20 May 2025 08:20
251
SİYASƏT
A- A+
Azərbaycan yeni orta güc kimi: geosiyasi özəlliklər

Azərbaycan yeni orta güc kimi: geosiyasi özəlliklər


Azərbaycanın orta güc dövləti olaraq fəaliyyətini təhlil etməyə imkan verən ümumnəzəri və konkret praktiki məqamlar bir-birini qarşılıqlı surətdə tamamlayır. Bütövlükdə müxtəlif yanaşmaların təhlili göstərir ki, Azərbaycanın orta güc özünəməxsusluğu vardır ki, bunu da nəzəri araşdırmaq vacibdir. Burada fərqli geosiyasi və siyasi kontekstlər ola bilər. Onların hamısını birləşdirən ortaq faktor isə Azərbaycan dövlətinin siyasi-diplomatik təsir dairəsinin dinamik surətdə artmasıdır.


Regional və beynəlxalq kontekst


Azərbaycanın yeni orta güc kimi özünəməxsusluğu ondan ibarətdir ki, Bakı başqa orta güclərdən fərqli kontekstlərdə özünün xarici siyasətinin təsir dairəsini genişləndirir. Burada Azərbaycanın fəaliyyəti üçün xarakterik olan bir neçə cəhət vardır. Hər şeydən öncə, hələ AŞPA-dakı fəaliyyəti ilə Azərbaycan orta güc olma iddiasını nümayiş etdirirdi. Bunun üçün rəsmi Bakı humanitarlıq və xilaskarlıq yolunu seçmişdi. Bu iki fəzilətli keyfiyyətə görə J.Hukla kimi avropalı siyasətçilər həmin dönəmdən Azərbaycanın yeni orta güc aktoru kimi meydana gəldiyini sezmişdilər.

Digər fərqli məqam Azərbaycanın sosial-iqtisadi və hərbi inkişafı ilə regional və beynəlxalq təşkilatlardakı diplomatik fəaliyyəti arasında harmoniyanı təmin etməsi ilə bağlıdır. Bunun üçün Bakı enerji strategiyasını və əməkdaşlıq platformalarını inkişaf etdirirdi. Bu xətlərin kəsişmə sahəsində davamlı olaraq güc baxımından yüksələn bir Azərbaycan getdikcə daha qabarıq şəkildə özünü göstərməyə başlamışdı. Onun konkret təzahürü BMT, Qoşulmama Hərəkatı, Türk Dövlətləri Təşkilatı və digərlərində tapdı.

Həmin kontekstdə Azərbaycan Prezidentinin aşağıdakı fikirləri böyük maraq doğurur. Dövlət başçısı deyib: "... istər Cənubi Qafqaz olsun, istərsə də Mərkəzi Asiya və ya Yaxın Şərq ... biz özümüzü rahat hiss edirik, özümüzü təmin edən iqtisadiyyatımız var. Sabit siyasi sistemimiz və vahid milli ideya ətrafında səfərbər olmuş cəmiyyətimiz mövcuddur. İkinci Qarabağ müharibəsindəki qələbə bu birliyi daha da gücləndirib. Brüsseldə və Strasburqdakı bürokratlar sanki özlərinin başqa planetində yaşayırlar və hesab edirlər ki, hər kəs onlara daha yaxın olmaq istəyir.

Həmin dövr çoxdan keçmişdə qalıb, ən azı, Azərbaycan üçün. Bəli, biz tərəfdaşlığa və dostluğa açığıq. Ancaq o halda ki, bizim daxili işlərimizə müdaxilə edilmir və bizə yad olan dəyərlər bizə aşılanmır. Bu, bizim mövqeyimizdir".

Azərbaycan Prezidentinin bu müddəalarının əsasında Azərbaycan dövlətinin davamlı olaraq öz gücünü artırmaqla siyasi təsir dairəsini daim genişləndirdiyi ideyası durur. Bu baxımdan, AŞPA-da və digər təşkilatlardakı fəaliyyətin Qoşulmama Hərəkatında özünün yeni məzmununa çatması orta gücün formalaşması əlaməti kimi dərk edilməlidir. Daha aydın olması üçün Qoşulmama Hərəkatındakı bir sıra nümunələrə nəzər salaq.


