Sanki burada göylə yer birləşir...
Dağın ətəyindən şölələnib qalxan haçadilli alovla günəşin yamaca səpələdiyi şüalar illərin həsrətliləri kimi bir-birlərinə sarılaraq bənzərsiz harmoniya yaradır...
Sanki ağır-ağır yırğalanan mavi Xəzərin suları ilə göy buludlar baş-başa verib pıçıldaşırlar.
Burada həyatın bütün elementləri cəmləşib... Torpaq, od, su, günəş...
Bura hər gün yüzlərlə turistin üz tutduğu, min illərdir "öz odu"na şölələnib yanan Yanardağdır.
Səhərin yenicə açılmasına baxmayaraq, turist gətirən avtobusların ardı-arası kəsilmir...
Kimini bura inancı çəkib gətirir, kimi üçün isə bura maraqlı səyahət məkanıdır...
Dünyanın elə bir yeri olmaz ki, Yanardağ möcüzəsini görmək üçün oradan turist gəlməsin.
Qoruğun gənc bələdçisi, dilli-dilavər Ayişə Tüməliyeva Yanardağın "sirlər"i haqqında məlumat verir:
- Ərazidəki yanğınlar yerin dərinliklərindəki mövcud neftli-qazlı çöküntü laylarında süxur yuyulmaları, tektonik qırılmalar, habelə palçıq vulkanlarının püskürməsi, bir sözlə, vulkanik-tektonik proseslərin getməsi, yaranan çatlar vasitəsilə səthə çıxan təbii qaz axınlarının alışması nəticəsində əmələ gəlmişdir. Bəzən Yanardağda alovun hündürlüyü 10-15 metrə çatır. Buradakı yanma prosesinin tarixin hələ qədim dövrlərindən getməsi ilə bağlı məlumatlar həm ərazidə aparılan geoloji tədqiqatlar, həm də verilən tarixi mənbələr vasitəsilə öz təsdiqini tapmışdır və bu da alovun tarixinin hələ eradan əvvəlki dövrlərdən başlandığını göstərir...
Təbii ki, burada möcüzəvi bir şey yoxdur. Metan qazı ilə kükürdün yerin təkindən çölə sızıb oksigenlə təmas etməsi nəticəsində alov yaranır... Bu, bir təbiət hadisəsi olsa belə turistlərin çoxu, xüsusilə Hindistandan gələnlərin əksəriyyəti bura ibadət, dini ritualları həyata keçirmək üçün gəlirlər...
İnsanları yaşadan inamlarıdır. Müşahidələrimiz göstərir ki, bura gələn inanclı insanlar odun qarşısında dayanıb dini ayinlərini həyata keçirdikdən sonra tamam başqa əhvali-ruhiyyədə olurlar. Oda pul, "monet" atanlar da var...
Həvəslə şəkil çəkən, hər bir şeyi zərrəbinlə nəzərdən keçirən bir turist diqqətimizi cəlb edir. Tanış oluruq.
"Xalqla dövlətin birliyini görürəm"
Vyaçeslav Malışev Moskvadan gəlib. O deyir: "Yanardağ haqqında çox eşitmişdim. Dörd min ildən çox yaşı olan dağı, əbədiyanar odu görmək mənə çox maraqlı gəlirdi. Nəhayət, arzuma çatdım. Bu möcüzəvi təbiət hadisəsini gözlərimlə gördüm...
Demək istəyirəm ki, Azərbaycan təsəvvür etdiyimdən də gözəldir. Vətəniniz gerçək bir "tarix muzeyi"nə bənzəyir. Dünən qədim Qobustanda olmuşam. Qayaüstü rəsmlər, babalarınızın qayaların üstündə izlərini qoyub getdikləri incəsənət nümunələri xalqınızın qədim və zəngin mədəniyyətindən xəbər verir. Bakıya səfərim, min illərdən soraq verən tarixi abidələr Azərbaycan haqqında təsəvvürlərimi tamam dəyişdi.
