2025-ci ildə bunun şahidi olacağıq
Adətən Yeni ilin ilk günlərində ötən ilin göstəricilərinə nəzər salınanda, istər iqtisadi, istərsə də ictimai-siyasi sahədə qarşıya qoyulan hədəflərə nail olunduğunu görəndə xalqımız qazanılan uğurlara sevinir və bundan böyük qürur hissi keçirir.
Cari il yanvarın 1-də dövlət başçısı İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində açıqlanan nailiyyətlər Azərbaycan vətəndaşlarının, eləcə də dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın bayram ovqatına yeni çalarlar qatmışdır. İctimaiyyətdə məmnunluq doğuran odur ki, 2024-cü il Azərbaycanın beynəlxalq aləmdə mövqelərinin daha da möhkəmləndirilməsi ilə yadda qalıb. Ölkəmiz həm daxili, həm xarici siyasətdə ciddi beynəlxalq uğurlara imza atıb. Ötən ilin ən mühüm uğuru 33 ildə ilk dəfə olaraq bütöv Azərbaycan ərazisində prezident və parlament seçkilərinin keçirilməsi oldu. Seçkilər dövlətin siyasi inkişafında əlamətdar mərhələyə çevrildi, tam suverenliyin və ərazi bütövlüyünün bərpasını simvolizə etdi. Seçicilərə Şuşa və Xankəndidə, eləcə də işğaldan azad edilmiş digər şəhərlərdə səsvermə imkanının yaradılması bu ərazilərin ölkənin siyasi, sosial və iqtisadi sisteminə inteqrasiyasında mühüm addım oldu. Bu həmçinin dövlətin hətta münaqişədən sonrakı yenidənqurma şəraitində demokratik prosesləri təşkil etmək və aparmaq bacarığını nümayiş etdirdi.
Prezident İlham Əliyev 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə Azərbaycan xalqına müraciətində bu seçkilərdən tutmuş digər əhəmiyyətli məsələlər barədə də açıqlama verdi.
Dövlət başçısının müraciətində vurğulanır ki, Azərbaycan xalqı növbəti dəfə ona böyük etimad göstərib və bu onu daha da ruhlandırır, gücləndirir: "Daha da çox məni əmin edir ki, biz düzgün yolla irəliyə gedirik və bundan sonra da mən bu yüksək etimadı doğruldacağam. Hesab edirəm ki, Azərbaycan xalqında bu məsələ ilə bağlı hər hansı bir şübhə yoxdur. Azərbaycan 21 ildir inamla, uğurla, ləyaqətlə inkişaf edir".
Prezident İlham Əliyev qeyd etdi ki, bu illər ərzində çətinliklər də, sınaq məqamları da, müharibə də olub, Azərbaycana qarşı əsassız ittihamlar da. Amma heç biri bizi yolumuzdan döndərə bilməyib: "Biz ərazi bütövlüyümüzü də bərpa etdik, dünya güclərinin istəklərinə rəğmən dövlət suverenliyimizi də bərpa etdik, yenə də böyük dövlətlərin iradəsinə zidd olaraq. Ölkəmizi də inamla idarə edirik. Bizim ayağımıza dolaşmaq istəyənlər isə növbəti dəfə iflasa uğrayacaq".
Prezident onu da vurğulayıb ki, 2024-cü ilin ən ciddi uğuru həm də Ermənistanla münasibətlərin normallaşması prosesinin yeni səviyyəyə çıxması oldu: iki dövlət arasında sərhədin demarkasiyası və delimitasiyası prosesi başladı. Bu da 2025-ci ildə iki ölkə arasında yekun sülh sazişinin imzalanmasına olan ümidləri artırıb.
Müraciətdə xüsusi vurğulanıb ki, ötən il uğurla başa vurulub, ilin əvvəlində qarşıya qoyulan bütün məsələlər öz həllini tapıb. Ölkəmiz inamla inkişaf edib, onun beynəlxalq nüfuzu böyük dərəcədə artıb. Ölkə iqtisadiyyatında müsbət inkişaf var, hərbi gücümüz artıb. Ən əsası sabitlik hökm sürür. Azərbaycan xalqı təhlükəsizlik şəraitində yaşayır: "Bu gün dünyada baş verən hadisələr hamımızın gözünün qarşısındadır. Yeni müharibələr, qarşıdurmalar, münaqişələr alovlanır. Dünyanın müxtəlif bölgələrində qanlı toqquşmalar davam edir. Azərbaycan isə sülh, əmin-amanlıq, təhlükəsizlik və sabitlik şəraitində yaşayır. Əminəm ki, bundan sonra sabitlik və əmin-amanlıq əbədi olacaq".
