14 Fevral 2025 09:10
1225
SİYASƏT
A- A+
"Bizim ailəmiz türk dünyasıdır"

"Bizim ailəmiz türk dünyasıdır"


TDT üzv ölkələrin ortaq baxışı ilə dünyanın yeni güc və inkişaf mərkəzinə çevrilir


Prezident İlham Əliyev 14 fevral 2024-cü ildə Milli Məclisdə andiçmə mərasimindəki proqram xarakterli çıxışında türk dövlətləri ilə əməkdaşlıqdan, birlikdən, qarşıdakı illərdə bu istiqamətdə atılacaq növbəti addımlardan söz açaraq demişdir: "Biz beynəlxalq təşkilatlarla bağlı bundan sonra da öz addımlarımızı atacağıq, ilk növbədə Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu, bizim üçün prioritetdir, mən bunu açıq demək istəyirəm, yəqin ki, indi aparılan siyasət də hər kəsə bunu aydın göstərir. Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz türk dünyasıdır".

Dövlətimizin başçısı dünyadakı beynəlxalq təşkilatlarla yanaşı, Türk Dövlətləri Təşkilatı ilə əməkdaşlığa da çox böyük önəm verir. Ölkəmizin tərəqqisini, inkişafını, gələcəyini həm də türk dövlətlərinin birliyində görür. Prezident İlham Əliyev andiçmə mərasimindəki çıxışında xüsusi olaraq vurğulamışdır: "Əgər kimsə hesab edir ki, biz başqa yerdə ailə axtarmalıyıq, deyə bilərəm ki, bizi heç yerdə gözləmirlər və bunu artıq gizlətmirlər. Əgər əvvəlki illərdə, xüsusilə işğal dövründə bizi çaşdırmaq üçün, yəni gözdən pərdə asmaq üçün müəyyən vədlərlə cəlb etməyə çalışırdılarsa, indi o maskalar da yırtıldı və açıq-aydın burada ayırıcı xətlər müşahidə olunur. Biz o ayırıcı xətləri çəkməmişik, biz bu ayırıcı xətlərin əleyhinəyik". Dövlət başçısı daha sonra bildirmişdir: "Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə qardaşlıq münasibətlərimiz var və bizim siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir. Bu, böyük coğrafiyadır, böyük ərazidir, böyük hərbi gücdür, böyük iqtisadiyyatdır, təbii sərvətlərdir, nəqliyyat yollarıdır, gənc əhalidir, artan əhalidir və bir soydan, kökdən olan xalqlardır. Bundan güclü birlik ola bilərmi? Əlbəttə ki, yox. Biz müştərək səylərlə elə etməliyik ki, Türk Dövlətləri Təşkilatı qlobal arenada önəmli aktora və güc mərkəzinə çevrilsin. Buna biz ancaq birlikdə nail ola bilərik".

Tarix göstərir ki, türk dövlətlərini əsrlər boyu bir-birinə etnik və dini bağlar sıx bağlayıb. Bəşər sivilizasiyasına böyük töhfələr vermiş, tarix səhnəsində çoxlu dövlətlər, imperiyalar yaratmış türk xalqları bu gün də mövcudluğunu və birliyini davam etdirir. Dünyada dayanmadan gedən tarixi və siyasi proseslər türk xalqlarının, türk dövlətlərinin bir-birinə daha da yaxınlaşmasını sürətləndirir, türk dövlətlərinin bir təşkilat ətrafında birləşməsini zəruri edirdi. Nəhayət, tarixi zərurətdən doğan bu addım atıldı. 2009-cu il oktyabrın 3-də Naxçıvan şəhərində Türkdilli ölkələrin dövlət başçılarının IX Zirvə görüşü keçirildi. Xatırladaq ki, ilk Zirvə görüşü 1992-ci ildə Ankarada, sonrakı toplantılar 1994-cü ildə İstanbulda, 1995-ci ildə Bişkekdə, 1996-cı ildə Daşkənddə, 1998-ci ildə Astanada, 2000-ci ildə Bakıda, 2001-ci ildə İstanbulda və 2006-cı ildə Antalyada keçirilmişdir.

