25 İyun 2026 08:10
165
İQTİSADİYYAT
A- A+
Ənənədən innovasiyaya

Ənənədən innovasiyaya


Qusarda intensiv bağçılıq və müasir texnologiya yüksək məhsuldarlığı və ixrac potensialını təmin edir 


Qusar əlverişli təbii-iqlim şəraiti və zəngin kənd təsərrüfat ənənələri ilə seçilən bölgələrdəndir. Rayon iqtisadiyyatının əsas dayaqlarından olan kənd təsərrüfatı burada son vaxtlar müasir yanaşmalarla idarə olunur. Addımbaşı qarşılaşdığımız mənzərə də göstərir ki, Qusar iri kənd təsərrüfatı rayonlarından biri olmaqla yanaşı, müasir texnika və texnologiyalardan geniş yararlanan, yüksək ixrac potensialına malik məhsullar istehsal edən qabaqcıl rayonlar sırasındadır. 

Burada kənd təsərrüfatına yönəldilən investisiyalar əsasən yeni meyvə bağlarının salınmasına, müasir suvarma sistemlərinin qurulmasına, kənd təsərrüfatı texnikası və aqreqatlarının alınmasına, soyuducu anbarlarının tikintisinə və maldarlıq təsərrüfatlarının yaradılmasına xidmət edir. Hazırda rayon üzrə kənd təsərrüfatında 21000 nəfər əməkqabiliyyətli əhali çalışır ki, onların da 15800 nəfəri bitkiçilik, 5200 nəfəri heyvandarlıq sahəsində fəaliyyət göstərir. 

Qusarda gözoxşayan bağlar çoxdur. Rayonda həm intensiv bağçılığın, həm də müasir tərəvəzçiliyin inkişafına xüsusi önəm verilir. Qusarda istehsal olunan ümumi məhsulun dəyərinin 53-55 faizi kənd təsərrüfatının payına düşür ki, intensiv bağçılıq bu sahədə xüsusi çəkiyə malikdir. Son illər köhnəlmiş, bioloji yaş həddini keçmiş meyvə bağları çıxdaş olunaraq onların yerində intensiv və superintensiv bağlar salınıb. Bununla yanaşı, tərəvəzçilik sahəsində də müasir suvarma sistemlərinin tətbiqi genişləndirilib. Həmin sistemlər su ehtiyatlarından daha səmərəli istifadə etməyə və məhsuldarlığı artırmağa imkan verir. Təsadüfi deyil ki, kənd təsərrüfatının inkişafı ilə bağlı 2026-2030-cu illəri əhatə edən yeni dövlət proqramında da müasir suvarma sistemlərinin tətbiqi, innovativ yanaşmaların genişləndirilməsi və səmərəliliyin artırılması əsas prioritetlər kimi müəyyənləşdirilib. Qusarda zəhmətin bəhrəsi statistik göstəricilərdə də özünü aydın büruzə verir. Rəsmi hesabatlara nəzər salsaq görərik ki, 2025-ci il ərzində rayonda ümumi məhsul istehsalının həcmi 471,1 milyon manat təşkil etmişdir və bu məbləğin 254,3 milyon manatı kənd təsərrüfatının payına düşmüşdür.

Rayonun kənd təsərrüfatı sahəsində əsas istiqamət olan bitkiçilik sahəsində son illər salınan intensiv və superintensiv bağ sahələri xüsusi qeyd olunmalıdır. Müasir meyvə bağlarının salınmasında əsas məqsəd xarici bazarlara çıxarıla bilən, rəqabətədavamlı məhsul istehsal etməkdir. Amma yerli mütəxəssislərlə söhbətdə bəzi narahatlıqlar da dilə gətirildi. Qusarda son illər bağçılıq sahəsinin sürətli inkişafı taxılçılıq sahəsinin xeyli geriləməsinə səbəb olmuşdur. 

