Bu gün Abşeron-Xızı və Quba-Xaçmaz iqtisadi rayonları üzrə keçirilən müşavirədə yeni Dövlət Proqramının icrası ilə bağlı qarşıda duran vəzifələri və atılacaq addımları müzakirə etdik. Müşavirə çərçivəsində, həmçinin sahibkarlarla görüşüb, onları narahat edən məsələləri dinləmək imkanımız oldu. Onlara proqramın mahiyyəti, əldə edə biləcəkləri güzəştlər, dövlət dəstəyi haqqında ətraflı məlumat verildi. Bu gün də daxil olmaqla, artıq yeddinci müşavirə keçirildi və hər bir tədbirdə 250-260 sahibkar iştirak edib. Bu müşavirələrdə sahibkarların təklif və fikirləri də nəzərə alınır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramının müzakirəsi məqsədilə Qubada keçirilən regional müşavirədə Prezidentin köməkçisi - Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev jurnalistlərə müsahibəsində söyləyib.
Zeynal Nağdəliyev qeyd edib ki, 2015-2025-ci illərdə Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə aqrar sahənin inkişafı ilə bağlı inqilabi islahatlar həyata keçirilib. “Yeni Dövlət Proqramı Prezident İlham Əliyevin aqrar sahədə həyata keçirdiyi böyük islahatların məntiqi davamı, keyfiyyətcə yeni bir mərhələsidir. Bundan əvvəl də bu sahənin inkişafı ilə bağlı proqramlar öz müsbət nəticələrini verib. Pambıqçılıq, taxılçılıq, bağçılıq, baramaçılıq və başqa aqrar sahələrdə böyük inkişaf əldə edilib. Fındıqçılıq sahəsini qeyd edək. Ölkədə 2016-cı ilə kimi 40 min hektar fındıq bağı var idi. On il ərzində bu göstərici iki dəfə artıb. Təkcə Quba-Xaçmaz zonasında bu rəqəm 2,4 dəfə artaraq 8 min hektardan 19 min hektara çatıb. Bu, böyük nailiyyətdir. Amma indi yeni hədəflər müəyyən olunub. Biz 1 milyon 200 min tondan artıq taxıl idxal edirik. Cənab Prezident sahibkarlara çağırış etdi ki, idxal olunan məhsulların həcmini azaltmalıyıq, eyni zamanda, özünütəminat faizini artırmalıyıq. Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi üçün dövlət xətti ilə 2 milyard manatdan çox, özəl sektordan isə təqribən 3 milyard manatdan çox vəsaitin cəlb edilməsi nəzərdə tutulur”, - deyə Zeynal Nağdəliyev bildirib.
Prezidentin köməkçisi qeyd edib ki, Dövlət Proqramında bütün tədbirlər, icraçılar və icra müddətləri müəyyənləşdirilib. “Yeni Dövlət Proqramında nəzərdə tutulan bütün tapşırıqlar yerinə yetiriləcək və onların icrasına ciddi nəzarət olacaq”, - deyə Zeynal Nağdəliyev əlavə edib.