7 fevral 2024-cü il - növbədənkənar prezident seçkisindən artıq bir il ötür. İndiyə qədər ölkəmizdə keçirilmiş digər seçkilər kimi, bu seçki də tariximizin daha bir şərəfli səhifəsidir. Ötən əsrin 90-cı illərinin əvvəllərindən başlayaraq müstəqil Azərbaycan Respublikasında bir neçə dəfə prezident, parlament, bələdiyyə seçkiləri keçirilib. 7 fevral prezident seçkisinin isə xüsusilə özünəməxsus tarixi əhəmiyyəti var.
Bu seçki 2020-ci ilin Vətən müharibəsindəki şanlı Zəfərimiz, daha sonra isə 2023-cü ildə aparılmış antiterror əməliyyatı nəticəsində Azərbaycanın ərazi bütövlüyünün tam bərpasından sonra ilk dəfə olaraq bütün ərazilərimizdə, o cümlədən işğaldan azad edilmiş torpaqlarımızda keçirilmiş ilk seçki olmuşdur. Ona görə də 7 fevral prezident seçkisi ölkəmizin siyasi tarixində mühüm əhəmiyyət daşıyır. Bununla Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam təmin edilməsi bir daha təsdiqlənmiş oldu. Azad yurdlarımızda dövlət hakimiyyətinin bərpasının, vətəndaşların konstitusion hüquqlarının təmin edilməsinin göstəricisi kimi Xankəndidə, Şuşada, Laçında, Zəngilanda və digər rayonlarımızda seçkilər təşkil olundu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xankəndidə təşkil olunmuş seçki məntəqəsində ailə üzvləri ilə səs verməsi bu şanlı tariximizin bundan sonra da əsrlər boyu xatırlanacaq qürur anı idi.
Yeni strateji dövrün başlanğıcı
Prezident seçkisinin bütün ərazilərimizdə keçirilməsi beynəlxalq ictimaiyyətə Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin təmin edilməsi mesajını verdi. Bu, ölkəmizin dünyada nüfuzunun və mövqeyinin güclənməsinə daha bir töhfə oldu. Azərbaycan bu seçki ilə tarixi qələbəmizdən sonra yeni bir strateji inkişaf dövrünə keçid etdi. Bu mənada son prezident seçkisi Azərbaycanın siyasi tarixində yeni bir mərhələnin başlanğıcını simvolizə edir.
Seçki həm də milli birliyimizin, həmrəyliyimizin daha bir rəmzinə, möhtəşəm təntənəsinə çevrildi. Bu seçki xalqın öz liderinə və dövlət siyasətinə olan etimadını nümayiş etdirdi. Ölkəmizdəki bütün seçki məntəqələrində müşahidə olunan yüksək seçici fəallığı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mütləq qələbəsi, xalq-dövlət birliyinin, milli həmrəyliyin təzahürü kimi tarixə yazıldı.
Seçkilər zamanı seçici fəallığı 76,43 faiz təşkil etdi ki, bu da müstəqillik tariximizin ən yüksək göstəricilərindən biri idi. Belə bir seçici fəallığı şəraitində keçən seçkidə cənab İlham Əliyev 92,12 faiz səs topladı.
Azərbaycan seçicilərinin dövlətimizin başçısı İlham Əliyevə yüksək etimad göstərməsini, ölkə rəhbərimizin ictimai reytinqinin belə yüksək olmasını şərtləndirən təbii ki, bir çox amil var. Bu amillər əsasən ölkənin son illərdə keçdiyi inkişaf yolu, siyasi, iqtisadi və hərbi uğurları, xalqın rifah səviyyəsinin yaxşılaşması və beynəlxalq aləmdə Azərbaycanın mövqeyinin güclənməsi ilə bağlıdır.
Ölkə seçicilərinin böyük əksəriyyətinin cənab İlham Əliyevə göstərdiyi mütləq etimad Azərbaycanı tarixinin ən qüdrətli mərhələsinə yetirmiş Liderin rəhbərliyi dövründə son onilliklərdə əldə edilmiş nailiyyətlərdən, xalqın rifahına yönəlmiş siyasətə münasibətdən, dövlətimizin beynəlxalq mövqeyinin güclənməsinin yaratdığı qürur və rəğbət hissindən qaynaqlanır.
