19 Oktyabr 2024 09:25
478
Mədəniyyət
A- A+
Əsrin dahisi, sənətin fədaisi

Əsrin dahisi, sənətin fədaisi



Bu il görkəmli rəssam Səttar Bəhlulzadənin 115 illik yubileyi tamam olur


Səttar Bəhlulzadə anadan rəssam doğulmuşdu. Onun təxəyyülü, dünyagörüşü, fikri, duyğusu, bir sözlə, bütün həyatı rənglər dünyası ilə bağlı olmuşdur. Hamı onun hüdudsuz sənət eşqi ilə dolu tablolarına tamaşa etməkdən doymur. Tamaşaçının nəzərləri tabloların işıq selinə bələnib rəssamın sirli-sehrli dünyasına yol alır, o ülvi aləmdə rahatlıq tapır, xoşbəxtliyə qovuşur. S.Bəhlulzadə haqqında çox yazılıb, çox deyilib. Amma rəssamın yaratmış olduğu sənət əsərlərinin bədii estetik mahiyyətini, sənətkarlıq xüsusiyyətlərini hələ də axıradək açmaq mümkün olmayıb. Çünki bu, əsl sənətdir, ülvi Səttar dünyasıdır, ilahi eşqin qüdrətilə yaradılmış canlı, əfsanəvi, ecazkar təbiət aləmidir. Tamaşaçı bu əsərlərə baxıb nə görürsə, necə görürsə, özünü necə hiss edirsə, elə odur. 

S.Bəhlulzadə Azərbaycan incəsənət tarixində öz yerini tutmuş fövqəladə yaradıcılıq qabiliyyətinə malik şəxsiyyətlərdəndir. Onun əsərləri özündə milli və bəşəri ənənələrin bütöv şəkildə təcəssüm olunması ilə seçilir. Ötən əsrin ortalarından musiqi sahəsində Vaqif Mustafazadə novator kimi qəbul olunursa, rəngkarlıq sahəsində bu "titulun" daşıyıcısı Səttar Bəhlulzadədir.

S.Bəhlulzadə 15 dekabr 1909-cu ildə Bakının Əmircan kəndində - Abşeron yarımadasında dünyaya göz açıb. Təhsilini Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda almışdı. Müəllimi məşhur rəssam Əzim Əzimzadənin təqdimatı ilə "Kommunist" qəzetində işləmişdi. S.Bəhlulzadə həmçinin Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunda məşhur rəssamlar V.Favorski, L.Bruni və Q.Şeqaldan dərs almışdır. Təhsil illəri - qürbət ölkə, ayrı-ayrı millətlərin nümayəndələri ilə ünsiyyət gələcək rəssamın yaradıcılıq yolunun müəyyənləşməsində, həyat təcrübəsinin formalaşmasında müstəsna rol oynamışdı.

İkinci Dünya müharibəsinin başlanması ilə təhsilini yarımçıq qoyub vətənə dönən rəssam müharibə illərində Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda pedaqoji fəaliyyətlə məşğul olmuşdur. Bu dövrdə  dünyada çox çətin proseslər baş verirdi. Savaş ölkəni iflic vəziyyətinə salmışdı. Aclıq, səfalət, qorxu Səttargilin də ailəsində ağır vəziyyət yaratmışdı. Ancaq bütün bunlara rəğmən xalqın əzmkarlıq ruhu ölməmişdi. Həyatın bütün sahələrində düşmən üzərində qələbə naminə çox güclü təbliğat aparılırdı. Bu mənada incəsənətin, o cümlədən də rəssamlığın üzərinə böyük yük düşürdü. Beləliklə, S.Bəhlulzadə o zaman bir çox rəssamlar kimi hansısa müasir hərbiçini, dövlət xadimini yox, sırf xalqımızın keçmiş qəhrəmanlıq ənənələrini, tarixi şəxsiyyətlərini təsvir etməklə həm özünün milli köklərə sayğısını, həm də tarixi qəhrəmanlıq obrazları ilə düşmənə qalib gəlmək əzmini aşılayırdı. S.Bəhlulzadə nənin "Babək üsyanı", "Fətəli xan", "Bəzz qalasının müdafiəsi", "Xəttat Mirəli Təbrizi" və sairə əsərlərini belə nümunələrdən saymaq olar. 

