16 Sentyabr 2025 09:00
983
Mədəniyyət
A- A+
Bənzərsiz ifası və məlahətli səsi ilə əbədilik qazandı 

Bənzərsiz ifası və məlahətli səsi ilə əbədilik qazandı 


Həzin, ürəyəyatımlı, məlahətli səsi ilə dinləyicilərini, pərəstişkarlarını sehrləyən, zövqünü oxşayan sənət adamları təkcə ifaları ilə deyil, şəxsi həyatları ilə də həmişə insanları maraqlandırır. Xalq ürəkdən sevdiyi sənət adamlarını həmişə diqqətdə saxlayır, onun səsinə, ifasına heyran qalır.  İfası, sənəti və ecaskar səsi ilə pərəstişkarlarının dərin sevgisini qazanmış müğənnilərimizdən biri də adı dillərdən düşməyən, ürəklərdən silinməyən Rübabə Muradovadır. 

Yəqin ki, Rübabə Muradovanın adını eşitməyən, oxuduğu mahnılara sevə-sevə qulaq asmayan, onun səsinin sehrinə düşməyən adamlar çətin tapılsın. Çünki bu böyük sənətkar muğam və təsniflərimizi özünəməxsus tərzdə, bənzərsiz səsi ilə, minlərlə, milyonlarla insanı duyğulandıran, təsirləndirən istedadlı müğənni olub. Oxuduğu bütün mahnılara yeni həyat verib, özü ilə bərabər mahnıları da xalqa sevdirib. Onu xatırlayanlar yaxşı bilirlər ki, Rübabə Muradova sağlığında məşhur ifaları ilə dillər əzbəri olmuşdu. 

Demək olar ki, ölkəmizin bütün guşələrində, ailə məclislərində, radio və televiziyada səsini eşidənlər bir anlıq söhbətlərinə ara verib onu dinləyirmişlər. Təbiidir ki, muğam oxuyan sənətkarlarımız çoxdur. Rübabə Muradova isə muğamlarımızı daha şövqlə, daha böyük məhəbbətlə oxuyurdu. Onun ifa tərzi başqalarından seçilirdi. Rübabə xanım muğamın fəlsəfi dərinliyini, təsniflərin ürəyə yaxınlığını, xalq mahnılarının doğmalığını səsində və ifa tərzində birləşdirməyi və yaşatmağı məharətlə bacarırdı. Məhz buna görə də pərəstişkarları, dinləyiciləri onun mahnılarına böyük sevgi ilə qulaq asırdılar. Unudulmaz sənətkarı xalqa sevdirən də elə bu amillər idi.

Azərbaycan musiqisinin parlaq simalarından biri olan Rübabə İsmayıl qızı Muradovanın ömür yolunu vərəqlədikcə öyrənirik ki, onun həyatı böyük çətinliklərdən keçib. Rübabə Muradova 22 mart 1933-cü ildə Ərdəbil şəhərində anadan olub. Yeniyetmə yaşlarından ailəsi ilə birgə Arazı keçib. Bir müddət keçmiş Əli Bayramlı, indiki Şirvan rayonunda yaşayıblar. Kiçik yaşlarından taleyi onun üzünə gülməyib. Erkən yaşlarından atasını itirən Rübabə Muradovanın həyatında ən ağır günləri başlayıb. Anası üzləşdiyi çətinliklərə baxmayaraq, onu təkbaşına böyüdüb. Balaca Rübabənin musiqiyə olan marağını görən ana əlindən gələni edib, qızının gələcəkdə musiqiçi olmasına çalışıb. 

Həmin illərdə Şirvanda teatr olmadığından yeniyetmə Rübabə qonşu rayona - Sabirabada gedirmiş. Görkəmli aktyor, Xalq artisti Ələsgər Ələkbərov da onu burada görür və Bakıya, filarmoniyaya dəvət edir. Bununla da onun həyatının yeni dövrü başlayır, taleyi üzünə gülür. Bakı qaynar həyatı ilə gələcəyin böyük müğənnisini ehtiramla qoynuna alır. Ölkənin paytaxtına köçən Rübabə xanım şəhərin zəngin musiqi mühiti ilə tanış olur və istedadını inkişaf etdirərək tanınmağa və sevilməyə başlayır. Rübabə Muradova 1951-1955-ci illərdə A.Zeynallı adına Bakı Musiqi Məktəbində (Seyid Şuşinskinin sinfində) təhsil alır. 1954-cü ildən ömrünün sonuna kimi Azərbaycan Dövlət Opera və Balet Teatrında əvvəlcə solist, sonra məşqçi-pedaqoq kimi çalışır.

