Vergi Məcəlləsində, “Hərbi qulluqçuların statusu haqqında”, “Polis haqqında”, “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında”, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında”, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə” və “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi üçüncü oxunuşda təsdiqlənib.
AZƏRTAC xəbər verir ki, bu məsələ parlamentin oktyabrın 16-da keçirilən iclasının gündəliyinə daxil edilib.
Təqdim olunan qanun layihəsində bir sıra qanunvericilik aktlarının mövcud maddələrində dəyişikliklərin edilməsi təklif edilir. Vergi Məcəlləsinin 102.1.14.15-ci maddəsinə təklif olunan dəyişikliklər, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) hərbi qulluqçularının gəlirlərinin gəlir vergisindən azad olunmasının istisna edilməsini nəzərdə tutur.
Layihədə göstərilən bir sıra qanunvericilik aktlarında müvafiq orqanların əməkdaşlarının əməyinin ödənilməsi və eləcədə həmin orqanların əməkdaşlarının və onların ailə üzvlərinin yeni qulluq və ya xidmət yerinə köçməsi ilə bağlı xərclərin ödənilməsi qaydaları təkmilləşdirilir. Bununla əlaqədar "əmlakın daşınması xərcləri" və birdəfəlik kompensasiya” sözləri "köçməsi ilə bağlı xərclər" sözləri ilə əvəz edilməsi təklif edilir.
"Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında" Qanunun 20-ci maddəsinə təklif edilən dəyişikliklər, həmin orqanlarda xidmət edən hərbi qulluqçuların pul təminatı, pensiyalarının hesablanması və əlavələrin müəyyən edilməsi qaydalarının təkmilləşdirilməsini nəzərdə tutur. Layihədə həmçinin, bu təminatlardan istifadə hüququ olan şəxslərin kateqoriyası dəqiqləşdirilir.
Beləliklə, təqdim olunan layihədə nəzərdə tutulan dəyişikliklər, xüsusi xidmət orqanlarında xidmətkeçən şəxslərin pul və maddi təminatı ilə bağlı normaların təkmilləşdirilməsinə, mövcud hüquqi tənzimləmənin dəqiqləşdirilməsinə və bu sahədə hüquqi müəyyənliyin təmin edilməsinə yönəlib.