"Böyük Füzulilərin yadigarı mən özüməm"
İyirminci yüzilliyin böyük qəzəl şairi Əliağa Vahidin ədəbiyyatımızda mövqeyi onun yaşadığı tarixi-ictimai mühitdə əruza, qəzələ göstərilən təzyiqlər, qadağalar fövqündə dayanıb, poeziyamızın bu zərif, mənalı, yığcam klassik janrını qoruyub yaşatması, yüksək sənətkarlığı və novator axtarışları sayəsində zənginləşdirməsi ilə müəyyən olunur.
Əliağa Vahid çox gənc yaşlarından qəzəl janrına xüsusi maraq göstərdiyi üçündür ki, Abşeron qəzəlxanlarının toplaşdıqları "Məcməüş şüəra"nın yığıncaqlarına gedir, öz şeirlərini oxuyur, deyişmələrdə iştirak edirdi. Klassik poeziya ənənələrini, əruzun musiqili bəhrlərini istedadı və dərin mütaliəsi sayəsində kamil şəkildə mənimsəmişdi. O, bədiiliyin şərtlərinə həssaslıqla yanaşmaq, sözləri vəznə görə, mənaya xələl gətirmədən ahəngdar səsləndirə bilmək məharəti ilə söz xiridarlarının diqqətini cəlb etmişdi. Məclis yığıncaqlarının birində Bakı ədəbi mühitinin tanınmış qəzəl şairi Mirzə Əbdülxalıq Yusif Əliağaya "Vahid" təxəllüsünü götürməyi məsləhət bilir.
Gənc Vahidin yaradıcılığı iki istiqamətdə inkişaf edirdi: satirik şeir və klassik poeziyanın qəzəl janrı. Bu dövrdə ölkədə yeni ictimai quruluş - sosializm cəmiyyəti təşəkkül tapmaqda idi. Fəhlə-kəndli dövləti kimi fəaliyyətə başlayan yeni hakimiyyətə yoxsul təbəqələr böyük ümidlər bəsləyirdilər. Mədəni-maarif sahəsində aparılan kütləvi savadlanma tədbirləri, çoxlu sayda mətbuat, nəşriyyat, mədəniyyət ocağının açılması, işsiz adamların güzəranını yaxşılaşdıran yeni istehsalat müəssisələrinin yaradılması ilə sovet dövləti xalqın etimadını qazana bilmişdi. Ancaq keçmiş adət və ənənələrə, minillik kökü olan ədəbi-mədəni irsə qarşı aparılan sərt təbliğat-təşviqat işləri ziyalı insanları bir qədər dərindən düşünməyə, həqiqəti aydınlaşdırmağa vadar edir, seçim qarşısında qoyurdu.
1920-1930-cu illərdə Ə.Vahid ictimai-ədəbi həyatda çox fəal iştirak edir, şeirlərini müntəzəm olaraq "Kommunist", "Şərq qadını", "Yeni yol", "Maarif və mədəniyyət" və "Molla Nəsrəddin"də çap etdirirdi. Yeni ictimai mühitdə yaranan imkanlardan faydalanıb qabiliyyətinə görə iş, təhsillə bağlı arzularını gerçəkləşdirməyə can atırdı. Lakin yeni cəmiyyətin proletkultçu ideoloqları "feodalizm dövrünün qalığı" kimi qəzəli də, əruzu da, hətta Füzuli yaradıcılığını belə, bütövlükdə sosialist quruluşu üçün yararsız elan edir, Qərbin sənətkarlıq məktəblərindən öyrənməyi təkid edirdilər. Hakim qurumların ədəbi-mədəni yaradıcılığı dövlət siyasətinə uyğun istiqamətləndirmək cəhdlərinə və tələblərinə baxmayaraq Vahidin aşiqanə qəzəl yaratmağa önəm verməsi bir növ, Füzuli sənətinə dərin məhəbbətin təzahürü, bədii təsdiqi idi.
Vahid qəzəl yaradıcılığında püxtələşdikcə klassik qəzəl məktəbinin istedadlı yetirməsi kimi öz dəsti-xətti ilə seçilməyə başlayırdı. Otuzuncu illərdə və sonralar onun qəzəlləri ictimai-ədəbi mühitdəki klassik şeir janrlarına qarşı yanlış meyillər nəticəsində dövri mətbuatda dərc olunmasa da, xalq arasında sürətlə yayılır, tanınmış müğənnilərin oxuduqları muğamat və mahnı mətnləri kimi ürəklərə yol tapır, sevilir, dillərdə əzbər olurdu.
