Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, əsərlərinə heç zaman oxucu marağı azalmayacaq Xalq yazıçısı, tanınmış ictimai xadim Yusif Səmədoğlunun 90 illiyi tamam olur. O, doxsan il əvvəl Azərbaycanın böyük şairi, şeirləri, poemaları dillər əzbəri olan Səməd Vurğunun ailəsində dünyaya göz açmışdı. Kiçik yaşlarından bədii yaradıcılığa maraq göstərmiş Yusif Səmədoğlu XX əsr Azərbaycan ədəbiyyatının nadir istedada malik yazıçılarından biri idi.
Görkəmli yazıçı Yusif Səmədoğlunun mövzusu həyatdan götürülmüş, bədii dəyərini heç vaxt itirməyəcək hekayələri, romanları bu gün də oxucuların diqqətini özünə cəlb edir, onları sehrinə salır. Çünki yazıçının təfəkküründən süzülüb gələn, qələmindən çıxan bu əsərlər insanın daxili aləmini daha da zənginləşdirir, ona mənəvi zövq verir, kamilliyə, paklığa, saflığa, haqq-ədalətə, mübarizəyə və qəhrəmanlığa səsləyir. Yusif Səmədoğlu yalnız nəsr əsərləri ilə deyil, həm də yüksək ustalıqla yazılmış film ssenariləri ilə də ədəbi aləmdə pozulmaz izlər qoymuşdur. Ədibin ssenarisi əsasında çəkilmiş filmlər bu gün də maraqla baxılır.
Oxucuların daim əsərlərinə sevə-sevə müraciət etdiyi Yusif Səmədoğlu (Yusif Səməd oğlu Vəkilov) 1935-ci il dekabrın 25-də Bakı şəhərində anadan olub. Əslən Qazax rayonunun Yuxarı Salahlı kəndinin Vəkilovlar nəslindəndir. Ömrünün erkən çağlarından bədii yaradıcılığın sehrinə düşən Yusif Səmədoğlu 1953-cü ildə Moskvada SSRİ Yazıçılar İttifaqı nəzdində fəaliyyət göstərən M.Qorki adına Ədəbiyyat İnstitutuna qəbul olub. Gənc yaşlarından ədəbiyyat dünyasına uğurlu addımlar atıb. 1957-ci ildə həmin institutun IV kursundan Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Filologiya fakültəsinə keçib.
Təhsilini uğurla başa vurduqdan sonra 1960-1965-ci illərdə "Azərbaycan" jurnalı redaksiyasında ədəbi işçi, nəsr şöbəsinin müdiri vəzifələrində işləyib. 1965-1969-cu illərdə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında kinostudiyanın ssenari redaksiya heyətinin üzvü olub. 1969-1976-cı illərdə "Azərbaycanfilm" kinostudiyasının direktor müavini vəzifəsində çalışıb. 1976-1987-ci illərdə "Ulduz", 1987-ci ildən "Azərbaycan" jurnalının baş redaktoru vəzifələrində işləyib. 1991-ci ildə Azərbaycan Yazıçılar Birliyi katibliyi heyətinə (nəsr üzrə katib) seçilib. 26 noyabr 1991-ci ildə Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının üzvü olub.
Zaman-zaman rəhbərlik etdiyi ədəbi-bədii jurnallardan milli düşüncənin daha da geniş yayılması üçün tribuna kimi istifadə etmiş Yusif Səmədoğlu insanpərvərliyi ilə seçilmiş və sevilmişdir. Sovet hökumətinin süquta uğradığı, ölkədə milli azadlıq hərəkatının və müstəqillik uğrunda mübarizənin alovlandığı zamanlarda həmişə ön sıralarda dayanmışdır. Buna görə də xalqın böyük hörmət və nüfuzunu qazanmışdır.