Qusarda kənd təsərrüfatının inkişafında vacib məqamlardan biri soyuducu anbar kompleksləridir. Əvvəllər meyvəçilik sahəsində mövcud olan əsas problemlərdən biri istehsal edilən məhsulun saxlanılması üçün zəruri şəraitin olmaması idi. Bu amil fermerlərin məhsulu uzun müddət qoruyub saxlamaq imkanlarını məhdudlaşdırır, bazara çıxarılmasında çətinliklər yaradırdı. Lakin dövlətin dəstəyi nəticəsində fermer və sahibkarlar tərəfindən soyuducu anbar komplekslərinin tikintisinə xüsusi diqqət yetirilməyə başlanmışdır. Hazırda rayonda 27 fiziki və hüquqi şəxsə məxsus, ümumi tutumu 92300 ton olan xırda və irihəcmli soyuducu anbar kompleksləri var. Müşahidələrimiz göstərdi ki, bu sahəyə maraq getdikcə artır və növbəti illərdə yeni anbarların istifadəyə verilməsi nəzərdə tutulur.

Rayonda yeni bağların bir hissəsi biçənək və təyinatı dəyişdirilmiş torpaq sahələri hesabına salınıb. Bunun nəticəsində rayonda bitkiçilik və heyvandarlıq sahələri paralel inkişaf edə bilmir. Bu vəziyyət mal-qaranın yem bazasının azalmasına səbəb olur. Nəticə etibarilə rayonun əksər kəndlərində qaramalın və davarın baş sayı xeyli azalıb. Mal-qaranın azalması təsərrüfatlarda üzvi gübrələrdən istifadənin də aşağı səviyyəyə düşməsinə gətirib çıxarıb. 

Fermerlərlə söhbətimizdə dövlətin maliyyə dəstəyindən razılıq ifadə olundu. Bu məqamda xatırladaq ki, Azərbaycan Prezidentinin 27 iyun 2019-cu il tarixli fərmanı ilə təsdiq edilmiş "Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası"na əsasən, 2020-ci ilin yanvar ayından etibarən subsidiyaların verilməsi Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) vasitəsilə həyata keçirilir. Bu şəffaflıq fermerlərin işini xeyli asanlaşdırıb. 2025-ci il ərzində Qusar rayonu üzrə ümumilikdə 13,2 milyon manat subsidiya ödənilmişdir. 

Qusar Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) direktoru Rauf Minhacov qəzetimizə kənd təsərrüfatı sahəsində rayon üzrə bu ilin 6 ayı ərzində görülmüş işlər barədə ətraflı məlumat verdi. Bildirdi ki, rayonda 2026-cı ilin məhsulu üçün 18866,8 hektar sahədə payızlıq taxıl əkilmişdir. Bunun 9191,8 hektarı buğda, 9675 hektarı  arpa sahələridir. Bağlarda gedən intensiv işlərdən də söz açan DAİM direktoru qeyd etdi ki, cari ilin 6 ayı ərzində rayon ərazisində 736,2 hektar ənənəvi və intensiv meyvə bağları salınmışdır: "Bunun 157,52 hektarı gilas, 41,76 hektarı fındıq, 298,08 hektarı nektarin və şaftalı, 174,73 hektarı alma, 64,11 hektarı digər meyvə bağlarıdır. Rayon ərazisində həmçinin 2856,6 hektarda tərəvəz əkini aparılmışdır ki, onun da 1548,5 hektarı kartof, 484,1 hektarı kələm, 438,8 hektarı pomidor, 112,5 hektarı xiyar, 272,7 hektarı digər tərəvəzlərdir". 

Qusarda lizinq və texniki baxış sahəsində də canlanma var. Rayon ərazisində fəaliyyət göstərən fermerlər tərəfindən 6 ayda 75 traktor və 71 müxtəlif qoşqu və avadanlıq lizinq yolu ilə alınmışdır. Sahələrdə nizam-intizamı qorumaq üçün 524  texnikaya texniki baxış keçirilmiş, 212 texnikanın ilkin və təkrar qeydiyyatı aparılmış, 17 inzibati protokol tərtib edilmiş və 233 texnika texniki müayinədən keçirilmişdir. 