"Bəzz qalasının müdafiəsi" adlı əsəri kolorit zənginliyi, obrazların gözə çarpıcılığı, kompozisiyanın bitginliyi ilə diqqəti cəlb edir. Təəccüb doğuran və diqqətçəkən məqam bundadır ki, rəssam yaradıcılığının ilk dövrlərində tarixi janra, gerçəkçi üsluba üstünlük verir. Bunu tarixi şəraitin, dövrün hakim qaydalarının təsiri kimi də izah etmək olar. Digər tərəfdən, yaradıcılığa yenicə başlayan rəssamdan o dövr üçün  başqa nə isə gözləmək də düzgün olmazdı. Rəssam   tarixi  janrda yaratdığı əsərlərin ona uğur gətirməyəcəyini, onun yaradıcılıq dünyasının, bədii estetik dünyagörüşünün təzahüründə, bu janrın bədii imkanlarının məhdudluğunu duyur və sadalanan cəhətlərin açıqlanması istiqamətində özünün uğurlu axtarışlarını aparır və sonradan ona dünya şöhrəti qazandıracaq mənzərə janrında ölməz əsərlərini ərsəyə gətirməyə başlayır.

S.Bəhlulzadə bir rəssam kimi özünü mənzərə janrında təsdiq etmiş və bu istiqamətdə ölməz sənət inciləri yaratmışdır. Hələ Orta əsr Avropa incəsənətində bu ciddi janr kimi qəbul olunmurdu. Biz Azərbaycan təsviri sənətində müasir tipli ilk mənzərə nümunələrinə Azərbaycan professional rəssamlıq sənətinin banisi Bəhruz Kəngərlinin yaradıcılığında rast gəlirik. Əslində isə sənət ustasının hansı janrda, hansı üslubda işləməsindən asılı olmayaraq, son nəticədə əsl sənət əsəri yaradacağı təqdirdə tamaşaçı tərəfindən müsbət qarşılanacağı şəksizdir. 

S.Bəhlulzadənin yaradıcılığının 1950-ci illərin axırlarınadək olan işləri - "Dənizkənarı bulvar", "Xaçmaz yolunda", "Qudyalçay vadisi", "Qudyalçay sahili", "Qızbənövşəyə gedən yol", "Payız", "Yaşıl xalı", "Bağlararası", "Əmsar bağında", "Yuxarıdaşaltı", "Çiçəklər" və başqa əsərləridir. Bu işlərdə hələ rəssam realistik ifadə vasitələrindən tam olaraq uzaqlaşa bilməyib. Lakin bu işlərin hər biri müstəqil baxılır, diqqəti cəlb edir, insanı düşündürür və sevilir. 

S.Bəhlulzadə təbiətin vurğunu, sənətinin "dəlisi", hisslərinin azad ifadəçisi, düşüncələrini rənglərlə ifadə etməyi bacaran rəssam - filosof olmuşdur. Ötən əsrin 50-ci illərindən sonra, yəni 60-cı illərdə artıq S.Bəhlulzadənin axtarışlarla dolu yaradıcılığı yüksələn xətlə inkişaf etmişdir. Bu dövrdə rəssam artıq öz üslubunu, öz dəst-xətini yaratmışdır. Bu dövrdən etibarən rəssamın əsərlərində kompozisiya, kolorit, işıq-kölgə, perspektiva həlli tamamilə onun daxili aləminin, rəssam bədii təxəyyülünün diktəsinə tabe etdirilmişdir. "Xəzər üzərində axşam" (1959), "Xəzər gözəli" (1961), "Torpağın arzusu" (1963), "Kəpəzin göz yaşları" (1965), "Azərbaycan nağılı" (1970), "Corat yemişləri" (1971), "Əfsanəvi torpaq" (1971), "Naxçıvan dağları" (1973), "Naxçıvan" (1974), "Axşamçağı Ordubad dağlarında" (1974) və sairə bunu görmək olar. Böyük sənətkar Azərbaycanı qarış-qarış gəzmişdi. Rəssamın bütün əsərlərinin mövzusunu Azərbaycan təbiəti təşkil edir: meşələr, göllər, dağlar, çaylar, çəmənliklər və Xəzər dənizinin görüntüyə gətirilən guşələri. 