Tarixən həmişə belə olub. Xalq çətinə, dara düşəndə ziyalılar sinəsini qabağa verərək millətinin önündə gedirlər. Övladı olduğu xalqını düşdüyü bəlalardan qurtarmaq üçün dünyaya səs salır, haray qoparır, haqsızlığa qarşı etirazını bildirir, çəkinmədən mübarizə aparırlar. Bütün sülhsevər insanları, dövlətləri ədaləti müdafiə etməyə səsləyirlər.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə artıq tarixin səhnəsindən silinmiş Sovet İttifaqının qoşunları xalqımızın milli azadlıq arzularını qan içində boğmaq, qırğınlar törətmək üçün ölkəmizin paytaxtına soxularaq Azərbaycanın müstəqilliyi uğrunda mübarizəyə atılmış oğul və qızlarını amansızcasına gülləbaran etdilər. Həmin gərgin günlərdə Yusif Səmədoğlu sovet qoşunlarının xalqımızın başına gətirdiyi bu qanlı faciəni "Azadlıq" radiosu vasitəsilə dünya ictimaiyyətinə çatdırmışdır. Ziyalı kimi öz borcunu layiqincə yerinə yetirmiş, o çətin günlərdə xalqının yanında olmuşdur.
Ümummilli Lider Heydər Əliyev ədibin 60 illik yubileyində çıxışı zamanı Yusif Səmədoğlunun bu müsahibəsinin önəmini xüsusi vurğulayaraq demişdir: "O vaxt - yanvarın 20-də mən çox həyəcan içində idim. "Azadlıq" radiostansiyasının verilişlərini tutdum və o verilişlərdən Azərbaycanda olan vəziyyəti özüm üçün müəyyən qədər aydınlaşdırdım. Xatirimdədir, Yusifin səsi ilə - yəni o, telefonla bəyanat vermişdi, - məlumat verdilər. O, Sovetlər İttifaqının böyük qoşun hissəsinin Bakıya girməsini "Azadlıq" radiostansiyasına telefonla nə qədər həyəcan hissi ilə bildirirdi. Qoşunların vəhşiliyindən, təcavüzkarlığından danışırdı. Mən bunları "Azadlıq" radiostansiyasından Yusifin səsi ilə özüm eşitdim... Güman edirəm ki, təkcə bu yox, - bu, sadəcə mənim şəxsən hiss etdiyim bir hadisədir, haldır, - ancaq Azərbaycanın o ağır dövründə, 20 Yanvar faciəsi ərəfəsində və 20 Yanvar faciəsi zamanı o aylarda, o illərdə Yusif Azərbaycanın milli mənliyini qorumaq sahəsində çox fədakar şəxslərdən biri idi və onun siyasi fəaliyyəti, ictimai fəaliyyəti çox olubdur..."
Yazıçı haqqında deyilənlər və yazılanlar bir daha onu göstərir ki, Yusif Səmədoğlunu həmişə xalqının taleyi, dünəni və sabahı düşündürmüşdür. Əsərlərini də elə bu ruhla, bu ovqatla, bu istək və amalla yazmışdır. Ona görə də onun düşüncəsinin məhsulu olan hekayə və romanları xalqın ürəyinə, qəlbinə asanlıqla yol tapmışdır. Yusif Səmədoğlu həcmindən asılı olmayaraq, qələmə aldığı bütün əsərlərində xalqının taleyi ilə bağlı onu narahat edən problemləri ətraflı işıqlandırmışdır. Onun həlli üçün yollar axtarmışdır.
Yusif Səmədoğlunun yaradıcılığından Vətən sevgisi qırmızı xətlə keçir. Yazıçı 1959-cu ildə "Yaddan çıxmış sözlər" novellasında, "Xəzri" hekayəsində cəsarətlə Vətənimiz üçün faciə olan mühüm tarixi hadisəni qələmə alaraq, "Türkmənçay - 1828-ci il" müqaviləsini yada salmış, oxucularını bu hadisəni daim xatırlamağa səsləmişdir.