 Türk ölkələri dövlət başçılarının Naxçıvanda keçirilmiş Zirvə görüşündə böyük uğurlar əldə olundu, gələcəyə doğru inamlı addımlar atıldı. Dövlət başçıları görüş zamanı xalqlarımız arasındakı tarixi bağları, ümumi dil, mədəniyyət və ənənələri, hərtərəfli əməkdaşlığın dərinləşməsini, ümumi birlik çərçivəsində qarşılıqlı əlaqənin ölkələr və onların xalqları arasında yaxın qonşuluq və əməkdaşlıq üçün geniş imkanlardan faydalanmağı, dünyada gedən inkişafı, tərəqqini nəzərə alaraq "Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında Naxçıvan Sazişi"ni imzaladılar, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması üçün razılığa gəldilər. Bu addımları ilə dövlət başçıları gələcək əməkdaşlığın, tərəqqinin və inkişafın təməlini qoydular.

Naxçıvanda keçirilmiş Zirvə görüşündə türk dövlətləri arasında əməkdaşlıq haqqında sazişi Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstan liderləri  imzaladılar. Həmin gündən ötən illər ərzində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası uğurlu inkişaf yolu keçdi. Bu ölkələr arasında siyasi, iqtisadi, nəqliyyat, humanitar, turizm, informasiya və kommunikasiya texnologiyaları, eləcə də digər sahələrdə əməkdaşlıq xeyli genişləndi. TÜRKSOY, Türk Mədəniyyəti və İrsi Fondu, Türk Akademiyası kimi qurumların sayəsində zəngin maddi və mənəvi irsimiz həm tədqiq olundu, həm də təbliğ edildi. Bu gün Türkdilli Ölkələrin Parlament Assambleyası parlamentlərarası təşkilatlarla sıx əməkdaşlıq edir. Bütün bunlar xalqlarımız arasında dostluq və qardaşlıq əlaqələrinin daha da genişlənməsinə və yaxınlaşmasına böyük təkan verir. 

2019-cu il oktyabrın 15-də Bakıda Türk Şurasının yaradılması haqqında Naxçıvan sazişinin imzalanmasının 10 illiyinə həsr edilən VII Zirvə Görüşünün keçirilməsi, Özbəkistanın Türk Şurasına qoşulması, Azərbaycanın Qırğızıstandan Türk Şurasına sədrliyi qəbul etməsi, məhz Bakıda keçirilən Zirvə görüşündə Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayevin artıq təşkilat kimi dünyaya tanınmağın zamanının gəldiyini söyləməsi Bakı Zirvə Görüşünün əhəmiyyətini daha da artırdı. Zirvə görüşündə Qazaxıstanın birinci prezidenti və Türk Şurasının fəxri sədri Nursultan Nazarbayev VII Bakı Sammitində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasını təşkilat səviyyəsinə qədər yüksəltməyin tam zamanı olduğunu, eyni köklərə malik dövlətlərin "türkdilli" deyil, Türk Dövlətləri Təşkilatı adlandırılmasını gündəmə gətirdi. 

Türk dövlətlərinin güclənməsi, Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın inkişafı başda Ermənistan olmaqla bir sıra xarici qüvvələri qıcıqlandırmaya bilməzdi. Ermənilər "erməni soyqırımı" uydurması ilə Türkiyə ilə münasibətləri gərginləşdirirdi. Azərbaycanın əbədi-əzəli ərazisi olan Qarabağı və onun ətrafındakı 5 rayonu 30 ilə yaxın idi ki, işğal altında saxlayırdı. Bu ərazilərdəki tarixi abidələri Yer üzündən silməyə çalışırdı. 

Amma bu işğal əbədi davam edə bilməzdi. Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı tarixi Zəfər buna son qoydu. Bu Zəfər həmçinin türk dünyasının nüfuzunu artırdı. 44 günlük Vətən müharibəsi zamanı türk dövlətlərində sadə insanların, xüsusən sosial şəbəkələr vasitəsilə Azərbaycana ehtiramı, sevgisi açıq şəkildə hiss olunurdu. Bütün bunlar bir daha göstərirdi ki, yalnız dövlətlər deyil, xalqlar da bir-biri ilə dost və qardaşdırlar.

