Dünyanı sarsıdan Xocalı faciəsindən 33 il keçir. 33 ildir ki, bu faciənin ağrı-acıları ürəyimizi ağrıdır, qəlbimizi göynədir. Soyuq bir qış axşamında - 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə təpədən-dırnağadək silahlanmış erməni işğalçıları Azərbaycanın qədim yurd yerlərindən biri olan Xocalı şəhəri üzərinə hücuma keçdilər.
İnsanlığa ləkə olan erməni qəsbkarları həmin gecə tarixin yaddaşında qanlı izlərlə qalmış dəhşətli faciə törətdilər. Düşmənlər əsrlərdən bəri bu gözəl və qədim diyarda yaşayan azərbaycanlıları böyük qəddarlıqla qətlə yetirdilər. Həmin soyuq qış gecəsində Xocalıda qan su yerinə axdı. Erməni işğalçıları heç kəsə aman vermədən qocaları, uşaqları, qadınları da gülləboran etdilər, ağır işgəncələrlə öldürdülər.
Bir gecənin içində Xocalıda baş vermiş qanlı faciədə erməni işğalçıları 613 nəfər şəhər sakinini amansızcasına qanlarına qəltan etdilər. Faciənin ağırlığını göstərən faktlar ürək dağlayır, rəqəmlər qan ağlayır. Xocalıda amansızcasına öldürülənlərdən 63 nəfəri uşaq, 106 nəfəri qadın idi. Qəflətən dinc insanların yaşadıqları şəhərə hucum edən daşnaklar 8 ailəni tamamilə məhv etmişdilər. Bu qanlı hadisə nəticəsində 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirmişdir. 487 nəfər ağır yaralanmışdır. Onlardan 76-sı azyaşlı uşaqlar idi. 1275 nəfər şəhər sakini isə erməni qəsbkarları tərəfindən əsir götürülmüşdür.
Erməni işğalçıları Qarabağ torpaqlarını zəbt etməyə başlayan günlərdən Xocalının da başının üstünü işğal olunmaq təhlükəsi almışdı. Buna görə də şəhərin sakinləri özünümüdafiə taboru yaradaraq doğma yurdlarını erməni qəsbkarlarından qoruyurdular. Torpaq, Vətən qeyrəti çəkən oğullar bir-bir silaha sarılaraq qoynunda dünyaya göz açdıqları torpağın müdafiəsinə qoşulurdular. Günlər keçdikcə yurdunu müdafiə edənlərin sayı artırdı. Həmin çətin günlərdə Xocalını qoruyan oğullardan biri də Nemət Musa oğlu Şahmuradov idi. Nemət özü bu diyarda dünyaya göz açmasa da, gözəlliyinə heyran olduğu şəhəri ermənilərdən qorumağa gəlmişdi. Nemət Şahmuradov son nəfəsinədək Xocalı uğrunda döyüşdü, yağıların şəhərə girməsinin qarşısını almaq üçün bütün gücünü, bacarığını səfərbər etdi. Düşmən hücumu getdikcə güclənib qarşısı alınmaz olanda isə cəsur döyüşçü dinc əhalini təhlükəli yerlərdən sağ-salamat çıxarmağa çalışdı. İki dəfə Xocalı camaatının bir qrupunu təhlükəsiz yerlərdən keçirib Ağdamın Şelli kəndinə gətirdi. Üçüncü dəfə geri qayıdanda isə… Bu dəfə camaatı ermənilərdən xilas etməyə qayıdanda kənd sakinləri ilə birlikdə Kətil meşəsinin ətəklərində düşmən pusqusuna düşdülər. Xocalılılardan onları yaralı vəziyyətdə görənlər oldu. Amma onların heç birisindən 32 il bir soraq çıxmadı...