Rübabə Muradovanın peşəkar musiqi karyerası 1950-ci illərdən başlayıb. O, Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi fəaliyyət göstərib. Onun  səsi, ifa tərzi elə ilk günlərdən musiqisevərlərin və tamaşaçıların rəğbətini qazanıb, diqqətini özünə cəlb edib. Rübabə xanım qısa müddət ərzində klassik muğamların, təsniflərin və xalq mahnılarının mahir ifaçısı kimi tanınıb. Onun təkcə səsi deyil, səhnə mədəniyyəti, özünəməxsus səmimiliyi də tamaşaçılarda Rübabə xanıma böyük maraq oyadıb.

Bütün zamanlarda sevilən müğənni Rübabə Muradovanın musiqi mədəniyyətimizə  bəxş etdiyi bənzərsiz ifalar bu gün də maraqla dinlənilir. Müğənninin oxuduğu "Unuda bilmirəm", "Bu ayrılıq nədən oldu", "Gəl bizə yar", "Dəşti təsnifi", "Heydər Babaya salam" kimi mahnılar nəsildən-nəslə ötürülür, dinləyicilərin yaddaşında əbədi olaraq yaşayır.  Rübabə xanımın oxuduğu mahnılar dünən də dinlənilirdi, bu gün də dinlənilir, sabah da dinləniləcək. Təbiidir ki, bu, heç də bütün sənətkarlara nəsib olmayan bir xoşbəxtlikdir. Belə xoşbəxtlik yalnız və yalnız Rübabə xanım kimi böyük sənətkarlara nəsib olur.   

Rübabə xanımın ifa etdiyi mahnıların içində "Heydər Babaya salam" əsəri öz məzmunu, fəlsəfi dərinliyi, bitkinliyi və kədər yükü ilə seçilir. Dinləyicilərin həm sevə-sevə, həm də kədər hissi ilə dinlədiyi bu mahnı Azərbaycan poeziyasının və musiqisinin vəhdətindən, birliyindən yaranan parlaq bir nümunədir. Bu, Rübabə xanımdan başqa kimsənin təkrar ifa edə bilməyəcəyi ecaskar bir ifadır.


Heydər Baba, yolum səndən kəc oldu,

Ömrüm keçdi, gələmmədim, gec oldu,

Heç bilmədim gözəllərin necə oldu,

Bilməz idim döngələr var, dönüm var,

İtkinlik var, ayrılıq var, ölüm var...


Dillər əzbəri olan bu məşhur misralar Şəhriyarın qələmindən çıxıb.  Rübabə xanım da ifa etdiyi mahnısı ilə həmin misralara əbədi həyat verib, ürəklərə, qəlblərə hopdurub. Rübabə Muradova cənub həsrətini, doğma ocaqlarının nisgilini, taleyinin acısını səsinin yanğısı ilə Şəhriyarın misralarında ifa edib. Rübabə Muradova ifası ilə, səsi ilə sözün və musiqinin təkrarsız vəhdətini yaradıb. Sevilən sənətkar bu əsəri oxuyarkən həm Vətənin, həm də insan qəlbinin dərinliklərinə enir, böyük poetik-fəlsəfi mənanı dinləyicilərə çatdırır. Bəlkə də elə buna görədir ki, nə qədər kədərli olsa da, bu mahnını dinlədikcə dinləmək istəyirsən. 