Yusif Səmədoğlunun müxtəlif illərdə "220 nömrəli otaq", "Qalaktika", "Qətl günü" kitabları işıq üzü görüb. Yazıçı elə də çox əsər yazmayıb. Amma nə yazıbsa, ədəbiyyatda hadisəyə çevrilib, oxucu sevgisi qazanıb. Bir çox ədəbiyyatşünasların da qeyd etdiyi kimi, yazıçıya daha çox şöhrət gətirən Mirzə Cəlil, Əbdülrəhman bəy Haqverdiyev ənənəsinə sadiq qalaraq yazdığı "Qətl günü" romanı olub. Özündə mürəkkəb tarixi hadisələri əks etdirən bu əsər nəşr olunan illərdə cəmiyyətdə bir mayak kimi parladı. Kitab qısa müddət ərzində satıldı, cəmiyyətdə böyük əks-səda doğurdu. Roman maraqlı məzmunu və yazılış forması ilə oxucuların yaddaşında dərin iz qoydu. Əsəri oxuduqca göz önündə amansız repressiya illərinin dəhşətli səhnələri canlanır. Çox keçmədi ki, əsərin süjet xətti əsasında eyniadlı film də çəkildi. Təndiqçilər haqlı olaraq qeyd edirlər ki, əgər Yusif Səmədoğlu "Qətl günü" romanından başqa heç nə yazmasaydı, yenə də onun adı ədəbiyyatımızın tanınmış simalarının sıralarında çəkiləcəkdi. Çünki böyük mədəniyyət hadisəsinə çevrilən, həyat, dünya və insan haqqında yazılmış məşhur "Qətl günü" romanı ədibə təkcə Azərbaycanda deyil, ölkəmizin hüdudlarından kənarda da böyük şöhrət qazandırmışdır.
O da xüsusi olaraq qeyd edilməlidir ki, Yusif Səmədoğlu xalqımıza yalnız yazıçı kimi deyil, həm də istedadlı kinossenarist kimi də əzizdir. Görkəmli yazıçının Xalq şairi Səməd Vurğunun "Komsomol poeması" əsasında yazdığı "Yeddi oğul istərəm" ssenarisi filmin çəkiliş qrupu tərəfindən böyük sevgi və rəğbətlə qarşılanmışdır. Elə buna görə də çox keçmədən filmin çəkilişlərinə başlanılmışdır. Tamaşaçıların bu gün də böyük maraqla baxdıqları bu məşhur filmdə Gəray bəy obrazını canlandıran Xalq artisti Həsənağa Turabov o günləri tez-tez xatırlayaraq deyərmiş ki, Gəray bəy kino yaradıcılığında ən sevdiyi rollardan biridir. O həmin rola çəkildiyi üçün həmişə Yusif müəllimə minnətdarlıq edərmiş.
Prezident İlham Əliyev 4 sentyabr 2025-ci ildə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı, tanınmış ictimai xadim Yusif Səmədoğlunun 90 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncam imzalamışdır. Sərəncamda deyilir ki, Yusif Səmədoğlu XX əsr Azərbaycan nəsrinin yetirdiyi nadir istedada malik böyük simalardandır. Yüksək bədiilik nümunəsi olan dərin ictimai-mənəvi məzmunlu əsərləri, o cümlədən hekayələri, romanları və film ssenariləri ilə ədəbi prosesdə iz qoymuş yazıçının ötən əsrin 60-70-ci illərində milli nəsrin keyfiyyətcə yeni mərhələyə keçməsində xüsusi xidmətləri vardır. Parlaq mədəniyyət hadisəsinə çevrilən, dünya və insan haqqında məşhur "Qətl günü" romanı ədibə Azərbaycanın hüdudlarından uzaqlarda da şöhrət qazandırmışdır. Yusif Səmədoğlu rəhbəri olduğu mühüm ədəbi-bədii məcmuələrdən milli düşüncə və ideyanın daha geniş yayılması üçün tribuna kimi istifadə etmiş, ölkədə azadlıq hərəkatının və müstəqillik uğrunda mübarizənin ön sıralarında dayanmış, xalqın taleyüklü məsələlərinə münasibətdə həmişə vətəndaş-ziyalı mövqeyi ilə seçilmişdir.