Vahidin klassik qəzəl məktəbində formalaşıb yetkinləşən bədii üslubuna illər keçdikcə mühitinin ədəbi-fəlsəfi görüşləri, bədii-estetik baxışı, ictimai-fərdi ruhu, ovqatı təsir edir, poetik ifadə tərzində yeniləşmə meyli güclənirdi:
Yar üçün aşiq odur şövq ilə candan keçsin,
Kim vəfa bəsləyəcək dostuna can qıymayana...
Ey gül, məni sən istəsən, ömrüm hədər olmaz,
Sülh olmasa, övladi-vətən bəxtəvər olmaz...
Klassik qəzəl nümunələrindən fərqli olaraq Vahidin şeirlərində emosional-hissi çalarlar daha gürşad idi, lirik ovqatda nikbinlik, çeviklik tədricən artmaqda, onun bədii üslubunun bənzərsiz əlamətinə çevrilməkdə idi. Görkəmli ədəbiyyatşünas, AMEA-nın müxbir üzvü Ə.Mirəhmədov haqlı olaraq yazırdı: "Vahidin qəzəlləri sevən aşiqin psixologiyasının saysız-hesabsız təzahürləri haqqında təsəvvür yaradır: şikayət, sevinc, şuxluq, qürur, küskünlük, ümid, peşimanlıq, xeyir-dua, tənqid, məşuqəyə valehlik, zarafat, istehza, dialoq, hətta qarğış..." Belə zəngin psixoloji-emosional rəngarənglik qəzəllərin həm obrazlı deyim tərzində, həm də ritmik ahəngində təkrarsız poetik ifadə vasitələri ilə bədiiləşirdi:
Bu şirinlik, bu lətafət ki, sənin var gözəlim,
Sənə güldən də mən əla deməyim, bəs nə deyim...
Gözəllər içrə sən, ey mahparə, bir dənəsən,
Gözəllərin gözüsən, zülfü qarə, bir dənəsən...
Hər kəs ki, yeni meyvəsin istərsə baharın,
Baxsın bu gözəl dilbərə xalis çiyələkdir...
Şairin klassik qəzəl janrına gətirdiyi ən mühüm yenilik qəzəlin ahəngini dəyişməklə yanaşı, həm də bədii dilini sadələşdirib qəliz ərəb-fars izafətlərindən təmizləməsi, bir növ xəlqiləşdirməsidir. Onun qəzəllərində ümumxalq danışıq dilində işlənən söz və ifadələr ahəngdar bir vəhdətdə yeni məzmun kəsb edir, klassik ənənədən tamamilə fərqli səmimi, nikbin təbiətli, xoş ovqatlı bir Aşiq obrazı canlanırdı. Şairin "Bir dənəsən", "Gözlərin qaradır", "Kimin istəkli yarısan", "Xoşum gəlir" və digər qəzəlləri məhz xalq bədii duyum və deyim tərzinə son dərəcə yaxınlığına görə geniş yayılmış, müəllifınə şöhrət qazandırmışdı.
Qəzəl janrının əbədiyaşarlığını bir daha təsdiq naminə Vahid zamanın ideya-məzmun tələbinə cavab olaraq onun mövzu dairəsini xeyli genişləndirir, yeri gəldikcə vətənə, xalqına məhəbbətini də əruzun geniş yayılmış bəhrləri ilə qoşamisralarda uğurla şeirə çevirirdi. Yalnız özünə xas sadə, səmimi, ritmik bir intonasiya ilə yazdığı qəzəllər tezliklə xanəndələr tərəfindən muğam təsniflərində oxunub geniş yayılırdı:
Mən əsiri aşiqiyəm öz xalqımın, öz yurdumun,
Sevməyən öz xalqını, öz yurdunu divanədir...
Xalqına fürsət var ikən xidmət et, Vahid, müdam,
Ta ki, sən də bu sədaqətlə cahanda ad qıl...
Bu şərafət mənə nəslən qalacaqdır, Vahid,
Nə qədər xidmət edəm Azərbaycanım üçün...
