10 İyul 2026 11:08
482
İQTİSADİYYAT
A- A+
Dayanıqlı iqtisadi inkişafın yeni mərhələsi

Dayanıqlı iqtisadi inkişafın yeni mərhələsi


Son onillikdə dünya iqtisadiyyatı növbəti inkişaf mərhələsinə qədəm qoyub. Geoiqtisadi parçalanma, qlobal tədarük zəncirlərinin yenidən formalaşması, rəqəmsal texnologiyaların iqtisadi münasibətlərə təsirinin sürətlənməsi, süni intellektin istehsal və xidmət sahələrində tətbiqinin genişlənməsi, eyni zamanda “yaşıl iqtisadiyyat”a keçid dünya dövlətlərinin iqtisadi inkişaf strategiyalarını yenidən nəzərdən keçirməsini zəruri edib. 

Müasir mərhələdə rəqabət üstünlüyü artıq yalnız zəngin təbii ehtiyatlar, ucuz əmək resursları və ya yüksək istehsal gücü ilə müəyyən olunmur. Dövlətlərin iqtisadi dayanıqlığını və rəqabət qabiliyyətini müəyyən edən əsas amillər güclü institutlar, hüquqi sabitlik, çevik idarəetmə, innovasiya potensialı və investor etimadını təmin edən biznes mühitidir. Bu baxımdan Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda son illər həyata keçirilən iqtisadi islahatlar yalnız idarəetmə sistemində təşkilati dəyişikliklər kimi deyil, iqtisadiyyatın institusional əsaslarının müasir çağırışlara uyğun şəkildə yenidən qurulması prosesi kimi qiymətləndirilməlidir. Vergi və gömrük inzibatçılığının rəqəmsallaşdırılması, dövlət xidmətlərinin elektron platformalara inteqrasiyası, sahibkarlıq fəaliyyətinin təşviqi, investisiya mühitinin təkmilləşdirilməsi, dövlət-özəl tərəfdaşlığı mexanizmlərinin genişləndirilməsi və azad edilmiş ərazilərin yeni iqtisadi inkişaf modeli əsasında formalaşdırılması bu transformasiyanın əsas istiqamətlərini təşkil edir.

Əslində söhbət yalnız yeni qanunların qəbulundan və ya inzibati islahatlardan getmir. Əsas məsələ iqtisadi idarəetmə fəlsəfəsinin dəyişməsidir. Müasir iqtisadi siyasətin prioriteti dövlətin bazar münasibətlərində dominant iştirakçı kimi deyil, səmərəli tənzimləyici və etibarlı institusional təminatçı kimi çıxış etməsidir. Məhz bu yanaşma özəl sektorun iqtisadi fəallığını artırır, investisiya qərarlarının keyfiyyətini yüksəldir və uzunmüddətli iqtisadi artım üçün möhkəm zəmin yaradır.


İqtisadi artımın əsas göstəricisi - institutların gücü


Uzun illər ərzində iqtisadi inkişaf əsasən ümumi daxili məhsulun artımı, ixracın həcmi, investisiya axını və məşğulluq göstəriciləri ilə qiymətləndirilirdi. Lakin müasir iqtisadi nəzəriyyə göstərir ki, yüksək artım tempinin uzunmüddətli qorunması ilk növbədə institusional keyfiyyətdən asılıdır. Nobel mükafatı laureatı Duqlas Nortun qeyd etdiyi kimi, iqtisadi institutlar cəmiyyətin “oyun qaydaları”nı müəyyən və resursların səmərəli bölgüsünü təmin edir. Güclü institutlar olmadan yüksək investisiya həcmi belə davamlı iqtisadi rifaha çevrilmir.

Bu gün hüquqi müəyyənlik, mülkiyyət hüquqlarının etibarlı qorunması, müqavilələrin icra mexanizmlərinin effektivliyi, şəffaf bazar münasibətləri, peşəkar tənzimləmə və etibarlı informasiya mühiti iqtisadi inkişafın fundamental dayaqları hesab edilir. Dünya Bankı, Beynəlxalq Valyuta Fondu və OECD-nin çoxsaylı araşdırmaları da təsdiq edir ki, institusional keyfiyyət yüksəldikcə investisiya riskləri azalır, kapitalın məhsuldarlığı artır və iqtisadi artım daha dayanıqlı xarakter alır.

Biznes ekosistemi də məhz bu institusional münasibətlər sisteminin məhsuludur. O, yalnız sahibkarların fəaliyyət göstərdiyi bazar deyil. Bura dövlət idarəçiliyi, maliyyə sektoru, məhkəmə sistemi, kapital bazarları, rəqəmsal infrastruktur, peşəkar xidmət institutları, insan kapitalı və innovasiya mühiti daxildir. Həmin komponentlərdən hər hansı birində yaranan zəiflik ümumi iqtisadi səmərəliliyə mənfi təsir göstərir. Əksinə, onların koordinasiyalı fəaliyyəti kapitalın daha məhsuldar sahələrə yönəlməsinə, innovasiyaların sürətlənməsinə və biznes risklərinin azalmasına şərait yaradır.

Məhz buna görə müasir iqtisadi siyasətdə əsas məqsəd yalnız iqtisadi artım əldə etmək deyil, həmin artımı təmin edən institutların dayanıqlığını gücləndirməkdir. İnstitusional keyfiyyət iqtisadi inkişafın həm nəticəsi, həm də əsas hərəkətverici qüvvəsidir.


