Bütün dövrlərin ən böyük futbolçularından olan 39 yaşlı Lionel Messi Argentina milli komandasından getdiyini elan edib. O, Argentina millisində 207 oyun keçirib, 125 qol vurub və milli komandanın hər iki göstərici üzrə rekordunu yeniləyib. 2022-ci ildə Qətərdə keçirilən Dünya Kuboku yarışında kapitan Messi komandası ilə birlikdə çempion titulunu qazanıb.
İnstaqramda verdiyi açıqlamada səkkizqat "Qızıl top" mükafatçısı milliyə əlindən gələni etdiyini və komandaya bundan artıq heç nə verə bilməyəcəyini bildirib: "Vaxt bitir, səhifələr çevrilir və bu səhifə məni çox incidir... Mən milli komanda üçün əlimdən gələni etdim, bundan artıq heç nə verə bilmərəm və bundan əlavə, arxamca şansa layiq olan gözəl gənc oyunçular gəlir".
Avqust ayında atası Xorxenin vəfatından sonra Messi sosial mediada futbolla bağlı gələcəyini düşündüyünü yazmışdı. O, etiraf etmişdi ki, Dünya Kuboku finalındakı məğlubiyyətdən iki gün sonra - iyulun 21-də milli komandadan istefa ərizəsi yazıb: "Bu gün, atamın başına gələnlərdən sonra, düzgün qərar verdiyimə həmişəkindən daha çox əminəm". Amma Messi hələ futboldan tamamilə ayrılmayıb, o, Amerika Böyük Futbol Liqasında (MLS) "İnter Mayami" komandasının oyunçusu olaraq qalır.
Lionel Messi milli komandada ilk dəfə 2005-ci ildə Macarıstana qarşı yoldaşlıq oyununda oynayıb. Argentina matçı 2-1 hesabı ilə qazanıb. Lakin 63-cü dəqiqədə meydana çıxan Messi bir dəqiqədən az müddət sonra rəqibini dirsəklə vurduğuna görə qırmızı vərəqə alıb. Bu uğursuz starta baxmayaraq, onun inanılmaz istedadı sonda öz yerini tutub və Messi həm özü, həm də milli komandası ilə həqiqətən əlamətdar bir futbolçu olub. Onunla birlikdə Argentina 2 dəfə Amerika Kuboku titulunu və Dünya Kubokunu qazanıb.
Dünya Kubokunda vurduğu qolların sayına (21) görə yalnız Fransa millisinin oyunçusu Kilian Mbappe (22) onu üstələyir. Milli komandada vurduğu qolların sayına görə (125) isə yalnız planetin ən yaxşı futbolçusu kimi qeyri-rəsmi titul uğrunda uzun müddət rəqibi olan portuqaliyalı Kriştiano Ronaldodan (146) geri qalır. Messi demək olar ki, bütün karyerasını keçirdiyi "Barselona" ilə klub səviyyəsində mümkün olan bütün kubokları qazanıb, özü də dəfələrlə.
Builki Dünya Kubokunda 39 yaşlı futbolçu 8 qol vurub və 4 məhsuldar ötürmə edib. Nəticədə mundiallarda 12 məhsuldar ötürmə ilə daha bir rekorda imza atıb.
Messi İnstaqram yazısında azarkeşlərə deyib: "Son 20 ildə paylaşdığınız sevgiyə görə təşəkkür edirəm. Xəyal etdiyimiz və komanda yoldaşlarımla birgə sizə verdiyimiz anlarla rahatlıqla və qürurla ayrılıram".
Rizvan CƏFƏROV,
"Azərbaycan"