03 Sentyabr 2026 09:20
856
SİYASƏT
A- A+
Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan mərhələsi

Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan mərhələsi


Bu, Azərbaycanın müasir dövlətçilik tarixinin şərəfli salnaməsidir


Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan mərhələsi Azərbaycan tarixinin ən mürəkkəb və taleyüklü dövrlərindən birinə təsadüf edir. Sovet İttifaqının dağılmaqda olduğu, Ermənistanın ölkəmizə qarşı ərazi iddialarının və hərbi təcavüzünün genişləndiyi həmin dövrdə Naxçıvan da son dərəcə ağır vəziyyətlə üz-üzə qalmışdı. Belə bir şəraitdə Heydər Əliyevin Naxçıvana qayıdışı və burada siyasi fəaliyyətə başlaması yalnız muxtar respublikanın deyil, bütövlükdə Azərbaycanın gələcək taleyinə mühüm təsir göstərən tarixi hadisəyə çevrildi.

1990-cı il iyulun 20-də Moskvadan Azərbaycana qayıdan Heydər Əliyev iki gün sonra Naxçıvana gəldi. Ulu Öndərin Naxçıvana gəlişi respublikamızdakı milli azadlıq hərəkatının yeni mərhələyə keçməsinə böyük təkan verdi. Həmin dövrdə xalqın müstəqillik arzusu güclənsə də, bu istəyin konkret siyasi və hüquqi müstəviyə keçirilməsi üçün qətiyyətli liderə ehtiyac var idi. Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi, siyasi iradəsi və xalqla sıx bağlılığı bu baxımdan mühüm amilə çevrildi.

1990-cı ilin parlament seçkilərində Heydər Əliyevin həm Azərbaycan SSR Ali Sovetinə, həm də Naxçıvan MSSR Ali Sovetinə deputat seçilməsi xalqın Ulu Öndərə olan inamının və etimadının dərin təcəssümü idi. 1990-cı il noyabrın 17-də Heydər Əliyevin sədrliyi ilə keçirilən Naxçıvan MSSR Ali Sovetinin sessiyası xalqımızın müstəqillik mücadiləsi tarixinin ən mühüm səhifələrindən biridir.  Məhz həmin sessiyada muxtar respublikanın adından "sovet" və "sosialist" sözlərinin çıxarılması barədə qərar qəbul edildi. Eyni zamanda, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul olundu və onun Azərbaycanın ali qanunvericilik orqanında da dövlət rəmzi kimi qəbul edilməsi məsələsi qaldırıldı.

Bu qərarların hər biri Heydər Əliyevin cəsarətinin, qətiyyətinin və vətənpərvərliyinin göstəriciləri idi. Ulu Öndərin təşəbbüsləri ilə qəbul edilən bu qərarlar sonradan bütün Azərbaycan üçün əhəmiyyətli siyasi-hüquqi proseslərin başlanğıcına çevrildi. Beləliklə, müstəqil dövlətçilik ideyası konkret siyasi qərarlarda öz ifadəsini tapdı.

Həmin dövrdə Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Ali Sovetinin 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verməsi də xüsusi qeyd olunmalıdır. Naxçıvanın bu faciəyə ilk siyasi qiymət verən ünvan olması bir daha Ulu Öndərin cəsarətindən xəbər verdi. 1991-ci ilin martında SSRİ-nin saxlanılması ilə bağlı ümumittifaq referendumunun Naxçıvanda boykot edilməsi də Heydər Əliyevin liderliyi ilə aparılan bu siyasi xəttin davamı idi. 