Humanitarlıq və ədalət uğrunda


AŞPA-da Qarabağ məsələsi ilə bağlı fəaliyyəti zamanı Azərbaycan siyasi-diplomatik gücünü göstərməyə başlamışdı. O dönəmdə Azərbaycan nümayəndə heyəti bir-birinin ardınca dövlətimizin xeyrinə sənədlərin qəbuluna nail olurdu. Avropalı bürokratlar AŞPA-da diplomatik təsir gücü getdikcə yüksələn bir qüvvə ilə üzləşdiklərini dərk etdilər. Cəmi bir neçə ilə Azərbaycan beynəlxalq təşkilatlarda ədalətli sənədlər qəbul etdirə bildi. Bu, orta güc yolunda ilk addımlar idi. Onun ən bariz təzahürü isə 2011-ci ildə BMT-də özünü göstərdi. Həmin il Azərbaycan böyük səs çoxluğu ilə BMT Təhlükəsizlik Şurasına ikiilliyə (2012-2013) qeyri-daimi üzv seçildi. Və bu, xarici siyasi kursun təsirinin artması baxımından çox mühüm hadisə idi. XXI əsrdə ilk dəfə idi ki, postsovet ölkəsi BMT kimi nüfuzlu beynəlxalq təşkilatda diplomatik uğur qazanırdı.

Azərbaycanın bu statusda fəaliyyəti dünyaya onun gücünü daha aydın göstərdi. Ölkəmiz 17 raund davam edən səsvermədə 155 səs toplayaraq qalib gəldi. Erməni lobbisinin, təcavüzkar Ermənistanın Azərbaycana qarşı apardığı məkrli informasiya siyasəti şəraitində 193 BMT üzvündən 155-nin birbaşa dəstəyinə nail olmaq, böyük diplomatik qələbə idi. Hər şeydən əvvəl, bu, illərdir təzyiqlərə və ədalətsizliyə məruz qalan Azərbaycanın gərgin mübarizə nəticəsində ilk dəfə olaraq dünya miqyasında təsirə malik olduğunu sübut etdi. Bizcə, bu fakt Azərbaycanın orta güc olmaq yolunda atdığı ilk ciddi addımı idi. Sonrakı hadisələr bu qənaətimizi təsdiq edir.

Əlamətdar haldır ki, 2011-ci ildə Azərbaycan BMT-dəki uğuru ilə yanaşı, 120 ölkəni birləşdirən və dünya əhalisinin 80 faizinin yaşadığı Qlobal Cənubu təmsil edən Qoşulmama Hərəkatına da üzv seçildi. Bu, ciddi diplomatik nailiyyət olmaqla yanaşı, həm də orta güc kimi meydana çıxmağa böyük baza yaratdı. Çünki BMT və Qoşulmama Hərəkatı elə təşkilatlardır ki, uğur qazanmaq üçün ciddi siyasi-diplomatik potensiala malik olmaq lazımdır və onu reallaşdırmaq üçün böyük imkanlar tələb olunur. Azərbaycan hər iki istiqamətdə uğur qazana bilibsə, bu, onun orta güc kimi böyük imkanlara və təsir dairəsinə malik olduğuna dəlalət edir.

Belə ki, 2012-ci ildən başlayaraq, bir-birinin ardınca Ermənistanın təcavüzkarlığı ilə bağlı QH-də sənədlər qəbul edildi. BMT TŞ-yə sədrliyi dönəmində isə Bakı dünyanın bir çox dövlətlərinin hüquqlarını müdafiə edən ədalətli qərarlar qəbul edilməsinə nail oldu. Bu iki xətti birləşdirdikdə, 2011-ci ildən etibarən Azərbaycanın siyasi-diplomatik təsir dairəsinin sürətlə genişləndiyi qənaətinə gələ bilərik.

Bunlara başqa bir istiqamətdəki diplomatik uğurları da əlavə etmək gərəkdir. Azərbaycan məhz 2012-ci ildən başlayaraq, Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramı üzrə əməkdaşlıq məsələsində yeni mərhələnin başlanğıcını qoydu. Azərbaycan Prezidentinin yüksək diplomatik fəallığı və məharəti sayəsində Aİ ilə bərabərhüquqlu münasibətlərin qurulması prosesi başladı.

Yeri gəlmişkən, Avropa Siyasi Birliyinin bu günlərdə Tiranada keçirilən 6-cı sammiti göstərdi ki, Azərbaycan bu qurum daxilində də kifayət qədər fəaldır və nüfuza malikdir. Gətirdiyimiz nümunələr təsdiq edir ki, Cənubi Qafqaz regionundan kənarda baş verən proseslərdə Azərbaycanın mövqeyi əhəmiyyətli dərəcədə nəzərə alınır.

