Bakının region paytaxtları ilə siyasi dialoqu intensivləşdirməsi, Xəzərin iki sahili arasında nəqliyyat və enerji bağlantılarının dərinləşməsi və Orta Dəhlizin strateji əhəmiyyətinin artması Azərbaycanın Mərkəzi Asiyanı Cənubi Qafqaz, Türkiyə və Avropa ilə birləşdirən mühüm qovşağa çevrilməsini şərtləndirir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyənin Hatay Mustafa Kamal Universitetinin Beynəlxalq münasibətlər kafedrasının müəllimi, dosent Nəzrin Əlizadə deyib.
Nəzrin Əlizadə Orta Dəhlizin artıq yalnız potensial layihə kimi deyil, işlək ticarət arteriyasına çevrilmək potensialına malik marşrut kimi qiymətləndirilməsinin vacibliyini vurğulayıb: “2022-ci ildən etibarən Azərbaycan üzərindən daşınan yüklərin həcmi təxminən 90 faiz artıb, daşınma müddəti isə əhəmiyyətli dərəcədə qısalıb. Xəzərdən keçən marşrut üzrə yükdaşımaların həcmi 2023-cü ildə 2,76 milyon tondan 2024-cü ildə 4,48 milyon tona yüksəlib. Konteyner daşımalarının həcmi isə 2025-ci ildə təxminən 77 min TEU-ya çatıb və 2029-cu il üçün 300 min TEU hədəfi müəyyənləşdirilib. Bakı Beynəlxalq Dəniz Ticarət Limanının genişləndirilməsi, ticarət donanmasının artırılması və Bakı–Tbilisi–Qars dəmir yolunun gücləndirilməsi bu artımın infrastruktur əsasını təşkil edir. “Rəqəmsal İpək Yolu” layihəsi isə Mərkəzi Asiyanı Türkiyə və Avropa ilə birləşdirən rəqəmsal biznes mühitini tamamlayır”.
Nəzrin Əlizadə enerji sahəsində mühüm proseslərin getdiyini bildirib. Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında 2025-ci ilin yanvarında imzalanmış üçtərəfli saziş bərpaolunan enerji sahəsində əməkdaşlığı və yaşıl elektrik enerjisinin ötürülməsini nəzərdə tutur. Bu istiqamət 2026-cı ilin iyununda Bişkekdə keçirilən ŞƏT Energetika Nazirləri Görüşündə elan olunan Mərkəzi Asiya–Azərbaycan Yaşıl Enerji Dəhlizi layihəsi ilə daha da konkretləşib. Layihə Mərkəzi Asiya, Cənubi Qafqaz və Türkiyənin enerji sistemlərini bir-birinə bağlamağı və perspektivdə Avropa bazarlarına çıxmağı hədəfləyir. Ermənistanla normallaşma prosesinin TRIPP – Trans-Regional İnteqrasiya və Tranzit Layihəsi – xəttinin işə düşməsinə imkan verəcək şəkildə inkişaf etməsi Orta Dəhlizin Mərkəzi Asiyadan Cənubi Qafqaz, Türkiyə və Avropaya fasiləsiz uzanan vahid nəqliyyat və enerji şəbəkəsinə çevrilməsini texniki baxımdan mümkün edə bilər.
ŞƏT-in Regional Antiterror Strukturunun təhlükəsizlik əməkdaşlığı üçün imkanlar yaratdığını deyən ekspert çoxtərəflilik və multikulturalizm yanaşmasının Azərbaycan üçün əlavə diplomatik platforma formalaşdırdığını bildirib: “Prezident İlham Əliyevin ardıcıl üç il – 2024-cü ildə Astanada, 2025-ci ildə Tyançində və 2026-cı ildə Bişkekdə – ŞƏT Plus sammitlərində iştirakı bu münasibətlərin artıq yalnız protokol və mərasim diplomatiyası çərçivəsində qalmadığını göstərir. Azərbaycan konkret layihə diplomatiyası vasitəsilə öz çəkisini artırmaq strategiyası yürüdür. Bu çərçivədə Azərbaycan bir sıra konkret istiqamətləri önə çıxara bilər. Bunlardan biri Orta Dəhlizin ŞƏT üzvləri ilə rəqəmsal gömrük və “vahid pəncərə” sistemləri vasitəsilə inteqrasiyası, eləcə də “C6” formatı ilə ŞƏT-in nəqliyyat gündəminin əlaqələndirilməsidir. Digər istiqamət yaşıl enerji dəhlizinin ŞƏT-in enerji əməkdaşlığı mexanizmləri ilə əlaqələndirilməsi və onun Türkiyə üzərindən Avropaya qədər uzadılmasıdır”.
Ekspert ticarət sahəsində Orta Dəhliz vasitəsilə ŞƏT bazarlarına çıxışı asanlaşdıran protokolların hazırlanmasını və gömrük prosedurlarının sadələşdirilməsini də vacib hesab edir. “Regional təhlükəsizlik sahəsində ŞƏT-in Regional Antiterror Strukturunun imkanlarından istifadə etməklə məlumat mübadiləsi və sərhəd təhlükəsizliyi üzrə əməkdaşlığın TDT ilə tamamlayıcı şəkildə inkişaf etdirilməsi mümkündür. Son dövrdə əldə olunan nəticələr və yüksək səviyyəli rəsmi təmaslar birlikdə qiymətləndirildikdə, Azərbaycanın Mərkəzi Asiyanı Cənubi Qafqaz, Türkiyə və Avropa ilə birləşdirən funksional qovşağa doğru inkişaf etdiyi aydın görünür. Bu transformasiyanın davamlı olması üç əsas prosesdən asılıdır. Birincisi, Orta Dəhlizin infrastruktur imkanları artan yük həcminə uyğun şəkildə genişləndirilməlidir. İkincisi, Ermənistanla normallaşma prosesi TRIPP xəttinin reallaşmasına imkan verməlidir. Üçüncüsü, ŞƏT tərəfdaşı statusu ilə bağlı hüquqi proses tamamlandıqdan sonra Bakı bu çərçivədən maksimum faydalanmalıdır”, – deyə ekspert bildirib.