiz var.
Bir baxın televizoru açmaq olmur. Bizim televiziyalara az baxıram. Ümumiyyətlə, baxmıram. Baxdığım da informasiya almaq xatirinədir. Yeni bir bəstəkarın əsərini vermirlər. Radioda da onların əsərlərini eşitmirik. Artıq belə musiqiyə dəyər verilmir.
Əvvəllər mən teatra gedib musiqi yazırdım. Onun maddi tərəfi də var idi. İndi nə tələbələrimi çağıran var, nə də musiqi sifariş verən. Böyükhəcmli əsərlər var. Nə təbliğatı var, nə də maddi təminatı. Ona görə də bəstəkarlar sənəti atıb başqa işlə məşğul olurlar.
Bu gün cürbəcür adamlar televiziyaya çıxıb deyirlər ki, mən bəstəkaram. Nə ondan sənətini soruşan olur, nə də onun necə bəstəkar olduğunu bilən var.
Allahın istedad verdiyi adamlar var. İstisnalar olur. Elə adamlar var heç bir musiqi təhsili olmasa da, gözəl bir musiqi yaza bilir. Amma ona bəstəkar deməzlər. Mədəni yerlərdə deyirlər ki, musiqisi filankəsə aiddir. 27 il radio və televiziyada işləmişəm. Mahnımı orada səsləndirmək üçün çəkmədiyim əziyyət qalmırdı. 4 mahnı gətirirdim, biri keçirdi. İndi kim bunu dəyərləndirir? Artıq dinləyicilərin də zövqü korlanıb. Yaxşı musiqini seçə bilmirlər. Bəstəkar musiqinin xiridarıdır, musiqinin canını, ruhunu bilən adama deyilir.
Elşən QƏNİYEV,
"Azərbaycan"