Yeri gəlmişkən qeyd edək ki, işğaldan azad edilmiş torpaqlarımızda aparılan bərpa-quruculuq işlərindən danışarkən Prezident İlham Əliyev Türkiyə şirkətlərinin fəallığı ilə yanaşı, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin şəxsi təşəbbüsü ilə Füzuli rayonunda böyük məktəbin inşa ediləcəyini vurğulayaraq təhsil müəssisəsinin layihəsinin təqdim edilməsini növbəti həmrəylik, dostluq, qardaşlıq addımı adlandırmışdır. 

Zəngəzur dəhlizinin həm türk dünyasını, Avropanı, həm də qonşularımızı birləşdirə biləcək bir layihə olduğunu bir daha qeyd edən Prezident İlham Əliyev Naxçıvan zirvəsindəki çıxışını xatırlamışdır: "O zaman mən demişdim ki, 1920-ci ildə sovetlər hakimiyyəti Zəngəzuru Azərbaycandan qoparıb Ermənistana verməklə türk dünyasının coğrafi bağlantısını pozmuşdur və bunu xəritəyə baxmaqla hər kəs görə bilər. Bu gün isə biz bu coğrafiyanı bərpa edirik. Artıq nəqliyyat, kommunikasiya layihələrinin həyata keçirilməsi ilə biz bu coğrafiyanı yenidən bağlayırıq, birləşdiririk və ümid edirəm ki, buna sona qədər müvəffəq olacağıq".

Təbii ki, həm əvvəlki dövrlərdə, həm 44 günlük Vətən müharibəsinin davam etdiyi günlərdə, həm də işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərinin aparıldığı indiki zamanda Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin nümayiş etdirdiyi birlik, bərabərlik, qətiyyət çox qürurvericidir. Tarixi təcrübə göstərir ki, yalnız gəlir əldə etmək məqsədilə qurulan əlaqələr, yaradılan əməkdaşlıq bir müddətdən sonra iflasa uğrayır. Lakin türk dövlətlərinin əlaqələrinin keçmişi və bu günü onun böyük, şanlı gələcəyindən xəbər verir. Bu dostluğun, əməkdaşlığın əbədi olacağını dünyaya göstərir.

Xüsusi olaraq vurğulanmalıdır ki, bu günə qədər Azərbaycan türk dünyasının birliyinin güclənməsinə mühüm töhfələr verib. Təşkilatın məhz Naxçıvan sazişi ilə yaradılması bunun bariz göstəricisidir. Ölkəmiz Türk Dövlətləri Təşkilatının təsisçi dövlətlərindən biri kimi daim əməkdaşlığın daha da inkişafı məqsədilə mühüm təşəbbüslər irəli sürüb, layihələr həyata keçirir.  

Azərbaycan türk dövlətləri ilə həm də ikitərəfli formatda əməkdaşlıq edir. Ulu Öndər Heydər Əliyevin Azərbaycan-Türkiyə münasibətləri haqqında dediyi "Bir millət, iki dövlət" kəlamı iki türk dövləti arasındakı qardaşlıq münasibətlərinin ifadəsidir. Ötən illər ərzində Prezident İlham Əliyev dəfələrlə Türkiyə, Özbəkistan, Qırğızıstan və Qazaxıstana səfərlər edib. Həmçinin son dövrlərdə Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan dövlət başçıları ölkəmizə səfərlərə gəliblər. Bütün bu səfərlər və görüşlər türk dövlətləri arasında dostluq və qarşılıqlı əməkdaşlıq əlaqələrini daha da genişləndirir, təşkilatın sabahına inamı artırır. 