 S.Bəhlulzadənin əsərlərinin bir qismini isə Azərbaycan təbiətinin yetirdiyi nemətlər təşkil edir. O, Azərbaycan təbiətini təsvir edirdi. Konkret olaraq müşahidə etdiyi, gəzib-gördüyü, təmas zamanı hiss edilən maddi materiyanı bədii biçimdə kətanda əks etdirirdi. Özü də necə, hansı şəkildə?! Təbii ki, rəssam təxəyyülündən süzərək (bədii obrazlar vasitəsilə), özünəməxsus rəng effektləri yaratmaqla (kolorit, işıq-kölgə vasitələri ilə). Bir çoxları rəssamın yaradıcılığından söhbət açarkən nədənsə Azərbaycan təbiətindən, güldən, çiçəkdən və sair elementlərdən danışmağa başlayırlar. Bu, hələ Səttar Bəhlulzadə yaradıcılığının səciyyəvi xüsusiyyətləri demək deyil. Rəssamın 1960-cı illərdən sonra yaratdığı hər hansı bir əsərinə tamaşa etsək, orada real təbiət təsvirinə - materiyaya rast gəlmək mümkünsüzdür. Çünki mövzu hələ mahiyyət demək deyil. Düzdür, rəssam mövzu olaraq Azərbaycan təbiətini seçmişdir, ancaq mahiyyət etibarı ilə rəssamın yaratdığı əsərlər Azərbaycan təbiətinin zahiri mahiyyətindən qat-qat yüksəkdə dayanır. Dünyaca ünlü rəssam Van Qoq bir müddət Fransada - Arlda yaşayıb yaratmışdır. Elə rəssamın yaradıcılığının çiçəklənməsi də bu dövrü əhatə edir. Ancaq buna baxmayaraq, heç zaman Van Qoqu "təbiət, gül-çiçək rəssamı" adlandırmırlar. Ömründə bircə dəfə də olsun Arlda olmayan tamaşaçı çox rahatlıqla rəssamın yaratdığı duyğulandırıcı əsəri seyr edir, onu özünə doğma sayır. 

S.Bəhlulzadənin əsərləri bu cür yüksək bədii dəyərə malik olmasaydı, onu dünya səviyyəsində qəbul etməzdilər. Rəssamın UNESCO çərçivəsində 90 illik yubileyinin qeyd edilməsi və əsərlərindən ibarət fərdi sərgisinin təşkil olunması, 2009-cu ilin "Səttar Bəhlulzadə ili" elan edilməsi onunla bağlı ən yüksək dəyərləndirmənin göstəricisidir. Çox təəssüflər olsun ki, vaxtı ilə bəzi obyektiv və subyektiv səbəblərdən Səttar Bəhlulzadə şəxsiyyətinə və onun yaradıcılığına düzgün qiymət verilməyib. 

Böyük sənətkarın yaradıcılığı onun əsərlərinin ozamankı şöhrətinə, populyarlığına və müasirliyinə layiq şəkildə geniş tamaşaçı auditoriyalarına çatdırılmayıb və sərgi salonlarında nümayiş olunmayıb. Nə yaxşı ki bütün bunlara baxmayaraq sözün əsl mənasında rəssam heç zaman ruhdan düşməmiş, gərgin yaradıcılıq axtarışlarından uzaqlaşmamış, yaradıcılıq ideallarını süni maneələrə və ucuz şöhrət naminə qurban verməmiş və əsərlərinin əhvali-ruhiyyəsində tamaşaçısına bunu hiss etdirməmişdi. Lakin Ümummilli Lider Heydər Əliyevin şəxsi təşəbbüsü və göstərişi ilə S.Bəhlulzadə yaradıcılığı diqqət mərkəzində saxlanılmış və bunun nəticəsi olaraq rəssama Dövlət mükafatı verilmişdi. Ümummilli Lider bu barədə 1994-cü ildə S.Bəhlulzadənin 85 illik yubiley gecəsindəki çıxışı zamanı deyib: "Mən onu yaxşı tanıyırdım. 60-cı illərin əvvəllərində Səttar Bəhlulzadə ilə şəxsi münasibətim var idi və mən Azərbaycana rəhbərlik edərkən onun sənətini sevdiyimə və bir insan kimi ona hörmət etdiyimə görə bu böyük rəssamla təmaslarım olmuşdur. O, qeyri-adi bir insan idi..." Müstəqillik illərində Ümummilli Lider Heydər Əliyev və onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev sənətkarın həyat və fəaliyyətinin təbliği məqsədilə bir neçə sərəncam imzalayıblar.