Beləliklə, zaman baxımından bir-birinə paralel olaraq Azərbaycan BMT, Aİ və QH istiqamətlərində ciddi siyasi-diplomatik fəallıq göstərdi və hər üç istiqamətdə öz təsir dairəsini xeyli genişləndirdi. Bu, faktiki olaraq, dünya siyasətinə fəzilətli, xeyirxah, sülh və barış carçısı olan yeni bir gücün gəlməsinin əlaməti idi.


Tarixi ədalət, hüquq və milli ləyaqət mərhələsinin dönüş nöqtəsi


Vurğulanan gedişat 2019-cu ildə özünün yeni səviyyəsinə yüksəldi. Həmin il Azərbaycan QH-də üçillik sədrliyə nail oldu. Bu müddətə qədər Bakı öz siyasi-diplomatik təsiri ilə Ermənistanın təcavüzkarlığını pisləyən bir neçə sənəd qəbul etdirməklə yanaşı, ümumiyyətlə, hüquq, ədalət və əməkdaşlıq aspektlərində çoxlu sayda dövləti əhatə edən addımlar atdı. Nəticədə, Azərbaycanın siyasi-diplomatik təsir gücü Qarabağ məsələsinin sərhədlərindən xeyli kənara çıxaraq, ksenofobiya və neokolonializmə qarşı mübarizəni də əhatə edən geniş sferaya yayıldı. Maraqlıdır ki, bu proses COVID pandemiyasında bir sıra dövlətlərə qarşı inkişaf etmiş ölkələr tərəfindən edilən haqsızlıqla mübarizə fonunda baş verirdi. Azərbaycan COVID-lə mübarizədə hüquq, ədalət və humanitarlıq kimi prinsiplər çərçivəsində QH ilə BMT arasında səmərəli siyasi-diplomatik əlaqə qura bildi. Bunun nəticəsi idi ki, Azərbaycan QH üzvlərinin qarşılaşdığı haqsızlığı BMT səviyyəsində müzakirəyə çıxarmağa nail oldu.

Bu proses Azərbaycanın İkinci Qarabağ müharibəsində əldə etdiyi tarixi qələbə fonunda özünün daha yüksək səviyyəsinə çatdı. Bu da orta güc kimi özünütəsdiq yolunda çox əhəmiyyətli məqam oldu. Çünki ilk dəfə idi ki, gənc müstəqil müsəlman dövləti özünün daxili probleminin həllindən əldə etdiyi siyasi, geosiyasi və təhlükəsizlik qazanclarını regional və qlobal miqyasa uğurla proyeksiya edə bilirdi. Azərbaycanın yeni orta güc aktoru kimi başlıca xüsusiyyəti bundan ibarətdir.

Göründüyü kimi, Azərbaycan uzun illər apardığı davamlı siyasi-diplomatik fəaliyyəti vahid bir məqsəd ətrafında birləşdirə bilmiş və onu siyasi-diplomatik sinerjiyə çevirmişdir. Onun əlamətləri sırasında Bakının BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində aktiv fəaliyyəti xüsusi yer tutur. İqlim dəyişikliyi çoxdandır ki, bütün dünyanın probleminə çevrilib. Azərbaycan bu proqram çərçivəsində COP29-a evsahibliyi edib. Özü də ciddi uğur qazanıb. Məsələn, COP29-da üzv dövlətlərin iqlimlə mübarizə üçün maliyyə xərclərini yeni səviyyəyə yüksəltməyə, başqa sözlə, yeni iqlim maliyyəsi mexanizmlərinin yaradılmasına nail olub. Bundan başqa, COP29 çərçivəsində Bakının təşəbbüsü ilə neokolonializmə və ksenofobiyaya qarşı mübarizə üçün xüsusi qurum yaradılıb.

2025-ci ildə isə QH üçün tarixi adlandırıla biləcək hadisə baş verib. Qoşulmama Hərəkatı regionunda QHT-ləri birləşdirən vahid şəbəkə indiyədək yox idi. 116 ölkədən QHT-lər Bakıda toplaşaraq Qlobal Cənub QHT Platforması yaradıblar. Onu vurğulayaq ki, Qoşulmama Hərəkatının gənclər və parlament şəbəkələri mövcud idi, indi isə QHT şəbəkəsi də vardır.