Uzun illərin davamlı hazırlığından, addım-addım həyata keçirilən strateji tədbirlərdən sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun torpaqlarımızı işğaldan azad etməsi, bu ərazilərdə başlanan genişmiqyaslı bərpa və quruculuq işləri, keçmiş məcburi köçkünlərin tədricən öz yurdlarına qayıtmağa başlaması Azərbaycan xalqının öz liderinə olan inamını daha da artırdı. İnsanlarımız bir daha gördülər ki, Prezident İlham Əliyevin sözü də imzası qədər dəyərlidir. O, verdiyi hər bir sözü tutur, qarşıya qoyduğu hər bir hədəfə çatmağa nail olur və bu zaman gücünü xalqın dəstəyindən, vətəndaşlarımızın ona olan inamından alır.
Azərbaycan xalqı üçün 7 fevral prezident seçkisi günü seçki məntəqələrinə gəlmək təkcə səsvermə prosesində iştirak deyildi. İnsanlarımız ərazi bütövlüyümüzü, suverenliyimizi təmin edən, illərlə düşmən tapdağı altında qalmış əzəli məskənlərimizə yollarımızı açan, yurd həsrətimizə son qoyan, milli qürurumuzu özümüzə qaytaran qüdrətli Liderə minnətdarlıqlarını ifadə etmək üçün seçki məntəqələrinə gəlirdilər. Eyni zamanda bununla göstərirdilər ki, xalq qüdrətli Liderinin - İlham Əliyevin yanındadır. Ölkəmizin, regionumuzun bu günü və gələcəyi ilə bağlı bütün strateji planlarının icrasında ona dəstəkdir. Azərbaycan Prezidenti xalqın inam və etimadından güc alaraq dövlətimizi bundan sonra da böyük hədəflərə doğru apara bilər.
Ümumxalq inamı
7 fevral prezident seçkisində Azərbaycan xalqı yürütdüyü parlaq xarici siyasətlə müstəqil dövlətimizi böyük güclərin təsirlərindən kənar saxlamağa müvəffəq olan strateqə, qətiyyətli və balanslı xarici siyasəti nəticəsində beynəlxalq arenada dövlətimizin mövqelərini möhkəmləndirən Liderə səs verdi. Ölkəmizdə ictimai-siyasi sabitliyin qorunmasına nail olan, Azərbaycanı sosial-iqtisadi cəhətdən gücləndirən, vətəndaşlarımızın rifahını yüksəldən dövlət xadiminə etimad göstərdi.
Xalqımız Azərbaycan Ordusunu regionun ən güclü, dünyanın ən qabaqcıl ordularından birinə çevirən, xalqın təhlükəsizlik və güvən hissini gücləndirən Müzəffər Ali Baş Komandana yekdil dəstəyini ifadə etdi. Ölkə vətəndaşları Prezident İlham Əliyevin timsalında milli vəhdətə, vətəndaş-dövlət birliyinə, mədəniyyətlər, dinlər arasında dialoqa, multikultural dəyərlərə, qarşılıqlı hörmət ruhuna səs verdi.
Davamlı inkişaf, ardıcıl nailiyyətlər
Dövrünün bütün qüdrətli liderlərinin uğurunu şərtləndirən əsas cəhətlərdən biri məhz strateji düşüncə, zamanın axarını duymaq bacarığı və gələcəyə hazır olmaq əzmidir. Müasir dünyamızın ən parlaq dövlət adamlarından olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasətin, verdiyi qərarların məzmununa nəzər yetirdikdə dövlət rəhbərimizin bütün qüdrətli liderlərə xas olan yüksək cəhətləri necə uğurla öz şəxsiyyətində birləşdirdiyini görə bilirik.
Xalqımızın yekdil dəstəyi ilə Azərbaycan Respublikasının Prezidenti seçilmiş İlham Əliyevin Milli Məclisdəki andiçmə mərasimindəki çıxışı da milli dövlətçilik ənənələrimizin əlamətdar anlarından biri kimi tarixə yazıldı. Dövlət başçısı çıxışında dedi: "Əldə edilmiş bütün nailiyyətlərin mənbəyi Azərbaycan xalqıdır, onun mənə göstərdiyi inam və onun vahid amal ətrafında birləşmə bacarığıdır. Biz, doğrudan da, bütün dünyaya sübut etmişik ki, böyük xalqıq, biz öz taleyimizi özümüz həll edirik, ölkə qarşısında duran problemləri özümüz heç kimin köməyi olmadan həll edirik və əsaslı şəkildə həll edirik".