Nemət Musa oğlu Şahmuradov əslən Xocalıdan deyildi. O, Goranboy rayonunun Qaşaltı kəndində doğulmuşdu. Bu gözəl yerlərin havasını uda-uda suyunu içə-içə böyümüşdü. Xocalı sakini olan Sahibə xanımla ailə həyatı qurmuşdu. Çoxları kimi o da bir parça çörək arxasınca keçmiş ittifaqın uzaq şəhərlərinə getmişdi. İnşaat texnikumunu bitirdikdən sonra Astarxan vilayətində tikinti sahəsində çalışırdı. Həyatından, yaşayışından, qazancından razı idi. Ömrü öz axarı ilə ötüb keçirdi. Sevib-seçdiyi, bəyəndiyi Sahibə adlı xanımla ailə həyatı qurmuşdu. Ailələrində iki qız övladı böyüyürdü. Qızları Könüllə, Xatirə ilə, həyat yoldaşı ilə baş-başa verib dinc həyatlarını yaşayırdılar. Qaniçən ermənilər Qarabağa hücum edib müharibəyə başlamasaydılar, Azərbaycanın torpaqlarını işğal etməsəydilər, Nemət öz ailəsi ilə həyatının sonuna kimi beləcə, xoş və firavan ömür yaşayacaqdı. Amma Qarabağda daşnakların başladıqları müharibə çoxları kimi onun da həyatını öz axarından çıxartdı…
Nemətin yaşadığı Astarxan şəhərinə qoynunda dünyaya göz açdığı Vətəndən acı xəbərlər gəlirdi. Bu qan qoxulu xəbərləri eşitdikcə onun ovqatı pozulur, narahat hisslər keçirirdi. O, bir yerdə qərar tuta bilmirdi, baş verənləri götür-qoy edirdi. Narahatçılıq içində döyünən ürəyi onu Vətənə çəkirdi. Ürəyinin döyüntüsünə qulaq aşan Nemət geri qayıtmaq, Qarabağı erməni işğalçılarından qoruyanların sırasına qoşulmaq qərarına gəldi. İstəyini həyata keçirmək üçün o, Astarxanda çox ləngimədi, tezliklə Vətənə qayıtdı. Vaxt itirmədən silaha sarılaraq döyüşlərə yollandı. Mehdikənd, Daşbulaq və başqa yaşayış məntəqələri uğrunda gedən döyüşlərdə fəal iştirak etdi. Həmişə öndə vuruşan Nemət sərrast atəşlə erməni işğalçılarını məhv edirdi. Döyüşlər gərginləşdikcə vəziyyət pisliyə doğru dəyişirdi, təminat zəifləyirdi. Günlər keçdikcə zabit və əsgərlərin patron ehtiyatı tükənirdi, döyüşçülərin sırası seyrəlirdi. Postlardan bir-birinin ardınca ağır xəbərlər gəlirdi. Qarabağın başqa kəndləri uğrunda vuruşan Nemət bir müddətdən sonra Xocalıya qayıdaraq şəhəri qoruyanların sırasına qoşuldu. Gecə-gündüz bilmədən barıt qoxulu səngərlərdə qeyrətli oğullarla çiyin-çiyinə verib şəhərin keşiyini çəkdi. Torpaq uğrunda, Qarabağın azadlığı naminə son nəfəsinə, son döyüşünə qədər cəsarətlə vuruşdu. Nemətin son döyüşü də, həyatının son günü də 26 fevral 1992-ci ildə oldu.
Həmin günlərdə Nemət Şahmuradov 24 yaşının içindəydi, ömrünün ən gözəl çağlarını yaşayırdı. Əgər düşmən gülləsinə tuş gəlməsəydi, həyatını Qarabağın bu gözəl guşəsində yaşayacaqdı. Təəssüf ki, bu, ona qismət olmadı. Qarşısına qoyduğu müqəddəs amalı uğrunda canından keçdi, amma tutduğu şərəfli yoldan dönmədi. Döyüşçü dostlarının, yaxınlarının yaddaşında, cəsur, qorxmaz bir insan kimi qaldı.
Nemət Şahmuradov həyat yoldaşı Sahibədən, qızları Xatirə və Könüldən, həmçinin qırxgünlük oğlu Elçindən nigaran getdi. Övladlarının xoş günlərini görmək ona qismət olmadı. Şəhidin həyat yoldaşı Sahibə xanım Neməti itirəndən sonra ümidsiz yaşamadı. Onun bir vaxtlar ürəyində dolaşan arzularını həyata keçirtməyə başladı. Böyük əziyyətlərə qatlaşaraq övladlarını böyütdü. İndi qızları ailə həyatı qurub ömürlərinin xoşbəxt günlərini yaşayırlar.
Sahibə xanım söhbətinə davam edərək deyir ki, üstündən çox illər ötüb keçsə də Xocalı faciəsi heç vaxt yaddaşımızdan silinməyəcək. Həmin vaxtlar çox kədərli, qəmli günlər yaşadıq. Şəhərimiz işğal olunan gün ermənilər başqa sakinlərlə bərabər anam Zabilə Mehralıyevanı da əsir götürmüşdülər. Günümüz ah-zar içində keçirdi, göz yaşımız qurumaq bilmirdi. Həmin günlər qardaşlarım Cümşüd də, Zakir də Xocalını qoruyanların sırasındaydı. Xocalı işğal olunandan sonra qardaşım Cümşüdü tapa bilmirdik. Şükür ki, o, iki gündən sonra meşəlik və dağlıq ərazilərdən keçib sağ-salamat gəldi. Onun vəziyyəti yaxşı deyildi, ayaq üstə güclə dayanırdı. Qardaşım Zakir də Xocalı uğrunda gedən döyüşlərdə ağır yaralanmışdı. Bir müddət Ağdamdakı xəstəxanada yatandan sonra sağalıb ayağa qalxdı. Qardaşlarım gəlsələr də anamdan xəbər çıxmırdı, artıq əlimizi ondan üzmüşdük. Amma şükürlər olsun ki, bir aydan sonra ermənilər çox böyük çətinliklə anamı və başqa sakinləri muzdlu döyüşçüləri ilə dəyişdilər. Anamı görəndə gözlərimiz, ürəyimiz qan ağladı. İnsanlığa ləkə olan ermənilər ona ağır işgəncələr vermiş, gözünün birini çıxarmışdılar.