1991-ci il sentyabrın 3-də Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsi isə Ulu Öndərin siyasi fəaliyyətinin Naxçıvan mərhələsində yeni səhifə açdı və Azərbaycanın müasir dövlətçilik tarixinin mühüm hadisəsinə çevrildi. Həmin vaxt Naxçıvan olduqca mürəkkəb vəziyyətdə idi. Bir tərəfdən sərhəd yaşayış məntəqələri Ermənistanın hücumlarına məruz qalır, digər tərəfdən blokada şəraiti muxtar respublikada vəziyyəti daha da ağırlaşdırırdı. O zamankı Azərbaycan rəhbərliyinin laqeydliyi və ölkədəki siyasi qarşıdurma vəziyyəti daha da mürəkkəbləşdirirdi. Bu baxımdan, Ulu Öndərin ilk addımlarından biri Naxçıvanın etibarlı müdafiəsinin təşkili oldu. 1991-ci il sentyabrın 7-də Naxçıvan Dövlət Müdafiə Komitəsinin yaradılması muxtar respublikanın müdafiə qabiliyyətinin gücləndirilməsi baxımından mühüm addım oldu. Sonrakı dövrdə keçmiş sovet ordusunun Naxçıvanda yerləşən hissələrinin çıxarılması və onların silah-sursatının muxtar respublikada saxlanılması da müdafiənin təşkilində mühüm rol oynadı.

Bu tədbirlər Naxçıvanın Ermənistanın hərbi təcavüzü qarşısında müdafiəsiz qalmasının qarşısını aldı. Muxtar respublikanın sakinləri öz torpaqlarının müdafiəsi üçün səfərbər oldular. Heydər Əliyevin rəhbərliyi altında Naxçıvanda müdafiə məsələlərinin vahid və sistemli şəkildə təşkil edilməsi sonrakı illərdə Azərbaycanın milli ordu quruculuğu üçün də mühüm təcrübə yaratdı.

Naxçıvanın həmin illərdə üzləşdiyi əsas problemlərdən biri də iqtisadi və enerji blokadası idi. Ermənistan tərəfindən Azərbaycanın əsas əraziləri ilə quru əlaqələrinin kəsilməsi muxtar respublikanın sosial-iqtisadi vəziyyətinə ciddi təsir göstərmişdi. Təbii qazın və elektrik enerjisinin verilməsinin dayandırılması, nəqliyyat əlaqələrinin məhdudlaşması insanların gündəlik həyatını ağırlaşdırmışdı. Həmin çətin günlərdə məhz Heydər Əliyevin siyasi liderlik keyfiyyətləri muxtar respublikadakı çətinliklərin aradan qaldırılmasına təsirini göstərdi. Belə ki, Ulu Öndərin Türkiyə və İranla yaratdığı əlaqələr, "Ümid" körpüsünün istifadəyə verilməsi Naxçıvanın xarici aləmə çıxış imkanlarının genişlənməsi baxımından mühüm hadisələr oldu.

Azərbaycanın müstəqilliyinin ilk illərində ölkədə yaşanan siyasi xaos, anarxiya orta və yaşlı nəslin xatirindədir. Həmin vaxt ölkənin sabahını düşünən vətəndaşların xilas üçün Heydər Əliyevə müraciət etmələri təsadüfi deyildi. Çünki Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi 1969-1982-ci illərdə ölkəmiz böyük inkişaf yolu keçmişdi. Naxçıvandakı fəaliyyəti dövründə isə Ulu Öndər bu qədim yurd yerimizi işğaldan qorumuş, xilas etmişdi. Ona görə müstəqilliyimizin ilk illərində yaranan böhranlar zamanı Azərbaycan ictimaiyyəti inanırdı ki, ölkəni düşdüyü bu ağır vəziyyətdən yalnız Heydər Əliyev qurtara bilər. 1992-ci ilin noyabr ayında Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis edilməsi də bu inamın göstəricisi idi. 

1993-cü ildə Heydər Əliyevin xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışı Azərbaycanın müasir siyasi tarixində yeni mərhələnin başlanğıcı oldu. Naxçıvanı xilas edən Ulu Öndər Bakıya gəldikdən sonra özünün siyasi dühası ilə Azərbaycanın müstəqilliyinin itirilməsinin, ölkəmizin parçalanmasının qarşısını aldı. Ölkədəki siyasi və hərbi böhrana son qoyan Heydər Əliyev müasir Azərbaycan dövlətini yaratdı. 

Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi tarixi uğurlar Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyasının qətiyyətlə davam etdirildiyini göstərir. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpa edilməsi, ölkənin regional və beynəlxalq mövqelərinin möhkəmlənməsi, iqtisadi potensialının artırılması və müstəqil xarici siyasət kursunun həyata keçirilməsi göstərir ki, Prezident İlham Əliyev qətiyyətli və müdrik siyasəti ilə Ulu Öndərin ideyalarının həyata vəsiqə almasını uğurla təmin edir.

Bütövlükdə, Heydər Əliyevin Naxçıvanda siyasi fəaliyyəti Azərbaycan dövlətçilik tarixinin mühüm mərhələlərindən biridir. Ulu Öndər ən mürəkkəb şəraitdə siyasi iradə nümayiş etdirərək Naxçıvanın qorunmasına, milli dövlətçilik ideyalarının möhkəmlənməsinə və Azərbaycanın müstəqilliyə gedən yolunun sürətlənməsinə böyük töhfə verdi. Buna görə də Naxçıvan dövrü Heydər Əliyevin siyasi irsinin şərəfli səhifəsi, Azərbaycanın müasir dövlətçilik tarixinin təməlini təşkil edən qürurdoğuran salnamədir. 


Rəşad CƏFƏRLİ,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qərb mediası Azərbaycana qarşı təşkil olunmuş dezinformasiya kampaniyası aparır - BƏYANAT 

20:20
03 Sentyabr

ATƏT PA TÜRKPA-nın bundan sonrakı fəaliyyətinə də dəstək verəcək

20:14
03 Sentyabr

Mədəniyyət Nazirliyi bp şirkəti ilə əməkdaşlığı genişləndirir

19:55
03 Sentyabr

Milli Məclisin sədri: Parlamentlər arasında əməkdaşlığın gücləndirilməsi inklüziv inkişafa xidmət edir

19:50
03 Sentyabr

Deputat: Azərbaycanın səhiyyə sistemi islahatların yeni mərhələsinə qədəm qoyur

19:45
03 Sentyabr

Sahibə Qafarova: Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin fəaliyyəti əhəmiyyətli dərəcədə inkişaf edib

19:40
03 Sentyabr

ATƏT PA-nın prezidenti Milli Məclisdə olub

19:35
03 Sentyabr

Bəzi ərzaq bazarlarında nöqsanlar aşkarlanıb

19:30
03 Sentyabr

Maliyyə Nazirliyi dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac baş tutacaq

19:29
03 Sentyabr

“Zirə” afrikalı futbolçu transfer edib

19:22
03 Sentyabr

Bakıda keçirilən IV Beynəlxalq Minatəmizləmə Konfransı başa çatıb

19:20
03 Sentyabr

Azərbaycan Avrasiyanın strateji bağlantı halqasına çevrilir

19:15
03 Sentyabr

“Mançester Yunayted”in yeni transferi “Sabah”la oyunu buraxacaq

19:08
03 Sentyabr

Mentorluq proqramının səmərəli həyata keçirilməsi üçün Mərkəzi Bank zəruri dəstək göstərəcək

19:01
03 Sentyabr

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qeydiyyat sentyabrın 8-dən başlayacaq

18:54
03 Sentyabr

2050-ci ilədək məlumat mərkəzlərinə investisiyalar 31,6 trilyon dollara çatacaq

18:47
03 Sentyabr

Bakıda “IRONMAN 70.3” triatlon yarışı çərçivəsində tədbirlərə start verilib

18:40
03 Sentyabr

Azərbaycanın U-21 millisinin seçmə mərhələdəki 3 oyununun təqvimi açıqlanıb

18:33
03 Sentyabr

Kolleclərdə xüsusi qabiliyyət tələb edən ixtisasların statistikası açıqlanıb

18:26
03 Sentyabr

Sahibə Qafarova: Parlament diplomatiyası çoxtərəfli əməkdaşlığın inkişafında mühüm rol oynayır

18:19
03 Sentyabr

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə 390 nəfər qəbul olub

18:12
03 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!