Heyvandarlığın cins tərkibinin yaxşılaşdırılması istiqamətində isə 6 ay ərzində 3227 baş qaramalda süni mayalanma aparılmış və 2120 baş buzov alınmışdır. Cins heyvanların alınmasına maraq göstərən fermerlərin müraciətləri də mərkəz tərəfindən araşdırılır. Kuzunqışlaq kənd sakini Qurbanov Qiyaməddin 1 baş, Avaran kənd sakini Niftəliyeva Pərinaz 20 baş, "Şahdağ Fermer Təsərrüfati" MMC 150 baş qaramal damazlıq heyvanın 60 faiz güzəştlə lizinq yolu ilə alınması üçün Qusar Dövlət Aqrar İnkişaf Mərkəzinə müraciət etmişlər. Qusar DAİM-in və rayonun Heyvan sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin nümayəndələri tərəfindən fermerlərə məxsus təsərrüfatlara yerində baxış keçirilmiş və baxış nəticələrinə uyğun rəylər verilmişdir.

Qusarda yerli fermerlərə hər cür diqqət göstərilir, yardımlar olunur. Əlaqədar təşkilatlar vaxtaşırı fermerlərlə görüşür, ortaya çıxan problemləri yerindəcə həll edir. Hazırda 50-dən artıq şirkət rayonda fermerlərin işinə geniş dəstək verir. 

Rayon alma, armud, fındıq, gilas və digər meyvə bağlarının salınması istiqamətində mühüm potensiala malikdir. Dövlət tərəfindən tətbiq olunan birdəfəlik əkin subsidiyaları rayonda yeni bağların salınmasını ciddi şəkildə stimullaşdırmış və bağçılığın inkişafına birbaşa müsbət təsir göstərmişdir. Rəsmi rəqəmlər də bu dəstəyin miqyasını təsdiqləyir. 2024-2025-ci əkin ilində alma, armud, fındıq və gilas bağlarının salınmasına görə 221 fermerə 369,94 hektar sahə üzrə ümumilikdə 2,4 milyon manatdan çox subsidiya verilmişdir. Sahədə rastlaşdığımız fermer Müzafəddin Rəfixanov 20 ilə yaxındır ki, sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Qabaqcıl fermer kimi tanınan Müzafəddin 

10 hektarda nektorin və gilas yetişdirir. Bizimlə söhbətində o, keçmiş günləri xatırlayaraq çətinliklərin geridə qaldığını dedi: "Əvvəllər müəyyən çatışmazlıqlar var idi. Amma işdən möhkəm yapışanda həmin problemləri dəf etmək olurdu. İndi isə həm problemlər azalıb, həm də onları həll etmək asanlaşıb". 

Fermerin bağını gəzdik. 5 hektar sahədə innovasiyalardan istifadə edilərək yaradılan bağda suvarma damcı üsulu ilə aparılır. Su itkisinin qarşısı bu yolla alınır. Bağın yaxınlığında hovuz inşa etdirən fermer əvvəlki illərdə yaşanan susuzluğa biryolluq son qoyub. Sahibkar bildirdi ki, suvarma sahəsində bu qayda yaradılndan sonra ağacların böyüməsi və bəhrəsi də artıb. 

Qovlar kəndi ərazisində yerləşən bağın hər hektarından 50 tona yaxın meyvə yığılması nəzərdə tutulub. Bağın sahibi M.Rəfixanov deyir ki, gilas ağacları əkmişik: "Gələn il inşaallah, həmin ərazidən məhsul götürəcəyik. Mənə elə gəlir ki, hər bir fermer öz sahəsinə balası kimi baxmalıdır. Sən torpağı nə qədər sevsən, o da borclu qalmaz. Aldığımız subsidiyalar işimizə böyük təkandır. Təsərrüfatda 15 nəfər çalışır. Bu da ailələrin büdcəsinə xeyirli təsir göstərir". 

