Bəzən insanın həyat yolunu bir uşaqlıq arzusu müəyyənləşdirir. Kimi göylərə baxıb təyyarəçi olmaq istəyir, kimi ağ xalat geyinməyi xəyal edir. Salyanın Kürqaraşlı kəndində böyüyən balaca Ülfətin arzusu isə üfüqün o tayına keçmək, dünyanı görmək və dənizlərin sirrini öyrənmək idi.
1989-cu ildə Kür çayının sahilində dünyaya göz açan Ülfət Əzizovun uşaqlığı böyük şəhərlərin səs-küyündən uzaqda keçib. Kənddə böyüsə də, xəyal dünyası həmişə geniş olub. O, uşaqlıqdan dünyanın müxtəlif ölkələrini görmək, fərqli mədəniyyətlərlə tanış olmaq istəyirdi. Odur ki, Bakıya hər gəlişi onun üçün kiçik bir macəraya çevrilirdi. Xəzərin sahilində dayanıb gözünü dənizdən, gəmilərdən çəkə bilmirdi. Bəlkə də elə həmin anlarda gələcək taleyi müəyyənləşirdi.
Həyat yolu seçimi
2007-ci ildə orta məktəbi bitirən Ülfət artıq qərarını vermişdi. O dövrdə abituriyentlər qəbul zamanı 15 müxtəlif ixtisas seçə bilirdilər. Lakin onun üçün seçim etmək çətin deyildi. Sənədlərini yalnız Azərbaycan Dövlət Dəniz Akademiyasının üç ixtisası üzrə təqdim etdi. Bu, sadəcə, universitet deyil, həyat yolunun seçimi idi.
Elə birinci sırada yazdığı gəmi sürücülüyü ixtisasına da qəbul olundu. Müsahibim həmin günləri xatırlayanda zarafatla deyir: "Bəzən məndən soruşurlar ki, nə vaxtdan dənizçisiniz? Deyirəm ki, 2007-ci ilin avqustundan. Atamla birlikdə sənədlərimi akademiyaya təhvil verməyə gəlmişdik. Həmin gün Bakı buxtasında gəzinti gəmisinə mindim və özümü dənizçi hesab etməyə başladım".
2008-ci ildə ilk dəfə təcrübəçi kimi gəmiyə çıxanda hiss etdiyi həyəcanı bu gün də unutmur. Yeni mühit, yeni insanlar, böyük məsuliyyət və qarşıda açılan naməlum üfüqlər… İlk səfər ona dənizçiliyin yalnız romantik tərəfini deyil, həm də ağır məsuliyyətini göstərdi. O anlayırdı ki, qarşısında uzun və çətin bir yol var. Lakin bu yolun sonunda onu böyük imkanlar gözləyirdi.
Magistr təhsili aldığı 2012-2013-cü illərdə iş axtarışına başlayır. Xəzər dənizində işləmək üçün müxtəlif təkliflər alsa da, onları qəbul etmir. Çünki arzusu daha böyük idi. O, okeanlara çıxmaq istəyirdi. 2013-cü il dekabrın 23-də 24 yaşı tamam olan gün Türkiyəyə yollanır və təcrübəçi matros kimi ilk beynəlxalq işinə başlayır. Kiçik və köhnə gəmilər, uzun iş saatları, yeni ölkə, tanımadığı insanlar… Lakin Ülfət Əzizov üçün bunlar çətinlik deyil, təcrübə idi. Hər gün öyrənir, hər gün inkişaf edir və məqsədinə bir addım daha yaxınlaşırdı.
Dünya limanlarında bir azərbaycanlı
İllər keçdikcə peşəkar fəaliyyəti onu dünyanın müxtəlif nöqtələrinə aparır. Qara dəniz ölkələri, Aralıq dənizi hövzəsi, Baltik dənizi limanları, Afrika sahilləri, Karib hövzəsi, Uzaq Şərq ölkələri… Hər liman yeni təcrübə, hər səfər yeni dərs demək idi.
Dənizdə həyat çoxlarının düşündüyü kimi yalnız gözəl mənzərələrdən ibarət deyil. Günlər növbə sistemi ilə keçir. Nəzarət, texniki işlər, təhlükəsizlik yoxlamaları, sənədləşmə və gündəlik əməliyyatlar dənizçinin həyatının ayrılmaz hissəsidir. Lakin Ülfət Əzizov boş vaxtlarını da səmərəli keçirməyi bacarırdı. O, dənizçiliklə bağlı topladığı bilik və təcrübələri qələmə almağa başladı.
2013-2014-cü illərdə xarici sularda işlədiyi ilk dövrlərdə maraqlı bir müşahidə aparırdı. Limanlara daxil olduqda tez-tez böyük gəmilərə qonaq gedir, heyətlə tanış olurdu. Müasir və iritonnajlı gəmilərdə müxtəlif ölkələrdən olan dənizçiləri görsə də, azərbaycanlılara çox az rast gəlirdi. Bu vəziyyət onda yeni bir məqsəd formalaşdırdı.
Azərbaycan dənizçilərinin beynəlxalq sularda daha çox təmsil olunması üçün praktik biliklərə ehtiyac var. Müasir dənizçilik haqqında kitablar yazmaq, gəncləri məlumatlandırmaq və onların böyük gəmilərdə iş tapmasına yardım etmək lazımdır. Sonralar yazacağı kitabların və yaradacağı tədris mərkəzinin təməli də məhz həmin illərdə qoyuldu.
