Xəzərin sahilində az qala Bakının özü qədər qədim tarixə malik Qız qalasını görənlər, xüsusən də turistlər, səyyahlar, arxitektor və coğrafiyaşünaslar heyranlıqlarını gizlədə bilmirlər və bu da təsadüfi deyil.
Qız qalası unikal-konstruktiv quruluşuna görə, nəinki Azərbaycanda, eləcə də Yaxın Şərqdə analoqu olmayan bir abidədir. Daşdan hörülmüş nəhəng silindr formasında olan bu abidənin hündürlüyü şimal tərəfdən 28, cənub tərəfdən 31 metrdir. Təməl hissədə qala divarlarının qalınlığı 5 metrə, 8-ci mərtəbədən yuxarıda isə 4 metrə çatır. Qala 8 günbəzdən ibarətdir ki, onlar da qalanı 8 mərtəbəyə bölür. Hər mərtəbə yonma daşlarla tikilmiş, günbəz formalı tavanla örtülmüşdür. Daşla hörülmüş bu tavanların ortasında dairəvi deşiklər vardır. Deşiklər şaquli xətt istiqamətindədir, 8-ci mərtəbənin tavanının ortasında olan dairəvi deşikdən baxdıqda birinci mərtəbənin döşəməsini görmək mümkündür.
Qalaya yeganə giriş yolu onun qərb tərəfindən - 2 metr hündürlükdə və 1 metrdən artıq tağlı qapıdandır. Qız qalasının yuxarıdan görünüşü günəşi və odu bildirən, Azərbaycanda geniş yayılmış "buta"ya oxşayır.
Buraya ilk dəfə yolu düşən yerli sakinlərdə də, turistlərdə də çox zaman qalanın adı maraq doğurur. Abidənin adının etimologiyası ilə bağlı mübahisələr indiyə qədər səngimək bilmir. Onun inşa tarixi və mahiyyəti yetərincə müəmmalıdır, adının mənşəyi isə çoxsaylı əfsanələrlə bağlıdır. Bəzi müəlliflərin fikrincə, qalanın adı Bakı xanının qızının adı ilə bağlı olduğu üçün Qız qalası adlandırılmışdır. Rəvayətə görə, qardaşı (bəzi mənbələrdə hökmdar atası) tərəfindən qalada saxlanılan qız bu əzaba dözməyərək özünü qalanın başından ataraq Xəzərin sularına qərq olmuşdur. Söylənilən digər əfsanələrdən biri də qalanın adının şahın aşiq olduğu və evlənmək üçün qala tikdirməyi ona şərt qoyan bir qıza həsr edilməsidir. Bir çox tədqiqatçı-alimin fikrincə, bu, gözətçi qalası və ya müdafiə istehkamlarının bir hissəsidir. Digər tədqiqatçilar onun qədim məbəd, başqaları isə rəsədxana olduğunu iddia edirlər.
Bu fərziyyələrin hər biri çoxsaylı dəlillərə söykənir. Lakin təyinatından asılı olmayaraq, tikilinin misilsiz memarlıq abidəsi olması faktı danılmazdır. Məhz bu səbəbdən Qız qalası dövlətimiz tərəfindən mühafizə olunur. Abidə həmçinin 2000-ci ilin dekabrında UNESCO-nun Dünya İrs Siyahısına salınmışdır.
Tədqiqatçıların fikrincə, memarlıq tarixində Qız qalası ilə müqayisə edilə biləcək analoji abidə yoxdur. Onun yaşının Şumer dövründən başladığını iddia edən mütəxəssislər də var, XII yüzillikdə tikildiyini sübut etməyə çalışanlar da. Burada zaman fərqi tikilmə tarixi bilinməyən başqa abidələrdə olduğu kimi, bir neçə il deyil, hətta bir neçə əsr də deyil, 3000 ildən artıqdır.