Ə.Vahid şeirinin mövcud sosial mühitin ictimai ovqatı ilə həmahəngliyi 1941-1945-ci illərdə İkinci dünya müharibəsi zamanı bariz müşahidə olundu. Bütün xalqla birlikdə faşist işğalçılarına qarşı döyüşə qoşulan şair onları öz satira oxunun hədəfinə tuş etmişdi. Meyxana poetikasının istehzalı deyimləri və ritmikası sayəsində onun şeirləri döyüşçülər arasında sürətlə yayılır, tezliklə dillər əzbəri olurdu. "Qanmadı Hitler", "Natamam oldu", "Peşmanam" (Hitlerin dilindən), "Quduz Hitlerə" və sair şeirlərdə işlənən şifahi xalq yaradıcılığından gələn kəsərli bədii ifadələr və atalar sözləri, məsəllər ifşanın, rişxəndin təsir gücünü xeyli artırırdı.
Müharibə illərində Ə.Vahid bir qrup ədəbiyyat və incəsənət xadimləri ilə birlikdə kənd zəhmətkeşləri, fabrik-zavod, mədən işçiləri qarşısında kütləvi tədbirlərdə iştirak edir, arxa cəbhədə gecə-gündüz fədakarlıqla çalışan insanları ruhlandırırdılar. Şairin "Əsgər nəğməsi", "Vətən", "Sərhədçi nəğməsi" və digər şeirlərinə yazılmış mahnılar da belə təsirli vasitələrdən idi. Görünür, onun bu fəaliyyətinin səmərəliliyi, xalq içərisində böyük coşqu və məhəbbətlə qarşılanmasının təsiri idi ki, şair dövlət tərəfindən 1943-cü ildə "Əməkdar incəsənət xadimi" fəxri adı, bir müddət sonra isə "Əmək igidliyinə görə" medalı ilə təltif edilmişdi. Xalq ruhuna doğma şeirlərin dillər əzbəri olmasının son sübutu: 2020-ci ildə ordumuzun gözəl Qarabağı erməni işğalçılarından azad etmək üçün apardığı Vətən müharibəsində igid gizir Xudayar Yusifzadə döyüşqabağı Ə.Vahidin sözlərinə yazılmış "Vətən" mahnısını ifa etmiş və onu telefon vasitəsilə dostları lentə almışdı. O, şəhid olandan sonra həmin video çox sürətlə geniş yayılıb, "Xudayar təsnifi" kimi məşhurlaşdı. Ə.Vahidin qəzəlinə cüzi dəyişikliklə bəstələnmiş bu təsnifin musiqisi Azərbaycanın Xalq artisti, xanəndə Əlibaba Məmmədova məxsus idi.
Fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə Vahidin yaradıcılığını yüksək dəyərləndirərək yazırdı: "Dövrümüzün görkəmli şairi Əliağa Vahid Füzuli yolu ilə gedərək ondan dərs və ilham almış, Füzuli ənənələrini müasir həyatla, yaşadığımız mühit və zəmanə ilə bağlayaraq, fəlsəfi lirikanın qiymətli incilərini yaratmışdır". Həqiqətən şair əsasən gümrah, şux ovqat oyadan məhəbbət məzmunlu qəzəlləri ilə məşhurlaşsa da, yeri gəldikcə mühitlə, xalqın taleyi, güzəranı ilə bağlı elə beytlər yazmışdır ki, onlar bütün zamanlar üçün əhəmiyyətli sayılacaq müdrik kəlamlar xəzinəsində yer almaqdadır.
İctimai-siyasi mühitin diktə və tələb etdiyi ideoloji tərənnüm kampaniyasına qoşulmadığı üçün dövlətin ədəbiyyat və incəsənət işçilərinə hər cür diqqət göstərdiyi bir dövrdə Ə.Vahid demək olar ki, bütün rəsmi imtiyazlardan məhrum edilmiş, şəxsi həyatında maddi və mənəvi sıxıntılara məruz qalmışdı. Bu səbəbdən xüsusilə əllinci illərdə Vahidin müxtəlif məişət qayğılarından bəhs olunan "Əntiq otaq", "Xəbər var", "Vardı mənim", "Fərsiz oğul" və sair kimi şeirləri xalq içərisində çox geniş yayılmışdı. Əsasən yumorist səpkili bu şeirlərdə ümumilikdə yoxsul insanların ağır güzəranının səciyyəvi lövhələri canlandırılırdı. Adi danışıq söz və ifadələrindən ibarət bu nəzm parçaları qələmə alınmadan, çap olunmadan belə, yetkin Vahid üslubu sayəsində baməzəlik və ifadəlilik kəsb edib, Sabir şeiri kimi dillərdə əzbər olurdu. Həmin dövrdə şairin xarakterinin səciyyəvi bədii təcəssümü olan məşhur "Yalvarma" rədifli qəzəlində olduğu kimi bu şeirlər yüksək xəlqilik nümunəsi idi:
Darıxma, yaxşı-yaman, ruzigarımız keçəcək,
Bu beş gün ömrə görə ruzigarə yalvarma!