12 noyabr 2021-ci ildə İstanbul Zirvə görüşündə Azərbaycan ərazilərinin işğaldan azad edilməsini və ərazi bütövlüyünün bərpasını təmin edərək türk birliyinə mühüm töhfə verdiyinə və bölgədə davamlı sülhün, sabitliyin əldə olunmasına, tarixi Qələbəyə görə Prezident İlham Əliyev "Türk Dünyasının Ali Ordeni" ilə təltif edilib. Bu önəmli hadisəyə qədər Azərbaycan və onun Qalib Lideri İlham Əliyev türk dövlətlərinin birləşməsinə doğru uzun bir yol keçmiş, dünyada bir sıra sahələrdə olduğu kimi, bu ölkələrin yaxınlaşması sahəsində də özünün əvəzolunmaz töhfəsini vermişdir.

Son zamanlar dünyada baş verən geosiyasi proseslər fonunda türk dövlətləri əməkdaşlıq sahələrini genişləndirmək istiqamətində səylərini daha da artırıb. Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə təşkilatda əməkdaşlığın mahiyyətcə yeni mərhələyə keçidi başlayıb. Cənubi Qafqazda yeni reallıqların yaranması Mərkəzi Asiya ilə əməkdaşlığın formatına da öz təsirini göstərib. 

Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan TDT-nin beynəlxalq məsələlərdə rolunu genişləndirmək üçün səylərini daim artırır. Avrasiyanın daim inkişafda olan geosiyasi mənzərəsində Türk Dövlətləri Təşkilatı üzv ölkələrin ortaq baxışı ilə əhəmiyyətli bir güc və inkişaf mərkəzinə çevrilir. 

TDT-nin gələcəyinə olan aydın və işıqlı baxışlar türkdilli xalqlar arasında birliyin, dostluğun, qardaşlığın daha sıx olacağına böyük ümidlər verir. Azərbaycanın da üzv olduğu və rəhbərlik etdiyi Türk Dövlətləri Təşkilatı türk dünyasında və onun hüdudlarından kənarda həmişə sülh, sabitlik və əmin-amanlıq olmasını istəyir. Təşkilat dünyaya sülh gətirəcək bu istəyi, bu amalı yerinə yetirmək üçün üzərinə düşən vəzifələri uğurla yerinə yetirir, bu istiqamətdə inamlı və mühüm addımlar atır.


Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

SOCAR-ın prezidenti “ExxonMobil” Korporasiyasının vitse-prezidenti ilə görüşüb

12:39
20 Mart

İstanbul Böyükşəhər Bələdiyyəsi üzvlərinin terror təşkilatları ilə əlaqələri müəyyən edilib  

12:38
20 Mart

Müəllim və şagirdlər Novruz bayramını birlikdə qeyd ediblər

11:00
20 Mart

Azərbaycan Ordusunun mövqeləri Keşişkənd istiqamətindən atəşə tutulub  

10:59
20 Mart

Birinci Vitse-prezident Mehriban Əliyeva Novruz bayramı münasibətilə paylaşım edib

10:57
20 Mart

KOB evləri sahibkarların ən çox üz tutduqları ünvana çevrilir

09:20
20 Mart

Novruz bayramı rənglər dünyasında

09:15
20 Mart

Nur şəhəri Mingəçevirə bayram nuru çiləndi

09:10
20 Mart

Tariximizin qanlı səhifəsi - 31 Mart Azərbaycanlıların Soyqırımı Günü

09:05
20 Mart

İrəvan çıxılmaz durumdadır

09:00
20 Mart

Zəfər coşqulu Novruz

08:55
20 Mart

Ermənistan sülh prosesinə təxribatla cavab verir

08:50
20 Mart

Ermənistan sülhlə yox, odla oynayır

08:45
20 Mart

Hayastana etibar yoxdur

08:40
20 Mart

Novruz ənənələrində hər bölgənin izi var

08:35
20 Mart

Ağdamda bayram tonqalları şölələndi

08:30
20 Mart

Tərtərdə bayram sevinci yaşandı

08:25
20 Mart

Maskalar yırtılır, həqiqətlər üzə çıxır

08:20
20 Mart

Azərbaycana qarşı çirkin kampaniyalar həyata keçirmiş şər yuvalarının layiqli sonu

08:15
20 Mart

USAID casus şəbəkəsi ifşa olundu

08:10
20 Mart

USAID ABŞ ilə etibarsız əməkdaşlıq imici formalaşdırırdı 

08:05
20 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!