Rübabə Muradovanın səsi qeyri-adiliyi, həzinliyi ilə həm dinləyicilərin, həm də sənətşünasların diqqətini cəlb edib. O, qeyri-adi bacarığa sahib olan müğənni idi. Çünki hiss və duyğuları ilə musiqinin dərinliklərinə enməyi bacarırdı. Səsindəki zəngin tembr, lirika, kədər və sevinc, nisgil və ümid bir-birinə qarışırdı. Buna görə də mahnıları təkrar-təkrar dinlənilir və sevilir. 

Rübabə Muradovanın xiffətini çəkdiyi məsələlərdən biri də anadan olduğu Ərdəbili bir daha heç vaxt görməməsi idi. Ölümündən bir müddət əvvəl sənət dostlarından birinin ona gətirdiyi Ərdəbil torpağı öldüyü günə qədər onun evində qalırmış. Xəstə yatağında da, ölüm ayağında da Ərdəbili unutmayan sənətkar deyirmiş: "Kaş bircə dəfə gedib Ərdəbili görəydim. Sürünə-sürünə də olsa gedib, oranı görüb, sonra öləydim".

Xanəndə həmişə Ərdəbildəki evlərinin həsrətini çəkər, gələndən-gedəndən Arazın o tayında qalan evlərini soruşarmış. Yaxınlarının sözlərinə görə Mərdəkandakı bağını, həyətini Ərdəbildəki evlərinin həyətinə bənzədir, ordakı ağaclardan həyətlərində də əkdirərdi. Amma bütün bunlar ürəyindəki həsrəti silə bilməzdi. Bir dəfə isə Astara rayonuna qastrola gedəndə, sərhəddin kənarından dayanıb o taya baxıb və qəflətən nalə çəkərək möhkəm ağlayıb. Onun bu cür ağlaması sənət yoldaşlarını da kədərləndirib.

Bənzərsis səsə, ifa tərzinə sahib olan Rübabə xanımın istedadı ona Dövlət Opera və Balet Teatrının solisti olduğu illərdə müxtəlif rollar oynamağa da imkan verib. "Leyli və Məcnun"da Leyli, "Əsli və Kərəm"də Əsli, "Şah İsmayıl"da Ərəbzəngi, "Aşıq Qərib"də Şahsənəm, "Koroğlu"da Xanəndə qız, "Gəlin qayası"nda Sənəm kimi rollar oynayan Rübabə Muradova xalqın dərin sevgisini qazanır.

Şəkər xəstəsi olduğundan şirniyyat və şirin meyvələr yeyə bilmirmiş. Ömrünün son günlərində heç nə yemir, ancaq su içirmiş. Xanəndə ölümündən bir neçə ay əvvəl dəhşətli dərəcədə arıqlayır. Görənlər onu tanıya bilmir. 1983-cü il avqustun 28-də Rübabə Muradova 50 yaşında serroz xəstəliyindən dünyasını dəyişir. Ölmədən əvvəl iki şey vəsiyyət edir. Ərdəbildən torpaq gətirib məzarına səpsinlər və dəfn olunanda Habil Əliyev onun məzarı üstündə musiqi ifa etsin. Habil Əliyev isə onun bu vəsiyyətini yerinə yetirmir. Bunun səbəbini ondan soruşanda deyir: "Ürəyim gəlmədi, çala bilmədim". Rübabə xanım Yasamal qəbristanlığında torpağa tapşırılır.

Azərbaycan musiqisinə verdiyi töhfələrə görə Rübabə Muradova 6 noyabr 1956-cı ildə "Azərbaycan SSR Əməkdar artisti", 29 aprel 1971-ci ildə "Azərbaycan SSR Xalq artisti" fəxri adlarına layiq görülüb. 9 iyun 1959-cu ildə isə "Şərəf nişanı" ordeni ilə təltif olunub.

Bacısı Tahirə xanım Rübaba Muradovanın ömrünün son günlərini belə xatırlayır: "Ölümünün yaxınlaşdığı Rübabənin ürəyinə dammışdı. Özü bunu bilirdi artıq. Qızı Şahnazla qalırdı. Şahnaz övladlıq borcunu layiqincə yerinə yetirib, onun qulluğunda durdu.  Deyirdi ki, məni təmtəraqla basdırmayın.  Əsas odur ki, məni xalqım sevəcək. Xəstə yatağında da, ölüm ayağında da Ərdəbili unutmadı, yada saldı.  Ancaq bu arzuyla yaşayırdı, ancaq bu idi onun dərdi. Onun bircə dərdi vardı - Vətən. Rübabə yalnız Vətən həsrətilə öldü, sevgi dərdilə yox. Çünki sevdiyi şəxs onun yanında olub".