 Yolumuzu Gündüzqala kəndindən də saldıq. Burada fəaliyyət göstərən fermer təsərrüfatına Mömin Babayev rəhbərlik edir. 70 hektarda arpa və buğda əkib. Sahibkar ötən ilin bərəkətindən söz açdı: "Ötən il hər hektardan 50 sentner məhsul biçdik. Bu il məhsuldarlıq daha çox olacaq". Təsərrüfatda 60 baş qaramal, 150 baş davar da bəslənilir. Heyvanların südü müqavilə əsasında şirkətlərə satılır. M.Babayev bizimlə gələcək hədəflərini də bölüşdü: "Gələn il yeni ferma tikməyi planlaşdırırıq. Yeni texnologiyalarla işləyən fermanı qurandan sonra heyvanların sayı da birə-beş artacaq". 

Təsərrüfatdakı 6 hektar alma bağından söz açan fermer vurğuladı ki, yetişdirilən meyvələr hamısı dədə-baba sortlarıdır: "Cırhacı, simirinka, qəndisinab kimi növlər yalnız bu bağda yetişdirilir. Heç bir dərman pereparatlarından istifadə etmirik, məhsul tam ekoloji təmizdir". 


Akif ƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qocalmaya qarşı mübarizədə yeni mərhələ

08:55
25 İyun

Bir arzunun izi ilə...

08:50
25 İyun

Türkmənbaşı limanı Orta dəhliz üzərindən daha çox yükün daşınmasına imkan verir

08:45
25 İyun

Azərbaycanın islam dünyasındakı yüksək nüfuzunun növbəti təsdiqi

08:40
25 İyun

Avropa Məhkəməsinin ədalətsiz qərarı erməni lobbisinin maraqlarına xidmət edir

08:35
25 İyun

Qlobal internet şəbəkəsi təhdidlərdən sığortalanmayıb

08:30
25 İyun

"Rəsmi İrəvanın atacağı addımlar Azərbaycan-Ermənistan münasibətlərinin gələcək inkişaf trayektoriyasını müəyyən edən əsas amil olacaq"

08:25
25 İyun

Xəzərin birləşdirdiyi dost və qardaş ölkə

08:20
25 İyun

Məram bəlli, məqsəd aydın

08:15
25 İyun

Ənənədən innovasiyaya

08:10
25 İyun

Pambıqçılıq: dirçəlişdən inkişafa

08:05
25 İyun

“Milli yaddaş"ın yaddaşındakılar

08:00
25 İyun

"Azərbaycan Respublikasının ərazi müdafiəsi haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 iyun tarixli 415 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

02:34
25 İyun

“Turizm mərkəzlərində dövlətə məxsus daşınmaz əmlakın icarəyə və istifadəyə verilməsi və investisiya layihələrinin icra edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında

02:33
25 İyun

“Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilən və fəaliyyət istiqamətlərinə uyğun olaraq Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə, habelə bələdiyyələrə qrant verə bilən qurumların, həmçinin Azərbaycan Respublikası Gənclər Fondunun, Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin qeyri-hökumət təşkilatlarının müsabiqə yolu ilə və müsabiqədənkənar yolla, dövlət sifarişləri və subsidiya daxil olmaqla bütün növ maliyyələşdirilməsinin “bir pəncərə” prinsipi əsasında Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilə birlikdə həyata keçirməsi Qaydası”nın təsdiq edilməsi haqqında

02:32
25 İyun

“Qaz təchizatı sisteminə dair Qaydalar”ın təsdiq edilməsi və “Tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması və ya əlavə qaz həcmi alması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 30 avqust tarixli 297 nömrəli Qərarının ləğv edilməsi barədə

02:31
25 İyun

“Ortamüddətli dövr üçün hədəf göstəricilərinin müəyyən edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

02:29
25 İyun

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 2 fevral tarixli 21 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nda dəyişiklik edilməsi haqqında

02:25
25 İyun

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Londonda iqlim investisiyalarına həsr olunmuş dəyirmi masa təşkil edib  

22:17
24 İyun

“Qayıdış hüququ və öz müqəddəratını təyinetmə” konfransının iştirakçıları ABŞ Konqresinə müraciət ünvanlayıblar  

22:16
24 İyun

AŞPA Gürcüstanla bağlı qətnamə qəbul edib

22:03
24 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!