Fəqirə, acizə, məzlumə ehtiram eylə,
Əduyə, qaniçənə, zülmkarə yalvarma!
Müxalif əhlinə baş əymə, sən də Mənsur ol,
Həqiqət üstə çəkilsən də darə, yalvarma!
Nə oldu dövləti-Cəmşid, mülki-İskəndər?
Nə tacidarə, nə bir şəhriyarə yalvarma!
Əgər həyatını, Vahid, xoş etmək istərsən,
Nə gül cəfasını çək, nə də xarə yalvarma!
Ə.Vahid ömrünün kamil çağında böyük təvazökarlıqla yazmışdı:
Deyərdim, əhli-qələm, Vahid əfv edərsə məni,
Böyük Füzulilərin yadigarı mən özüməm.
Bu il ustad qəzəlxan şairin anadan olmasının 130 illiyidir.
Ə.Vahid 1965-ci il oktyabrın 1-də Bakı şəhərində vəfat etmişdir. Şairin dəfni ilə əlaqədar sovet rəsmi dairələrinin soyuq münasibətinə əhəmiyyət verməyən xalq kütlələri onun tabutunu əllərində Fəxri xiyabana gətirib görkəmli ədəbiyyat-mədəniyyət xadimləri ilə bir məkanda dəfn etmişdilər.
Vahid milli dilin bədiilik imkanlarından istifadə ilə qəzəlin nəinki obrazlar sistemini sadələşdirib xəlqiləşdirmiş, həmçinin klassik qəlibləri olan əruz vəznini anadilli sözlərin ahəngdarlıq xüsusiyyətləri ilə kökləyib doğmalaşdıra bilmişdir. Poeziyamızın Vahidi özünəxas rəngi, rayihəsi, ahəngi olan qiymətli sənət inciləri ilə ədəbiyyatımızda əbədi qərar tutmuşdur. "Şərq muğamları və Azərbaycan musiqisi ilə əkiz doğulmiş Ə.Vahid qəzəlləri musiqi qədər heyranedici və ölümsüz olacaqdır" (Məsud Əlioğlu).
Safurə QULİYEVA,
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitunun aparıcı elmi işçisi, dosent
QƏZƏLLƏR
Bilməm bu nazənin kimin istəkli yarıdır?
Ya hansı bəxtiyarların bəxtiyarıdır!
Açdıqca qül camalını, ellər fərəhlənir,
Guya qözəllik aləminin növbaharıdır.
Dünya bu nazənin mələyin həsrətin çəkir,
Xəlqin sevimli afəti, həm şəhriyarıdır.
Yüz dəfə yansaq eşq oduna, qorxu bilmərik,
Çünki diyarımız bizim Odlar diyarıdır!
Bir vaxt səcdəgah idi atəşpərəslərə
Şəhr-Səba ki, mərkəzi dərya kənarıdır.
Qan etmə, saqi, bağrımızı, badə tez gətir,
Doldur qədəhləri, gecəmiz keçdi, yarıdır.
Hər kim deyirsə, sevmə bu rəna gözəlləri,
Bilmir ki, sevgi aləmi biixtiyarıdır.
Bir gün gələr ki, mən gedərəm, xəlq söyləyər:
Biçarə Vahidin bu qəzəl yadigarıdır.
***
Mən vermişəm öz könlümü yarə, özü bilsin,
İstər eləsin hicrilə yarə, özü bilsin.
Bilmiş nə bəlalər gətirib başimə zülfü,
Tökmüş yenə ol mahi-üzarə, özü bilsin.
Yüz yol dedim, əğyar ilə gəzmə, yenə gəzdi,
Ölsəm, demərəm bir də dübarə, özü bilsin.
Ol gül məni xar eylədi biganə yanında,
Bir bilmədi, çox etdim işarə, özü bilsin.
Bimariyəm ol nərgisi-məstin, ölürəm mən,
Qoy eyləməsin dərdimə çarə, özü bilsin.
Hər dərdü-qəmin mən çəkirəm, kam alan özgə,
Rəhm eyləməsin qoy dili-zarə, özü bilsin.
Vahid! Məni pərvanətək ol şəmi-cəmalın
Yaxsın dəxi bundan sonra narə, özü bilsin.
***
Dindir məni hərdən, gözəlim, fürsət olanda,
Vəslin bizə bir an, nə olar, qismət olanda?