Şəhid Nemət Şahmuradovun oğlu Elçin də böyüyüb, artıq Vətən qarşısındakı övladlıq borcunu da yerinə yetirib. O, hazırda hüquq-mühafizə orqanlarında xidmət edir. Elçin atasının şərəfli ölümünə kədər yüklü şeir də yazıb. Təəssüflənir ki, balaca olub, atasını görə bilməyib. Onun qucağının istisini hiss etməyib, nəfəsini duymayıb. Atasının şəkli önündə dayanan Elçin bu misraları yazıb:
Hərdən kövrəlirəm şəklin önündə,
Axı qırxlı idim sən ölən gündə.
Mənim gülüşümü sən görsən də,
Mən səni doyunca görmədim, ata!
Misralardan hiss olunur ki, şeiri yazarkən Elçinin ürəyi atasının qatilləri olan ermənilərə qarşı nifrətlə, qisas və intiqam hissi ilə döyünüb. O günü intizarla, həsrətlə gözləyib. Təkcə Elçininmi? Əlbəttə, yox! Bütün Azərbaycan xalqı Qarabağın azad olunacağını, erməni işğalçılarından şəhidlərin qisasının alınacağı günü gözləyib.
Gözlənilən tarixi gün 2020-ci ildə gəldi. Həmin il sentyabrın 27-də erməni işğalçıları ölkəmizin yeni ərazilərini ələ keçirmək üçün qəflətən mövqelərimiz üzərinə hücuma keçdilər. Ermənilərin təxribatı nəticəsində İkinci Qarabağ müharibəsi başladı. Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi altında 44 gün ərzində düşmənə sarsıdıcı zərbələr vuraraq 30 ilə yaxın davam edən işğala son qoydu. Uğurlu döyüşlər nəticəsində Xocalı rayonunun da bir neçə kəndi işğaldan azad olundu. Erməni qəsbkarlarından şəhidlərin intiqamı alındı, qisas qiyamətə qalmadı. Qarabağda separatizmin kökünü birdəfəlik kəsmək üçün 19-20 sentyabr 2023-cü ildə şanlı Azərbaycan Ordusu lokal xarakterli antiterror əməliyyatı keçirdi. 24 saatdan da az çəkən uğurlu əməliyyat nəticəsində erməni faşizminin, erməni separatizminin uzun illərdən bəri Qarabağda məskən salmış yuvası darmadağın olundu. Ölkəmizə qarşı hədyanlar söyləyən separatçılar ağ bayraq qaldıraraq təslim oldular. Uğurla başa çatan antiterror tədbirləri nəticəsində Azərbaycanın əbədi-əzəli torpaqları olan gözəl Qarabağın Xankəndi, Xocavənd, Ağdərə, Xocalı və başqa şəhərləri, kəndləri erməni işğalçılarından tamamilə təmizləndi. Bu şəhər və qəsəbələrdə Azərbaycanın üçrəngli bayrağı dalğalanmağa başladı. Uzun illərdən bəri başqa şəhərlər kimi Xocalıya gedən yollar da açıldı.
Xocalı şəhəri azad olunandan sonra qəsbkarların bir çox amansız vəhşilikləri üzə çıxdı. Yol çəkilişləri və başqa zəruri qazıntılar zamanı kütləvi məzarlıqlar aşkarlandı. Məlum oldu ki, ermənilər əsir götürdükləri şəhər sakinlərini amansılıqla qətlə yetirərək meyitlərini kütləvi şəkildə çala-çökəklərə atıb üstünü basdırıblar. Basdırıblar ki, vəhşiliklərini dünyadan gizlətsinlər. Amma tarix heç nəyi gizli saxlamır. Xocalıda aşkarlanan kütləvi məzarlıqdakı sümüklərdən götürülən DNT analizləri nəticəsində onların şəxsiyyətlərini müəyyən etmək mümkün oldu. Kətil meşəsinin ətəklərində aşkarlanan kütləvi məzarlıqdakı qalıqlardan götürülmüş nümunələrdən onlardan birinin şəhid Nemət Musa oğlu Şahmuradova məxsus olduğu müəyyənləşdirildi və bu barədə ailəsinə məlumat verildi.