Ölkəmiz ərazi bütövlüyü və suverenliyini bərpa etdikdən sonra Cənubi Qafqazda stabil dövlət statusu qazanıb. Qonşu Gürcüstanda, Ermənistanda baş verən hadisələr bunu təsdiqləyir. Müstəqil xarici siyasət yeritməyə cəhd göstərən Gürcüstan hökumətinə qarşı Qərbin əksər dövlətləri hücuma keçib, hətta onu sanksiyalarla hədələyiblər. Ermənistandan isə danışmağa dəyməz. 44 günlük İkinci Qarabağ müharibəsindən dörd il keçsə də, ölkə özünə gələ bilmir. Forpost ölkə hələ də müstəqil dövlətə çevrilə bilməyib. Onu xaos və qarşıdurmaya sürükləyən ölkələrin əlində alətə çevrilib. Azərbaycan isə çoxvektorlu xarici siyasət yürütməklə həm beynəlxalq aləmdə nüfuzunu artırmağa, həm də daxili sabitlik yaratmağa nail olub.
Prezidentin xalqa müraciətində yuxarıda qeyd edilən məsələlərlə əlaqədar onun İrəvan hökumətinə ünvanlanan açıq mesajı da diqqət çəkdi. Dövlət başçısı ümidvardır ki, Ermənistan öz siyasətində Cənubi Qafqazda və eyni zamanda dünyada yaradılmış yeni reallıqları nəzərə alacaq: "Cənubi Qafqazda yeni reallıqları biz yaratdıq. Vətən müharibəsi bu reallıqları yaratdı, dövlət suverenliyimizin bərpası bu reallıqları daha da gücləndirdi və biz Cənubi Qafqazda yaratdığımız yeni reallıqları diplomatik, beynəlxalq və siyasi müstəvidə təsdiqlədik. Bütün dünya yeni reallıqları qəbul edib".
2024-cü ildə də Ermənistanı fəlakətə sürükləyən Fransa başda olmaqla bəzi dövlətlər onu silahlandırmaq kampaniyasını gücləndirməyə çalışdılar. Prezident çıxışında bu riyakar və ikili siyasətə də toxunub: "Ona görə Ermənistanın genişmiqyaslı silahlanma kampaniyası hesab edirəm ki, bölgə üçün növbəti təhdid mənbəyidir. Əgər bu il bizim üçün ən narahatedici məqamı qeyd etsək, təbii ki, bu, Ermənistanın silahlanmasıdır. Bunun heç bir məntiqi izahatı yoxdur. Ermənistan öz işğalçılıq siyasətində tamamilə iflasla üz-üzə qalmışdır. 2020-ci və ondan sonra 2023-cü illərdəki hərbi məğlubiyyətləri onlara düz yol göstərməli idi. Biz də buna çalışırdıq və bu gün də öz səylərimizi davam etdiririk. Mən dəfələrlə həm rəsmi bəyanatlarımda, həm Ermənistan tərəfi ilə apardığımız danışıqlar əsnasında onlara xəbərdarlıq etmişəm ki, bu təhlükəli yoldan çəkinsinlər. Onları təhrik edən və bu gün yenə də Azərbaycan üzərinə hücum etməyə vadar edən xarici dairələr, xarici ölkələr onların arxasında durmayacaq, sadəcə olaraq, dura bilməyəcək. Bizimlə bu bölgədə hərbi müstəvidə heç bir qüvvə rəqabət apara bilməz. Ona görə bir daha deyirəm, hələ ki, gec deyil, bu təhlükəli yoldan geri qayıtsınlar. Cənubi Qafqaz sülh, əmin-amanlıq, əməkdaşlıq bölgəsi olmalıdır".