Xalq artisti Canəli Əkbərov isə sənətkar dostunu belə xatırlayırmış: "1975-ci ilin sonunda rejissor Mehdi Məmmədov "Leyli və Məcnun" tamaşasını hazırlayanda və mənə deyəndə ki, Leylin Rübabə Muradova olacaq, əlim-ayağım həyəcandan əsdi. Çünki o vaxtlar Rübabə yanğılı səsi ilə çox sevilirdi və insanlar onun avazından ötrü ölürdülər. Nə başınızı ağrıdım, biz səhnəyə çıxanda zal dağılırdı alqış sədalarından. Əsərdə "Şam" səhnəsi var, orda Rübabə necə nalə çəkirdisə, tamaşaçılar ağlaşırdı. Rübabə özü də ağlayırdı. Bəzən səhnədə göz yaşı tökmək üçün müəyyən vasitələrdən istifadə olunur, amma Rübabə o qədər təbii oynayırdı ki... Hətta deyərdim ki, səhnədə olduğunu, rol oynadığını unudurdu. Qismət elə gətirdi ki, mən rayonlara qastrola da ilk dəfə Rübabə xanımla çıxdım. Rayon camaatı onu o qədər sevirdi ki..."

Xalqımız həmişə mahnılarını sevə-sevə dinlədiyi, məlahətli səsinin heyranı olduğu Rübabə Muradovanı heç vaxt unutmayacaq. Çünki Rübabə xanım ifaları ilə, ecazkar səsi ilə əbədilik qazanıb.


Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Alimlər adi buzdan 10 dəfə möhkəm yeni material hazırlayıblar  

20:17
13 Oktyabr

Azərbaycan–Kamboca münasibətlərinin inkişafı daha da sürətlənəcək  

19:52
13 Oktyabr

İspaniyada neandertallara aid taxta alətlərin izləri aşkar edilib  

19:45
13 Oktyabr

  Papa XIV Lev əməliyyata hazırlanır

19:35
13 Oktyabr

Laos Prezidenti Milli Məclisdə olub  

19:28
13 Oktyabr

Kosmetik vasitələrin gözlərdə ciddi zədələnmələrə səbəb olduğu üzə çıxıb   

19:18
13 Oktyabr

Mərkəzi Bank: İpoteka portfeli üzrə QİK əmsalı aşağı səviyyədədir

19:03
13 Oktyabr

Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib

18:53
13 Oktyabr

Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında iqtisadi inteqrasiya genişlənir  

18:42
13 Oktyabr

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb  

18:31
13 Oktyabr

Kredit tarixçəsi olmayanlara da şans  

18:30
13 Oktyabr

Mərkəzi Bank: Əhalinin borc yükü artıb

18:19
13 Oktyabr

Kamboca Krallığının birinci xanımı Piç Çanmoni İçərişəhərlə tanış olub  

18:17
13 Oktyabr

Alimlər hüceyrələrin cavanlaşdırılmasına nail olublar  

18:13
13 Oktyabr

İşğaldan azad edilmiş ərazilərdə 100 minə yaxın insan məskunlaşıb  

18:07
13 Oktyabr

Beynəlxalq Cüdo Federasiyasının prezidenti dünya çempionatının yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür edib  

18:01
13 Oktyabr

İqtisadi Şuranın növbəti iclası olub

17:58
13 Oktyabr

QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var

17:56
13 Oktyabr

Azərbaycanın müdafiə naziri Kamboca Krallığının Baş naziri ilə görüşüb

17:56
13 Oktyabr

Panamada 6 maqnitudalı zəlzələ baş verib  

17:52
13 Oktyabr

Müharibə nəticəsində Ukrayna və Rusiyada 940 uşağın ölüm faktı təsdiqlənib  

17:43
13 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!