Şəhidin yoldaşı Sahibə Şahmuradova həmin günlərdən söz açaraq dedi ki, doğma yurdum, el-obam Xocalı erməni işğalçılarından azad olunanda sanki dünyanı mənə verdilər. Ümid etdim ki, bundan sonra həyat yoldaşımın öldüsündən, qaldısından da bir xəbər öyrənə bilərik. Çünki Nemət itkin düşmüş hesab olunurdu. Haradasa ürəyimin bir küncündə ümid edirdim ki, o sağdır, erməni əsirliyindədir. Bəlkə də günlərin birində qayıdıb gələr. Amma 2024-cü il iyul ayının 5-də telefonuma gələn zəng bütün ümidlərimi alt-üst etdi. Xəbər verdilər ki, Xocalıdakı kütləvi məzarlıqda Nemətin də nəşi aşkarlanıb. Başqa şəhidlərlə bərabər onu da iyulun 11-də Xocalıdakı Şəhidlər xiyabanında dəfn edəcəklər. Deməli, ermənilər həyat yoldaşımı elə sonuncu dəfə sakinlərin gördüyü yerdə, Kətil meşəsinin ətəklərində qətlə yetiriblər. Xocalıda Şəhidlər xiyabanı da elə həmin əraziyə yaxın yerdə salınıb.
Erməni işğalçılarının törətdiyi bu qanlı faciənin üstündən 32 il keçmişdi. Amma sanki bütün bunlar dünən, srağagün olmuşdu. Övladlarımla bərabər ata-baba yurdum Xocalıya, həyat yoldaşımın dəfnində iştirak etməyə getdik. Biz Xocalıdan qaçqın düşəndə uşaqlar çox balaca idilər. Elçin hələ qırxlı körpə idi. Amma indi maşallah, üçü də böyümüşdü. Oğlum üzünü görmədiyi, nəfəsini duymadığı, yalnız şəkillərini gördüyü atasının dəfninə gedirdi. Bunu fikirləşəndə özümdən asılı olmadan hönkürüb ağladım. Yolboyu övladlarım Xocalı faciəsi haqqında mənə suallar verirdilər. Doğma ocaqlarımıza yaxınlaşdıqca özümdən asılı olmadan qəribə hisslər keçirirdim. Ata-baba yurdumuz ahənrüba kimi məni özünə çəkirdi.
Başımı ağlaya-ağlaya Nemətin tabutunun üstünə qoyub acı göz yaşları içində onu qucaqladım. Bir anlıq birlikdə yaşadığımız xoşbəxt günlər yadıma düşdü. Erməni işğalçıları hamı kimi bizim də bu gözəl günlərimizi əlimizdən aldı. Dəfn mərasimi izdihamlı keçdi. Şəhidlərin doğmaları ilə bərabər, Xocalı Rayon İcra Hakimiyyətinin nümayəndələri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri dəfndə iştirak edirdilər. Nemətin dəfninə qardaşları Müseyib, Pərviz və bacıcı Zivər də gəlmişdi. Həmin gün ömrümün ən kədərli anlarını yaşadım. Xocalının müdafiəsində sonadək dayanmış, öz həyatını təhlükəyə ataraq darda qalmış insanlara kömək etmiş həyat yoldaşımla fəxr edirəm. Övladlarımı da onun adına layiq böyütməyə çalışmışam.
Oğlum Elçinin yaşı keçsə də, evlənmək, ailə qurmaq istəmirdi. Hər dəfə ona bu barədə deyəndə cavab verirdi ki, atamdan bir xəbər çıxmayınca toy edə bilmərəm. Lap ömrümün sonuna qədər olsa da onu gözləyəcəm. Atasının dəfnindən bir neçə ay sonra axır ki, Elçini yola gətirə bildik. Bu yaxınlarda ona toy elədik.
Bundan sonra həyat yoldaşımın məzarı doğmalarının ziyarətgahına çevriləcək. Vətən yolunda vuruşan, döyüşən və öz şirin canından keçən oğul və qızlarımız heç vaxt unudulmayacaqlar. Onlar həmişə xatırlanacaq və hörmətlə anılacaqlar. İndi Nemət bir vaxtlar müdafiəsinə qalxdığı torpağın qoynunda rahat uyuyur. Çünki Xocalı azaddır, buna görə onun da ruhu şaddır. Çox keçməz ki, biz də doğma ocaqlarımıza qayıdar, yenə də Xocalıda yaşayarıq.
Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"