Bakı əvvəllər küləklər şəhəri kimi təqdim edilirdisə, indi tam haqqınız çatır deyəsiniz ki, Bakı bizim paytaxt şəhərimiz olmaqla dünyada həm də ən mühüm beynəlxalq tədbirlərin keçirildiyi mərkəzdir. Tərəflərin Konfransı (COP) noyabrın 11-dən 22-dək Bakıda keçiriləcək. Çox düşünürdüm ki, belə bir möhtəşəm tədbirin Bakıda keçirilməsinə səbəb nədir? Hətta 30 il Azərbaycanla müharibə edib torpaqlarını işğalda saxlayan Ermənistanın belə bir möhtəşəm tədbirin ölkənizdə keçirilməsinə razı olması məni çox düşündürürdü. Bakıda gözlərimlə gördüklərimdən sonra məni düşündürən suallara da cavab tapdım. Azərbaycanda sürətli inkişaf gedir. Həqiqətən fəxr edə bilərsiniz ki, ölkəniz nəinki regionda, dünyada öz gözəlliyi və inkişafı ilə rəqabətə tam hazırdır. Bakıdakı tarixi abidələr, müasir tikililər adamı heyran edir. Şəhərinizin təmizliyi, səliqə-sahmanı da bir ayrıdır... Hiss edirəm ki, təkcə Azərbaycan dövləti, hökuməti yox, bütövlükdə bütün Azərbaycan vətəndaşları COP29-a hazırlaşırlar. İnsanların necə həvəslə işlədiklərinin şahidi olmuşam. Xalqla dövlətin bu cür birliyi məni təəccübləndirdi. Bu birliyi gördükdən sonra 44 günlük Vətən müharibəsində qazandığınız qələbənizin səbəbini də anladım. Ölkənizə gəlməsəydim, "dəmir yumruq" fəlsəfəsini də anlamayacaqdım. Böyük xalq olmaqla, xüsusilə xalqınızın birliyi ilə fəxr etməkdə haqlısınız".
Turistləri özünə "bağlayan" məkan
Yanardağ Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu Məhəmmədi-Digah şose yolunun sol istiqamətində yerləşir: Bakı şəhər mərkəzindən 27, kənd mərkəzindən isə təqribən 2 km məsafədə... Yanardağın əks istiqamətində yanan üç təpə olub. İndi həmin təpələr sönüb. Bakının rəmzi hesab olunan üç yanar alov dili və dəniz simvolu da Yanardağın mövcudluğuna istinadən qəbul edilib. Günün bütün saatlarında bura fasiləsiz olaraq turistlər gəlir. Azərbaycan Prezidenti 2007-ci il mayın 2-də Yanardağın ərazisinin dövlət tarix-mədəniyyət və təbiət qoruğu elan edilməsi haqqında sərəncam imzalayıb.
Qoruğun ərazisi isə 64,55 hektar təşkil edir. Bu əraziyə Qurd yuvası, min yaşı olan iki qəbiristanlıq və qədim məscid, Qotursu bulağı, Əli daşı, Kardaşı, Qırməki vadisi və Yanardağ aiddir. Sözsüz ki, qoruğun ən maraqlı yeri yanan torpaqdır...
Qoruqda fəaliyyət göstərən Yanardağ muzeyi qədim və maraqlı eksponatları ilə gələn turistləri özünə bağlaya bilir. Muzeydə interaktiv lövhə var. Müasir texnologiyanın köməyi ilə lövhənin qarşısına keçən istənilən insan alov dilləri şəklində öz əksini müşahidə edə bilər. Lövhənin qarşısında dayanıb dini ayin icra edən hindistanlı turistlərin rituallarını tamamlamaları üçün xeyli gözləməli oluruq. Onlara diqqətlə baxdığımızı hiss edən hindli qonaqlar bizə yaxınlaşırlar. Bhanu Mati Kalita və oğlu Hrishiraj Saharia Hindistandan gəldiklərini deyirlər.
Müqəddəs torpağın gözəl insanları
"Siz belə bir müqəddəs yerdə yaşadığınız üçün xoşbəxtsiniz. Burada həyatın bütün əlamətləri - torpaq, od, su və hava var. Siz özünüzü Allahın sevimli bəndəsi hesab etməkdə tam haqlısınız. Bura möcüzəvi bir diyardır. Biz yanan alovun qarşısında dayanıb orada öz inancımızı görürdük. Oğluma da maraqlı gəldi ki, real odla təmasdan sonra interaktiv lövhənin qarşısında texnologiyanın yaratdığı görüntünün fərqini hiss etmək istədik. Burada hər şey çox gözəldir. Fərqi də o qədər hiss edilmir. Əsas odur ki, biz ruhumuzu inandığımıza təslim etmək imkanı qazandıq.
Siz bəlkə də düşünə bilərsiniz ki, biz sadəlövh insanlarıq. Min kilometrlərlə yol gəlib yerdən çıxan oda sitayiş edirik. Amma bu, bizim inancımızdır. Bu, Allahın istəyidir. Ulu Tanrı burada bu dənizin sahilində öz odunu, suyunu, havasını göstərməklə "Mən varam" deyir, "Sönməz alov mənim qüdrətimdən yaranır" mesajını verir. İnanmaq lazımdır. İnanclı olmaq gözəl hissdir. İnam insanı saflaşdırır, şeytandan uzaqlaşdırıb ruhunu təmizləyir.
