22 Iyun 2024 09:05
828
Mədəniyyət
A- A+

Yorulmaz tədqiqatçı, vətənpərvər insan

 

Özünü təsdiq edən insanların ömrü onların əməlləri ilə ölçülür. Yüzlərlə gəncə müəllimlik edən Səadət Zeynalovaya Tanrı gözəl istedad bəxş edib, özü də birini yox, bir neçəsini - dərin savad, möhkəm iradə, həyata, hadisələrə ali münasibət... Amma onu başqalarından fərqləndirən əsas cəhət əməllərində həmişə dürüst olmasıdır. 
Səadət Zeynalova 1954-cü ildə Azərbaycanın dilbər guşəsi olan Şəki şəhərində anadan olmuşdur. 1972-ci ildə Bakı şəhər 39 saylı orta məktəbi, 1978-ci ildə isə Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitutunun (ADPXDİ) Alman dili fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1979-1984-cü illərdə aspiranturada oxumuş və 1986-cı ildə İlya Çavçavadze adına Tbilisi Dövlət Universitetində "Müasir alman dilində saitlərin Azərbaycan dili ilə müqayisədə reduksiyası problemi" (eksperimental-fonetik tədqiqat) mövzusunda namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmişdir. Həmin il filologiya elmləri namizədi elmi dərəcəsini almışdır.
1987-ci ildən Azərbaycan Elmlər Akademiyasının Xarici dillər kafedrasında müəllim kimi işə başlamış, 1989-cu ildən baş müəllim, 1992-ci ildən dosent, 2012-ci ildən icraedici professor, 2013-dən isə professor vəzifəsində çalışır. 1996-cı ildə Ali Attestasiya Komissiyasının qərarı ilə Xarici dillər kafedrasının dosent elmi adını almışdır. 2010-cu ildə "Funksional sözlər və onların danışıq aktında struktur-semantik təhlili" mövzusunda doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək filologiya üzrə elmlər doktoru alimlik dərəcəsi almışdır. 
1995, 2003, 2008, 2011-ci illərdə Alman Akademik Mübadilə Xidmətinin (DAAD) fərdi qrantı ilə təltif olunmuş və AFR-in müxtəlif universitetlərində və mərkəzlərində - Berlinin Vilhelm fon Humboldt Universitetinin Alman dili və Germanistika İnstitutunda, Ümumi Dilçilik, Tipologiya və Universal Tədqiqatlar Mərkəzində, Berlinin Azad Universitetinin Alman və Niderland Filologiyası və Türkologiya institutlarında, Münxen Ludvig Maksimillian Universitetinin Fonetika və Fonologiya İnstitutunda, Leypsiq Universitetinin Linqvistika İnstitutunda və Potsdam Universitetinin Germanistika İnstitutunda dəvət olunmuş professor kimi elmi-tədqiqat işləri aparmışdır. 
1997-1999, 2002-ci illərdə Aleksandr fon Humboldt Fondunun mükafatına layiq görülmüş və qrant çərçivəsində Almaniyada uzunmüddətli elmi-tədqiqat işlərinin aparılması və elmi təcrübə keçməyə dəvət olunmuşdur. Fondun dəstəyi ilə Berlinin Vilhelm fon Humboldt Universitetinin Alman dili və Linqvistika, eləcə də Ümumi Dilçilik, Tipologiya və Universal Tədqiqatlar Mərkəzində həyata keçirilən layihə işlərində fəal iştirak etmiş və doktorluq dissertasiyası ilə bağlı alman və Azərbaycan materialları əsasında müasir eksperimental-fonetik tədqiqatlar aparmış, alınan nəticələri müasir statistik proqramlarla işləmişdir. 2004, 2006, 2010, 2011, 2012-ci illərdə Aleksandr fon Humboldt Fondunun dəstəyi ilə həmin təşkilatlarda yenidən işgüzar səfərlərdə olmuşdur. 
2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun "3 Mobillik qrantı" müsabiqəsinin qalibi olmuşdur. S.Zeynalova 2005-2008-ci illərdə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun german və roman dilləri şöbəsinin dosenti, 2010-2011-ci illərdə AzƏrTAc-ın xarici dillərdə informasiya baş redaksiyasının alman dili bölməsinin müdiri vəzifəsində çalışmışdır. 2007-ci ildən Ümumdünya Germanistlər Cəmiyyətinin (Varşava), 2011-ci ildən isə Ümumdünya Germanistlər Cəmiyyətinin (Şanxay) üzvü seçilmişdir. Həmin ilin mart ayından Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Filologiya üzrə ekspert şurasının üzvü, 2014-2018-ci illərdə sədr müavini kimi çalışmışdır. 28 ildən artıq müddətdə pedaqoji və 40 ildən çox elmi-pedaqoji fəaliyyət göstərmiş S.Zeynalova Azərbaycanda, MDB ölkələrində, o cümlədən yaxın və uzaq xaricdə nəşr olunan 80-dən çox elmi əsərin, 1 monoqrafiya, 2 dərs vəsaitinin (alman dilində) və 5 dərs proqramının müəllifidir. Həmçinin doktorant və dissertantlara elmi rəhbərlik etmişdir.
