İlham Əliyevə ünvanlanan məktubların hər biri dövlətimizin başçısına olan böyük ehtiramın göstəricisidir
Müstəqillik Günü ilə əlaqdar Prezident İlham Əliyevin ünvanına xarici ölkə rəhbərlərinin adından təbrik məktubları gəlməkdədir.
Artıq indiyə kimi Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef R.Bayden, Böyük Britaniya və Şimali İrlandiyanın Kralı III Çarlz, Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer, Yaponiyanın İmperatoru Naruhito, İndoneziya Respublikasının Prezidenti Coko Vidodo, Mavritaniya Prezidenti Məhəmməd vələd əş-Şeyx əl-Ğəzvani, İraq Baş naziri Məhəmməd Şiya əs-Sudani, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Prezidentini təbrik ediblər.
Azərbaycanın töhfələri rəğbətlə qarşılanır
Əlbəttə, bu məktubların hər biri ilk növbədə Prezident İlham Əliyevin şəxsiyyətinə qlobal səviyyədə olan yüksək ehtiramın göstəricisidir. Qürur hissi ilə qeyd edilməlidir ki, Prezident İlham Əliyevin adı dünyanın ən nüfuzlu siyasi liderləri ilə bir sırada çəkilir. Bütün böyük dövlətlərin rəhbərləri İlham Əliyevə rəğbətlə yanaşırlar. Azərbaycan Prezidentinə müxtəlif vaxtlarda, əlamətdar günlərdə ünvanlanan bütün məktublar, keçirilən görüşlərdə səslənən fikirlər bunu təsdiq edir.
Bunun səbəblərindən biri Prezident İlham Əliyevin özünün yüksək şəxsi keyfiyyətləri, dövlət başçısı kimi həyata keçirdiyi siyasətin məzmunu, qlobal gündəlikdəki məsələlərlə bağlı baxışları, problemlərin həllinə töhfələridir. Bu gün tarixinin ən qüdrətli mərhələsini yaşayan, regionda və dünyada söz sahibi olan dövlət kimi tanınan Azərbaycan beynəlxalq aktual məsələlərin müzakirəsində yaxından iştirak edir. Respublikamızın enerji siyasəti qlobal miqyasda enerji təhlükəsizliyinə böyük töhfələr verməkdədir. Azərbaycan hər zaman əməkdaşlığa sadiq olub, çətin vəziyyətə düşən tərəfdaşlarına həmişə arxa durub. Elə buna görə də respublikamız sayılıb-seçilən, hörmət olunan, etimad göstərilən və sözünə sadiq dövlətlər sırasında yer alıb.
Bu günlərdə İlham Əliyevi təbrik edən ABŞ Prezidenti Cozef R.Bayden məktubunda Azərbaycanın qlobal problemlərin həllinə töhfələrini belə dəyərləndirir: "Biz birlikdə terrorizmlə mübarizə aparır, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı tədbirlər görür və kütləvi qırğın silahlarının yayılmasının qarşısını alırıq. Xüsusən, Rusiyanın Ukrayna xalqına qarşı qəddar müharibəsi dövründə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində biz bir yerdə olmuşuq".
Birləşmiş Ştatların Azərbaycanla Ermənistan arasında dayanıqlı və ədalətli sülhü dəstəkləməyə davam edəcəyini bildirən ABŞ Prezidenti həmçinin təhlükəsizlik və iqtisadi əməkdaşlığın dərinləşdirilməsi də daxil olmaqla, tərəfdaşlığı daha da gücləndirməyi həvəslə gözlədiyini vurğulayıb.