Ümummilli Lider Heydər Əliyev Yusif Səmədoğlunun yaradıcılığına yüksək qiymət verərək demişdir: "Yusif Səmədoğlu bizim millətimizin xoşbəxt insanlarından biridir. Çünki o, böyük şair, böyük insan, böyük alim Səməd Vurğunun oğludur. Səməd Vurğunun övladı olmaq, onun tərbiyəsini almaq, onun ailəsində böyümək özü böyük bir nemətdir, böyük bir xoşbəxtlikdir. Bəlkə elə bu bəs olardı. Ancaq bununla yanaşı, bu kökün üstündə, bu ailə ab-havasının içində böyüyüb, ərsəyə gəlib atasının yolunu davam etdirmək və cəmiyyətdə özünəməxsus, məhz özünəməxsus yer tutmaq, - bu, böyük xoşbəxtlikdir, cəmiyyətimizin içində insan üçün, şübhəsiz ki, nemətdir..."
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Yusif Səmədoğlunun yaradıcılığından söz açaraq demişdir: "Y.Səmədoğlunun fəaliyyəti Azərbaycan mühitində ədəbiyyatda böyük maraq yaratmaqla bərabər, həm də ictimai fikri formalaşdırmağa xidmət edirdi. Onun özü demokratik düşüncə sahibi olduğundan bütün yaradıcılığı bu ruha köklənir və ondan qidalanırdı".
Azərbaycan Yazıçılar Birliyinin sədri Xalq yazıçısı Anar görkəmli ədibin yaradıcılığının bəzi məqamlarından söz açaraq vurğulayıb ki, Yusif Səmədoğlu XX əsr Azərbaycan ziyalılığının ali keyfiyyətlərini öz şəxsiyyətində daşıyan, mənsub olduğu böyük bir nəsli təmsil edən istedadlı insan olub, həyatı boyu həm ədəbi, həm də ictimai-siyasi fəaliyyətində azərbaycançılıq mövqeyində durub, azadlıq, demokratiya, müstəqillik duyğusu ilə yaşayıb.
Professor Vaqif Yusifli görkəmli yazıçının yaradıcılığından bəhs edərkən bildirmişdir ki, Yusif Səmədoğlu ruhən, necə deyərlər, kök və qan qrupu etibarı ilə Səməd Vurğuna nə qədər oxşasa da, öz taleyini yaşamışdır. Yusif Səmədoğlu mənim və mənim kimi yüzlərin, minlərin, on minlərin sevdiyi, Azərbaycan və Səməd Vurğun qədər uca tutduğu, sözünü Tanrı qədər əzizlədiyi böyük bir insan idi.
Uzun çəkən xəstəlikdən sonra Yusif Səmədoğlu 1998-ci il avqustun 16-da dünyasını dəyişdi. Fəxri xiyabanda dəfn edildi. Ölümü ilə onu tanıyanları və sevənləri kədərləndirdi. Böyük yazıçı Azərbaycan xalqına "XX əsrin ən yaxşı Azərbaycan romanı" seçilən "Qətl günü"nü, həmçinin bir çox hekayəni, filmi və bir də tamamlaya bilmədiyi "Deyilənlər gəldi başa..." romanını yadigar qoyaraq əbədiyyətə qovuşdu.
Yusif Səmədoğlunun yaradıcılığı müxtəlif illərdə dövlətimiz tərəfindən layiqincə qiymətləndirilmişdir. Görkəmli yazıçı 1979-cu ildə "Azərbaycan SSR Əməkdar incəsənət xadimi", 1995-ci ildə "Şöhrət" ordeni, 1998-ci ildə "Azərbaycan Respublikasının Xalq yazıçısı" fəxri adına layiq görülmüşdür.
Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"