25 İyun 2026 08:35
186
SİYASƏT
A- A+
Avropa Məhkəməsinin ədalətsiz qərarı erməni lobbisinin maraqlarına xidmət edir

Avropa Məhkəməsinin ədalətsiz qərarı erməni lobbisinin maraqlarına xidmət edir


Azərbaycanın 30 illik işğala son qoyaraq ərazi bütövlüyünü və suverenliyini təmin etməklə Cənubi Qafqazda yaratdığı reallıqlar Qərbin müəyyən siyasi dairələrində hələ də həzm olunmur. Regionda sülh prosesinin getdiyi, inteqrasiya və qlobal nəqliyyat layihələrinin müzakirə edildiyi bir vaxtda bəzi beynəlxalq təsisatlar hüquqi prinsipləri kənara qoyaraq aşkar siyasi təzyiq alətinə çevrilirlər. 

Bunun növbəti nümunəsi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 18 iyun 2026-cı il tarixdə "V.T. və digərləri Azərbaycana qarşı" işi üzrə qəbul etdiyi ədalətsiz və birtərəfli qərardır. Heç bir ciddi və obyektiv araşdırmaya söykənməyən bu qərar erməni lobbisinin və korporativ maraqların diktəsinə xidmət edir. 

Avropa strukturlarının bu qərəzli addımı Azərbaycan tərəfinin haqlı etirazına səbəb olub. İyunun 22-də Avropa Şurasının Bakı ofisinin rəhbəri Petr Zix Xarici İşlər Nazirliyinə çağrılaraq rəsmi Bakının kəskin etirazı onun diqqətinə çatdırılıb. Məlum qərarın ədalətsiz, qərəzli və beynəlxalq hüquq normaları ilə tamamilə ziddiyyət təşkil etdiyi vurğulanıb. Qeyd olunub ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin  16 iyun 2015-ci il tarixli "Çıraqov və digərləri Ermənistana qarşı" işi üzrə qəbul etdiyi presedent qərarında Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal olunduğu, qondarma rejimin Ermənistanın birbaşa hərbi və maliyyə dəstəyi ilə mövcudluğu hüquqi təsbitini tapmışdı. Məhkəmənin yeni qərarda beynəlxalq hüquq tərəfindən heç vaxt tanınmamış və hazırda tarixin arxivinə gömülmüş qanunsuz separatçı strukturu "müstəqil subyekt" kimi təqdim etməyə çalışması heç bir məntiqə sığmır. 

Avropa Məhkəməsinin qərarında istifadə olunan terminologiya da qurumun obyektivliyini tamamilə şübhə altına qoyur. Sənəddə ölkəmizin suverenliyinə və ərazi bütövlüyünə hörmətsizlik nümayiş etdirilərək "Azərbaycanla qondarma rejim arasında təmas xətti", eləcə də separatçıların "ordusu", "baş prokuroru" və "ombudsmanı" kimi qondarma ifadələrə yer verilib. Bu, faktiki olaraq qanunsuz bir strukturu legitimləşdirmək və Azərbaycan ilə cinayətkar rejim arasında saxta bərabərlik təsəvvürü yaratmaq cəhdidir. 

Avropa Məhkəməsi məqsədyönlü şəkildə Ermənistan vətəndaşı olan və bu ölkədə doğulan bir hərbçinin Azərbaycanın suveren ərazilərində hansı əsasla yerləşməsi məsələsinə aydınlıq gətirməyib. Çünki beynəlxalq humanitar hüququ tətbiq etsəydi, bu şəxslərin işğalçı ordunun üzvləri olduğunu etiraf etməli olacaqdı. Lakin məhkəmə istədiyi qərəzli nəticəni əldə etmək üçün bu faktın üzərindən sükutla keçib. Üstəlik, iş üzrə "sübut" kimi təqdim olunan sənədlərin ərizəçilər tərəfindən deyil, birbaşa Ermənistan dövləti tərəfindən təqdim edilməsi prosesin siyasi koordinasiya olunduğunu təsdiqləyir. 