Ölkənizi çox sevdik. Bakı çox gözəl şəhərdir. Buradan qayıdandan sonra deyəcəyik ki, müqəddəs bir diyardan gəlirik. O diyarın torpağı müqəddəs, insanları isə mələk kimi gözəldirlər.
"Bakı məni özünə çox çəkdi"
Çex Respublikasından gəlmiş səyyah Antonin Mikşik deyir ki, dünyanın çox yerini gəzib. Azərbaycana gəlmək onun üçün çox maraqlı olub. İki gündür ki, burdadır. Bu qısa vaxtda gördükləri o qədər xoş təəssürat yaradıb ki, Bakıdan ayrılacağını düşünmək belə istəmir: "Qobustanda olmuşam. Gəncəyə, Qubaya, sonra Dağıstana, Mahaçqalaya gedəcəyəm. Dərbəndin də qədim tarixi Azərbaycan şəhəri olması haqqında məlumatım var. Zatən, bunu hər hansı kitabdan oxumağa ehtiyac yoxdur. Qobustan qayalarındakı qədim yazılar, ulularınızın daş kitabələrin üstündə qoyub getdiyi nişanlar, rəsmlər qədim tarixi olan xalq olduğunuzu göstərən əyani vasitələrdir. Qobustanda gördüklərimizlə Dərbənddə rastlaşırıqsa, bu tarixi həqiqəti danmaq olmaz.
Bakı əsrarəngiz şəhərdir. Dünən axşam Ağ Şəhərdə olmuşam. Gözəllikləri görüb çaşıb qalmışdım. Mən acgöz deyiləm. Məni qınamayın, az qalırdım ki, Bakını qucaqlayıb deyəm ki, bu gözəlliklərin mənim olmasını istəyirəm. Bakı məni özünə çox çəkdi.
Xatirimdə çox şey qalıb. Bakının gözəlliyi, insanlarınızın mehribanlığı və səmimiliyi. Heç düşünmədən deyərdim ki, bu müqəddəs torpaqlarda yaşayıb belə gözəl ruha sahib olmamaq mümkün deyil.
Özümlə çox şey aparıram. Təəssüratım zəngindir... Bilmirəm necə deyim, ya bu müqəddəs torpaqlar sizi gözəlləşdirib, ya da bu torpaqlarda belə gözəl insanların yaşadığı üçün müqəddəsləşib?
"Özümü nağıllar aləmində hiss etdim..."
Söhbətimizi polşalı turist Simon Chudylə davam etdiririk:
- Bir neçə gündür ki, Bakıdayam. Ağ Şəhərdə, Heydər Əliyev Mərkəzində, Dağüstü parkda olmuşam. Oradan Bakını seyr etmək mənə çox xoş gəldi. Bura şəhərdən çox gözəlliklər mərkəzinə bənzəyir.
Azərbaycan, onun inkişafı haqqında çox eşitmişdim. Açığını deyəcəyəm. Eşitdiklərimin "nağıl" olduğunu düşünürdüm. Gözəllikləri görəndə özümü nağıllar aləmində zənn etdim.
İnsanlar çox mehribandır. Burada hər şey gözəldir... Siz bütün uğurlarınızla fəxr edə bilərsiniz. Ağ Şəhərdə olanda Hərbi Qənimətlər Parkına da baş çəkdim. Açığını deyim ki, qənimət götürdüyünüz hərbi texnika düşməninizin gücü haqqında tam təsəvvür yaradır. Bu cür silahlanmış bir ordunu məğlub etmək böyük qəhrəmanlıqdır. Mən sizə tövsiyə verə bilmərəm. Amma dövlətinizi, onun başçısını sevin. Bu gözəllikləri yalnız xalqını canı qədər sevən, ona gecə-gündüz xidmət edən lider yarada bilər.
Yanardağ Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun açıq havada Daş muzeyi də fəaliyyət göstərir. Burada qədimdə yerli əhali tərəfindən istifadə edilmiş daşlar var. Qoruq ərazisində uşaq oyun meydançası, kafe və suvenir mağazası fəaliyyət göstərir. Suvenir mağazasındakı bütün əşyalar əl işləridir. Turistlər ölkələrinə aparmaq üçün buradan müxtəlif suvenirlər alırlar. Günün ikinci yarısı biz Yanardağda işimizi tamamlayıb geri dönürük. Axşamın düşməsinə baxmayaraq, turistlər bu qədim "məbədgah"ı görmək üçün növbə gözləyirlər...
Elşən QƏNİYEV,
"Azərbaycan"