Prezident İlham Əliyev həmin çıxışında Azərbaycanın artıq daxil olduğu yeni strateji dövrün ümumi mənzərəsini də canlandırdı, əsas hədəflərini diqqətə çatdırdı. Reallıq bundan ibarətdir ki, müstəqil dövlətimiz bu yeni dövrə tarixin ağır mirasından xilas olmuş, bir zamanlar həlli müşkül görünən problemləri uğurla yoluna qoymuş şəkildə, eyni zamanda əvvəlki dövrlərin zəngin təcrübəsi ilə daha da güclənmiş halda, milli qürurunu, ləyaqətini bərpa etmiş tərzdə daxil olur. Davamlı inkişaf, ardıcıl nailiyyətlər, önümüzdəki böyük hədəflərə çatmaq üçün qarşımızda keçilməsi qeyri-mümkün maneələr yoxdur.
"Güclü Azərbaycan bizim həmişə hədəfimiz olub" deyən Azərbaycan Prezidenti buna böyük əminliyini ifadə etdi: "Əgər güclü Azərbaycan qurmasaydıq, əgər kimdənsə istər siyasi, istər iqtisadi sahədə asılı olmuş olsaydıq, heç vaxt biz ərazi bütövlüyümüzü bərpa edə bilməzdik. Uzun danışıqlar prosesi çərçivəsində dəfələrlə bizə hansısa yarımçıq təkliflər irəli sürülürdü, təklif edilirdi. Ancaq o təkliflər bizim üçün qəbuledilməz idi, mən hər dəfə deyirdim ki, Azərbaycan bayrağı ərazimizin hər bir yerində dalğalanacaq… Bayrağımız Şuşada, Xankəndidə dalğalanacaq, bizim siyasətimiz bundan ibarət idi. Biz bütün gücümüzü səfərbər edib bu hədəfə doğru gedirdik, biz hər gün, hər saat bu müqəddəs günü yaxınlaşdırırdıq. Təbii ki, yeni dövrə qədəm qoyarkən böyük ümidlərlə yaşayırıq. …Biz, əlbəttə, elə işləməliyik, elə addımlar atmalıyıq ki, bu ümidlər çin olsun".
Bütün uğurların mənbəyi
Bu seçkilər Prezident İlham Əliyevin liderliyinə olan ümumxalq inamını, Azərbaycanın qarşıdakı illərdə də güclü inkişaf yolunda davam edəcəyini göstərir. Seçkilərdən sonra dövlət başçısının rəhbərliyi ilə Azərbaycanın qazandığı bir sıra mühüm nailiyyətlər qədirbilən xalqımızın yenə də öz seçimində yanılmadığını göstərir. Bu nailiyyətlər müxtəlif sahələrə aid olmaqla ölkəmizin davamlı inkişafını təmin edir.
Son bir il ərzində Qarabağda, Şərqi Zəngəzurda bərpa-quruculuq işləri uğurla davam etdirilir. Azərbaycan heç bir dövlətin, xarici institutun köməyinə möhtac olmadan öz resursları hesabına bu prosesi ardıcıl şəkildə həyata keçirir, kənd, qəsəbə və şəhərlərimizin bərpası sürətlənir. Böyük qayıdış proqramı çərçivəsində keçmiş məcburi köçkünlər doğma yurdlarda onlar üçün inşa olunmuş yeni mənzillərdə məskunlaşaraq bu torpaqlarda yeni həyata başlayırlar.
Dövlətimizin iqtisadi inkişafı ilə bağlı layihələr uğurla davam etdirilir. Azərbaycana investisiya axını getdikcə güclənir. Yaradılmış xüsusi iqtisadi zonaların mövcudluğu özünü doğruldur. İqtisadi böyümə davam edir. Ölkəmizin bütün Cənubi Qafqaz regionunun əsas inkişaf mərkəzi kimi mövqeyi getdikcə daha da möhkəmlənir. Azərbaycanın təşəbbüsü və fəal iştirakı ilə icra olunan qlobal enerji-kommunikasiya layihələri mühüm nəticələr yaradır. Ölkəmizin beynəlxalq nüfuzu, dünya miqyasında əhəmiyyəti daha da artır.
