22 Iyun 2024 09:55
339
Səhiyyə
A- A+

Yüksək temperaturun fəsadları

 

Havaların həddən artıq isti keçməsi insan sağlamlığına və ekologiyaya mənfi təsir edir

 

İqlim dəyişikliyi səbəbindən dünyanın bir çox yerində hazırda temperatur normadan yüksəkdir. Qlobal istiləşmə iqlim böhranına səbəb olmaqla yanaşı, insan həyatına da mənfi təsir göstərir.
Avropa Birliyinin Kopernik peykizləmə sistemi tərəfindən aparılan ölçmələrə görə, bu ilin may ayı dünyada indiyə qədər qeydə alınan "ən isti may" olub. Bu isə bir çox ölkədə milyonlarla insana, canlı aləmə mənfi təsir göstərib. Məsələn, Hindistanda may ayından bəri davam edən istilər 45 dərəcəni keçib və yüzlərlə insanın ölümünə səbəb olub. Hətta mayın 29-u ölkənin paytaxtında hava temperaturu müsbət 52,9 dərəcəyə qalxmaqla rekord həddə çatıb. Meksikada mart ayından bəri isti hava səbəbindən 50-dən çox ölüm halı qeydə alınıb. Sinoptiklər yeni temperatur rekordlarının ola biləcəyinə dair xəbərdarlıq ediblər.
Ölkəmizdə də son günlər isti hava şəraiti müşahidə olunur. Bakıda və Abşeron yarımadasında havanın temperaturu 36 dərəcəyədək yüksəlib ki, bu da iqlim normasından 6  dərəcə yuxarıdır. Dünən ölkə ərazisində havanın temperaturu 33-39 dərəcə, Bakıda isə 36 dərəcə olub. 

 

Gözlənilməz hava şəraiti qlobal istiləşmə ilə əlaqədardır

 

Mövzuya münasibət bildirən ekoloq Cəmşid Quliyev deyib ki, qlobal istiləşmənin bir çox səbəbləri var. Bunlardan biri qütblərin yerdəyişməsidir. Bunu qütblərin sürüşməsi kimi adlandırırlar. 
C.Quliyevin sözlərinə görə, iqlim dəyişikliyinin əsas əlamətlərindən biri qeyri-sabitlikdir: "İqlim dəyişikliyi nəticəsində həmişə müşahidə etdiyimiz iqlim xüsusiyyətləri digərləri ilə əvəz olunur. Əgər əvvəllər yaz aylarında daha çox sərinlik müşahidə edilirdisə, indi qəfil istiləşmələr baş verir. Fəsillər bir-birini sərt şəkildə əvəz edir. Artıq isti aylarda sərin və yağmurlu havalar müşahidə olunur. Belə gözlənilməz hava şəraiti iqlim dəyişikliyinin əsas xüsusiyyətlərindən biridir".
İqlim dəyişikliyinin kənd təsərrüfatına ziyan vurduğunu qeyd edən ekoloq bildirib ki, bu hal məhsuldarlığı da aşağı salır: "Bu da qida qıtlığına, ərzaq çatışmazlığına səbəb olur. Kəskin temperatur artımının vəhşi təbiətdə də fəsadları olur. Qəfil istiləşmə meşələrdə yarpaqların, ağacların qurumasına, nəticədə yanğınlara səbəb olur. Bu  meşədə yaşayan canlılar üçün də olduqca böyük təhlükədir. Qeyri-sabit havalar, həmçinin bitkilərin inkişafına da təsir edir. Vəhşi təbiətdə, meşələrdə böyüyən ağaclar, bitkilər xüsusi qayğı görmədikləri üçün onların bərpası da çətindir. Bu da sirkulyasiya nəticəsində yenə də iqlim dəyişikliklərinə səbəb olacaq."

 

Yüksək hava temperaturu bütün yaş qrupları üçün təhlükəlidir

 

Həkim-terapevt Günel Fətəliyeva deyib ki, uzun müddət günəş altında qaldıqda bədəndə temperaturu tənzimləyən mexanizmlər pozulur: "Havanın çox isti olduğu yay günlərində günvurma halları artır. Xüsusilə küləksiz günlərdə, günorta saatlarında günəş şüaları düz düşdüyündən təhlükə çoxalır. Bu zaman daxili orqanlar, beyin, ürək, böyrəklər, əzələ toxuması zədələnə bilər. Belə hallarda hətta ölüm də qaçılmaz deyil. İsti havalarda qalın geyinmək, ağır fiziki aktivlik, alkoqol qəbul etmək və çox yemək məsləhət görülmür. Çünki bu hal günvurmanı provokasiya edir".
G.Fətəliyeva qeyd edib ki, yüksək hava temperaturu bütün yaş qrupları üçün təhlükəli olsa da, yaşı 65-dən yuxarı və yaxud yaşı 5-dən kiçik olanlar, habelə hamilələr risk qrupuna daxildirlər. Yüksək təzyiqi olanlar, ürək-damar xəstələri, şəkərli diabet, xroniki böyrək çatışmazlığı və onkologiyadan əziyyət çəkənlər, eləcə də epilepsiya xəstələri, çəkisi çox yüksək və ya az olanlar üçün də çox isti hava şəraiti olduqca təhlükəlidir.
Günvurma nəticəsində insanlarda yüksək hərarət, dərinin isti, quru və ağrılı olması, şiddətli baş ağrısı, başgicəllənmə, ürəkbulanma, qusma, sürətli ürəkdöyünmə, əzələ qıcolmaları, yuxululuq və huşun pozulması kimi hallar müşahidə edilir: "Günvurma hallarında dərhal sərin yerə keçib, ayaqları hündür vəziyyətdə tutmaq, başı yana çevirib uzanmaq, alın, sinə və qol nahiyələrinə soyuq suda isladılmış bez qoymaq lazımdır. Əgər həmin şəxsin huşu aydındırsa, mütləq sərin su içirdilməlidir. Əgər vəziyyət ciddidirsə, xəstə mütləq ən yaxın tibb mərkəzinə çatdırılmalıdır".
Mütəxəssisin sözlərinə görə,  isti yay günlərində məcbur olmadıqca günorta saatlarında günəş altında qalmamaq, bədəni tərlətməyən, geniş, nazik və açıq rəngli paltarlar geyinmək, günəşdən qorunmaq üçün eynək, şlyapa, çətir istifadə etmək tövsiyə olunur: "Günəşə çıxmazdan 30 dəqiqə əvvəl qoruyucu krem çəkmək, gün ərzində 2,5-3 litr maye içmək, asan həzm olunan yüngül qidalardan istifadə etmək, uzunmüddətli və çox ağır fiziki işdən uzaq durmaq, tez-tez ilıq duş almaq məsləhət görülür".

Ülkər XASPOLADOVA,
"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video