Beynəlxalq göstəricilər institusional inkişafın obyektiv meyarıdır


Qloballaşan iqtisadiyyatda institusional islahatların effektivliyi yalnız milli qiymətləndirmələrlə deyil, beynəlxalq indikatorlar vasitəsilə də ölçülür. Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, OECD və Dünya İqtisadi Forumu tərəfindən hazırlanan hesabatlarda dövlət idarəçiliyinin keyfiyyəti, biznes mühitinin səmərəliyi, maliyyə sektorunun dayanıqlığı, rəqabət qabiliyyəti və investisiya mühitinin etibarlılığı iqtisadi inkişafın əsas determinantları kimi qiymətləndirilir.

Xüsusən Dünya Bankının son dövrdə tətbiq etdiyi Business Ready metodologiyası biznes mühitini yalnız normativ hüquqi baza baxımından deyil, həmin qaydaların praktik tətbiqi və institusional effektivliyi prizmasından qiymətləndirir. Bu yanaşma təsdiq edir ki, iqtisadi inkişafın əsas şərti onun şəffaf, səmərəli və proqnozlaşdırılan şəkildə tətbiqidir.

Azərbaycanın son illər həyata keçirdiyi iqtisadi islahatlar da məhz bu yanaşma ilə uzlaşır. Dövlət xidmətlərinin rəqəmsallaşdırılması, sahibkarlıq subyektləri üçün inzibati prosedurların sadələşdirilməsi, elektron vergi və gömrük sistemlərinin geniş tətbiqi, investisiya təşviqi mexanizmlərinin təkmilləşdirilməsi və biznes mühitinin liberallaşdırılması institusional inkişafın mühüm istiqamətlərinə çevrilib.

Bu islahatların nəticələri makroiqtisadi göstəricilərdə də öz əksini tapır. Dövlət Statistika Komitəsinin və Mərkəzi Bankın məlumatları qeyri-neft sektorunun iqtisadi artımda rolunun genişləndiyini, bank sektorunda kredit qoyuluşlarının artdığını və özəl investisiya fəallığının yüksəldiyini göstərir. Beynəlxalq maliyyə institutları da Azərbaycan iqtisadiyyatının makroiqtisadi sabitliyini, fiskal dayanıqlığını və dövlət borcunun idarə olunmasını ölkənin əsas üstünlükləri sırasında qiymətləndirirlər.

Belə bir institusional mühitdə aktivlərin beynəlxalq standartlara uyğun qiymətləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Çünki investisiya qərarlarının obyektivliyi, kredit risklərinin düzgün hesablanması və maliyyə resurslarının səmərəli bölgüsü etibarlı qiymətləndirmə institutunun mövcudluğundan birbaşa asılıdır. Məhz bu səbəbdən qiymətləndirmə fəaliyyəti müasir biznes ekosisteminin ayrılmaz institusional elementlərindən biri kimi çıxış edir. 


Ayan QƏMBƏROVA,

Azərbaycan Qiymətləndiricilər Palatasının sədr müavini

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Türkiyə mediası azərbaycanlı tələbələrin Londonda memarlıq üzrə beynəlxalq təcrübəni öyrənməsi barədə yazıb

11:25
28 İyul

Dünya çempionatı: Azərbaycanın daha 5 yunan-Roma güləşçisi mübarizəyə qoşulur

11:24
28 İyul

Berlin görüşləri: Azərbaycanın artan geosiyasi çəkisinə Avropanın baxışı

11:23
28 İyul

Donald Tramp: "Türkiyə ordusu möhtəşəmdir"

11:20
28 İyul

İsrail və Livan arasında Romada yeni danışıqlar gözlənilir

11:18
28 İyul

Barselona metrosunda baş verən yanğında 137 nəfər zəhərlənib

11:16
28 İyul

Küləkli hava şəraiti günorta saatlarından etibarən tədricən mülayimləşəcək

10:39
28 İyul

Ombudsmanın nümayəndələri Suriyadan repatriasiya olunmuş Azərbaycan vətəndaşları ilə görüşüblər

10:37
28 İyul

Bu ilin ilk altı ayında proaktiv qaydada 100 minə yaxın pensiya, müavinət və təqaüd təyin edilib

10:36
28 İyul

Qızıl və gümüş ucuzlaşıb

10:34
28 İyul

Dünya birjalarında neft ucuzlaşıb

10:34
28 İyul

Zelenski ABŞ-də səfərdədir

10:32
28 İyul

Azərbaycan nefti 95 dollara satılır

10:31
28 İyul

Pentaqon: İranla münaqişədə 624 hərbçi yaralanıb, 18 nəfər həlak olub

10:30
28 İyul

“Apple” yenidən dünyanın ən dəyərli şirkəti olub

10:29
28 İyul

CNN: ABŞ Ukrayna münaqişəsinə son qoymağın vaxtının çatdığını düşünür

10:28
28 İyul

Tramp: ABŞ olmadan İsrail mövcud ola bilməzdi

10:27
28 İyul

 Azərbaycan idmançısı Dünya Kubokunun qalibi olub

10:26
28 İyul

Yay mövsümündə gigiyena qaydalarına xüsusi diqqət yetirilməlidir

09:35
28 İyul

Sietl qida festivalında atışma: ölənlər və yaralananlar var

09:30
28 İyul

Parisdə insanlar hücuma məruz qalıblar

09:25
28 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!