Avropa institutlarının, o cümlədən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin birtərəfli yanaşması Azərbaycan ictimaiyyətinə çoxdan bəllidir. Onilliklər ərzində doğma yurd-yuvalarından didərgin salınmış, əmlakları talan edilmiş, hüquqları kütləvi şəkildə pozulmuş yüz minlərlə azərbaycanlının müraciətlərinə qarşı Avropa Məhkəməsi heç vaxt prinsipial mövqe nümayiş etdirməyib. Xocalı soyqırımı kimi bəşəri cinayətlərə, işğal dövründə dağıdılan mədəni-dini irsimizə göz yumanların bu gün uydurma şəxslərin əsassız iddiası və qondarma hesabatlar əsasında hökm çıxarması aşkar ədalətsizlik və riyakarlıqdır. Bu yanaşma beynəlxalq ədalət mühakiməsinin təməl prinsiplərini sarsıdır və hüququn universal xarakterini itirərək siyasi maraqlara görə necə manipulyasiya olunduğunu göstərir. Dünyanın bir çox yerində törədilən hərbi cinayətlərə və insan itkilərinə kor-kar kəsilən bir təsisatın Azərbaycanla bağlı saxta iddialara xüsusi həvəs göstərməsi bu orqanın neo-müstəmləkəçi dairələrin iradəsini icra edən siyasi qurum olmasından xəbər verir. Son illər bəzi Avropa strukturlarında baş verən korrupsiya və lobbiçilik qalmaqalları da bu təsisatların qərarlarının hansı şəraitdə və hansı sifarişlərlə qəbul edildiyini aydın göstərir. 

Şübhəsiz, Azərbaycan tərəfi öz qanuni maraqlarını, dövlət suverenliyini qorumaq məqsədilə hüquqi müstəvidə bütün zəruri addımları atacaq və ədalətsizliyə qarşı prinsipial mübarizəsini davam etdirəcək. Lakin Avropadakı bəzi revanşist dairələr anlamalıdırlar ki, müstəqil inkişaf modelini quran, regionun lider dövləti olan və öz suverenliyini hərbi-siyasi müstəvidə təmin edən Azərbaycana təzyiq göstərmək mümkün deyil. 


İsmayıl QOCAYEV, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Şuşaya yola düşən Zaur Xanəliyev: Bundan sonra övladlarımızı doğma torpaqlarımızda böyüdəcəyik

10:06
25 İyun

Keçmiş məcburi köçkün: Dövlətimizə minnətdaram ki, bizə bu sevinci yaşatdı

10:04
25 İyun

Xankəndi, Xocavənd, Şuşa, Cəbrayıl, Xocalı və Ağdərəyə növbəti köç karvanları yola salınıb

10:02
25 İyun

DÇ-2026: CAR millisi Cənubi Koreya üzərində minimal hesablı qələbə qazanıb

09:56
25 İyun

Futbol üzrə dünya çempionatı: Meksika millisi Çexiya üzərində qələbə qazanıb

09:54
25 İyun

ABŞ seysmoloqları Venesuelada çoxsaylı insan tələfatı ilə bağlı proqnoz veriblər

09:53
25 İyun

Futbol üzrə dünya çempionatı: Mərakeş millisi Haitini məğlub edib

09:50
25 İyun

DÇ 2026: Braziliya C qrupunu lider kimi başa vurub

09:49
25 İyun

Almaniyada müsəlmanlara qarşı ayrı-seçkilik və zorakılıq halları artmaqdadır

09:47
25 İyun

DÇ-2026: Bosniya və Herseqovina millisi Qətərə qalib gəlib

09:45
25 İyun

Dünya çempionatı: İsveçrə millisi Kanadaya qalib gəlib

09:44
25 İyun

“El Calor en Baku” Beynəlxalq Tanqo Festivalı yekunlaşıb

09:40
25 İyun

“Sağlam məhəllə” layihəsi çərçivəsində yeni idman zonaları istifadəyə verilib

09:38
25 İyun

Qocalmaya qarşı mübarizədə yeni mərhələ

08:55
25 İyun

Bir arzunun izi ilə...

08:50
25 İyun

Türkmənbaşı limanı Orta dəhliz üzərindən daha çox yükün daşınmasına imkan verir

08:45
25 İyun

Azərbaycanın islam dünyasındakı yüksək nüfuzunun növbəti təsdiqi

08:40
25 İyun

Avropa Məhkəməsinin ədalətsiz qərarı erməni lobbisinin maraqlarına xidmət edir

08:35
25 İyun

Qlobal internet şəbəkəsi təhdidlərdən sığortalanmayıb

08:30
25 İyun

"Rəsmi İrəvanın atacağı addımlar Azərbaycan-Ermənistan münasibətlərinin gələcək inkişaf trayektoriyasını müəyyən edən əsas amil olacaq"

08:25
25 İyun

Xəzərin birləşdirdiyi dost və qardaş ölkə

08:20
25 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!