Prezident İlham Əliyevin sərəncamı ilə 2025-ci ilin "Konstitusiya və Suverenlik İli" elan edilməsi də ictimaiyyətdə məmnunluq doğurub. Tarixi əhəmiyyət kəsb edən bu sərəncam Konstitusiyaya və dövlət suverenliyinə ali ehtiramdır. Bu gün Azərbaycan dövləti xalqımızın milli maraqlarını rəhbər tutaraq, yeni reallıqlar şəraitində müstəqil siyasətini daha cəsarətlə, prinsipiallıqla davam etdirir, Konstitusiyanın tələblərinə və öz suveren hüquqlarına əsaslanaraq, qarşıda duran strateji hədəflərə doğru inamla irəliləyir. Prezidentin sərəncamında vurğulandığı kimi, müstəqil və suveren dövlətə sahib olmaq, milli-mənəvi dəyərlərə, həmrəylik, humanizm, ədalət və qanunun aliliyi prinsiplərinə əsaslanan inkişaf etmiş cəmiyyət qurmaq yüz illər boyu Azərbaycan xalqının ən böyük arzusu olub. Tarixin müxtəlif mərhələlərində kənar müdaxilələrə, məhrumiyyətlərə baxmayaraq, xalqımız milli kimliyini, mübarizə ruhunu qoruyub saxlayıb, öz ideallarına həmişə sadiq qalıb və XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa edib. 1993-cü ildə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə 1995-ci ildə müstəqil Azərbaycanın ilk milli Konstitusiyası hazırlanaraq ümumxalq səsverməsi ilə qəbul olunub. 2025-ci ildə Konstitusiyanın qəbul edilməsinin 30 ili tamam olacaq. Dövlət başçısının sərəncamı bu baxımdan da əlamətdardır. Sərəncamda vurğulandığı kimi, "2025-ci ildə Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümü nəzərə alınaraq belə bir qərar verilib. 2020-ci ilin Vətən müharibəsi və 2023-cü ilin sentyabrında Qarabağda keçirilən antiterror tədbirləri nəticəsində ölkəmizin bütün ərazisində konstitusion quruluş və dövlət suverenliyi bərpa edilib".
Konstitusiyada Azərbaycanın dövlət müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması başlıca niyyətlərdən biri kimi göstərilir. 30 ildən artıq davam etmiş erməni işğalı suveren hüquqlarımızın ölkəmizin bütün ərazilərində tətbiqini mümkünsüz etmişdi. Torpaqlarımızın 20 faizə yaxınını 30 il ərzində işğal altında saxlayan Ermənistan beynəlxalq hüququ pozmuşdu. Ölkəmiz bütün daxili, hərbi resurslarını bu problemin həllinə, Konstitusiya ilə bəyan edilmiş suveren hüquqlarımızın bərpasına səfərbər etdi. Bu mənada Ermənistanın işğalçılıq siyasətinə qarşı aparılan mübarizə həm də Konstitusiyanın müddəalarının bərpası uğrunda aparılan bir mübarizə idi. Ötən müddət ərzində ərazi bütövlüyünün, suverenliyinin bərpa edilməsi müasir Azərbaycan tarixinin ən mühüm hadisəsinə çevrildi. Prezident İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli sərəncamına əsasən, sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü elan edilib.
2025-ci ilin Azərbaycanın inkişaf tarixində özünəməxsus yer tutacağına əminlik böyükdür. Bu mənada Prezident İlham Əliyevin imzaladığı sərəncam xüsusi əhəmiyyət kəsb edir. Əminliklə deyə bilərik ki, suveren, bütöv Azərbaycanı yeni dövrdə yeni inkişaf mərhələsi gözləyir. Suverenliyimizin bərpası yeni inkişaf mərhələsi üçün başlanğıc yaradır. 2025-ci ildə ölkəmizdə "Konstitusiya və Suverenlik İli" yüksək səviyyədə qeyd olunacaq.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində Prezident İlham Əliyevin də vurğuladığı kimi, Azərbaycan Cənubi Qafqazda yeni reallıqlar yaradıb və dünya da artıq yeni reallıqları qəbul edib. 2025-ci ildə də bu reallıqların konstitusion tələblər çərçivəsində daha dərindən təsdiqlənəcəyi şübhəsizdir. Görünən odur ki, Fransadan tutmuş Amerikayadək heç bir qüvvə, güc mərkəzi Azərbaycan dövlətinin iradəsinə təsir göstərə və onu yolundan döndərə bilməz.
Rəhman SALMANLI,
"Azərbaycan"