Qız qalasının cənub-qərb divarında 14 metr hündürlükdə ərəb dilində qədim kufi xətti ilə yazılmış daş kitabə yerləşdirilmişdir. Yazıda "Qülleyi Məsud ibn Davud" sözləri həkk olunub. Yazı kalliqrafik xüsusiyyətlərinə görə XII əsrə aid edilir. Bəzi alimlər burada qalanı ucaldan memarın adının həkk olunduğunu ehtimal edirlər.
Əsrlər bir-birini əvəzlədikcə Qız qalası təbii proseslərin təsiri nəticəsində zədələnərək ciddi təhlükə ilə üz-üzə qalsa da, ümumilikdə öz ilkin görkəmini və struktur quruluşunu qoruyub saxlaya bilib. Ötən əsrin 60-cı illərində aparılan bərpa işlərindən sonra abidə muzey kimi fəaliyyət göstərir. Dünya əhəmiyyətli bu abidənin qorunub saxlanması və mövcud görkəmdə gələcək nəsillərə çatdırılması üçün Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, 2009-2013-cü illərdə burada konservasiya işləri aparılıb. Maddi-mədəni irsimizə həmişə diqqət və qayğı göstərən Heydər Əliyev Fondunun dəstəyi ilə görülən işlər nəticəsində Qız qalasının təkrarolunmaz görkəmi tam bərpa edilib, bu bənzərsiz abidə yenidən istifadəyə verilib. Yenidənqurmadan sonra qalanın daxilində beynəlxalq standartlara uyğun müasir muzey ekspozisiyası yaradılıb. Konservasiya prosesi dövründə abidənin tarixinin və təyinatının öyrənilməsində mühüm rol oynaya biləcək elmi tədqiqatlar aparılıb, qaladakı pilləkən yenisi ilə əvəz edilib.
Qız qalasının mərtəbələrində xüsusi monitorlarda bu abidənin tarixi, daxili strukturu, tikintisində məqsəd, təyinatı və sair məsələlərlə bağlı fərziyyələr, əfsanələr və digər maraqlı faktlar əks olunub. Ekspozisiyadakı stenddə qədim sənətkarlıq məmulatları barədə məlumat verilir. Hər bir mərtəbədə ekspozisiyaya uyğun işıqlandırma sistemi quraşdırılıb. Burada Qız qalasının müdafiə, istehkam, dini, rəsədxana və digər təyinatı barədə fərziyyələrlə, elmi araşdırmalarla tanış olmaq mümkündür. Monitorlarda Qız qalasının təyinatı barədə film nümayiş olunur. Ekspozisiyada Qız qalasının özünəməxsus və bənzərsiz memarlığı geniş əksini tapıb. Burada orijinal maket qurulub. Maketin üzərindəki monitorda qalanın daxili strukturu barədə müfəssəl məlumat yerləşdirilib.
Köhnə Bakını əks etdirən monitorda şəhərin iqtisadi, gündəlik həyatı və şəhərsalma mövzularına geniş yer ayrılıb. Burada Qız qalası haqqında əfsanələrlə də tanış olmaq mümkündür. Ekspozisiyanın növbəti bölməsində Qız qalasının müdafiə obyekti rolunu oynaması ilə bağlı fərziyyə və elmi araşdırmalardan bəhs edilir. Stenddə qədim silah nümunələri nümayiş olunur. Monitorlarda İçərişəhərin hərbi tarixi və burada baş verən döyüşlər əksini tapıb. Ekspozisiyada Qız qalasının qədim rəsədxana rolunu oynaması fərziyyəsinə də geniş yer ayrılıb.
Ümumiyyətlə, bu maddi-mədəniyyət abidəsində həyata keçirilən konservasiya işləri və yeni yaradılan muzey ekspozisiyası bura gələn hər bir kəsdə zəngin təəssürat və xoş ovqat yaradır. Onu da xüsusi qeyd edək ki, milli-mənəvi dəyərlərimizin, maddi-mədəniyyət abidələrimizin qorunub saxlanmasına və təbliğinə həssaslıqla yanaşan Heydər Əliyev Fondu konservasiya tədbirləri zamanı dəstəyini əsirgəməmişdir.
Rəhman SALMANLI,
"Azərbaycan"