Həm Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamından həm də UNESCO-nun qərarından sonra S.Bəhlulzadə yaradıcılığının təbliği istiqamətində sözün əsl mənasında, təqdirəlayiq addımlar atılmışdır. Bütün bu sadalananlar, əslində, indiki nəslin onun xatirəsi və sənətkarlığı qarşısında hesabatı kimi də qiymətləndirilə bilər. Yubileylə bağlı keçirilən ən müxtəlif tədbirlər-sənətkar haqqında çəkilən film, təşkil olunan elmi konfranslar, sərgilər və çap olunan kitab həm də bütün mənəvi irsimizin ən layiqli daşıyıcılarından biri olan Səttar Bəhlulzadə adlı sənət zirvəsinə ehtiramımızın ifadəsidir. Hələ sağlığında Səttar Bəhlulzadə bu haqqa layiq olub. Bənzərsiz sənəti ilə xalqına başucalığı, özünə isə ölməzlik qazanıb...

 

Əsəd QULİYEV,

sənətşünas, 
Rəssamlar İttifaqının üzvü

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa çempionatı: Azərbaycan boksçusu gümüş medal qazanıb

18:33
20 Oktyabr

“Azərişıq” ASC-dən genişmiqyaslı ağacəkmə aksiyası

17:47
20 Oktyabr

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib

16:59
20 Oktyabr

Azərbaycanın mədəni irsi Berlində təşkil edilən “Nəsrəddin - ailə festivalı”nda təbliğ olunub

16:43
20 Oktyabr

Gürcüstan azərbaycanlılarının ikinci qrupu Şuşa və Ağdama səfər edib

16:20
20 Oktyabr

Mask Harrisin prezident seçiləcəyi təqdirdə, ABŞ-də sərt senzuranın tətbiq olunacağını iddia edib

16:15
20 Oktyabr

Göygöldə kros qaçışı üzrə ölkə çempionatı keçirilib

16:08
20 Oktyabr

MN: Seyfəli poliqonunda istismar müddəti başa çatmış döyüş sursatları məhv ediləcək  

15:24
20 Oktyabr

Samuxda zəlzələ olub

15:04
20 Oktyabr

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edəcək

14:33
20 Oktyabr

Prezident Zəngilanın azad olunmasının ildönümü ilə bağlı paylaşım edib

13:04
20 Oktyabr

Şuşada 32 ildən sonra ilk körpə dünyaya gəlib

13:01
20 Oktyabr

Ağalı kəndinə köçürülən sakinlərdən 300-dən çoxunun məşğulluğu təmin edilib

12:59
20 Oktyabr

Kəlbəcərə və Laçına qar yağıb

11:42
20 Oktyabr

Energetiklər Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər

11:21
20 Oktyabr

Xınalığa ilk qar yağıb 

11:03
20 Oktyabr

Dermatoloq: Saç tökülməsi qadınların psixi sağlamlığına mənfi təsir göstərir

10:53
20 Oktyabr

Faktiki hava: Bir sıra rayonlara intensiv yağış və qar yağıb

10:47
20 Oktyabr

COP29-la bağlı nəqliyyatın idarə edilməsi üzrə gecə monitorinqləri başa çatıb

10:28
20 Oktyabr

Süni intellektin tətbiqi xərçəngin aşkarlanmasını tezləşdirə bilər

10:09
20 Oktyabr

Gürcüstan azərbaycanlısı: Qarabağa gəlmək sözün əsl mənasında ziyarətə bərabərdir

09:57
20 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!