Bax, gör məni zülfün nə pərişanlığa saldı,
Bir gün açaram dərdimi cəmiyyət olanda.
Yüzlərcə cəfa etsən, unutmaz səni könlüm,
Fikirimdəsən, ey gül, yenə hər söhbət olanda.
Biganə əgər olmasa, tez vəslə yetərdik,
Kim xeyir görüb düşməni kəmfürsət olanda?
Zülfün ki, ruyunu, çox qorxuram ondan,
Aləm toxunar bir-birinə zülmət olanda.
Könlüm necə sənsiz, gözəlim, naləsiz olsun,
Bülübül dayanarmı gülünə həsrət olanda?
Vahid, hələ qarşında böyük bir gələcək var,
Dünya bizə ləzzət verəcək cənnət olanda!
***
Sevgilim, eşq olmasa, varlıq bütün əfsanədir,
Eşqdən məhrum olan insanlığa biganədir.
Sevgidir, yalnız məhəbbətdir həyatın cövhəri,
Bir könül ki, eşq zövqün duymasa, qəmxanədir.
Mən əsiri-eşqiyəm öz xalqımın, öz yurdumun,
Sevməyən öz xalqını, öz yurdunu divanədir.
Qoy Vətən daim işıqlansın gözəl bir şəmtək,
Könlüm ol şəmin ziyasın seyr edən pərvanədir.
Nazənin, rəna gözəllərdir - baxırsan hər yana,
Bəs bu torpaq indi bir cənnət deyil, ayə, nədir?
Ölkəmizdə gör nələr var, başqa bir aləmdəyik,
Hər çiçək bir nazənin, hər qönçə bir cananədir.
Vahidəm mən, sevgilim, məndən xəyanət görməzsən,
Şairəm, eşqim də öz qəlbim kimi mərdanədir.
***
Könlüm yenə bülbül kimi şeydayi-vətəndir,
Məcnun edən aşiqləri Leylayi-vətəndir.
Yüzlərlə gözəl aşiqi olsam da mən, amma
Qəlbim yenə də aşiqi-sevdayi-vətəndir.
Dünyaya gözəllik verən, əlbəttə, günəşdir,
Ondan da gözəl xəlqə təcəllayi vətəndir.
Qoymaz bu müqəddəs yerə biganə toxunsun,
Hər kəs ki, sədaqətlidir, əbnayi-vətəndir.
Tərifi-behişt eyləməsin xəlqimə heç kəs,
Cənnət də, behişt də bizə səhrayi-vətəndir.
Vahid, elə zənn eylə ki, mən Yusifi-əsrəm,
Məşuqə mənə eşqi-Züleyxayi-vətəndir.
***
Ey gül, sənə dünyada bərabər yenə varmı?
Səndən də gözəl sevgili-dilbər yenə varmı?
Gülzari cahanda, görəsən, səndən əlavə
Ən incə lətafətli güli-tər yenə varmı?
Qan tökməyə çox mahir idi o gözlərin əvvəl
Ol fitnəli gözlərdə o şakər yenə varmı?
Bülbülləri mən tək gətirən şurə çəməndə
Bir bülbüli-şeyda mənə bənzər yenə varmı?
Yüz aşiqi bir rəmzlə Məcnun eləyənlər
Ol Leyli məlahətli gözəllər yenə varmı?
Sultanlara, xaqanlara baş əyməyən əsla
Dərviş kəramətli qələndər yenə varmı?
Vahid! Hanı Yusif, hanı Səyyar ilə Saqi
Kimdən soraq: ustadımız Azər yenə varmı?
Vətən Yaxşıdır
Dumanlı dağların başında durdum,
Dumandan özümə bir xeymə qurdum.
Keçdi xəyalımdan öz gözəl yurdum,
Dumanlar başında duman göründü.
Xəzər dənizi tək eşqinlə coşdum,
Xulyalar içində sanki bihuşdum.
Vətən arzusuyla nəğmələr qoşdum,
Tufanlar qarşımda dastan göründü.
Könüllər cəzb edən bu xoş mənzərə,
Şövqümü artırdı şeirə, qəzələ.
Çarpdıqca vətənim, əlim nəzərə,
Təbiət də mənə heyran göründü.
Deyirlər bülbülə çəmən yaxşıdır,
İnsançün laləzar vətən yaxşıdır.
Vahid, sorma vətən nədən yaxşıdır,
Adı gəlcək könlüm xəndan göründü.