İlham Əliyevin apardığı islahatlar layiqli nəticələrini verməkdədir
Prezident İlham Əliyevə ünvanlanan məktublar eyni zamanda Azərbaycanın inkişafına, yüksəlişinə verilən qiymətdir. "Sizin uzaqgörən daxili və xarici siyasətiniz, iqtisadi və sosial sahələrdə həyata keçirdiyiniz sürətli islahatlar bu gün layiqli nəticələrini verməkdədir, Azərbaycanın beynəlxalq aləmdə mövqeyi və nüfuzu durmadan artmaqdadır. Bu xüsusda regionda sülhün və davamlı inkişafın təmin edilməsi istiqamətində həyata keçirdiyiniz ədalətli və qətiyyətli səylərinizi tamamilə dəstəklədiyimizi bir daha qeyd etmək istərdim, - deyə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bu xüsusda yazır.
Azərbaycan Prezidentini təbrik edən dövlət rəhbərlərindən biri də Almaniya Prezidenti Frank-Valter Ştaynmayerdir. İlham Əliyevin bu ilin fevral və mart aylarında Almaniyaya səfərlərinin iki ölkə arasında sıx dostluq münasibətlərini daha da gücləndirdiyini bildirən Frank-Valter Ştaynmayer məktubunda onu da bəyan edib ki, Almaniya, həmçinin Azərbaycanla Avropa İttifaqı arasında tərəfdaşlıq münasibətlərini dəstəkləyir.
Prezident İlham Əliyevin və dövlətimizin beynəlxalq nüfuzunun yüksəlməsinə təsir edən əsas amillərdən biri də torpaqlarımızın işğaldan azad edilməsidir. Bu məsələdə mühüm məqam həm də ondan ibarətdir ki, Azərbaycanın qələbəsi beynəlxalq səviyyədə qəbul olunur. Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin "Əminəm ki, Azərbaycan, eləcə də bütün bölgə regional münaqişələrin həllindən faydalanacaqdır. Biz Avropa İttifaqının üzvü kimi buna fəal töhfə vermək istəyirik" deməsi isə həm də ondan xəbər verir ki, Qarabağ probleminin həllini tapması da əsas qlobal məxrəclərdən biridir.
Azərbaycanın uğurları İlham Əliyevin liderlik keyfiyyətlərinə və qətiyyətli siyasətinə söykənir
Azərbaycanın dost və tərəfdaş olduğu dövlətlərdən biri də Böyük Britaniyadır. Təsadüfi deyil ki, Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə və Azərbaycan xalqına ən səmimi təbriklərini çatdıran Böyük Britaniya və Şimali İrlandiyanın Kralı III Çarlz çətinliklərin yaşandığı indiki dövrdə ölkələrimiz arasında mehriban dostluğun və güclü tərəfdaşlığın davam edəcəyinə ümidvar olduğunu bildirib. O cümlədən Yaponiyanın imperatoru, İndoneziya və Mavritaniyanın prezidentləri, İraqın baş naziri öz təbrik məktublarında ən xoş arzularını ifadə ediblər. Təbii ki, qarşıdakı günlərdə növbəti belə məktubların şahidi olacağıq.
Prezident İlham Əliyevə ünvanlanan məktublar bir daha lider amilinin dövlətlərin və xalqların həyatında nə qədər vacib rol oynadığını göstərir. Dövlətin yüksəlişində, tanınmasında, beynəlxalq aləmdə nüfuz qazana bilməsində lider faktorunun əhəmiyyəti tarix boyu özünü göstərib. Lideri olmayan dövlət üzləşdiyi taleyüklü problemlərin həllində aciz qalar. Lideri olmayan dövlətin, xalqın taleyi həmişə sual altında olmuş və olacaq. Azərbaycanın qazandığı hər bir uğur da Prezident İlham Əliyevin yüksək liderlik keyfiyyətlərinə və qətiyyətli siyasətinə söykənir. Dövlət və hökumət başçıları, xüsusən dünyanın tanınmış rəhbərləri, təbrik məktublarını məhz İlham Əliyev kimi güclü və nüfuzlu liderlərə göndərirlər.
Rəşad CƏFƏRLİ,
"Azərbaycan"