Bütün həyatını elmi-pedaqoji fəaliyyətə sərf etmiş Səadət Zeynalova həm də 2012-2021-ci illərdə A.Bakıxanov adına Tarix İnstitutunda "Nəşriyyat işi və tərcümə" şöbəsində aparıcı elmi işçi vəzifəsində çalışmışdır. 2007-ci ildən başlayaraq akademik Yaqub Mahmudovun rəhbərliyi ilə institutda geniş islahatlar proqramı reallaşdırılır, müxtəlif elmi məktəblər yaradılır, layihələr həyata keçirilirdi. "Azərbaycan tarixi ilk mənbələrdə" layihəsi həmin islahatlar proqramının mühüm tərkib hissəsi idi. Tanınmış alim Səadət Zeynalova "Azərbaycan tarixi ilk mənbələrdə" layihəsi üzrə təşkil olunmuş AFR-in Xarici İşlər Nazirliyinin Siyasi arxivində, Federal arxivdə, Prussiya Mədəni İrsi Gizli Dövlət arxivində elmi-tədqiqat işləri aparmaq üçün Tarix İnstitutunun təşkil olunmuş elmi işçi qrupuna rəhbərlik edirdi. Bu qrupun üzvləri tarix üzrə fəlsəfə doktorları G.Nəcəfli, N.Bayramova, N.Eyvazova, doktorantlardan Nigar Abuşova və Gülbəniz Cavadzadə Berlin şəhərində yerləşən alman arxivlərdə çalışmaq üçün dəfələrlə elmi ezamiyyətdə olmuşlar. Bu çalışmanın nəticəsi olaraq Azərbaycan tarixinin müxtəlif dövrləri ilə bağlı arxiv sənədləri sifariş olunmuş və çox sayda sənədlərin fotosurətləri institutumuza gətirilmişdir. S.Zeynalova Almaniya Federativ Respublikası arxivlərində saxlanılan Azərbaycan tarixinə aid sənədlər və kitablar kataloqunun - "Akten und Bücherkatalog über die Geschichte Aserbaidschans in den Archiven und Bibliotheken der Bundesrepublik Deutschland" "Ön söz" hissəsini alman dilinə tərcümə etmiş, kataloqu redaktə və korrektə etmiş və nəşrə hazırlanmasında fəal iştirak etmişdir. O, Almaniya Federativ Respublikası Xarici İşlər Nazirliyinin Siyasi arxivindən əldə olunan sənədlər əsasında hazırlanmış toplunun - "Geschichte Aserbaidschans in den Archivakten (May-Oktober 1918)" I. Band" və "Geschichte Aserbaidschans in den Archivakten (1918-1919)" II. Band" adlı sənədlərin "Ön söz" hissəsini alman dilinə tərcümə etmiş, topluların korrektə olunması və nəşrə hazırlanmasında yaxından iştirak etmişdir. 
S.Zeynalova həmçinin A.Bakıxanov adına Tarix İnstitutunun 2010-cu ildə nəşr etdirdiyi, dövlət başçımız tərəfindən dövlət mükafatına layiq görülmüş fundamental əsəri - "İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi" monoqrafiyasını alman dilinə tərcümə və korrektə etmişdir. Ermənilərin uydurduğu saxta "böyük Ermənistan" ideyasının ifşa edilməsi və onun dünya ictimaiyyətinə çatdırılmasında akademik Yaqub Mahmudovun "Real tarix və böyük Ermənistan" uydurması" adlı monoqrafiyasının alman dilində işıq üzü görməsi də mühüm tarixi hadisədir. Səadət Zeynalova qədim mənbələrlə zəngin olan bu kitabın da alman dilinə tərcüməsi və korrektə edilməsində əvəzsiz əməyə sahibdir. 
Bununla yanaşı, Səadət Zeynalova A.Bakıxanov adına Tarix İnstitutu ilə Almaniya Federativ Respublikasının tarixçi alimləri arasında elmi əməkdaşlığın yaradılmasında, beynəlxalq elmi konfransların və digər tədbirlərin təşkil edilməsində də fəal iştirak etmişdir. Bunun nəticəsində institutun fəxri doktorları sırasında Almaniya Federativ Respublikasının 2 nəfər tarixçi alimi vardır. 
Səadət Zeynalova hazırda AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Şərq-Qərb şöbəsinin aparıcı elmi işçisidir. Tanınmış alim, həm də qayğıkeş ana, sədaqətli ömür-gün yoldaşıdır. Həyat yoldaşı məşhur kimyaçı alim, AMEA-nın müxbir üzvü Eldar Zeynalov, qızı Günel Mehdizadə, oğlu Bahadur Zeynalov, sevimli nəvələri Mehdi və Zair Səadət xanım kimi həyatsevər bir insanla daima fəxr edirlər. Həm ailəyə qayğı göstərmək, həm də elmi-pedaqoji fəaliyyətlə mütəmadi olaraq məşğul olmaq hər kəsin hünəri deyil. Səadət xanım yüksəksəviyyəli germanist alim, səriştəli pedaqoq-müəllim, Aleksandr fon Humboldt Fondunun ilk və yeganə azərbaycanlı xanım mükafatçısı, Alman Akademik Mübadilə Xidmətinin (DAAD) fərdi qrantının təltifçisidir.  Bu mükafatlar Səadət Zeynalovanın gərgin əməyinin haqqıdır. 

Güntəkin NƏCƏFLİ,
tarix üzrə fəlsəfə doktoru

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video