Vurğuladığımız məqamlar göstərir ki, Azərbaycan artıq çox geniş geosiyasi məkanda təsiri olan aktiv xarici siyasət kursu həyata keçirir. Bakının təsiri və nüfuzu getdikcə yüksəlir. Onun dinamikası belə nəticə çıxarmağa əsas verir ki, Azərbaycan artıq yeni növ orta gücdür! Azərbaycan "öz iqtisadi, siyasi, diplomatik, hərbi və mədəni potensialını daha da inkişaf etdirərək Cənubi Qafqazın lider ölkəsi kimi, siyasi və iqtisadi mərkəzinə, Avrasiya məkanının yeni orta güc aktoruna çevrilib. Azərbaycan öz sözünü deyən, mövqeyini qətiyyətlə müdafiə edən, çoxsaylı dostları və tərəfdaşları ilə regionun və dünyanın yeni enerji, nəqliyyat xəritəsini cızan, COP29 kimi nəhəng tədbirləri yüksək səviyyədə keçirən və qlobal problemlərin həllinə dəyərli töhfələr verən dövlət kimi beynəlxalq arenada böyük nüfuz sahibidir.


Kamal ADIGÖZƏLOV,

beynəlxalq münasibətlər üzrə ekspert

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

AZƏRBAYCANIN FƏRQLİ, DÜŞÜNÜLMÜŞ SİYASƏTİ

08:00
19 İyun

“Aviasiya haqqında” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1058-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə

02:30
19 İyun

“Aviasiya haqqında” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1058-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə

02:29
19 İyun

Putin: Rusiya danışıqlara açıqdır, lakin Almaniya neytral vasitəçi sayıla bilməz  

02:04
19 İyun

İyunun 1-də keçirilən qəbul imtahanının nəticəsi elan olunub

01:59
19 İyun

XİN nümayəndəsi: Azərbaycan COP29 sədrliyi çərçivəsində iqlim şəffaflığına xüsusi önəm verir  

23:03
18 İyun

Azərbaycanın “iqlim və sülh” diplomatiyası geniş beynəlxalq dəstək qazanır

22:55
18 İyun

Milli Məclisin komitə iclasında dörd məsələ müzakirəyə çıxarılıb

22:24
18 İyun

Beynəlxalq Simpoziumun iştirakçıları azərbaycanlıların pozulmuş hüquqları barədə məlumatlandırılıb

22:19
18 İyun

Kahramanmaraşda qardaşlıq abidəsi: Azərbaycan-Türkiyə həmrəyliyinin daha bir rəmzi

22:09
18 İyun

İtonde Kakoma: Azərbaycan iqlimlə yanaşı, iqlim maliyyəsi və sülhə fokuslanan institutları bir araya gətirməkdə liderdir

21:59
18 İyun

COP30-a hazırlıq prosesində Azərbaycan ilə Braziliya arasında əməkdaşlığın daha da dərinləşdirilmə

21:47
18 İyun

Azərbaycanda şəxsi avtomobillərdən istifadə artıb

21:37
18 İyun

Milli Məclisin növbədənkənar sessiyasının iclasında 21 məsələ müzakirə olunacaq

21:26
18 İyun

İşğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən işəgötürənlərlə növbəti görüş təşkil edilib

21:13
18 İyun

Bakıda 300-ə yaxın yerli şirkətin məhsul və xidmətlərinin sərgisi keçirilir

21:07
18 İyun

Bakıda QDİƏT PA-nın 65-ci Baş Assambleyasının plenar iclası keçirilib

20:27
18 İyun

Medianın İnkişafı Agentliyi rusiyalı televiziya aparıcısı Vladimir Solovyovun qərəzli fikirləri ilə bağlı açıqlama yayıb

20:18
18 İyun

Oğuz-Qəbələ-Bakı su xəttində baş verən qəza aradan qaldırılıb

20:01
18 İyun

Yunanıstandan olan nümayəndəyə ölkəmizdə aparılan sosial islahatlar barədə məlumat verilib

19:54
18 İyun

Latviyalı parlamentarilər postmünaqişə dövründə Cənubi Qafqazda, o cümlədən Azərbaycanda mövcud vəziyyət barədə məlumatlandırılıblar

19:52
18 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!