Hazırda Azərbaycan 12 ölkəyə - Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, İtaliya, Rumıniya, Macarıstan, Serbiya, Sloveniya, Xorvatiya, Şimali Makedoniya və Slovakiyaya qaz ixrac edir. Bu ölkələrə nəql olunan "Şahdəniz" qazı Xəzərdən sualtı borularla Səngəçal terminalına çatdırılır. Burada isə mavi yanacaq Cənubi Qafqaz Boru Kəmərinə (CQBK) vurulur.
Əvvəla xatırladaq ki, "Azərbaycanın təbii qazının Türkiyə Respublikasına tədarük edilməsinə dair Azərbaycan və Türkiyə Respublikaları arasında təbii qazın satışı və alışı haqqında müqavilə" hələ 2001-ci il martın 12-də Ümummilli Lider Heydər Əliyevin Türkiyəyə rəsmi səfəri çərçivəsində imzalanmışdı. Həmin il sentyabrın 29-da isə Gürcüstan Prezidentinin Bakıya səfəri zamanı "Təbii qazın Gürcüstan Respublikası ərazisindən tranziti, nəql edilməsi və satışına dair Azərbaycan və Gürcüstan Respublikaları arasında saziş"in imzalanması baş vermişdi.
5 il sonra "Şahdəniz" yatağının işlənməsinin birinci mərhələsi çərçivəsində çıxarılan qaz CQBK ilə Gürcüstana çatdırıldı. Bununla da Azərbaycan qazının dünyaya uzanan yolu başlandı, ölkəmiz həm də qaz ixracatçısı kimi tanındı.
CQBK Azərbaycanın və Gürcüstanın ərazisindən keçərək Gürcüstan-Türkiyə sərhədinədək uzanır. Ümumi uzunluğu 691 kilometr olan kəmərin Azərbaycan hissəsi 443, Gürcüstan hissəsi 248 kilometr təşkil edir.
CQBK Azərbaycan qazını qonşu Gürcüstana 2006-cı ilin sonunda çatdırıb. Təxminən bir il sonra isə Türkiyəyə də qaz ixracına başlanıb. Belə ki, Gürcüstan-Türkiyə sərhədində CQBK-ya 280 kilometrlik boru kəməri birləşir ki, bununla da qaz Ərzurumadək nəql olunur. Bu xətt bütövlükdə Bakı-Tbilisi-Ərzurum (BTƏ) kəməri adlanır. Başqa sözlə, CQBK Bakı-Tbilisi-Ərzurum kəmərinin ön hissəsini təşkil edir.
CQBK Azərbaycanın və Gürcüstanın ərazisində Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft kəməri ilə eyni marşrut boyu uzanır. BTC və CQBK-nın ümumi əməliyyatçısı olan BP şirkətinin bu ilin birinci rübünün yekunları barədə hesabatında bildirildiyinə görə, hazırda CQBK-nın gündəlik orta ötürücülük gücü 60,8 milyon kubmetr təşkil edir. Cənubi Qafqaz Boru Kəməri şirkətinin (CQBKş) sərmayədarları bunlardır: BP (29,99 faiz), "Cənub qaz dəhlizi" (21,02 faiz), LUKOYL (19,99 faiz), TPAO (19 faiz), NİKO (10 faiz).
Məlum olduğu kimi, "Şahdəniz" yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində hasilatı qəbul etmək, həmin mavi yanacağı Türkiyəyə və Avropaya nəql etmək məqsədilə CQBK sisteminin genişləndirilməsi həyata keçirilib. Hacıqabul rayonunun Muğan qəsəbəsi yaxınlığından başlayaraq mövcud kəmərlə yanaşı olaraq yeni xətt tikilib. Buradan Gürcüstan sərhədinədək çatan yeni kəmərin uzunluğu 387 kilometrdir. Onun başlanğıcında 1 ərsinləmə, marşrutu boyunca isə 5 siyirtmə stansiyası mövcuddur. CQBK-nın Gürcüstandakı genişləndirmə işlərinə isə bu ölkə ilə Türkiyənin sərhədində yeni kəmərin qısa hissəsi, həmçinin 1 ərsinləmə, 2 kompressor stansiyası, təzyiqi azaldan və ölçən stansiyaların tikintisi daxil idi. Nəticədə CQBK genişləndirilərək "Cənub qaz dəhlizi"nin güclü bir qoluna çevrildi.
Beləliklə, genişləndirilmiş CQBK "Cənub qaz dəhlizi"ni təşkil edən üç kəmərin birincisidir. CQBK-ya birləşən, "Cənub qaz dəhlizi"nin onurğa sütunu adlandırılan TANAP-la (Trans-Anadolu Qaz Boru Kəməri) qaz 2018-ci ilin iyun ayından Türkiyəyə də ixrac edilir. Türkiyə-Yunanıstan sərhədində TANAP-a birləşən TAP (Trans-Adriatik Qaz Boru Kəməri) isə 2020-ci ilin son günündən Azərbaycan qazını Avropaya çatdırır.
Flora SADIQLI,
"Azərbaycan"