Ötən bir il ərzində Azərbaycan COP29 kimi mühüm bir tədbirə yüksək səviyyədə evsahibliyi etdi. COP29-un tarixi nəticələri ilə bəşəriyyətə, iqlim dəyişikliklərinə qarşı mübarizə missiyasına əhəmiyyətli töhfələr verdi. Belə mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi beynəlxalq ictimaiyyətin Azərbaycana etimadının, Prezident İlham Əliyev şəxsiyyətinə hörmətin ifadəsi idi.
2024-cü ildə Azərbaycan ölkə xaricində keçirilən bir çox beynəlxalq mədəniyyət tədbirində iştirak edərək öz tarixini, zəngin mədəni irsini təmsil etdi. Dünyanın müxtəlif ölkələrində keçirilən sərgilərdə, festivallarda, digər mədəni toplantılarda incəsənətimiz, musiqi incilərimiz geniş auditoriyada təqdim olundu. Eyni zamanda Azərbaycan mədəniyyətinin müxtəlif sahələrində beynəlxalq əməkdaşlıq daha da gücləndi, mədəni mübadilə və təcrübə paylaşımı genişləndi.
"Sülh və qlobal təhlükəsizlik naminə dialoq" mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu son illər Azərbaycanın evsahibliyi ilə təşkil edilən ən mühüm beynəlxalq tədbirlərdən biri kimi yadda qaldı. XI Qlobal Bakı Forumu müzakirəyə çıxarılmış mövzuların aktuallığı ilə yanaşı, mövcud problemlərin aradan qaldırılması üçün irəli sürülən həllər və beynəlxalq ictimaiyyətə əhəmiyyətli çağırışlarla, bu gün və gələcək üçün faydalı nəticələri ilə tarixə yazıldı.
Azərbaycan Prezidenti xalqımızın milli-mənəvi dəyərlərinə böyük ehtiram göstərir, onların qorunmasını daim diqqətdə saxlayır. Cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti xalqımızın milli-mənəvi irsini zəngin və qiymətli miras kimi mühafizə etmək, gələcək nəsillərə çatdırmaq məqsədini hər zaman prioritet olaraq qəbul edir. Bu, ölkənin mədəni siyasətində əsas prinsiplərdən birini təşkil edir və Prezidentin milli kimlik və milli mədəniyyətə olan münasibətinin əksidir. Bu baxmdan 2024-cü il də milli-mənəvi dəyərlərimizə qayğı ili kimi yadda qaldı.
Tarixin ən qüdrətli Azərbaycanı
Bu gün tarixinin ən qüdrətli mərhələsində olan Azərbaycandakı inkişaf proseslərini hər bir vətəndaşımız da öz gündəlik həyatında hiss edə bilir. Əməkhaqları və pensiyalarda, müxtəlif sosial ödənişlərdə artımlar ötən bir il əzində də davam edib. İnsanlarımızın sosial rifahı, həyat şəraiti daha da yaxşılaşıb. Bu gün Qarabağın, Şərqi Zəngəzurun yenidən qurulmasına paralel olaraq ölkəmizin digər şəhər, qəsəbə və kəndlərində də infrastruktur layihələri uğurla davam etdirilir. Ölkə böyük bir abadlıq, quruculuq məkanını xatırladır.
İnkişaf proseslərinin dayanıqlılığı üçün cəmiyyət həyatının bir çox əhəmiyyətli istiqamətində islahatlar davam etdirilir. Müvafiq sahələr müasir çağırışlara uyğunlaşdırılır, idarəetmə mexanizmləri təkmilləşdirilir, şəffaflıq, effektivlik təmin olunur. Ordu quruculuğu tarixi Zəfərimizdən sonra da gücləndirilir. Azərbaycanın müdafiə potensialı daha da artır.
Bütün bu nailiyyətlər Prezident İlham Əliyevin siyasi müdrikliyi, uzaqgörənliyi sayəsində əldə edilib və Azərbaycanın davamlı inkişafına xidmət edir. Ölkəmiz bu nailiyyətlər işığında daha böyük zirvələrə yetişəcəkdir.
İradə ƏLİYEVA,
"Azərbaycan"