Fırtınalar, sınaqlar, unudulmaz hadisələr
Dənizçinin həyatında çətin anlar da az olmayıb. Baş köməkçi vəzifəsində işlədiyi dövrdə güclü fırtınalar zamanı yaşadığı hadisələri bu gün də xatırlayır. Dəniz çox vaxt sakit görünsə də, bir neçə saat ərzində tamamilə dəyişə bilir. Belə anlarda hər bir qərar həyati əhəmiyyət daşıyır. Məhz bu çətinliklər peşəkar dənizçini formalaşdırır, ona soyuqqanlılıq və məsuliyyət hissi qazandırır.
"Gəmiçilik fəaliyyəti dövrümdə maraqlı hadisələr də az olmayıb. Yaddaşımda qalan ən maraqlı xatirələrdən biri Tunis limanında baş verib. Qızmar yay günlərindən biri idi. Gəminin kondisioner sistemi sıradan çıxmışdı. İsti hava səbəbindən gəmidə qalmaq çətin idi. Liman ərazisində gəzərkən yaxınlıqda dayanan başqa bir gəminin yanından keçirdim. Birdən qulağıma doğma sözlər gəldi. Təəccüblə gəmiyə yaxınlaşdım. Sən demə, gəmi heyətinin əksəriyyəti azərbaycanlılar imiş. Çalışdığım gəmidə isə yeganə azərbaycanlı mən idim. Həmin gün anladım ki, dünyanın harasında olursan ol, yurddaş ilə qarşılaşmaq tamam başqa hissdir. Həmyerlilərim məni qonaq çağırdılar. Söhbət zamanı kondisionerimizin işləmədiyini öyrənən elektrik mütəxəssisi köməyə gəldi və nasazlığı aradan qaldırdı. Sevincim yerə-göyə sığmırdı. Sonra heyət üzvlərinə zarafatla deyirdim ki, sizin kondisioneriniz azərbaycanlıların sayəsində işləyir", - deyə uzaq səfərlər kapitanı həmin günü gülümsəyərək xatırlayır.
Dənizçilikdən müəllimliyə
30 yaşında kapitan olduqdan sonra peşəkar dənizçi yeni bir arzusunu həyata keçirməyə qərar verir. Uzun illər qazandığı təcrübəni paylaşmaq istəyirdi. 2020-2023-cü illərdə kitabları hələ çap olunmamışdı. Dərs vəsaitlərini adi kağızlarda çap edir, gənc dənizçilərlə görüşür, onlara peşə biliklərini öyrədirdi. Bu qeyri-rəsmi dərslər sonradan böyük bir layihənin əsasını qoydu.
2023-cü ilin dekabrında uzun müddətdir xəyalını qurduğu layihə reallaşır. Dənizçi dostlarının iştirakı ilə "Dənizçilər" Tədris Mərkəzi fəaliyyətə başlayır. Artıq o, yalnız kapitan deyil, həm də müəllim idi. 2024-cü ildə mərkəzin fəaliyyəti daha da genişlənir və Azərbaycan Dənizçilərinin Tədris və Heyət İdarəetmə Mərkəzi rəsmi dövlət qeydiyyatından keçərək ADTHİ MMC kimi fəaliyyətini davam etdirməyə başlayır. Mərkəzin əsas məqsədi sadə, lakin mühüm idi: azərbaycanlı dənizçiləri beynəlxalq şirkətlərin müasir gəmilərində işləməyə hazırlamaq.
Ülfət Əzizov bu gün də beynəlxalq sularda üzən böyük gəmilərdə çalışaraq təcrübəsini artırır və əldə etdiyi bilikləri tələbələri ilə bölüşür. O, yalnız təhsil verməklə kifayətlənmir, məzunlarının beynəlxalq şirkətlərdə iş tapmasına da dəstək göstərir. Bir vaxtlar bir neçə nəfərlə başlayan dərslər bu gün yüzlərlə tələbəni əhatə edir. Onun yetirmələri okeanlarda dünyanın müxtəlif dənizlərində üzür, böyük limanlarda çalışırlar. Lakin məsafələr onları müəllimlərindən uzaq sala bilmir. Harada olurlarsa-olsunlar, qarşılaşdıqları problem zamanı ilk müraciət etdikləri insan yenə Ülfət müəllim olur. Çünki onlar bilirlər ki, kapitanları həmişə yanlarındadır.
Bu gün Ülfət Əzizovun həyat hekayəsi, sadəcə, bir dənizçinin uğur tarixçəsi deyil. Bu, Kür sahilində böyüyən bir gəncin arzularına sadiq qalmasının, qarşısına çıxan çətinliklərdən geri çəkilməməsinin və qazandığı uğurları başqaları ilə bölüşməsinin hekayəsidir. Bir vaxtlar Bakı buxtasında gəzinti gəmisinə minən və özünü dənizçi hesab edən gənc bu gün dünya okeanlarında üzən kapitan, beş kitab müəllifi və yüzlərlə gəncin müəllimidir. Onun yolu hələ davam edir. Çünki dənizçilərin yaxşı bildiyi bir həqiqət var: üfüqə nə qədər yaxınlaşsan da, o, hər zaman bir az da irəlidə görünür.
Ülkər XASPOLADOVA,
"Azərbaycan"